Səməd Vurğunun təklifi: birbaşa üzvlüyə

 

Yaddaşımın küncündən

 

Çoxları kimi mənim də nəğməkar-şair, əməkdar incəsənət xadimi Tofiq Mütəllibovla tanışlığım qiyabi - məşhur “Cücələrim” mahnısının hesabına olub, şəxsi tanışlığımız isə “Azərbaycan gəncləri” qəzeti redaksiyasına gəldiyim günlərə - 1974-cü ilin avqustuna təsadüf edib.

Sərasər 13 il bir qəzetdə işlədik və mən Tofiq müəllimi şairliklə bərabər həm də bir insan kimi kifayət qədər tanıyıb-öyrəndim. Yox, biz dost olmadıq, yaxın yoldaş olmadıq - ən azı aramızdakı 22 illik yaş fərqi buna imkan vermirdi, amma hər halda sözümüz bir-birimizin boğazından ötən səmimi yoldaşı olduq, bir insan, qələm sahibi kimi bir-birimizin yerini bildik. Ona görə də Tofiq Mütəllibov indi “yaddaşımın küncündə” yox, tən ortasında olan azsaylı insanlardandır.

MənAzərbaycan gənclərinə gələndə orada Rizvan Cəbiyev kimi zamin duranım vardı - beş ilə yaxındı ki, müntəzəm olaraq redaksiya ilə əlaqə saxlayırdım, yazdıqlarım da məhz Rizvan müəllimin xeyir-duası, redaktəsi və rəsmi vizası ilə qəzet səhifələrinə çıxırdı, redaksiya kollektivinin təzə üzvü kimi hamılıqla qəbul olunmağım isə Rizvanlıq deyildi, əvvəldən məni tanımayanlara, qabımda nəyin olub-olmadığını bilməyənlərə özüm-özümü sübut eləməliydim və təbii ki, belədə yazılarım barədə redaksiyadaxili ilk rəy həlledici olacaqdı.

Həmin günlərdə keçirilən redaksiya “çaparağı”ndakı rəyçim isə gözləmədiyim halda Tofiq Mütəllibov oldu: 1 sentyabr - dərs ilinin başlanması münasibətilə hazırladığım (daha doğrusu, planlaşdırmasından tutmuş tərtibatınacan özümünkü olan) tematik səhifədəki “Bir günün hökmü” adlı iki vərəqlik (indiki qəzetçilərin dili ilə desəm, 1800-2000 işarəlik) lirik ovqatlı yazım məhz Tofiq müəllimin çıxışıyla “günün matahı”na döndü.

Təbii ki, redaksiyaya cəmi 2-3 həftə əvvəl gəldiyimə və ştatlı müxbir olmadığıma görə həmin “çaparaqda iştirak eləmirdim, redaktor Şamil Xurşud da daxil olmaqla yaşlı (və təcrübəli, “as”) əməkdaşların çoxu heç məni üzdən də tanımırdı. Tofiq müəllimin ənənəvi səhifə barədə xoş sözləri, “Bir günün hökmü bədii meyarlara uyğun gələn yazı nümunəsi kimi dəyərləndirməsi bircə saatın içində məni hamıya tanıtdı: o vaxtacan mövcudluğumu eyninə almaq istəməyənlər otağımıza gəlib mənimlə tanış oldular - əlimi sıxdılar, uğur arzuladılar. Tofiq müəllimin özü də qulağım eşidə-eşidə, neçə-neçə dost-tanışıyla telefon söhbətində yazıma diqqət yetirməyi tövsiyə elədi.

Əslində isə həmin iki vərəqlik yazı respublikanın hüdudlarından çox-çox kənarlarda da yaxşı tanınan, oxunan, sevilən bir qələm sahibiylə aramızda mənəvi körpüyə döndü, yeri gələndə sözümü (ya da yazımı) Tofiq müəllimin nəzərində “ali həqiqət instansiyası”na çevirdi. Məhz o gündən sonra ən qəliz, mübahisəli məqamlarda da, necə deyərlər, mərci kəsməyi Tofiq müəllim mənə etibar eləməyi özünə man saymadı.

Azərbaycanda və xaricdə çap olunmuş 30-dək kitabın müəllifi, nəğməkar şair Tofiq Mütəllibova əbədiyaşarlıq bəxş edən əsərləri arasındaCücələrimin öz yeri var. Xüsusən sovet illərində dünyanın bütün qitələrində səslənən, yüz milyonlarla dinləyicini vəcdə gətirən, uşaqlar qədər böyüklərin də qəlbini fəth eləyən bu nəğmə sözlə musiqinin həmahəngliyinə, vəhdətinə bənzərsiz bir nümunədir, musiqisi hansısa çalğı alətindən süzülən melodiya, sözləri hansısa poeziya qanunlarına, ənənələrinə tabe etdirilmiş nəzm parçası deyil. “Cücələrim”də musiqi sözlərin özündə, səslərin alliteasiyasındadır, istəsən də həmin sözləri ayrı melodiyaya qoşa bilməzsən, ayrı ahəngə tabe etdirə bilməzsən. Sadə sözlər, aydın fikirlər əslində mətn görkəmində olan, körpə qığıltısıtək təbii və anlaşıqlı, ana laylasıtək ruh oxşayan bir melodiyadır.

Bəstəkar Qənbər Hüseynlinin böyük istedadına zərrə qədər şübhə eləmədən deyə bilərəm ki, “Cücələrim”in əbədiyaşarlığını, heyrətamiz populyarlığını təmin edən başlıca amil 300-dək nəğmənin müəllifi olan Tofiq Mütəllibovun şair, nəğməkar xislətdir.

Sovet dönəmində təkcə SSRİ miqyasında deyil, uzaq xaricdə də Azərbaycanın, Bakının özgün vizit vərəqinə dönən “Cücələrim” barədə qənaətimi təsdiqləmək üçün hansısa nüfuz sahibinin, klassikin fikrini sitat gətirməklə deyil, ikicə həyati faktla kifayətlənəcəyəm: bəlkə də dünyada yeganə haldır ki, mahnının ilkin ifaçısı olmuş kollektiv - o vaxtkı Bakı pioner və məktəblilər sarayının uşaq ansamblı bu günəcən rəsmən “Cücələrim” adıyla tanınır, keçən əsrin 80-ci illərində SSRİ-də, daha dəqiqi, Gəncə şəhərində yaradılmış analoqu olmayan muzey - bir mahnının muzeyi də məhz “Cücələrim”ə həsr olunmuşdu.Bütün bunlardan sonra: daha bir unikallıq bundan ibarətdir ki, Tofiq Mütəllibov “Cücələrim”in orta məktəb şagirdi olarkən yazmışdı və çox qısa vaxt ərzində dillər əzbəri olan bu nəğmə gənc müəllifin o vaxtkı Yazıçılar İttifaqına üzv qəbul edilməsi üçün sanballı zəmanət rolunu oynamışdı.

Tofiq müəllim danışırdı ki, Yazıçılar İttifaqının həmin iclasında Səməd Vurğun nə səbəbdənsə iştirak etmirmiş. Gündəlik üzrə növbə qəbul məsələsinə çatanda iclası aparan azman ədib (mən etik mülahizələrə görə adını çəkmirəm, təkcə onu deməklə kifayətlənirəm ki, O KİŞİ həmin vaxt hər mənada böyük nüfuz sahibi idi) iddiaçının “hansısa bir uşaq” olmasına görə hətta zaldan üzr istəyibmiş. Təbii ki, belədə müzakirəyə qoşulanlar gənc şairiyaş yuyub quru sərmiş”, ittifaqa daxil olmaq üçün yazdığı ərizəsini Azərbaycan ədəbiyyatını və ədiblərini məsxərəyə qoymaq kimi dəyərləndirməyə başlamışdılar.

Tofiq müəllim deyirdi:

- Cavan idim, dünya vecimə deyildi və namizədliyimin əleyhinə danışanların, indiki titullarıyla desəm, xalq şairi, xalq yazıçısı olduğuna da fikir vermirdim, onların özü və əsərləri barədə nə düşünürdümsə birnəfəsə deyirdim. Aləm qarışmışdı bir-birinə, az qalmışdı ki, milis çağırtdırıb xuliqanlıq elədiyimi boynuma qoysunlar...

Elə bu dəm Səməd Vurğun zala daxil oldu, üzrxahlıq edə-edə eləcə birinci sırada oturub iclasın sədrindən hansı məsələnin müzakirəsində qaldıqlarını soruşdu. Sədr iclasın sonuna çatdıqlarını və “xırda bir məsələni yekunlaşdırmaq üzrə olduqlarını” söylədi...

Əhvalatın sonrası əsl novellanı xatırladır. “Nədir o xırda məsələ?” - Səməd Vurğun soruşur. Sədr əvvəldə dediyini təkrarlayır: “Uşağın biri ərizə verib, Yazıçılar İttifaqına girmək istəyir”. “Kimdir o uşaq?”. “Tofiq Mütəllibov adlı birisi”. “Mütəllibov? “Cücələrim”i yazanmı?”. “Hə, onun özü. Nə olsun ki?!”. “O olsun ki. Xahiş edirəm təklifimi səsə qoyasınız: Tofiq Mütəllibov bir illik sınaq, yəni namizədlik müddəti olmadan birbaşa Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilsin”.

40-cı illərin ikinci yarısında Səməd Vurğunun sözünün üstünə söz gətirmək üçün iki Səməd Vurğun olmaq gərəkdi!

Təklif səsə qoyulurbütün iştirakçılar yekdilliklə “Cücələrim”in müəllifinin yazıçılar ailəsinə üzv qəbul olunmasına tərəfdar çıxırlar. İclasın sədri də “Tay Səməd qağa “hə” deyəndən sonra biz nə karəyik ki?!” deyib iki əlini də qaldırır. Səməd Vurğun müzakirələrə nöqtə qoyur: “Şair adlanmaq üçün bir şeir də bəs eləyər”...

Həmin iclas mənimçün bir məktəb oldu, - Tofiq müəllim deyirdi. - İslas başlananda varlığıma məhəl qoymayan, qəbul məsələsi ortaya çıxanda məni didib-parçalamağa hazır olan, Səməd Vurğun İttifaqın sədri olduğuna görə onun bir sözüylə fikrini dərhal dəyişən adamlar iclasdan sonra məni təbrik eləməyi, heyranlıqlarını bildirməyi özlərinə əsla ayıb sanmadılar. Elə həmin vaxtdan etibarən insanlara sözünə görə yox, əməlinə görə qiymət vermək lazım gəldiyini birdəfəlik anladım”.

...Lap bu yaxınlarda bir məclisdə Tofiq Mütəllibov daim səliqəli, şıq geyinən, yaraşıqlı bir kişi kimi xatırlandı. Çox dəqiq müşahidə idi, Tofiq müəllimin həyat tərzinə tam uyğun gələn cizgi idi. Özünün deməyinə görə, vaxtilə bundagünahkar” altı yaşlı qızı Çinarə olmuşdu.

Tofiq müəllim danışırdı: “Bir dəfə şənbə günü səhər yoldaşım yataqda bir qədər də xumarlanmağıma dözməyib, “Dur, - dedi, - artıq gecdir, üzünü qırx, oturaq çörəyimizi yeyək, sonra da bazara get!”.

Mən də tənbəlliyimə bəhanə tapdım: “Adam arasına çıxmıram ki... Üzümü niyə qırxım?”. Demə, Çinarə bu söhbəti eşidirmiş, qayıtdı ki, bəs biz adam deyilik?!. Balaca uşağın bu iradı mənə ömürlük dərs oldu, o vaxtdan bəri hər gün üzümü təraş edir, saşlarımı daramamış, ətirlənməmiş evdən çölə çıxmıram...”.

 İyirmi beş illik qəzetçilik ömrümdə XX əsr Azərbaycan mətbuatının özündən deyən az qala bütün təmsilçiləri ilə ya bir yerdə işlədim, ya da ən azı yazdıqlarını GÖRƏRƏK necə YAZMAĞI və necə YAZMAMAĞI öyrəndim. Tofiq Mütəllibov mənə hər şeydən öncə həyat müəllimi oldu.

Düşünürəm ki, həyat dərsini yaxşı keçənlər sənət dərsindən heç vaxt kəsilməzlər...

Avqust 1974 - iyul 2012

 

 

Şakir YAQUBOV

 

525-ci qəzet .-2012.- 14 iyul.- S. 16.