Məhəmməd Əmin Rəsulzadə

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

Unudulmuş sürgünlər

 

Kars və Batum ətrafında müharibədən zərər görmüş olan hərbzədələr Bakı cəmiyyəti-xeyriyyəsinin kömək elədigi və bu köməklik imdi də dəvam etdigi məlumdur. Cəmiyyət məmur və köməkçiləri fəlakət sovuşduqdan sonra yerlərində yersiz, yurdlarında daldalanacaqsız qalan dul arvadlara, yetim uşaqlara qardaşlıq, atalıq etdi. İnsanlardan yırtıcılardan qorxan kibi qorxub ahu kibi sərasimə olan bu xəlqə üns və ülfət göstərən kəndilərinin “adamsız” olmadıqlarına aid onlarda bir hissi-etimad oyandı.

 

Qalanlara, qaçanlara az-çox himayət olduğu halda heç bir müavinət görməyib hərbzədələrin tamamilə unudulmuş bir qismi qaldı:

 

- Sürgünlər.

Bu zavallıları kimsə xatırlamadı. Bunlar, bu “quru oduna yanmış yaşlar” müharibə zamanının iqtizası ilə Qafqasiyanın isti yerlərindən qaldırılıb Sibiryanın soyuq bucaqlarına atıldılar. Bu “administrativni” nəfy edilmişlərin sayı az degildir. Məlum olduğu üzrə bunlar oralarda Tabolski və Tomski quberniyalarının həcra guşələrində, ancaq hökumətin verdigi payka ilə dolanıyorlar. Bu payların miqdarı ayda 9 manat 50 qəpikdən ibarətdir. Yabacı bir yerdə, ilin bu bahalığında öylə cüzi bir payla dolanmaq necə olur? Bu xüsusda sürgündəkilərin özlərini dinliyəlim: İşdə karslı bir sürgünün Tomski quberniyası Narımski qəryəsindən göndərdigi məktub:

“Sibiryada, Tomsk quberniyasında Narımski qəryəsində olan Qafqasiya administrativni sürgünlər Bakı müsəlman cəmiyyəti - xeyriyyəsindən əlindən gəldigi qədər yardım diliyorlar. Yəhudi, polyak, gürcü sürgünləri öz ianə komitələrindən yardım gördükləri halda biz onlar arasında atasız, anasız, yetimlərə bənziyoruz. Sizlərə əyandır ki, bizlərdən çoxumuz ev və yurd sahibləri idik. Qəza bizi Sibiryanın əzici bir bucağına atmışdır. Buraya atılmış zavallılar evlərindən bir kömək gözləyə bilmiyorlar. Çünki evləri xərab evdəkiləri də müflisdir. Hər kəs öz evindən Bakı cəmiyyəti tərəfindən  idarə olunduqlarına aid cavab alıyor. Buna qarşı əlbəttə cəmiyyətə təşəkkür edəriz. Fəqət nə olurdu ki, cəmiyyət bir azda biz qəriblərə kömək etsəydi.... Çünki 9 manat 50 qəpiklə dolanmaq mümkün degildir”.

Məktub səmimanə yazılmışdır. Məcburi qürbətdən hasil olan sıxıntının təsəvvür oluna biləcək bütün əlvah fəcaye ədəbi bir qələmlə təsvir olunmamışsa da, “atasız, anasız yetimlər kibi”yiz cümləsində sadə, fəqət tək qüvvətli bir ifadə ilə məcburiyyətlə hasil olan qürbətin bütün acıları təsvir olunmuşdur.

Əcaba soyuq Sibiryanın donuq bir guşəsindən gələn bu acı qardaş fəryadına, fəryad istimdadına “ləbbeyk” demək imkanı yoxmudur? Cəmiyyət bu xüsusda bir tədbir görə bilməzmi? Bizə öylə gəliyor ki, bu xüsusda necə düzlü tədbir görmək mümkündür. Əvvəla əksərinin şübhə və böhtan üzərinə sürüldügü müsəlləm olan bu fəlakətzədələr həqqində hüquqi təşəbbüslər edilib azadlıqlarını aid olan məqamlarından istəmək olar. Məlum olduğu üzrə sürgün olunmuşlardan bir qisminə təkrar öz yurdlarına dönmək ixtiyari verilmişdir. Böylə bir ixtiyari yerdə qalanlarından qismi-mühümmi üçün də təhsil etmək qeyri-mümkün olmasın gərək.

Saniyən sürgündəkilərə maddi kömək eləmək olarki, bu da məktub sahibinin istədiginə əməl etməkdən ibarətdir. Bunun əməli  cəhətinə gəlincə yəhudi, polyak və gürcü qaçqınlarına müavinət edən komitələrdən məlumat hasil edib də onlar kibi rəftar etmək ola bilər. Ehtimal ki, qaçqınlıq nizamnaməsini bu zavallı sürgünlərədə tətbiq etdirmək mümkündür.

Xülasə arzu və həmiyyət olursa müavinət etmənin yolları bulunur, ümidindəyiz.

Qoy “sürgün” sözü bizi qorxutmasın. Tərəhhüm və şəfqət hər hanki bir şəxs həqqində olsa da məmnu degildir. Həbsxanələrdəki siyasi mücrimlərə belə ianə etmək, hərb əsirlərinə belə şəfqət göstərmək məmnu degildir. Yalnız bilməli, icabatını əmələ gətirməlidir.

Yuxarıdakı sətrlərin cəmiyyəti-xeyriyyə əzası tərəfindən oxunmasını arzu edərək bu xüsusda bir fikir və tədbir etmələrini ummaqla unudulmuş sürgünlərimizin arzu və ricalarına tərcüman oluyoruz.

 

M.Ə.Rəsulzadə

 

”Açıq söz”, 5 avqust 1916, ¹251

 

Nəhy - sürgün etmə

 

Həcr - yasaq, qadağa

 

Əlvah - lövhələr

 

Tərəhhum - rəhm etmə

 

Məmnu - qadağan edilmiş

 

Mücrim - günahkar

 

 

Bizdə  kooperativ təşəbbüsləri

 

Yaxşılığı mütəzəmmin olmayan bir yamanlıq yoxdur. Cəmaət fəlsəfəsini nəql edən bu cümlədə böyük bir hikmət vardır. Bu hikməti hər şeydən artıq aləmləri sarsan bu böyük müharibə isbat etmiş oldu. Böyük müharibə böyük fəlakətlər, ehtiyaclar doğurdu. Müharibə, ehtiyacı becərən bərəkətli bir topraqdır. Bu dəfə də öylə oldu. Pulun əyarı düşdü. Lazım olan şeylərin, ərzaq və məkulatın bahası qalxdı. Bahalıq hökmüfərma olmaya başladı. Müharibədən doğma  təbii səbəblərlə yenə müharibədən doğma süni səbəblər biri-birinə kömək edərək həyatı çəkilməz bir hala gətirdilər. Möhtəkirlər üçün bir meydan açıldı. Doymaq bilməz təmələr ağız açdılar. Qazanmaq hirsi susmaq bilmədi. Binlərə malik olan tacir şagirdlər on binlərə, on binlərə malik olanlar isə milyonlara sahib oldular.

Yenə köhnə əvam fəlsəfəsi der ki: “biri ölməzsə, biri dirilməz”. Hər zaman olduğu kibi bu dəfə də “ölən” xəlq oldu. O xəlq ki, təşkilatsız idi; o xəlq ki, yaşaya bilmək üçün necə rəftar eləmək lazım olduğunu bilmiyordu. Rusiya xəlqləri arasında həyat üçün yaşamaq, ehtiyacı dəf üçüm təşəbbüs eləmək yollarından ən qafil olanı şübhəsiz ki, müsəlmanlardır. Müharibə yox ikən belə qeyri-müslüm vətəndaşlarımızdan əqil və dərrakəcə irəli gələnləri gəlirlərini qənaətlə xərcləmək və xırıdlarını ucuz vasitələrlə əmələ gətirmək üçün təşkilatlar qurub qəsəbələrdə, kəndlərdə xırda borc şirkətləri, istiqraz mütəqabilə cəmiyyətləri, şəhərlərdə cəmaət dükanları və sair müəssisələr vücuda gətirmişlərdi. Müharibə düşdükdə bu müəssisələrin nə qədər faidəli şeylər olduğu gün kibi aşkar olmağa başlayınca, bilxassə cəmaət dükanları ürüyüb artdı. Cəmaət dükanları axır bütün məmləkəti sarmağa başladı. Ehtikar pəncəsində əzilən xəlq bir yerə yığışıb əlbirligi ilə bahalığa çərasaz olmaq lüzumunu dərk etdi. Bahalıq bəlası artdıqca cəmaət dükanları təşkilatı da artmağa başladı. Coşan xuruşan bir surətdə gələn bu sel bizim durğun batdağımızı da hərəkətə gətirdi. Bizdə cəmaət dükanları açılmaq fikir və təşəbbüsü başlandı. Şimali Rusiyadakı qardaşlarımız bu xüsusda bizə səbqət etdilər. Volqaboyu müsəlmanları tərəfindən açılmış olan cəmaət dükanlarının ömrü bir-iki ilə varmaqdadır. Keçən il açılmış olann Ufa “cəmaət kibiti”nin işləri gözəl getdiginə aid “Turmuş” rəfiqimiz də bəzi parçalar dərc edildigi görülməkdədir.

Qafqasiyaya gəlincə ilk təşəbbüs Bakı əməlləri tərəfindən görülüb “qənaət” cəmaət dükanının müsaidəsi alınmış, ondan sonra Sabunçuda “el dükanı”nın icazəsi təhsil olunmuşdur. Bu iki cəmiyyət  artıq qövldən-felə keçməkdədirlər. “El dükanı” avqustun 8-dən etibarən alış-verişə başlamış, “qənaət”də elanında görüldügü vəchlə keçən gündən etibarən əzalarına şəkər ilə qənd buraxmağa başlamışdır. “Qənaət”  ilə “El dükanı” ndan sonra Tiflisdən dəxi “yardım sədası” gəliyor. Ora müsəlmanları da “Yardım” adında bir cəmaət dükanını açılması üçün qubernatordan müsaidə istəmişlərdir.

Demək ki,  gec də olsa, müsəlmanlar iqtisadi təşkilatın əhəmiyyətini anlamağa başlamışlardır. Fəqət müvəffəqiyyət ancaq o zaman tamam olardı ki, bu anlayış geniş bir meydan alıb cəmaətin bütün təbəqələrini əhatə eləsin. Bunun üçün də yeni başlamış iqtisad cəmiyyətlərimizə işləmək lazım gələcək. Anlatmaq vacib olacaq ki, xəlq beş yaxud on manatını verməklə işinin, vəzifəsinin bitdiginə qane olmasın. Cəmaət və el dükanı ancaq o zaman adına layiq olar ki, oraya üzv yazılmış olan şəxslər var qüvvələri ilə orada mövcud olan şeyləri başqa yerdən almamağa çalışsınlar. Oranı bənimsəsinlər, oranın özlərinə nə kibi maddi və mənəvi faidələr təmin elədigini lüzumunca fəhm etsinlər. Yalnız böylə ağıllı və dərrakəli beynlərlə üzvlərə malik olan iqtisad müəssisələridir ki, xəlqi möhtəkirlərin cəngalından qurtara bilər. Yoxsa, yalnız halva deməklə ağız şirin olamaz.

Kooperativ tərbiyəsi özü cəmaət işində mühüm bir babdır. Başlanmış cəmiyyətlərimiz ümid edəriz ki, görəcəkləri maddi və mənəvi işləri ilə millətimizin tərbiyəyi-ictimaiyyə və iqtisadiyyəsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olan bir tərbiyə uğrunda var qüvvələrini sərf  edərlər. Böylə bir ümidlə yeni təsis edən cəmiyyətlərimizin işə başlamalarını təbrik və müvəffəqiyyətlərini arzu edəriz.

 

M.Ə.

 

“Açıq söz”, 14 avqust 1916, ¹258

 

 

Mütəzəmmin - əhatə edən; zamin

 

Təmə - tamah, acgözlük

 

Hirs - tamah

 

 

Türkiyədə ermənilər

 

Qəzetə xəbərlərindən anlaşıldığına görə Türkiyə hökuməti ermənilərin kəlisa işlərində faidəmənd olduqları ixtiyar və səlahiyyətlərini əndazəyə salıb kəlisa tərtibat və ixtiyaratını özü bildigi kibi islah etmişdir. Bu islahın nədən ibarət olduğu həqqində “B.V.” qəzetəsindən nəqlən dünki nömrəmizdə bir az məlumat verilmişdi. Fəqət erməni millətinin həyatında kəlisa məsələsi adətən milliyyət məsələsi demək olduğundan bu xüsusun daha ziyadə aydınlaşdırılması lazımdır.

Ermənilər istiqlallarını itirdikdən sonra hər məhkum millət kibi dördəlli olaraq kəlisalarına sarılmışlardır. Erməni qovmləri adətən birər məktəb təşkil edib kəlisanın baş nümayəndəsi olan katalikos cənabları da yalnız din nümayəndəsi degil, eyni zamanda vətən və millət nümayəndəsi məqami-mənəvisində bulunmuşdur. Erməni keşişləri, bilxassə erməni millilikləri münqəriz olduqdan sonra, millətin ənənatını, dilini, adətlərini, mənqəbə və ədəbiyyatını mühafizə edərək xəlqin birər mirisi kəsilmişlərdir. Erməni millətinin tarixi kəlisasının, erməni kəlisasının tarixi isə millətinin tarixindən ibarətdir. Müharibədən bir-iki il əvvəl əlifbasının beş yüz illiyini mədəni bayram saxlayan erməni xəlqi eyni zamanda serob keşişin şanlı xatirəsini yad ediyordu. Sonra erməni hərəkəti-milliyyəsinin tarixi nəzərdən keçirilərsə, millətin iadeyi-istiqlalı yolunda çalışan siyasət ərlərinin əksəri haman keşişlər, yepiskoblar və katalikoslar olduğunu görərlər. Kəlisalarının müstəqil qalıb da məhkum olduqları hökumətlərin müdaxiləsindən kənarda bulunmaq erməni mədəniyyətinin tamamiyyəti üçün mühüm idi. Buna görə də erməni millətpərəstlərinin ilk təşəbbüsləri bu xüsusun təmininə münhəsir olmuşdur. Bu xüsusda ermənilər müsəlman hökumətlərindən, bilxassə Türkiyədən müzahirət görmüşlərdir. Ermənilər avropalıların Türkiyə ümuri-daxiləsinə qarışmadıqları zəman qədər Türkiyədə rahatcasına yaşamış, daima İstanbul hökumətinin məzhəri-iltifati olmuşlardır. Əski zamandan bəri ermənilər hökumət qulluqlarında bulunub sultanların etimadını və iltifatlarını cəlb eləmişlər, Osmanlı dövlətinin vəzirligində belə bulunmuşlardır. Hətta “Təngər” familyalı erməni xanədani əsrlərlə Osmanlı ümuri-maliyyəsində rollar oynamış, dövlətin ümuri-sərafiyəsi onlarda bulunmuşdur. “Arnaudlara qılınc, ermənilərə qələm” düsturu 1890 tarixinə qədər idareyi-osmaniyyədə cari ən nafiz düsturlardan idi. O zamanə qədər dəvairi-mühakim və sair mümtəna idarələrin əksərində erməni məmurları bulunduruluyordu. Ordu və mühümati-əskəriyyə müttəhidləri (postavşikləri) əksərən ermənilərdən ibarət oluyordu.

1870-ci ildə erməni milliyyəti təmini-mövcudiyyət etmək məqsədilə bir növ erməni qanuni-əsasisini tənzimə müvafiq oldu. Bu “qanuni-əsasi”cə erməni əfradi ilə kəlisasının, İstanbul patriki ilə partikxanə yanındaki məclisi-ümumiyyənin vəzifələri təyin olunuyordu. Türkiyə erməniləri tərəfindən dörd yüzə qədər nümayəndə seçilib fövqəlzikr qanun mövcibincə bu dörd yüz adam İstanbulda bir məclisi-ümumi təşkil ediyorlardı. Məclisi-ümumi biri ruhani, biri də cismani olmaq üzrə iki məclis intixab ediyor. Məclisi-ümumi millətin bütün ruhani, mədəni və milli işlərinə baxıb onun ehtiyaclarını rəfə çalışıyor. cismani və ruhani məclislər isə hərə öz vəzifəsinin qövldən-felə gətirilməsinə nəzarət ediyorlar. Bütün Türkiyədə erməni yepiskoplarının hökumət nəzdində Sultan hüzuruna çıxmaq ixtiyarına malik nümayəndə sifətilə bulunan patrikin intixabı erməni kəlisa məktəblərinin heyyəti-idarəsini seçmək, proqramını yazmaq, üsuli-tədris və ələlümum bütün idarəsinə baxmaq tamamilə bu məclisi-ümumiyyənin vəzifəsidir. Bu qanun əsasınca katalikos ümum ermənilərin rəisi-ruhanisi tanınmışdır.

Ermənilərə bir növ milli avtonomiya bəxş edən bu qanuni-əsasi 1863-cü ildə martın 17-də Babi-Ali tərəfindən təsdiq olundu. Bu təsdiq Sultan Həmidin cülusundan əvvəl Sultan Əziz zamanında vaqe olmuşdur.

Bundan sonra ermənilərin xaricə meylləri və xaricin ermənilər lehinə müdaxilələri nəticəsində Əbdülhəmid politikasının iqtizasi olaraq bir-biri ardından gələn erməni qitalları məlumdur. Bittəb qitali mücib olan “səbəblər” erməni “muxtariyyətini” də təsirsiz buraxmadı. Fəqət bununla bərabər Türkiyə erməniləri yenə əvvəldə olduğu kibi özləri bildigi kibi məktəblər açır, ermənicə tədris ediyor, kilisələrində azad bulunuyor, patrik haman əskisi kibi məqam və nümayəndəligi mühafizə ediyordu. Katalikos da ümum ermənilərin rəisi-ruhanisi tanınıyordu. Məşrutiyyət elan olunduqda erməni hürriyyətinin əsasları bir az da genişləndi, yalnız mədəni və milli degil, bütün məmləkətə elan olunan siyasi hürriyyətlərdən də ermənilər kəmalı ilə istifadə etməgə başladılar. Erməni inqilab firqəsi “daşnaksütyun” hökumətcə tanınmış siyasi klub şəklini aldı. Bəg oğlu cəhətində “Azadamard” idarəsi cünbində mərkəzi komitəsini təsis edib lövhəsini asdı. Osmanlı məclisi-məbusanında 10-a qərib məbusları vardı. Qəzetələri azad, məktəbləri hər növ təzyiqindən məhfuz idi.

Ermənilərin Türkiyədə gördükləri bu mədəni və milli azadlıq sayəsindədir ki, erməni lisanının osmanlı şiyvəsi daha zəngin olub və osmanlı erməniləri Qafqaz ermənilərinə nisbətlə daha sağlam qalmışlardır. Qafqasiyadaki ermənilər ruslaşmış olduqları halda Osmanlı erməniləri əski ənənati-milliyyə və ədəbiyyələrini əhya etməklə təmayiz etmişlərdir. Erməni ədəbiyyati-cədidəsində Türkiyə ermənilərinin gördükləri xidmət isə Qafqasiya ermənilərincə də müsəlləmdir.

1877-ci ildən bəri Balkan millətlərinin xoşbəxtliklərinə uyub da xarici təsirlər vasitəsilə azad olmaq istəyən Türkiyə erməniləri İstanbul hökumətinin həqlərində bəslədigi etimadı itirib əvəzinə türklərin qəzəblərini qazandılar. Nəhayət, imdiki böyük aləm müharibəsində aldıqları vəziyyətə qarşı isə 1863-cü ildə təsdiq olunan erməni qanuni-əsasının ilqasını gördülər.

Yeni türk hökuməti yalnız ermənilərin degil, ələlümum bütün patrikxanələrin (yunan patrikxanəsi də kəza) əleyhində idi. Çünki patriklər xəlqlərinin yalnız məzhəb işlərinə degil, siyasətə də qarışıyor. Hər neçə zamandan bir Babi-Aliyə müxtərələr yağdırıyorlardı. Bu isə hökumət içində bir hökumət təşkil ediyordu. Türkiyə hökuməti bir fürsət bulub da erməni kəlisa təşkilatını “islah” etəməklə özünü bir nöqteyi-nəzərdən də bu hökumət içində hökumətdən xilas eləmiş, digər tərəfdən dəxi Türkiyə ermənilərini xarici siyasət nüfuzundan birdəfəlik qurtarmaq istəmişdir.

Məlum olduğu üzrə katalikos Eçmiyazində oturub kəndisi də həzrət imperator tərəfindən təsdiq olunuyor. Eçmiyazin əvəzinə Türkiyə hökuməti ermənilərə Beytül-müqəddəsdəki Yaqubiyə sovməəsini nişan verib katalikos və yepiskopların əzl və nəsəbini də ədyan nəzarətinə məhvəl ediyor.

Ermənistanın rus ordusu təhti-işğalında ikən Türkiyə hökumətinin erməni kəlisa məsələsini bu surətlə həll etməsi ilk nəzərdə vaqeələrin məntiqinə doğru gəlmiyor. Əvət, sair məsələlər kibi erməni məsələsi ümumən və kəlisasi məsələsi də xüsusən ancaq müharib tərəflərdən hankısının qalib və ya məğlub çıxacağı bilindikdən sonra qəti surətdə həll olunacaqdır.

 

M.Ə.

 

“Açıq söz”, 15 avqust 1916, ¹259

 

 

Sovməə - monastır, ibadətgah             

 

Məzhər - nail olma, təzahür

 

Mənqəbə - ləyaqət, fəaliyyət       

 

Mirisi - başçısı

 

Müzahir - kömək, hami  

 

cülus - taxta oturma

 

Sərəfraz - vüqar, məğrur

 

Təmyuz - təfavüt

 

Mümtəni - imtina edən, mümkün olmayan

 

 

Vüsuqüddövlə kabinəsi

 

Türklərin İran səhnəyi hərbindəki müvəffəqiyyətləri üzərinə Tehrandan çəkilmək məcburiyyətində qalan Sipəhdar kabinəsi əvəzinə Vüsuqüddövlənin riyasətilə yeni bir kabinə təsis olunduğu xəbər verilmişdi. Vüsuqüddövlənin müxtəsər tərcümeyi-halı ilə məsləki-siyasiyyəsi həqqində “Açıq söz” qəzetəsində əvvəlcə məlumat verilmişdi. Oxucuların xatirində olmalıdır ki, Vüsuqüdövləyi məsləki - siyasicə pək təşxis etməmiş deyə tərif eləmiş və millətpərəstlərin etimadını qazanmadığını söyləmişdik. Bu kərə alınan teleqraflar Vüsuqüddövlənin əksəri etidalyuna mənsub olub da rus və ingilis siyasətinə mail adamlarından mürəkkəb bir kabinə təşkil elədigini bildirmişlərdir. Kabinəyə daxil olanların müxtəsər tərcümeyi-halı böylədir: daxiliyyə nəzarətinə təyin olunan Sərdar Mənsur, Rəşt mülkədarlarından olub, məşrutiyyətpərvəran firqəsi arasında ruspərəstligi ilə məşhurdur. Gilan tərəflərində böyük malikanəyə malikdir. Əksər kabinələrdə əksərən poçt və teleqraf vəzirligində olmuşdur. Məhəmmədəli Şahid istibdadi zamanında o da mərdudindən hesab olunaraq Avropaya mühacirət eləmiş, təkrar məclis açıldıqda Tehrana övdət edərək məşrutiyyətpərvərlər tərəfindən təşkil olunan kabinədə poçt və teleqraf vəziri olmuşdu. Ədliyyə vəzarətinə təyin olunan Şahzadə Firuz Mirzə yeni məktəb iskəmləsindən qurtarmış şahzadələrdəndir. Atası Fərmanfərmanın keçənlərdə kabinə rəisi olduğu münasibətilə tərcümeyi-halını yazmışdıq. Hiyləkarlığı, müxtəlif üzlülügü və türk düşmənligi ilə məşhur olan Fərmanfərmanın bu şahzadəsi Fransada təhsil edib, bir-iki il Fransa ordusunda xidmət dəxi etmişdir. Züllülsultanın oğlu xariciyyə vəzarətinə qədər tərəqqi etdikdən sonra görünür ki, məktəb sırasından çıxıb da vəzarət kürsüsünə atılmaq İranda artıq bir moda oluyor. Məarif vəziri Mümtazülmülkün müxbiri familyasına mənsubdur. Bu familiya əski zamandan bəri dövlət qulluğunda olmuşlardır. Aralarından sahibi-iqtidar bir çox ricali-dövlət yetişmişdir. Mümtazülmülk Paris səfiri məşhur Mümtazülsəltənənin qardaşıdır. Məclis məbusluğunda və hətta heyəti-rəisəsi əzalığında dəxi bulunmuşdur. Siyasi məsləki etidaliyuna maildir. İranın böyük və qüvvətli qonşuları ilə hüsni-rəftar və mədari tərəfdarıdır. Avropa təhsili görmüşdür. Maliyyə vəziri Müxtarülmülk yeni yetişmələrdən, yaxud ləqəbi dəyişmişlərdən olmalıdır. Poçt və teleqraf vəziri Əminülmülk əski İran ricalından məduddur. Novicad bir vəzarət olan nafeə vəziri Qəvamüldövlə baş vəzir Vüsuqüddövlənin kiçik bəradəri olub müstövfi ikən məşrutiyyət dövrəsinin şəraiti ilə məqami-vəzarətə yetişmişlərdəndir. Dövri-istibdadda Eynəldövlənin katibi və müstövfisi olub sonralar vəzir müavinliginə, bədə daxiliyyə və hətta hərbiyə vəziriliginə seçilmişdir. Vəzərati əsnasında fəaliyyət və təşəbbüs, eyni zamanda da siyasi partiyalarla yola gedə bilmək istedadını göstərmişdir.

Teleqrafın fövqüzzikr şəxslər həqqində əksərən mötədil olduqlarını söyləyişi həqlidir. Fəqət bunu da əlavə etməlidir ki, ikinci və üçüncü, hətta tamamilə yeni adamlardan təşəkkül edən bu kabinə İran xəlqi üzərinə icrayi-nüfuz edəcək bir halda degildir. Bu kabinənin müvəqqəti olaraq az ömür edəcəgi mühəqqəqdir. Çünki xaricə qarşı nüfuzsuz olacağı mühəqqəq olan bu heyətin daxilən dəxi ittihad və etilaf edəmiyəcəgi aşkardır. İranda hökmfərma olan hazırki böhran bir az aydınlaşınca Vüsuqüddövlə kabinəsi ya tamamilə türkpərəst və ya daha müəyyən və ciddi bir ruspərəst kabinəyə təbdil ediləcəkdir.

 

M.Ə.

 

“Açıq söz”, 21 avqust 1916, ¹264

 

 

Mərdud - rədd olunmuş

 

Mədar - dairə

 

Müstovfi - müavin

 

Təbdil - dəyişdirmə

 

 

 Müsəlmanların dəvətdən azadlığı

 

25 iyul Fərmani-humayuni mucibincə müsəlmanların 19 yaşından tutub 43 (bir rəvayətə görə 45) yaşına qədər dava qulluğuna dəvət olunmaları həqqində sadir olan Fərmani-hümayun bu vəqtə qədər əsgərlik vəzifəsindən azad qalan müsəlman xəlqindən ötrü böyük bir qayğı təşkil etmişdi. Əlbəttə bu qayğı sair Rusiya vətəndaşları kibi müsəlmanların da bu dəhşətli qitali-aləmdə vəzifeyi-vətəniyyələrinə dəvət olunmaları üzündən degil idi. Çünki məmləkətin ögəy degil, doğma və bərabər hürr bir hüquqda müsavi vətəndaşı olmaq amalında olan müsəlmanlar vəzifeyi-vətəniyyədə dəxi tən şərik olmanın hikməti-siyasiyyə və ictimaiyyəsindən bixəbər degillərdir. Fəqət hər hanki bir tədbiri-siyasiyyə və qanuniyyə olsa da qövldən-felə gətirilmək  üçün bir çox hazırlıqlara, ölçülüb-biçilməgə, xəlqin üsuli-məişət və ehtiyacatını nəzərə alaraq o sürətlə rəftar edilməyə möhtacdır. İngiltərə kibi mədəni bir millət belə hissiyyatı-vətəniyyənin son dərəcə mükəmməlinə malik olmaqla müftəxir olan əfradını əsgərlik vəzifəsi ilə mükəlləf etmək üçün aylarla vəqtlər, günlərlə əməklər sərf edib təkrarən ölçüyə vurulan nəticələrdən sonra ancaq müəyyən bir nizam və qaidə qoya bildi.

Bu xüsusda layihələr, qanunlar yazıldı. Məclislər, mitinqlər təşkil edildi. Heyəti-büzəra dəgişdi. Tainki böyük ingilis milləti zərurəti dərk ilə mənafei-vətəni nəzərə alaraq öz rahatını, illərdən bəri bəslədigi ənənatını fədaya hazırlaşdı.

Bir çox məhrumiyyətlərlə bərabər Rusiyada yaşayan qeyri ruslar arasında Türkistan, Qırğızıstan və Qafqasiya müsəlmanları bədta əsgərlik vəzifəsini görmək həqqindən də məhrumdurlar. Onlar bu vəzifələrini “bədəli-əsgəri” olaraq nəqdən ifa ediyorlar. Vəzifəyi-mühümmələrinin bu şəkil ilə ifası məlumdur ki, müsəlman həyati-ictimaiyyəsində kəndisinə məxsus xüsusiyyətlər meydanə gətirmişdir. Bu surətlə hadis olan süni xüsusiyyətlərlə bərabər üsuli-məişətimiz başqa bir əsas üzrə qurulmuş, qadınlarımızın tərzi-məlum üzrə həyat sürmələri, olduğumuz yerlərdə vəsaiti-ümran və mədəniyyətin sair Rusiya vilayətlərinə nisbət daha naqis bir surətdə bulunması şübhəsiz ki, mükəlləfiyyəti- əskəriyyə qanununun bizə tətbiqini bir taqım xüsusi qeydlərlə məşrut qılmalıdır. 25 iyul fərmanının əcələ surətdə elan olunuşu nə əsas etibarilə müsəlmanların arzusuna müvafiq gəlmiş, nə də müsəlman həyat və məişətinin xüsusiyyatını nə dərəcədə etinayə alacağı bilinmişdi. (yazıdan böyük bir hissə çıxarılıb, yeri ağdır - Ş.H.)

Məzkur Fərmani-humayunun nə kibi əsaslarla tətbiqi məmul olduğu həqqində müsəlman əfkari-amməsinin nə yolda mərkəzləşdigi məbuslarımızdan Qutluğ Məhəmmədmirzə Təvəkkilov ilə Məhəmməd Yusif Cəfərov cənablarının baş vəzirə yazdıqları məktublarından aşkar edildigi kibi, Türkistan ilə Kazak (Qırğız) vəkillərinin müraciətlərində də  göstərilmişdir.

Məzkur müraciətlərin həqli olduğunu səmi-etibara alan ali hökumət dairələrinin səvabdidə ilə Türküstana Kuropatkin kibi batədbir və kar aşina bir ricali-siyasi təyin olunub, dəvəti-tərtib və nizamə salınmaq üçün sentyabrın 15-ə qədər təxir etdirildi. Bu təxir bir dərəcəyə qədər 25 iyul fərmanının tələb elədigi vəzifəyi yüngüllədəcəgi həqqində əmniyyət hasil etdirmiş ikən, dün əlahəzrət Qafqasiya Canişinin, Qafqasiya müsəlmanlarından ötrü fövqəladə bir şad xəbəri nəşr olundu. Aşağıda dərc olunan bəyannamələri ilə əlahəzrət Canişin Əlahəzrət imperatorun “yeni bir əltafi mülukanələrini” bütün Qafqasiya əhalisinə elan etməklə “kəsbi-iftixar” ediyorlar. Bu “böyük mərhəmət” isə Qafqasiya müsəlmanlarının 25 iyul fərmanı-müqtəziyatından azad olunmalarından  ibarətdir.  Qafqasiya müsəlmanları artıq tərtibi-məlum üzrə dava qulluğuna aparılmayacaqlardır.

Əlahəzrət Canişinin tədbiri-kəyasəti sayəsində sadir olan bu fərmandan sonra müqəddəmətən söylədigimiz qayğılar tamamilə rəf olunuyor. Mərhəməti-mülukanəyi mütəzəmmin olan bəyannameyi-alilərinin axırında Nikolay Nikolayeviç həzrətləri “dəvəti-mülukanə sadir olunca mühahribənin ibtidasından bəri düşmənlə vuruşan şanlı Qafqasiya müsəlman polkları kibi bütün müsəlmanların vəzifeyi-vətəniyyələtini ifa edəcəklərinə” ümidvar oluyorlar. Heç şübhə yoxdur ki, Canişin həzrətləri bu ümidlərində yanılmıyorlar. Biz də ümidvar olalım ki, ikinci dəfə sadir olacaq “dəvət” əmri vətənin mənafeyi, millətin arzusu, amalı, şəraiti-həyatiyyə və  xüsusiyyəsi ilə həmahəng olur.

 

M.Ə.Rəsulzadə.

 

“Açıq söz”, 22 avqust 1916, ¹265

 

 

Müftəxir - təkəbbürlü

 

Hadis - baş verən, üz verən

 

Məmul - arzu olunan

 

Səm - eşitmə

 

Əltaf - lütflər

 

Mülukan - şahanə

 

Kəyasət - uzaq görənlik

 

 

Hüseynov, Şirməmməd

 

525-ci qəzet $g 2012.- 14 iyul.- S. 26.