Hədər yaşanmayan ömür

 

Şəkinin şöhrəti və sərvəti olan lətifələrin təmənnasız toplayıcısı, tərtibçisi və nəşr edəni kimi tanıdığımız Hikmət Əbdülhəlimovun yenicə işıq üzü görmüş “Daşdan su çıxan kimi...” (Bakı, “Apostroff” nəşriyyatı, 2012, 428 səh.) çox maraqlı və sanballı kitabı onun səriştəli qələm sahibi olduğunu bir daha göstərdi. Oxucular və tədqiqatçılar bu zəhmətkeş insanı “Şəkinin gülüş çələngi”, “Saa quzu kəsərəm”, “Şəki lətifələri”, “Şəki gülməcələri” kitablarından yaxşı tanıyırlar. Azərbaycan folklorşünasları arasında adı tez-tez, həm də hörmət və ehtiramla çəkilən Hikmət Əbdülhəlimovu “Şəki lətifələri”, Şəki lətifələrini isə Əbdülhəlimov məşhurlaşdırmışdır - desək həqiqətdən kənar olmaz. O, Şəki lətifələrindən elə bir çələng hörmüş, elə bir abidə ucaltmışdır ki, vətənimizin hər guşəsindən görünür. Bu, səbəbsiz deyil. Şəkililərin xəmiri lətifə ilə yoğrulub. Şəki Azərbaycanın Qabrovosudur.

Şəkiyə güzarı düşüb orada bir neçə gün qalan hər kəs aydınca görə bilir ki, müdriklik məhsulu olan lətifələr orada gündəlik tələbat hadisəsidir.

Şəki lətifələrini toplayıb bizə ərməğan edən Hikmət müəllim əslən şəkilidir.

Şüurlu həyatı boyu dövlət idarələrində vicdanla çalışan, vəzifə borcunu yerinə yetirən, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı”, “Şöhrət ordeni” ilə təltif edilən Hikmət Əbdülhəlimov heç vaxt folklordan ayrılmayıb, onunla yaşayıb. Ahıl çağlarında belə folklora olan sonsuz məhəbbəti azalmayıb, əksinə folklorşünaslıq fəaliyyətinin yeni mərhələsi başlayıb. AMEA-nın Folklor İnstitutunun “Azərbaycan folkloru antologiyası seriyasından: “Şəki folkloru” I cild, 2000, 490 səh. (ortaqlı), II cild, 2002, 469 səh; III cild, 2009, 532 səh. Hikmət müəllimin yuxusuz gecələrinin məhsuludur. Məhz buna görə də müəllifin yeni kitabında biz folklorşünas Əbdülhəlimovla, ədəbiyyatşünas Əbdülhəlimovu qoşa görürük. Bir yandan görürük ki, damarlarında axan canlı qan yaddaşı - folklor onu necə müdrikləşdirib, başqa bir yandan onun ədəbiyyatşünas kimi yetişməsində “Ünsiyyət körpüsü”, “Müdrik sinədəftər”, “Bir ömrün salnaməsi” kimi kitablarının az rol oynamadığının şahidi oluruq. Şübhəsiz onun Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsində bu faktor az rol oynamamışdır.

Daşdan su çıxan kimi...” əsəri (Şəkidə bu  ifadə saf, pak insanlarla bağlı işlənir) müəllifin keçdiyi ömür yolu və vicdanı qarşısında hesabatıdır. Hikmət müəllimin səmimi etirafı oxucunu inandırır: “Yaşımın bu qürub çağında and içə bilərəm ki, bütün şüurlu həyatım boyu vicdanımın səsinə qulaq asmış, onunla hesablaşmış, qarşısında hesabat vermişəm. Bu günonun qarşısında alnı açıq, üzü ağam”.

Sadə, təmtəraqdan uzaq bir ömür sürən Hikmət müəllim oxucularinsanlar arasında yaxşı ad-san qazanmışdır. Bunu isə yaxşı əməllər sayəsində əldə etmək olur.

Müəllifin xatirələrindən, düşüncələrindən söz açan əsər, təvazökarcasına deyilmiş sözlərlə başlayır:

Ömrün yeddinci aşırımını keçəndən sonra, qürub çağında yaşadığım həyatın salnaməsini qələmə almaq qərarına gəldim. Əslində bu fikir məndə təzə yaranmamışdır (17 iyul 2009-cu ildə Hikmət müəllimin 70 yaşı tamam olub). Zaman-zaman bu fikrə düşür, sonra isə “nə deyərlər, nə fikirləşərlər, görəsən, bu əməldə də bir şöhrətpərəstlik izi axtarmazlars. mülahizələrlə təxirə salır, özümdən uzaqlaşadırmağa çalışırdım”. Nə yaxşı ki, Hikmət Əbdülhəlimov L.N.Tolstoyun “çalışın ətrafdakıların mülahizələri, rəyləri, fikirləri yükünü daşımaqdan azad olun, görün bu zaman nə qədər yüngülləşəcəksiniz” müdrik kəlamından və Kolumbiya yazıçısı Q.Markesin “Həyat insanın necə yaşadığı deyil, onu necə xatırladığı və başqlarına anlatmaq məharətidir” fikrindən nəticə çıxararaq qələmini memuar janrında sınamışdır. Məlum həqiqətdir ki, memuar ədəbiyyatı bizdə arzuolunan səviyyədə deyil.

Kitabın ən böyük məziyyətlərindən biri ondan ibarətdir ki, yeddi onilliyi arxada qoyan, təcrübəli müəllif olduqca faydalı olan xatirələrini, düşüncələrini bəzək-düzəksiz, olduğu kimi oxucularla bölüşür. Müdrik kəlamlar, gərəkli məsləhətlər, insanı düşünüb-daşınmağa sövq edən ibrətamizlik əsərin ana xəttini təşkil edir. Məsələn, müəllifin şöhrət dalınca qaçmağın acı nəticələri barədə fikirlərini oxuyan, az-çox düşünməyi bacaran hər kəs ciddi ibrət dərsi götürər. Şöhrətin oddan da qorxulu olduğunu dilə gətirən müəllif məşhur “Xaç atası” filmində baş rolun ifaçısı, Oskar mükafatı laureatı, İtaliya əsilli Alfredo Ceyms Paçinonun sözlərini yada salır: “Şöhrət narkotika qəbul etmək kimi bir şeydir, o, əvvəlcə insanı göyün yeddinci qatına qaldırır, sonra isə guppultu ilə başı aşağı salır”.

Müəllif bununla kifayətlənməyərək Kolumbiya yazıçısı Qabriel Qarsia Markesə də müraciət edir. Bütün dünyada ad qazanan görkəmli yazıçı yazırdı ki, şöhrət dəlisov at kimidir. Əgər belə atın cilovunu və şöhrətin ipini boş buraxsan vay halına.

Kitabda Hikmət müəllim məni də həmişə düşündürən bir məsələdən geniş söz açır. O, Sovet quruluşunun məlum neqativ, hətta kütləvi cinayət faktları ilə tarixə düşmüş cəhətlərini etiraf etməklə bərabər, Sovet üsul idarəsini birtərəfli, qərəzli, yalnız qara boyalarla, zülmət imperiyası kimi qələmə verənlərə etiraz səsini ucaldır. Akademik Abel Məhərrəmovdan bircə misal gətirməklə fikrini tamamlayır: “Biz sovet təhsil gəmilərində dünya okeanlarında üzürdük”. Bu, həqiqətən də belədir. Güney Azərbaycanda 30 milyondan artıq qardaş-bacımızın ana dilində bircə məktəbi də yoxdur. Bizdə isə elm-təhsil, incəsənət və başqa sahələrdə əldə olunan uğurları saymaqla qurtaran deyil.

Müəllifin “Maddi durumun indikindən qat-qat ağır olmasına baxmayaraq o dövrün insanlarının bir-birinə olan təmənnasız qarşılıqlı sədaqətini, köməkliyini, ürəyiyananlığını, indi həsrətində olduğumuz canlı ünsiyyətini, əsl insani münasibətlərini yaddaşımda əziz xatirə kimi saxlayıram” fikrietiraz doğurmur, əksinə yaşlı adamlarda həsrət hissi oyadır.

Kitabın “Yetmiş illik ömrün xatirə dəftəri” bölümündə nələr yoxdur?! İki qız atasının etiraflarına fikir verin: “Uşaqlarımın az olmasını şəxsi həyatımda buraxdığım ən böyük, bağışlanılmaz səhv hesab edirəm”. Bəzi gənc ailələrə bundan böyük, ibrətgötürücü söz demək çətindir. Eləcə də “İnsanlara yaxşılıq edərkən onların buna layiq olub-olmamalarının fərqinə varmamışam” kəlamı da ibrətamizdir.

Bu bölmədə yer alan hər başlıqdan sonra bir hikmətli kəlam verilir. Məsələn: “Dağlardan əzəmətli yalnız dağlar ola bilər” və ya “Güzəran ən böyük bəladır, o insanı ayaqlarından asaraq edam edir” və s.

İnsan xatirələrdə yaşayır - deyənlər haqlıdırlar. Hikmət müəllim də bu fikirdədir. Fikrinin doğruluğunu sübuta yetirmək üçün Qədim Çin mütəfəkkiri Konfutsiyə müraciət edir: “İnsan dünyasını dəyişdiyi zaman yox, onu son xatırlayacaq adam öləndə ölür”. Bu kəlama bənzər müdrik kəlama hələ Çin mütəfəkkirinin Azərbaycanda o qədər də tanınmadığı vaxtlarda, 40-50 il bundan əvvəl professor Abbas Zamanovdan  dəfələrlə eşitmişdim. O,  ləyaqətli bir insanı son mənzilə yola salanda deyərdi: “Sağ ol, a filankəs!”. Mənasını soruşanda deyərdi ki, o ölməyib, o bizimlədir. Yaxşı adamlar ölmürlər. Onlar neçə ki, biz varıq, bizim qəlbimizdə yaşayırlar.

 

Kitabdan hasil olan qənaətlərdən biri Hikmət müəllimin həddən artıq mütaliəli olmasıdır. Müəllif bu münasibətlə yazır: “Ömrüm boyu öyrənməyə, özümü tanımağa, dərk etməyə səy göstərmişəm, kitablardan bəhrələnmişəm. Elm, mənəviyyat mənbəyi kimi kitablara inanmış, onlara səcdə etmişəm”. Maraqlıdır ki, o, burada avtoqrafla hədiyyə olunmuş kitabları sadalayır, kitablardan müəlliflərdən bəhs edir. İnam iman sahibi olan Hikmət müəllim akademik V.MəmmədəliyevinQurani Kərimi”i avtoqrafla ona bağışlamasından müqəddəs kitabımızdan əsərində bol-bol bəhrələndiyindən xüsusi söz açır. Müəllif, eləcə dünyanın çox böyük şəxsiyyətlərinin kitablarını oxuyub, onlardan yerli-yerində istifadə etmiş, əsərini zənginləşdirmiş daha oxunaqlı etmişdir.

Kitabda müdriklərin kəlamları qırmızı xətt kimi keçir. İstər-istəməz müəllifin müdrikliyinə ürəyində yer ayırırsan inanırsan ki, bu müdriklik ona təkcə kitablardan deyil, əsasən damarlarında axan canlı qan yaddaşı folklordan gəlib.

Kitabın böyük bir hissəsi yazıçı, şair alimlərimizə həsr olunub. Dostlarımızın qədrini sağlığında biləkbölümünü həyəcansız oxumaq olmur. Bu bölüm Bəxtiyar Vahabzadənin aşağıdakı misraları ilə başlayır:

 

Yaranışdan bilirik, -

ömrə nəhayətdi ölüm,

Zamanın hökmü budur:

hər kəsə qismətdi ölüm.

 

Burada Xalq şairi, akademik Bəxtiyar Vahabzadəyə, AMEA-nın müxbir üzvü Yaşar Qarayevə həsr olunan yazılar - ağılar, xüsusilə təsirlidir.

Kitabda H.Əbdülhəlimovun əsərlərinə həsr olunmuş ayrıca bölüm də yer alır. Bəxtiyar Vahabzadə, Əziz Əfəndizadə, Faiq Çələbi (bir neçə məqalə), Ədalət Tahirzadə, Əfqan, Sadıq Murtuzayev, Flora Xəlilzadə, Sönməz Abbaslı, Süleyman Əhmədov, Sabir Əfəndiyev və başqalarının əsərlərində Hikmət müəllimin yaradıcılığından və şəxsiyyətindən bəhs edilir. Professor Ədalət Tahirzadə kitaba yazdığı son sözü “Hikmətnamə” adlandırıb. Bununla həm Hikmət müəllimin şəxsiyyətinə, həm də əsərinə işarə edib və mənə görə doğru seçim edib. Əsərin hər səhifəsi hikmətlə doludur. Ömrünü təmənnasız olaraq Şəki folkloruna, xüsusən də Şəki lətifələrinə həsr edən, onlardan qədərincə bəhrələnərək hikmət məktəbinə çevrilən Hikmət Əbdülhəlimovun əsəri elə belə də olmalı idi.

Bu çox maraqlı, düşündürücü kitabı oxuyub qurtaranda qəlbimi Rəfik Zəkanın  kitabda yer alan ölməz misraları göynətdi:

 

Keçən günlərimi qaytaraydılar,

Gələn günlərimi qurban verərdim.

 

 

Qəzənfər PAŞAYEV

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.-2012.- 14 iyul.- S. 25.