Qocanın
axdığı gün
Bu hekayəti mənə
güneyli (iranlı) tanışım danışıb.
Arazın o tayındakı Aslandüz rayonunun Katta kəndində
yaşayır.
Qoca kəndin
qırağındakı köhnə çayxananı
özünə məskən eləmişdi. Çayxana
sahibilə danışmışdı ki, hər gecəsinə
on min tümən, yəni bir dollar verəcək. Ona
çayxananın arxasındakı otaqda yer eləmişdilər.
Əvvəllər bura asılqanı əvəz edirdi. Bir
çarpayı ancaq yerləşirdi. Qocanın yaşı
olardı 70-75. Gündüzlər vaxtını çayın
qırağında keçirir, axşamlar isə bura
qayıdırdı. Çay deyilən şey Böyük
Arazın bir qoluydu, suvarma kanalıydı. Arazın özü
isə bir az aralıydı.
Hərdən
qarmağına balıq da düşürdü. Əl-ayaq
yığışandan sonra balıqları artırmadakı
qaz pilətəsinin üstündə gündüzdən qalma
günəbaxan yağında qızardırdı,
qalanını istəyənə pay verirdi,
artığını duzlayıb çəlləklərə
yığırdı. Diləyindən istifadə elədiyinə
görə çayxana sahibinə də günorta yeməyi
üçün nəsə saxlayırdı.
Qoca burada həyatını
tənzimləyə bilmişdi. İş düşəndə
suvaqçı peşəsi karına gəlirdi. Asta-asta, tələsmədən
işləyirdi. Onsuz da ikiqat olmuş belini bir az da əyməklə
məşğul olurdu. Adətən çovustanları mal təzəyiylə,
kərpicdən olan tövlələrisə təzəkqarışıq
palçıqla suvayırdı. Kəndin adamları onun
özü kimi kasıb idilər. Nadir hallarda varlı adam
rastına çıxırdı. Onda kəndin çıxacağındakı
evlərdən araba kirayələyir, Sarı dağdan torpaq gətirib
kəc qayırırdı...
Əvvəllər
onunla xüsusi xidmət orqanları maraqlanmışdılar,
hətta çayxana müştərisi adı altında
Qocanı sorğu-sual da etmişdilər, amma ondan hökumətə
heç bir ziyan gəlmədiyini görüb rahat
buraxmışdılar. Qoca da onlardan şübhələnmişdi.
Çünki çayxanının müştəriləri
elə də çox deyildi və yad adamı o saat tanımaq
olurdu. Müştərilər Qocanın özü kimi
boş-bekar adam idilər. Onların qarşısında
çay əvəzinə çox zaman nargilə
buxarlanırdı.
Buralara yaxşı bələd olan bir
cavan oğlan ona göz qoyurdu. Sanki izləyirdi. Əslində
isə qocaya yazığı gəlirdi. Həmin cavan Təbrizdə
universitetdə oxuyurdu. Bir neçə günlüyə tətilə
gəlmişdi. Evləri çayxananın
yaxınlığındaydı. Çayxana sahibi onun
dayısıydı.
-Bu kişi, - deyə o, bir dəfə
dayısından xəbər aldı, - hardan gəlib? Yad adama
oxşayır. Heç kimə qaynayıb-qarışmır.
Daim kədərli və düşüncəlidir.
Dayısı başı ilə Arazın o
üzünü göstərdi.
-Hmm...- Cavan mızıldanmaqla
dayısının nə dediyini anladığını bildirdi.
Bir müddət öncə erməni-müsəlman
davasında cavanın həmdilliləri və həmdinliləri
Arazın bu tayına pənah gətirmişdi. Çoxları
bir az burda qalandan sonra başqa yerlərə köçüb
getmişdilər. Qoca isə burda qalmışdı.
Görünür, getməyə yeri yoxuydu. Bəlkə də
özü istəmirdi. Özü ilə gətirdiyi
yorğan-döşəkdə yatırdı. Yuxudan durandan
sonra yerini səliqəylə yığır, üstünə
qara, köhnə qəhvəyi kürkünü sərirdi.
Sonra əyilib kürkünü iyləyirdi.
Görünür, hansısa xatirəni beynində və qəlbində
canlandırmaq istəyirdi.
Dayısı:
- Heç kimi qalmayıb, bir yana da getmək
fikri yoxdu. Balıq tutmaqla dolanır, hərdən kiminsə
işinin qulpundan yapışır. Alıb-satmaqla arası
yoxdu. Dərviş kimi bir adamdı. Nə versələr, alar.
Pis adam deyil. Əvvələr çoxlu mal-qarası,
qoyun-quzusu olub. Qaçaqaç düşəndə
heyvanları bu tərəfə adlatmağa da macal tapmayıb.
Ermənilər onları qəfil haqlayıb,
arxayınçılıqlarından istifadə ediblər. Hərdən
təpəliyə çıxıb durbinlə doğma kəndlərinə
tərəf baxır, deyir ki, onu bu həyatda saxlayan öz həyətləridir.
Həyətdə çoxlu ağacları varmış, indi
yoxdur. Kimsə o ağacları kəsib aparıb. Bir gecənin
içində. Hərdən bu taydan da şübhələnir.
Damda-bacada ona tanış nəsə axtarır.
-Hmm, - cavan yenə mızıldandı və
başını tərpətdi, handan-hana, - mən onunla
danışa bilərəmmi, acığı tutmaz? - deyə
xəbər aldı, iri qara gözlərini dayısına zillədi.
-Dərdli adam çox danışan olar,
amma bu onlardan deyil, sözü kəlbətinlə
çıxarmaq olar.
-Mən danışdıraram, - cavan ürəklə
dedi, yerindən durub qocaya yaxınlaşdı, salam verdi və
cavab gözləmədən üzbəüzdəki kətildə
oturdu.
- Mən təəssüf eliyirəm, -
cavan oğlan kinolardan eşitdiyi sözlərlə söhbətə
körpü salmaq və qocanın ürəyini ilk
baxışdan ələ almaq istədi. - Doğma eldən
aralı olmağın nə qədər ağrılı
olduğunu anlayıram. Mən özüm bir-iki ay evdən
aralı düşəndə darıxıram.
Qoca dinmədi, əlindəki ucuz, filtrsiz
“Dəmənd” siqaretindən bir qullab vurdu,
tüstüsünü burnundan çıxardı, sonra
göz qapaqlarını ağır-ağır
qaldırdı, məzəmmətli nəzərlərlə
cavana baxdı və baxışlarıyla sanki: “sən vətən
həsrətinin ağırlığını başa
düşmək üçün hələ gəncsən” -
dedi, sonra ayağa qalxdı və çaya sarı getdi.
Qoca güclü və sağlam adama
oxşayırdı. Dərd onu tam məğlub edə bilməmişdi.
Cavan onun arxasınca düşdü;
günah işlətmiş şagird müəllimin dalına
düşən kimi. Qoca ona əhəmiyyət vermədi. Amma
cavanın ümidləri Qocanın inadkarlığından
güclüydü.
Çayın kənarına
çatdılar. Qoca suya salladığı qarmaqları və
tilovları yoxladı. Qarmaqların birinə xırda bir
balıq düşmüşdü. Qoca balığı
qarmaqdan çıxarıb iylədi, sonra suya atdı. O, qismətinin
boşa çıxmasına sakitcə heyfsləndi,
başını buladı və təpəliyə tərəf
getdi.
Təpənin başına
çıxandan sonra durbinlə Arazın o üzünə
uzun-uzadı, diqqətlə, sanki zərrəbinlə baxdı
və durbini dinməz-söyləməz cavana uzatdı. Cavan
onun bu jestini başa düşdü, dömbəgöz
qurbağaya oxşayan durbini aldı və qocanın göstərdiyi
istiqamətə baxdı. Dağların döşündə
kəndin xarabalıqları açıq-aydın
görünürdü. Adi gözlə baxanda nəyisə
seçmək müşkülüydü.
-Nə görürsən? - Qoca
xırıltılı səslə soruşdu.
-Bir neçə ev, boş həyətlər,
ağaclar, başqa heç nə...
-Yaxşı bax, ikimərtəbəli evin
qarşısında həyət var, su quyusu da
görünür. Quyunun üstündə çarx var. Ondan
bir az bəridə körpə bir ağac. Armuddu.
Cavan oğlan Qocanın dediyi yerlərə
gözü ilə şahidlik elədi, ikimərtəbəli
uçuq evin qarşısını diqqətlə izlədi,
sonra durbini sahibinə qaytardı və həmkarının iti
gözlülüyünə təəccüb elədi.
Qoca durbini gözünə tutub bir daha həmin
səmtə uzun-uzadı baxdı və dinməz-söyləməz
təpədən düşüb çayxanaya tərəf
getdi.
-Mənim saldığım bağdan qalan
o körpə armud ağacıdır. Onu nəvəmlə əkmişəm.
O ağacda nəvəmin barmaq izləri var...Bu sözlərdən
sonra Qoca bir müddət susdu, başını qaldırıb
göyə baxdı, handan-hana: -Onlar hamısı mərmi
düşən evdə yatmışdılar, -dedi.
Onun danışığında heç
bir ağrı yoxuydu. Hər halda, cavana belə gəldi.
- Mən onunla nəfəs alıram, hər
gün necə böyüməsinə tamaşa edirəm. Bu
gün-sabah çiçəkləməlidir, tumurcuqları
partlayıb. Amma havaların quraq keçməsi mənə
dinclik vermir. Əslində, indi yağış
yağmalıydı. Yağış isə yağmır...
Qoca bu sözləri deyəndən sonra dayandı,
başını qaldırıb göyə baxdı, nəzərləri
çox-çox uzaqlarda ilişib qaldı.
Cavan oğlan ona ürək-dirək vermək
istədi:
-Yəqin yağar, -dedi...
Qoca bir söz demədi və yoluna davam
etdi.
Cavan Qocaya öyrəşmişdi. Onunla
balığa gedir, tutduqlarını qardaş malı kimi
bölüşür, birlikdə təpənin üstünə
çıxıb Arazın o üzünə baxırdılar.
Qocanın danışmaqla arası yoxuydu. Dərdini içində
çəkir, öz-özünə mızıldanır,
yağışın yağmasıyla bağlı Tanrıya
dualar pıçıldayırdı. Amma bir gün durbinlə
o tərəfə baxandan sonra sevinclə:
-Armud ağacı çiçəkləyib,
-dedi və durbini cavana uzatdı...
Cavan nə qədər baxsa da, armud
ağacının çiçəklədiyini sezə bilmədi.
“Yəqin qocanı qara basır”, -deyə ürəyində
fikirləşdi, amma düşüncəsini dilinə gətirmədi.
Əksinə:
- Hə, əməlli-başlı
çiçəkləyib, -dedi.
Cavanın bu sevinci qocanın əhvalını
durultmaqdansa pozdu və məyuslaşdı:
- Yağış yağmasa quruyacaq... O tərəflərdə
yağış yağır. Buralara isə gəlmir. Qara
buludlar bizdən uzaqlaşır... Cavan vaxtım olsaydı,
Arazı keçib ona bircə vedrə su verərdim.
Çarxı bircə dəfə fırlatmaq bəsdir. Buz
kimi suyu olur. Yağış yağsa, çiçəkləri
döyəcək. Bəlkə də bu il meyvəsi az oldu, ya
heç olmadı. Amma meyvə əsas deyil. Payızda armud
ağacının qızılı yarpaqları olur...
-Mən bir neçə günlüyə
qara buludlar olan yerə gedirəm, xahiş edərəm ki, geri
qayıtsınlar, - cavan oğlan zarafata salmaq istədi, amma
yanıldığını dərhal duydu. Qocanın
üzü qapqara qaraldı, bir söz demədi, təpədən
düşdü və çayxanaya tərəf getdi.
Cavan doğru deyirdi. O, bir neçə
günlüyə qara buludlar olan tərəfə - Təbrizə
getdi. İmtahanlarının vaxtını öyrənmək
üçün. Qayıdıb gələndə
şıdırğı yağış yağırdı.
Cavan Qocaya göz aydınlığı verməyə tələsdi,
amma onu görmədi.
Dayısı Qocanın adını
eşidəndə hüznlü görkəm aldı:
-Qoca çayda boğulub, - dedi, - səbəbini
heç kim bilmir, uşaqlar axanda görüblər. Bir
neçə gün idi ki, yoxa çıxmışdı.
Fikirləşdim ki, yəqin harasa işləməyə gedib,
ya da Sarı dağdan torpaq gətirməyə. Sən demə,
suda batıbmış. Su bollanan gün üzə
çıxıb. Tanınmaz hala düşmüşdü. Əsgər
qayışından tanıdım.
Bu sözləri deyəndən sonra
dayısı kirli dəsmalını çıxarıb
üz-gözünün suyunu sildi, - üz-gözümüz
öyrəmişdi ona. Havalar da ki... Allah göstərməsin...Bu
cür quraqlıqdan sonra yağış kəsmək bilmir
ki...Elə bil, günəşli günlərin hayfını
alır. Hələ belə şey olmamışdı...
-Onun durbini vardı, hardadı? - deyə
cavan oğlan xəbər aldı.
Artırmadan asmışam. Bəlkə
lazım oldu. Çobanlara da satmaq olar. Yaxşı pula gedər.
Onlar belə şeyin qiymətini hamıdan yaxşı bilir.
Yağış səngiyəndən sonra
cavan oğlan durbini götürüb təpəliyin
üstünə gəldi və Arazın o üzünə -
Qocanın həyətinə baxdı. Həyətdəki
körpə armud ağacı başını
aşağı əymişdi, deyəsən qurumuşdu. Dəqiq
yadında deyil. Bəlkə Qocanın xiffətini çəkirdi.
Bəlkə də Qocanın arzuladığı
yağış onun belini əymişdi.
Amma o, Qocanın axdığı
günü xatırlayır. Həmin gün yağış
yağırmış...
May-iyul 2012
Elçin
HÜSEYNBƏYLİ
525-ci qəzet.-2012.-
14 iyul.- S. 24.