“Mahnılar da qadınlar kimidir: taleyi gətirəni də olur, gətirməyəni də”

 

XANIM İSMAYILQIZI: “RƏŞAD MƏCİDİN SÖZLƏRİNƏ BƏSTƏLƏDİYİM, AYANIN İFA ETDİYİ “ANLA MƏNİ” MAHNISININ TALEYİ UĞURLU OLDU”

 

Tanınmış bəstəkar və şairə Xanım İsmayılqızı ilə yeni yaradıcılıq planları barəsində söhbət etdik. Həmsöhbətim bugünlərdə, musiqisinin müəllifi olduğu və gənc müğənni Ayanın bu yayın hitlərindən hesab edilən “Anla məni” mahnısı ilə söhbətə körpü atdı:

“İki-üç ay əvvəl Rəşad Məcidin “Anla məni” şeirini oxudum, çox xoşuma gəldi, dərin məzmunu, fəlsəfi mənası məni özünə cəlb elədi və ona musiqi bəstələdim. Mahnı tezliklə araya-ərsəyə gəldi. Mahnılar da qadınlar kimidir: taleyi gətirəni də olur, gətirməyəni də. Bu baxımdan, Rəşad Məcidin sözlərinə bəstələdiyim, Ayanın ifa etdiyi “Məni anla” mahnısının taleyi uğurlu oldu. Mahnı çox qısa müddətdə diqqəti cəlb etdi, sevildi. Dinləyənlər deyir ki, “Anla məni” insanda müsbət enerji, yaşayıb-yaratmaq həvəsi, xoş, nikbin əhval-ruhiyyə yaradır. İnşallah, sentyabr ayında sözügedən mahnıya klip çəkiləcək. Möhtəşəm bir təqdimat keçirməyi də planlaşdırırıq. Klip bu günün tələbidir. Klipi olmayan mahnı adətən musiqi aləmində qəbul olunmur. Bəzən şairlər nədənsə mahnı yaradıcılığına, mahnı mətnlərinə qeyri-ciddi yanaşırlar. Ədəbiyyat aləmində buna bir az barmaqarası baxırlar, mahnı mətnlərini ciddi mətn hesab eləmirlər, onu poeziya nümunəsi hesab eləmirlər. Təbii ki, belə nümunələr də var. Amma ciddi yanaşdıqda mahnı mətni yazmaq çox çətindir. Elə olar ki, mətn özü çox gözəl, lirik ola bilər, amma mahnıya gəlməz. Mahnı mətni axıcı, dərin məzmunlu olmalıdır. Mən həm də ədəbiyyat aləminin adamı olduğuma görə mənim üçün mətnin məzmunu böyük önəm daşıyır. Hansısa şeirə mahnı bəstələyirəmsə, heç olmasa orada iki aparıcı fikir olmalıdır. “Məni anla” şeirində məni bir çox mətləblər cəlb etdi. Rəşad Məcidlə 8-10 il əvvəl də bir işbirliyimiz olmuşdu. “Məndən cavab almadın” şeirinə bəstələdiyim mahnını İranə İlkin adlı gənc bir müğənni ifa etdi. Onu mən sənətə gətirmişdim. Mahnı o zaman çox uğur qazanmışdı. Lakin İranə sənətdən gedəndən sonra mahnı da getdi. Bəzi mahnıların taleyi müğənnidən asılı olur. Rəşad Məcid mənim sənət dostumdur, xətrini çox istədiyim adamdır. Amma bir şeyi deyim ki, əgər mətn xoşuma gəlməsə, sadəcə xətir üçün mahnı yazmaram. Həqiqətən də Rəşad Məcidin mətnlərini məzmun və məna baxımından bəyənirəm. Yeri gəlmişkən qeyd edim ki, sözləri Rəşad Məcidə aid daha bir mahnım olacaq. Əslində o mahnı “Anla məni” mahnısından əvvəl yazılıb. Bu fəlsəfi, qeyri-adi bir mahnı olmalıdır. Birinci misrası belədir: “Baxma ki sakit dayanıb”. Bu mahnını inşallah, Xumar Qədimova ifa edəcək. Artıq mahnını ona təqdim etmişəm, bəyənib, mahnı yəqin ki, sentyabr-oktyabr ayları, ilin yekunu üçün hazır olacaq. Düşünürəm ki, gələcəkdə də Rəşad Məcidlə hələ neçə-neçə işbirliyimiz olacaq.

- Daha hansı yeni mahnılarınız olacaq?

- Mətanət İsgəndərli ilə bir mahnı üzərində işləyirik. Mahnı “Bayrağım” adlanır. Sözləri millət vəkili Gülər Əhmədovaya, musiqisi mənə aiddir. Mahnı hər bir azərbaycanlı üçün müqəddəs sayılan milli bayrağımıza həsr olunub. Çağırış məzmunlu mahnının sözləri insanda fəxr hissi yaradır. İlhamə Quliyevanın ifa edəcəyi sözləri və musiqisi mənə məxsus olan “Sən nə biləsən” adlı mahnı hazırda aranjiman prosesindədir. Brilliant Dadaşova ilə “Yoruldum” adlı bir mahnımız var. Türkiyədə aranjimandadır. Sözləri Cəlal Qurbanovun, musiqisi isə mənimdir. Faiq Ağayevlə “Sus” adlı mahnı üzərində işləyirik. Sözləri və musiqisi mənə məxsusdur. Muğam müsabiqəsinin qalibi Mirələm Mirələmovla da maraqlı bir mahnı üzərində işləyirik. Mətanət Əsədova ilə iki yeni mahnı çalışmamız var. Gülay Zeynalova ilə “Mənə elə gəlir ki” mahnımız isə artıq işıq üzü görüb. Rəhbərlik etdiyimXanqrupu ilə də bir layihəmiz var.

- Yeri gəlmişkən, bu il artıq beş yaşını tamamlayanXanqrupu hansı zərurətdən yaranıb?

- Zərurət ondan ibarət oldu ki, çox istedadlı olan bu gəncləri - Ağa, Pərviz və Şamili sənətə gətirmək istədim. Onlar üçü də sanballı müsabiqələrdən çıxıblar, musiqi təhsilləri var. Fikirləşdim ki, onların sənətə gəlməsində, özlərini təsdiqləməsində yardımçı, dəstək olum. Düzdür, mən çox məşğul oluram, qrup rəhbəri kimi onlarla ardıcıl, davamlı işləyə bilmirəm. İndi hələ ki, qrup şəklində fəaliyyət göstərirlər, artıq tanınırlar, sevilirlər. Qalmaqallardan uzaq gənclərdir, yalnız sənətləri ilə məşğul olurlar. Onların həm ifalarından, həm yaradıcılıq dəsti-xətlərindən , həm də özlərini aparmaqlarından çox razıyam. Bu gəncləri özümün mənəvi övladlarım hesab edirəm.

- Bayaq söhbətinizdə qeyd elədiniz ki, siz həm də ədəbiyyat, söz adamısınız. Ədəbiyyata gəlişiniz hansı vaxta təsadüf edir, bədii yaradıcılıqla bağlı hansı yeniliklər var?

- Gənc yaşlarımdan bədii yaradıcılıqla məşğul oluram. Poeziya, publisistika və tərcümə sahəsində də çalışmışam. İlk şeirim 1991-ci ildə “Yol” qəzetində dərc olunub. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlamışam dövri mətbuatda məqalə, oçerk və esselərim dərc olunub.  İlk şeirlər kitabım “Kimlər keçir bu dünyadan” 1996-cı ildə nəşr edilib. Vasili Şukşininİlan zəhəri”,  Pristavkinin “Qızılı bulud gecələri”, Leonid Andreyevinİblisin gündəliyi” adlı əsərini dilimizə çevirmişəm. Dünya işığından məhrum olan insanların - korların dünyasından, daxili aləmindən bəhs edən “Ruhun da gözü var” adlı fəlsəfi-publisistik əsərim var.  1997-ci ildə iki kitabım- “Mən Tanrının quluyam” və “Bir məndim, bir özüm” işıq üzü görüb. 2006-cı ildə “qara” kitabım çap edilib. Yeni şeirlər yazdıqca “Azərbaycan”, “Ulduz” jurnallarında, “525-ci qəzet”də çap etdirirəm. Bu ilin sonu, ya da gələn ilin əvvəlində yeni kitabım nəşr olunacaq. Adını hələ deməyim, qalsın. Şair kimi fəaliyyətim daha ön plandadır, nəinki bəstəkar kimi. Hal-hazırda mən daha çox şeir yazıram, nəinki mahnı. Hər iki sahə mənə çox doğmadır. Belə deyərdim ki, bir də görürsən, bəstəkar yatır, şair fəaliyyət göstərir, hərdən də şair dincəlir, bəstəkar başına keçir. Heç biri arxa fona keçmək istəmir. Bunlar məndə qoşa qanad kimidir. Bu qoşa qanadlar məni gələcəyə pərvazlandırır.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.-2012.-14 iyul.- S.25.