Mətbuat
Şurasında “Açıq cəmiyyət və mətbuat”
kitabının təqdimatı olub
Dünən
Azərbaycan Mətbuat Şurasında tanınmış
publisist, filologiya üzrə fəlsəfə doktoru, “Təfəkkür”
Universitetinin jurnalistika kafedrasının professoru Tofiq Yusifovun
“Açıq cəmiyyət və mətbuat” kitabının
təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, kitabda başlıca olaraq açıq cəmiyyət anlayışının mahiyyəti, onun yaranma tarixi, bir formasiya olmaq etibarı ilə formalaşması və mətbuatın müasir mərhələdə bu prosesə fəal təsirindən bəhs edilir. Hazırkı dövrdə məhz jurnalistika sahəsindəki nümunələrin azlığından danışan Ə.Amaşov nəşri dəyərli elmi vəsait kimi də xarakterizə edib.
Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru
Nəsir Əhmədli çıxışında əsasən
müəllifin fərdi keyfiyyətləri üzərində
dayanaraq bunun yaradıcılıqla
çulğalaşmasının gözəl sənət
nümunəsinin formalaşmasına səbəb olduğunu
vurğulayıb.
Cəmiyyətin
özünü ifadə etmək imkanlarının
çoxalacağı təqdirdə belə kitabların daha
çox ərsəyə gələcəyini vurğulayan
BDU-nun dekanı, professor Şamil Vəliyev nəşri təkcə
mətbuat deyil, ümumilikdə ictimai-siyasi fikir, mədəniyyət
tarixi barədə ortaya qoyulmuş peşəkarlıq
nümunəsi kimi dəyərləndirib.
MŞ
İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə mətbuat günü ərəfəsində
belə bir nəşrin işıq üzü görməsini
jurnalistikamız üçün böyük bayram hədiyyəsi
adlandırıb. O, müəllifin “Açıq cəmiyyət
və mətbuat” kitabı ilə bütövlükdə Azərbaycan
jurnalistikasının inkişafı ilə bağlı
fundamental baxış ortaya qoyduğunu vurğulayıb.
MŞ
İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin
baş redaktoru Tapdıq Abbas bildirib ki, təqdimatı
keçirilən nəşrin ən mühüm xüsusiyyətlərindən
biri orada Azərbaycanda açıq cəmiyyətin
formalaşması prosesində mətbuatın həlledici
rolunun qabardılması, bu missiyanın dolğun misallarla
sübuta yetirilməsidir.
Çıxış
edənlərdən “Assa İrada” İnformasiya Agentliyinin və
“Azərnyus” qəzetinin rəhbəri Fazil Abbasov, veteran
jurnalistlər Məzahir Süleymanzadə, Altay Zahidov, həmçinin
“Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu,
“Addım” qəzetinin baş redaktoru Anar Vəziroğlu və
başqaları təqdimatı keçirilən nəşrdə
Azərbaycan cəmiyyətinin totalitar rejimdən milli dövlətçilik
quruculuğuna keçid dövründə medianın demokratiya
və söz azadlığı, plüralizm və şəffaflıq,
azadfikirlilik və insan haqlarının müdafiəsi sahəsində
nəhəng fəaliyyət prinsiplərinin, təbliğatçılıq
və təşviqatçılıq funksiyasının
konkret fakt və misallar əsasında xronoloji
araşdırılmasını müəllifin zəhmətsevərliyinin,
peşəsinə hədsiz bağlılığının
məhsulu kimi dəyərləndiriblər.
Sonda
çıxış edən “Açıq cəmiyyət və
mətbuat” kitabının müəllifi Tofiq Yusifov
toplantı iştirakçılarına, nəşrin ərsəyə
gəlməsində əməyi keçən hər kəsə
təşəkkürünü bildirib.
Qeyd
edək ki, “Apostrof” Çap Evi tərəfindən kütləvi
tirajla buraxılmış 220 səhifəlik “Açıq cəmiyyət
və mətbuat” kitabı KİV-in praktik jurnalistləri, eləcə
də publisistikanın nəzəriyyəsi və təcrübəsi
problemlərini araşdıran pedaqoqlar üçün nəzərdə
tutulub.
Kitabda mətbuatın ölkədə gedən quruculuq proseslərinə təsiri, cəmiyyətin bu quruculuq səylərini dərindən qavraması və dəstəkləməsi, cəmiyyətlə dövlət arasında münasibətlərin sivil qaydada tənzimlənməsində onun yeri və rolu elmi və praktik şəkildə əsaslandırılıb. Müəyyən edilib ki, açıq cəmiyyətin yaranması və ideyalarının bütün dünyada rezonans doğurması, demokratik cəmiyyətlərin inkişafının ayrılmaz hissəsinə çevrilməsi ötən əsrdə reallaşsa da, bu proses KİV-in ictimai həyata fəal müdaxiləsi və onun rolunun, nüfuzunun getdikcə artması nəticəsində son 20 ildə daha populyar, qaçılmaz və aktual olub. Araşdırma dünya ölkələri mətbuatının açıq cəmiyyətin formalaşması istiqamətində fəaliyyət prinsiplərinin əsas məqamlarının öyrənilməsindən və Azərbaycan mətbuatının 1991-2004-cü illərdə sözügedən sahədə uğur və çətinliklərindən bəhs edir. Nəşrdə həmçinin ölkəmizin Avropaya, Qərbə inteqrasiya ilə bağlı strateji siyasəti kontekstindən demokratik, sivil dəyərlərin mətbuatda təbliği və KİV vasitəsi ilə toplumun açıq cəmiyyətin əsas prinsiplərindən olan debatlar sisteminə, aşkarlıq, şəffaflıq, xalqla hakimiyyətin dialoqu, fərdlərin və ayrı-ayrı ictimai qrupların dövlətin idarə olunması prosesində iştirakı və s. məsələlərə hazırlanmasına aydınlıq gətirilib.
525-ci qəzet.-2012.-13 iyul.-S.4.