Aysəba
Umutlu: “Azərbaycan həqiqətlərini nə qədər çox
təbliğ etsək, bir o qədər xaricdə
tanınarıq”
Xaricdə təhsil alan azərbaycanlı
gənclər həm də diaspor işində fəal
iştirak edir, Azərbaycan həqiqətlərini
yaşadıqları ölkədə yaymağa
çalışırlar. Müsahibimiz
Londonun City Universitetinin Beynəlxalq siyasət və insan
hüquqları fakültəsinin magistri, Bakı Beynəlxalq
Tələbə Klubunun rəhbəri Aysəba Umutlu da belə
tələbələrdən biridir. O, bizimlə söhbətə
Böyük Britaniyadakı diasporumuzun fəaliyyəti barədə
danışmaqla başladı:
-Britaniyada
diasporumuz çox fəaldır. Azərbaycan mədəniyyətinin
tanıdılması, təbliği, ölkə həqiqətlərinin
yayılması istiqamətində mütəmadi olaraq tədbirlər
təşkil edilir. Azərbaycan səfirliyi də bu tədbirlərə
yaxından dəstək verir. Belə ki, səfirlik gənclərlə
mütəmadi işləyir. Onu da deyim ki, Böyük
Britaniyanın çox universitetlərində Azərbaycan cəmiyyətləri
açılıb, orada tələbələrimiz təmsil
olunur və bu, çox yaxşı bir haldır. Səfir Fəxrəddin
Qurbanovun tələbələrin təşkil etdiyi bir
çox tədbirlərdə mütəmadi olaraq iştirak
etməsi biz tələbələri sevindirir.
Təbii ki, ən fəal diaspor qurumu,
Avropada ən yaxşı diaspor təşkilatlarından biri
olan, Tale Heydərovun rəhbərlik etdiyi Avropa Azərbaycan Cəmiyyətidir.
Bu təşkilat Azərbaycanla bağlı tədbirlərini
adətən səfirliklə birlikdə keçirir.
Ümumilikdə, bir tələbə kimi bu təşkilatın
tədbirlərindən çox razıyam. Amma istərdim ki, tələbələrimiz
milli bayramlarımız, hüzn günlərimizlə
bağlı tədbirlərdə daha fəal olsunlar.
Bildiyim qədər, Britaniyada
təhsil alan azərbaycanlılarımızın
sayı digər Avropa ölkələrindəki
tələbələrimizin sayından yüksəkdir. Buradakı tələbələrə fəal demək
olar, amma bir qədər tənbəl olan
tələbələrin də sayı çoxdur.
Əslində başa düşmək olar ki, dərslərin çoxluğuna görə ictimai
baxımdan fəal olmaq bir
qədər çətindir. Amma yenə
də bəziləri lazımsız yerə tənbəllik
göstərirlər.
Hər bir tədbirə ciddi yanaşmaq və hazırlaşmaq
lazımdır. Azərbaycan Avropa Cəmiyyətinin
keçirdiyi tədbirlər də bu baxımdan ölkənin
tanıdılması ilə bağlı həyata keçirilən
tədbirlərdir. Burada konsertlər təşkil
edilir, Azərbaycan musiqiləri təqdim edilir. Bununla bərabər,
qeyd edərdim ki,
ümumiyyətlə, bütün ölkələrdə
xaricilərin daha çox
marağına səbəb ola biləcək
tədbirlərin keçirilməsini intensivləşdirmək
lazımdır.
- Bəs siz tələbələrlə diaspor nümayəndələri arasında
münasibətlər barədə nə deyə bilərsiniz?
- Tələbələrin
diasporla birgə tam olaraq qaydasında işlədiyini dəqiq deyə
bilmərəm. Bizim City Universitetinin
tərkibində olan Azərbaycan Cəmiyyətinin
adından deyə bilərəm ki, maksimum may ayına qədər
hər hansı bir tədbiri keçirə
bilirsən. Çünki biz
burada bir illik magistr təhsili
alırıq. İldə iki-üç
ayımız başqa işlərə, məzuniyyət
və imtahanlara sərf olunur. Bu baxımdan magistraturada oxuyan tələbələri
başa düşmək olar.
Bununla belə, diaspor
cəmiyyətinin üzvləri olaraq biz həmişə düşünürük
ki, Azərbaycan mədəniyyətini
tanıtmaqla bağlı hər hansı bir
tədbiri çox yüksək bir səviyyədə həyata keçirməliyik.
Məsələn, bu yaxınlarda Novruz bayramını keçirmək istədiyimizi
deyəndə səfirlik bizə bu işdə
böyük dəstək oldu
və bizi lazımi materiallarla
təmin etdi. Yəni Azərbaycanla
bağlı məlumatların yayılması üçün
lazım gələn vəsaitlər aldıq və tədbiri
yaxşı keçirdik. Ümumiyyətlə,
məncə diasporla əlaqələrimiz
pis səviyyədə deyil.
Sadəcə buraya oxumağa
gələn tələbələrin bir çoxu səfirliyimizdə qeydiyyatdan
keçmirlər. Ona görə də bəzən
səfirliyin və ya bizim
onların fəaliyyətindən xəbərimiz olmur. Bu baxımdan onlarla bağlı da koordinasiya işlərini həyata keçirmək
lazımdır. Səfirliyin məlumatına görə, burada qeydiyyatdan keçmiş 1000-dən çox
tələbə var və onların
koordinasiyasını səfirlik həyata keçirir.
Amma qeyd edim ki, bəlkə də burada 2000-ə qədər tələbə var. Onlarla bağlı
işləmək isə buradakı qurumlarımızın
üzərinə düşən bir işdir. Bu cür tələbələri Azərbaycan mədəniyyətini
yaymaqla bağlı həvəsləndirmək
lazımdır. Onlar istər diaspor
qurumlarımız, istərsə də tələbələrin
formalaşdırdığı universitetlərdəki cəmiyyətlər
tərəfindən müəyyən işlərə, mədəniyyətimizin
təbliği ilə bağlı fəaliyyətlərə cəlb
olunmalıdır. Onlara azərbaycanlı
olmanın məsuliyyətini aşılamaq, ümumi
işin xeyrinə təşkilatlandırmaq
lazımdır. Burda tələbələri üç
kateqoriyaya ayırmaq olar-
birinci qrup tələbələr
həm maraqlıdırlar, həm də fəaldırlar, ikinci qrup tələbələr
tədbirlərin keçirilməsinə maraqlı olsalar belə, məsələ sırf işə
gələndə çox passiv
olurlar və nəhayət, üçüncü qrup tələbələrin isə
nə maraqları var, nə də fəaliyyətləri.Üçüncü
qrupa aid olan tələbələri tapmaq,
hətta əlaqə qurmaq belə çox çətindir. Çalışmalıyıq
ki, birinci qrupa daxil olan
tələbələrin sayını artıraq.
- Konkret olaraq milli mətbəximiz, musiqimizlə
bağlı hansı tədbirlər həyata keçirilir?
- Konrket olaraq mətbəximiz və
musiqimizlə bağlı tədbirlər burada həyata
keçirilir. İstər Londonda, istərsə də digər
şəhərlərdə səfirlik və Avropa Azərbaycan
Cəmiyyəti bu cür tədbirləri həyata
keçirir. Bu cür tədbirlərdə milli yeməklərimiz
və şirniyyatlarımız bütün növləri ilə
təqdim edilir ki, bu da mətbəximiz barədə dolğun
təəssüratlar yaratmaq üçün zənnimcə,
kifayətdir. Mən əlimdən gəldiyi qədər
çalışıram ki, bu cür tədbirlərə
xarici rəfiqələrimlə gedim. Məsələn, bir dəfə
getdiyim belə tədbirə alman və türk rəfiqəmi
aparmışdım. Onlar çox möhtəşəm bir Azərbaycan
tədbirinin şahidi oldular. Milli mətbəximizdən əlavə
orada milli musiqi və rəqsimiz çox yüksək bir səviyyədə
təqdim olundu. Bütün bunlar rəfiqələrimin
çox xoşuna gəldi. Ancaq mən istərdim ki, bu cür
tədbirlərə azərbaycanlılar daha çox gəlsinlər
və gələrkən özlərindən də çox əcnəbiləri
oraya gətirsinlər. Çünki əcnəbi tələbə
və vətəndaş kontingenti bizim Azərbaycan mədəniyyətini,
həqiqətlərini tanıtma ilə bağlı
keçirdiyimiz tədbirlərdə nə qədər
çox olarsa, bir o qədər də biz mədəniyyətimizin
xaricdə təbliği ilə bağlı məqsədlərimizə
çatmış olarıq. Hər kəs öz xarici dostunu və
ya tələbə yoldaşını gətirsə, bu tədbirlər
daha effektli olar. Bu cür əcnəbiləri tədbir
üçün seçərkən də diqqətli olmaq
lazımdır. Onların maraqlı olub-olmamasını nəzərə
almaq laqzımdır ki, maraqlı olanlar daha çox bu cür
tədbirlərə dəvət alsınlar. Məsələn,
mən bu cür tədbirlərə yollanarkən birinci olaraq
türk tanışlarıma deyirəm ki, onlar da bu cür tədbirləri
başqalarına yaymaqda, özləri ilə əcnəbi gətirməkdə
çox maraqlıdırlar. Belə olduqda isə əcnəbilərin
daha çox sayla bizim tədbirlərimizə qatılma
imkanları olur. Bildirmək istəyirəm ki, bizim tələbələrimiz
bu məqama da çox böyük önəm verməlidirlər.
Pərvanə
525-ci qəzet.-2012.-
14 iyul.- S. 8.