Alim, diplomat, vətənpərvər

 

YÜKSƏK ELMİ SƏVİYYƏ VƏ VƏTƏNƏ SONSUZ SEVGİ

 

Doğrudur, müasir dövrümüzdə başlığın tələblərinə tam cavab verən insanların sayı o qədər də çox deyil, lakin şikayətlənməyə ciddi əsasımız yoxdur. Təkzibedilməz faktdır ki, kimin və harada çalışmasından, ixtisasından asılı olmayaraq, mənim fikrimcə, əsas odur ki, hamımız üçün əziz olan Vətəni s1evək və ölkənin imicinə, nüfuzuna layiqli vətəndaş olmağa can ataq. Bu gün yazarların, alimlərin, diplomatların sayı az deyil, bəlkə də gözlənildiyindən daha çoxdur. Lakin yalnız Vətən sevgisi, tarixi biliklər, xalqa məhəbbət və qayğı hissləri birini digərindən fərqləndirir. Emosiyalar, vətənpərvərlik məzmunlu yazılar, yeganə olan Vətənə, onun qiymətli oğullarına, onların layiq olduğu məkanı, zirvəni işıqlandırmaqla, bu işin həyati zəruriliyini aşılaya bilir.

Bir ölkədə, vahid dövlətdə olan xalq, onun varlığı vətənpərvərliyin mühüm obyektidir. Hər şey təkcə torpağa deyil, daha çox insanlara məhəbbətdən başlayır. Vətənin torpağı, bizim üçün vacibliyi yalnız onun layiqli oğul və qızlarına, öz keçmişinə olan baxış və sevgi prizmasından müəyyən olunmalı, başqalarına çatdırılmalıdır. Vətənimiz üçün çalışan, tarixdə onun karına gəlmiş hər bir kəs bizim üçün daimi sevgiyə, hörmətə, tərifə layiq olmalıdır.

Özünü xalqın ayrılmaz bir hissəsi hesab edən, “azərbaycanlı” adlandıran, ümummilli lider Heydər Əliyevin fəxr etdiyi və bizim - müstəqil “Odlar yurdu”nun bu günkü vətəndaşlarının qürur duyduğu azad, geniş və çoxmahiyyətli təbii sərvətlərə və insan resurslarına malik olan müstəqil, suveren dövlət Azərbaycandır və biz azərbaycanlı kimi bundan qürur duyuruq. “Fəxr edirəm ki, mən azərbaycanlıyam” cümləsi hamını təsirləndirir, kövrəldir və eyni zamanda sevinc və dayaq mənbəyinə çevirir.

Aktiv vətənpərvələrimizdən biri də professor, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Macarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri, səriştəli tədqiqatçı, təcrübəli kitab yazarı (xüsusən də Azərbaycan tarixində yüz illər boyu izi silinməmiş şəxsiyyətlərin həyat və fəaliyyətini qələmə alan) Vilayət Quliyevdir. Onun ən son nəşrlərindən biri olan “Polşa tatarları Azərbaycanda” kitabı (2012-ci il; 163 səhifədən ibarət, rus dilində çap edilmişdir. Kitabın redaktoru - filologiya elmləri doktoru Elmira Axundova, rəyçilər - tarix elmləri doktoru Həsən Həsənov, baş redaktor polşalı xanım Yudita Venqlavskaya).

Təqdim olunan kitabda nəinki tariximizin müxtəlif dövrlərində Tatar-Polşa münasibətləri dəqiqliklə, xronoloji ardıcıllığla tədqiq olunmuşdur, bundan əlavə 1918-1920-ci illərdə Şərqin ilk müsəlman demokratik Azərbaycan Respublikasını, hətta bütün bu prosesi, bu dövlətin 23 aylıq çətin və qəhrəmanlıqla dolu yolunu, dövlətin formalaşmasını və mövcudluğunu qısa, lakin çox dolğun təqdim etmişdir.

V. Quliyevin xüsusi tədqiqatçı qabiliyyəti çoxsaylı faktları, müxtəlif arxiv məlumatlarını toplamaq və təhlil edərək, olduğu kimi, bütün təfsilatları ilə oxuculara çatdırmasıdır. Hətta dolayı dəlillər ona, azad Azərbaycanda Polşa tatarlarının, Masey Sulkeviç, Olqerd və Leon Kriçinski qardaşları kimi, fəaliyyətini bütöv şəkildə təsvir etməyə imkan yaratdı və kitabda bu, öz əksini tapıb. Kitabın dili aydın, stili yüksək səviyyədə fikri çatdırmaqdır.

Tariximiz göstərir ki, belə çətin və təhlükəli fəaliyyətdə (yeni dövlətin yaradılmasında) digər millətlərin çoxsaylı nümayəndələri də iştirak etmişlər. Onlara böyük hörmət və səmimi rəğbətlə yanaşaraq, qeyd edə bilərik ki, müəllif Polşa mənşəli tatarların müsbət rolunu xüsusi vurğulayır, bu da tədqiqatları daha dəyərli və maraqlı edir. Bir sıra xalqların və etnosların əmək qabiliyyətini, dürüstlüyünü, müstəqil Azərbaycana və Azərbaycan xalqına olan sevgisini - onlar, öz əməllərində, məsləhətlərində, vətəndaşlar və Azərbaycan liderləri ilə çiyin-çiyinə fədakarlığında göstərmişlər.

Tanınmış diplomat V. Quliyev, gənc nəslin bilməli olduğu şəxsiyyətlər haqqında yorulmadan yazır. Bu, çox enerji tələb edən tədqiqatçı əməyi, vətənpərvər nəcibliyi gələcək nəsillərin minnətdarlığı, ölkəmizin tarixinə vacib töhfəsini bəxş edən dostluğa layiq göstəricisi olduğundan, onları qiymətləndirməkdə daha çox həssaslıq, bütöv tarixi biliklər sisteminə malik olmağı tələb edir.

Azərbaycanlıların və Polşa mənşəli tatarların fundamental xüsusiyyəti məncə, onlarda (bu fikir kitabı oxuyandan və müəllifin özü ilə söhbətdən sonra yarandı) millətçilik elementləri və şovinizmin olmamasıdır. Azərbaycanlı və ya tatar olmasından asılı olmayaraq, onları, hər kəsin malik olduğu millətə, etnosa qarşı vətənpərvərlik hissi insana hörmət və məhəbbət prinsipinin aliliyi doğmalaşdırmışdı.

Və... Buna görə də, biz, Ana yurdundan söz açanda, hər bir azərbaycanlı kimi, ölkəmizə - bir çox xalqlar və etnik qrupların Vətənimizə, tariximizə öz biliyini, əməyini bəxş edən görkəmli Azərbaycanlı şəxsiyyətləri axtarırıq. Onların tərkibində aparıcı millətin nümayəndələrini təmsil etməklə yanaşı, xalqımıza oxşar mənəvi-əxlaqi dəyərləri və tarixi ənənələri ilə yaxın olan, qeyri-Azərbaycan vətəndaşları da iştirak etmişdir.

Hesab edirəm ki, bu maraqlı və fəlsəfi, siyasi aspektli kitabı oxumağa qərar verən hər bir kəs, şahid ola bilər ki, V.Quliyev Polşa Respublikasının zəngin arxiv materiallarını tədqiqatçı dəqiqliyi ilə toplamış, təhlil edərək, başa düşülən, anlaşılan şəkildə oxunacaq bir üsulla, öz dəsti-xəttiylə təqdim etmişdir. Əminəm ki, professor V. Quliyevin həyat və yaradıcılığı da gələcəkdə elmi-tədqiqat əsərlərinin mövzusu olacaq...

Oxucularımıza, bu kitabın maraqlı

məzmunundan zövq almağı arzu edirəm...

 

 

Rafiq ƏLİYEV,

Professor, fəlsəfə elmləri,

doktoru

 

525-ci qəzet.-2012.- 14 iyul.- S. 20.