“Göyərçin”
jurnalı - Azərbaycan milli uşaq mətbuatının
parlaq səhifəsi
1957-ci ildə Azərbaycan mətbuatında
yeni bir ünvanın yaradılmasına - daha bir jurnalın nəşrinə
qərar verildi. Uşaqlar üçün nəzərdə
tutulan bu mətbu orqanının məqsədi, məramı
maarifçilik olacaqdı. Başqa cür desək, yeni jurnal
Azərbaycan mətbuatında bəlli bir yolu davam etdirəcəkdi.
Bu yol ilk milli qəzetimiz “Əkinçi” ilə
başladı. Ondan sonra ayrı-ayrı vaxtlarda fəaliyyət
göstərən “Ziya” (“Ziyayi-Qafqaziyyə”), “Kəşkül”,
“Şərqi-Rus”, “Həyat”, “İrşad” və digər mətbuat
orqanları “Əkinçi”nin maarifçilikk ənənəsinə
sadiq qaldılar.
Hələ
XIX əsrin sonlarında maarifpərvər ziyalıların səyləri
nəticəsində Azərbaycanın yeni
tipli məktəblər
açılmağa başladı. Bu da təzə dərsliklərə, uşaqlar üçün
yazılmış bədii əsərlərin nəşrinə
ehtiyac yaratdı. Eyni zamanda uşaq mətbu
orqanlarının
açılması zərurəti daha
artıq hiss edildi. Yeni tipli məktəblər
yaratmaq böyük
çətinliklərlə həyata keçirilirdi,
uşaq mətbuatının
yaradılması naminə göstərilən cəhdlər
isə uzun illər səmərəsiz
qaldı.
XX əsrin əvvəllərində,
xüsusi ilə 1905-ci ildə Rusiya imperiyasında baş
verən siyasi hadisələr çarizmi bir sıra
güzəştlərə getməyə məcbur etdi. Azərbaycan ziyalıları
yaranmış vəziyyətdən istifadə edərək uğrunda mübarizə apardıqları
ideyaları həyata keçirmək üçün
səylərini artırdılar. Həmin illər
Azərbaycan tarixinə bir sıra yeni mətbuat orqanlarının, məktəblərin,
qiraətxanaların açılması ilə yazıldı.
Təhsil sisteminin inkişafına
çalışan maarifpərvər ziyalılar yeni tipli məktəblərin
tələblərinə cavab verən dərsliklər
yazıb çap etdirir,
uşaq mətbu orqanlarının nəşri
uğrunda mübarizələrini
artırırdılar.
1906-cı ildə
Bakıda keçirilən Azərbaycan müəllimlərinin
I qurultayında da məktəb, dərslik,
tədris proqramı məsələləri müzakirə edildi.
1905-1906-cı
illərdə nəşr olunan “Həyat”,
“İrşad”, “Molla Nəsrəddin”
və başqa mətbuat orqanlarında Əli
bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu,
Üzeyir Hacıbəyli, Sultan
Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər
Sabir, Əli Nəzmi, Abbas
Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov və
başqalarının publisistik
yazılarında, şeirlərində, nəsr əsərlərində
millət övladlarının savadlanması, yeni
üsullu məktəblərin
açılması təbliğ olunurdu.
Azərbaycan ziyalılarının uşaq
mətbuatı yaratmaq arzusu
1906-cı ilin 16 aprelində ilk uşaq
jurnalımız “Dəbistan”ın nəşrə
başlaması ilə həyata keçdi.
Jurnalın redaktorları maarifpərvər ziyalılar Əlisgəndər
Cəfərzadə və Məmmədhəsən Əfəndizadə
idi.
Azərbaycanda
ikinci uşaq mətbu
orqanı olan “Rəhbər”
jurnalının birinci sayı isə 1906-cı
ilin 24 sentyabrında işıq üzü gördü.
Görkəmli maarif xadimi
Mahmudbəy Mahmudbəyovun redaktoru olduğu bu jurnalın nəşri
cəmi dörd ay davam etdi. “Dəbistan” da, “Rəhbər” də maliyyə problemləri
üzündən uzun ömürlü
olmadı. “Dəbistan” 1908-ci ilin 10 martında, “Rəhbər”
isə 1907-ci ilin 17 yanvarında bağlandı.
Onların məqsədi
unudulmadı. Bir neçə il sonra “Dəbistan”ın və “Rəhbər”in yolunu “Məktəb” davam etdirdi. Maarifpərvər jurnalistlər Qafur
Rəşad Mirzəzadə
və Ədülrəhman
Əfəndizadənin səyləri
ilə “Məktəb”
jurnalının ilk sayı
1911-ci ilin 29 noyabrında
işıq üzü
gördü. Bu jurnal da fəaliyyəti
boyunca maddi cəhətdən sıxıntılar
çəkdi. “Məktəb” 1920-ci ilin 21
martında bağlandı.
Təbliğat işində mətbuatın
fəaliyyətinə böyük
əhəmiyyət verən
Sovet hakimiyyəti ilk illərindən məqsədyönlü
şəkildə demokraik
qəzet və jurnalların nəşrini
dayandırdı, öz
məqsədinə, məramına,
istiqamətinə müvafiq
mətbu orqanlarının
yaradılmasına başladı. Ancaq həmin illərdə təkcə ictimai-siyasi qəzet və jurnallar yaradılmırdı,
elmi, publisistik, eləcə də uşaq mətbuatı orqanlarının inkişafına
da diqqət göstərilirdi.
Uşaq mətbu orqanlarının
açılması istiqamətində
işlərə hələ
1920-ci illərin ikinci
yarısından başlanıldı.”Pioner” jurnalı nəşrə başladı.
1934-cü il sentyabrın 2-də “Kommunist
maarifi” qəzeti işıq üzü gördü. 1938-ci il avqustun 1-də “Azərbaycan pioneri”nin birinci sayı nəşr olundu.
1957-ci ildə uşaqlar üçün
yaradılması qərara
alınan yeni jurnal da digər
uşaq mətbuatı
orqanları kimi Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqının
dəstəyi ilə nəşr olunacaqdı. Zəruri işlərə başlanıldı.
Jurnalın dövriliyi, formatı,
məramı müəyyənləşdirildi.
Yaradıcı və texniki
heyətin yığılması,
binası və digər məsələlərin
həlli istiqamətində
işlər aparıldı.
Meydana mühüm bir sual çıxdı:
Uşaqlar üçün
nəzərdə tutulmuş
yeni jurnalı necə adlandırılmalı?
Ad elə seçilməli
idi ki, jurnalın
məqsədini, ünvanlandığı
oxucuları bəlli etməklə yanaşı,
uşaqların da xoşuna gəlsin. Emin Mahmudov danışırmış
ki, ad seçiləndə
hərə bir təklif irəli sürdü. Xanımana
Əlibəyli dedi ki, ad tapmışam. Maraqla soruşdular: “Nədir?”. Onun
“Kəpənək”, cavabı
hamını güldürdü.
Amma bəlkə də elə bu söz
ad seçməkdə köməklərinə
gəldi. Yeni jurnala, nəhayət, ad seçildi: “Göyərçin”.
Jurnalın ilk redaktoru yazıçı
Yusif Hüseynov oldu.
“Göyərçin”
ədəbi-bədii jurnalının
birinci sayı 1958-ci ildə oxuculara təqdim olundu. Jurnal ilk saylarından böyük maraqla qarşılandı,
tezliklə Azərbaycanın
bütün bölgələrinə
yayıldı və məşhurlaşdı. Jurnala gələn
oxucu məktublarının
ardı-arası kəsilmirdi.
“Göyərçin”də Azərbaycan və dünya xalqlarının nağılları, uşaq
yazıçılarının əsərləri, folklor nümunələri - nağıllar,
hikmətli sözlər,
tapmacalar verilirdi. Jurnal öz balaca oxucularını Azərbaycanın zəngin
təbiəti - dağları,
meşələri, çayları,
təbii sərvətləri
ilə tanış
edirdi. Qədim yurd yerlərimiz,
xalqımızın igid
övladları haqqında
da onlara lazımi məlumatlar verilirdi. “Göyərçin”
jurnalının səhifələrində
uşaqların fərdi
yaradıcılıqlarına da ayrıca yer ayrılırdı.
Jurnal ilk saylarından Azərbaycan ədəbiyyatının zəngin
nümunələrindən bəhrələnməklə, klassik
ədəbi əsərlər
dərc etməklə
yanaşı, müasir
yazıçı və
şairlərin əsərlərini
də dərc edirdi. Jurnalın baş redaktoru Rafiq Yusifoğlu deyir: “Göyərçin”
zəngin ənənəsi
olan jurnaldır. Tanınmış təmsil ustası
Hikmət Ziya əbəs yerə demirdi ki, “Göyərçin”
qartallar yetişdirir.
Bu jurnalda çalışanların
çoxu sonradan ədəbiyyat sahəsində
çalışan görkəmli
adamlar oldular. Məsələn, Xəlil
Rza Ulutürk, Bayram Həsənov, Əbülfəz Hüseynli
“Göyərçin” jurnalının
əməkdaşları olublar.
Xalq şairləri, Xalq yazıçıları bu
jurnalın səhifələrində
böyük həvəslə
çıxış edirdilər.
Sovet dövründə
yaşayan klassiklərdən
Mirzə İbrahimov, Mehdi Hüseyn, Əli Vəliyev, Bayram Bayramov, sonrakı illərdə Məmməd Araz, Anar, Elçin, Əkrəm Əylisli, Fikrət Qoca da daxil olmaqla
elə yazıçı,
şair yoxdur ki, bu jurnala
məxsusi yazılar yazıb dərc etdirməsin”.
(Ardı var)
Zöhrə FƏRƏCOVA
525-ci qəzet.-2012.- 14 iyul.- S. 22.