“Dünyamızı birlikdə rəngləyək: Azərbaycan Qarabağ rəngləri” sərgisinin təqdimatı keçirildi

 

Ötən gün Azərbaycan Dillər Universitetində “Dünyamızı birlikdə rəngləyək: Azərbaycan Qarabağ rəngləri” sərgisinin təqdimatı keçirilib. Sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Prezidenti  yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Dillər Universitetinin  maliyyə yardımı ilə həyata keçirilib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva tədbiri açaraq qonaqları salamlayıb. ADU-nun professoru çıxışı zamanı layihənin həyata keçirilməsində onlara dəstək olan qurumlara dərin minnətdarlığını bildirib. Şəhla Nağıyeva Corc Meyson Universitetinin İncəsənət Qalereyasında baş tutan sərginin gedişatını özündə əks etdirən video çarxı qonaqlara təqdim edərək  qonaqların nəzərinə çatdırıb ki, bu çarx məhz amerikalılar tərəfindən hazırlanıb və sərgi boyunca əsərlərlə yanaşı tamaşaçılara təqdim olunub. Ş.Nağıyeva əlavə edib ki, həm layihənin uğuruna, həm də Azərbaycan mədəniyyətinin gözəl təbliğinə görə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi  və gənc rəssam Nərminə Vəliyeva  Qarabağ fondu tərəfindən fəxri diplom ilə təltif olunub.

Qəzetimizə verdiyi müsahibədə gənc rəssam Nərminə Vəliyeva bu layihədə iştirak etmə məqsədini açıqlayıb: “Muzey Mərkəzində həyata keçirdiyim Azərbaycan adət-ənənələrini və mədəniyyətini əks etdirən layihə demək olar ki, mənim bu layihədə iştirakıma səbəb oldu” . İstedadlı rəssam vurğulayıb ki, Muzey Mərkəzində keçirdiyi sərgi zamanı Şəhla Nağıyeva onun yaradıcılığı ilə yaxından tanış olub və onu bu layihədə iştirak etməyə dəvət edib.

Qeyd edək ki, ABŞ-da keçirilən “Dünyamızı birlikdə rəngləyək: Azərbaycan Qarabağ rəngləri” sərgisində Nərminə Vəliyeva ilə birlikdə onun anası, həvəskar rəssam Yeganə Vəliyeva da iştirak edib. N.Vəliyeva istedadını anasından aldığını bildirərək söyləyib ki, anası peşəkar həkim olmaqla yanaşı onu bu sənətə  yönəldən gözəl rəssamdır.

Bu layihə çərçivəsində ABŞ-dakı tanınmış Corc Meyson Universitetinin İncəsənət Qalereyasında iyunun 5-dən 22-dək Azərbaycan və Amerika qadın rəssamlarının sərgisi təşkil olunub. Sərginin təşkilində Vaşinqtonda fəaliyyət göstərən Qarabağ fondu da yaxından iştirak edib. Hətta layihənin Amerikada informasiya dəstəyini öz üzərinə götürüb. ABŞ-ın Corc Meyson Universiteti isə layihənin reallaşması üçün universitetin İncəsənət Qalereyasını iki həftə təmənnasız olaraq sərgi iştirakçılarının ixtiyarına verib.

Sərgidə tanınmış gənc rəssam Nərminə Vəliyeva, istedadlı rəssam Şəhla Qəhrəmanlı, həvəskar rəssam Yeganə Vəliyeva, eləcə də Amerikada yaşayan Azərbaycan əsilli rəssam Leyla Rzayeva, həmçinin Corc Meyson Universitetinin tələbələrinin əsərləri nümayiş olunub.

Rəssamlarımızın əsərlərində Qarabağ mövzusu üstünlük təşkil edib: “Xarı bülbül”, “Şuşa məscidi”, “Qarabağ atları”, “Şuşada yaşayış evləri”, “Xudafərin körpüsü” və s. rəsmləri tamaşaçılarda xüsusi diqqət oyadıb. Nərminə Vəliyeva Xocalı faciəsinin ağrı-acılarını özündə əks etdirdiyi “Xocalı lövhələri” adlı rəsm silsiləsindən olan 4 ədəd tablosunu sərgi başa çatdıqdan sonra Vaşinqtonda fəaliyyət göstərən Qarabağ fonduna hədiyyə edib.

 

 

Ləman RƏHİMOVA

 

525-ci qəzet.-2012.- 14 iyul.- S. 17.