Nizami əsərlərinin
nəfis əlyazmalar
Nizami Gəncəvi - 870
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsi, möhtəşəm “Xəmsə”si dünya ədəbiyyatının nadir incilərindən sayılır. Şairin “Xəmsə”sinin dünyanın
müxtəlif əlyazma xəzinələrində saxlanan 500-ə qədər nüsxəsi elm aləminə məlumdur. AMEA Əlyazmalar İnstitutunda
Nizami əsərlərinin 25 əlyazması
saxlanılır. Bunlardan 18-i “Xəmsə”,
digərləri isə ayrı-ayrı poemaların əlyazma
nüsxələridir. Bu yazılı abidələr
nəfisliyi, tərtibatının gözəlliyi ilə diqqəti
cəlb edir. Nizami “Xəmsə”sinin Əlyazmalar İnstitutunda
saxlanan ən qədim əlyazması (şifri: M-500) nəfisliyi,
mətnin tamlığı, mükəmməliyi ilə seçilir. Burada poemalar ənənəvi şəkildə, xronoloji qaydada düzülmüşdür. 700 vərəqdən
(1400 səhifədən) ibarət əlyazmanın haşiyələrində
diaqonal şəkildə Əmir Xosrov Dəhləvinin “Xəmsə”si də
yazılmışdır. Nizami “Xəmsə”sinin
mətni iki sütunda,
krem rəngində olan
yüksək keyfiyyətli cilalı Şərq
kağızına nəstəliq xəttilə
yazılmışdır. Mətn iki
qızılı xətlə çərçivəyə
alınmış, sütunlar eyni xətlə bir-birindən
ayrılmışdır. Başlıqlar qızıl suyu ilə süls xətti
ilə yazılmışdır.
Hər
poemanın əvvəlində qızıl suyu
ilə göy, qırmızı və ağ boyalarla işlənmiş
gözəl bədii ünvan vardır. Əlyazmanın
sonunda Dəhləvinin bir
qəsidəsi yazılmışdır (669a-670a). Əlyazma müasir cildə tutulmuşdur,
paleoqrafik əlamətlərinə görə
XV əsrin birinci yarısına aid
olunur.
B-830 şifri altında saxlanan,
334 vərəqdən ibarət “Xəmsə”də poemalar ənənəvi qayda
üzrə yerləşdirilmişdir. Mətn saralmış
Şərq kağızına, qızılı və mavi xətlərlə çərçivələnmiş
dörd sütunda
narın nəstəliqlə yazılmışdır, sütunlar iki
qızılı xətlə bir-birindən
ayrılmışdır. Başlıqlar qızıl suyu və qırmızı boya
ilə yazılmışdır. Əvvəlində
qızıl suyu,
qırmızı, göy və ağ boyalarla işlənmiş
bədii ünvan vardır. Paleoqrafik əlamətlərinə görə
əlyazma XVI əsrin birinci
yarısına aid edilir.
M-501 şifri altında saxlanan,
296 vərəqdən ibarət “Xəmsə” əlyazmasında
yalnız “Yeddi gözəl”
poemasının əvvəli yoxdur. Mətn
narın nəstəliq xətti ilə yüksək keyfiyyətli,
cilalı, krem rəngli Şərq
kağızında, dörd sütunda yazılmışdır. Hər
poemanın əvvəlində qızıl suyu
ilə, göy və ağ
boyalarla işlənmiş ünvan vardır. Əlyazma üzərində rombşəkilli
üç medalyon
basılmış açıq qəhvəyi rəngli dəri
cildə tutulmuşdur. Cildin
kənarları narın çiçəkli ornamentlə bəzədilmişdir.
Paleoqrafik əlamətlərinə görə
əlyazmanın köçürülmə tarixini
XV əsrin ikinci yarısına aid etmək olar.
M-531 şifri altına saxlanan,
282 vərəqdən ibarət tam “Xəmsə”
mətni cilalanmış sarımtıl Şərq
kağızında, nəstəliq xətti ilə dörd sütunda
yazılmış və mavi xətlərlə
çərçivəyə alınmışdır.
Başlıqlar qırmızı boya ilə
yazılmışdır. Hər poemanın əvvəlində
qızıl suyu, mavi
və qırmızı boyalarla nəfis şəkildə işlənmiş
bədii ünvan vardır. Əlyazma
h.939-cu ilin Ramazan
ayında - 1572-ci ilin yanvarında İbn Əhməd Hüseyn
ən-Nizami əl-Hüseyni tərəfindən köçürülmüşdür.
M-534 şifri altında saxlanan
“Xəmsə”dəki “Yeddi gözəl”
poeması daha əvvəl - XVI əsrin birinci yarısında, digər poemalar
Səmərqənddə, 1641-43-cü illərdə köçürülmüşdür.
“Yeddi
gözəl” poeması yüksək keyfiyyətli
sarımtıl Şərq kağızında, gözəl nəstəliq
xətti ilə dörd sütunda
yazılmışdır. Poemanın mətni qızılı
və mavi rəngli xətlərlə
çərçivəyə alınmış, sütunlar iki
qızılı cizgi ilə bir-birindn ayrılmışdır. Poemanın başlıqları mavi
boya ilə yazılmış və
narın çiçəkli ornamentlərlə bəzədilərək,
qızılı xətlərlə çərçivələnmişdir.
Əlyazmanın bu hissəsində Təbriz
rəssamlıq məktəbinə məxsus üç
nəfis miniatür çəkilmişdir.
Digər poemaların mətni dörd sütunda, nazik, cilalı
Şərq kağızında, nəstəliq xətti ilə
yazılmış və qızılı, mavi
rəngli cizgilərlə çərçivəyə
alınmışdır. Başlıqlar qırmızı boya ilə yazılmışdır. Hər
poemanın əvvəlində “Yeddi
gözəl”in başlığına bənzər bədii
başlıq vardır. Əlyazma üzərində medalyon basılmış tünd
qəhvəyi rəngli dəri cildə tutulmuşdur.
Vərəqlərin sayı 312-dir.
Əlyazmalar İnstitutunda saxlanan bəzi
“Xəmsə” nüsxələri buradakı miniatür
rəsmlərin çoxluğu ilə diqqəti
cəlb edir. M-156 şifri
altında mühafiə edilən, 308 vərəqdən ibarət
əlyazma dörd müxtəlif katib tərəfindən müxtəlif vaxtlarda köçürülmüşdür.
“Xəmsə”nin dördüncü
poeması “Yeddi gözəl” o biri poemalardan
daha əvvəl - XVI əsrin birinci yarısında köçürülmüşdür.
Bu poemanın mətni qızıl suyu, göy,
qırmızı və ağ boyalarla nəfis şəkildə işlənmişdir.
Mətn yüksək keyfiyyətli, cilalanmış
Şərq kağızına, kalliqrafik nəstəliq
xətti ilə dörd sütunda
yazılmış və qızılı, qara
cizgilərlə çərçivəyə
alınmış, sütunlar iki nazik qızılı xətlə
bir-birindən ayrılmışdır. Çərçivələrin
arası narın çiçəkli ornamentlə doldurulmuşdur. Vərəqlərin haşiyəsi
qızıl suyu və qırmızı boya ilə işlənmiş ornamentlə bəzədilmişdir.
Əlyazmanın bu hissəsinə Təbriz
rəssamlıq məktəbinə məxsus 27 nəfis miniatür çəkilmişdir.
Buradakı “Xosrov və Şirin”
poeması nazik Şərq
kağızında, kalliqrafik nəstəliqlə dörd
sütunda yazılmış və
qızılı, mavi xətlərlə
çərçivəyə alınmışdır.
Poemanın əvvəlində qızıl suyu,
mavi və qırmızı boyalarla işlənmiş ornamentli
başlıq vardır. Poemaya İsfahan rəssamlıq məktəbinə məxsus
16 miniatur çəkilmişdir. Paleoqrafik əlamətlərinə görə
poemanın köçürülmə tarixi XVIII əsrin ikinci
yarısına aid edilir.
M-490 şifri altında saxlanan,
263 vərəqdən ibarət, 1627-ci ildə köçürülmüş
“Xəmsə”də Təbriz rəssamlıq məktəbinə
məxsus 18 ədəd miniatur vardır. Hər
poemanın əvvəlində qızıl suyu,
mavi və qırmızı boyalarla işlənmiş rəngli ünvan vardır. Mətn dörd
sütunda, nisbətən iri
kalliqrafik nəstiləq xətti ilə, nazik sarımtıl Şərq
kağızında yazılmış və qızılı,
qara, qırmızı cizgilərlə
haşiyələnmişdir. Başlıqlar qırmızı
boya ilə yazılmışdır. Əlyazma
üzərinə ənənəvi Şərq medalyonu basılmış qara
lak cildə tutulmuşdur.
M-207 şifri altında saxlanan,
408 vərəqdən ibarət, katib Dust Məhəmməd ibn
Dərviş əd-Daraxçı tərəfindən köçürülmüş nüsxədə
aşağıdakı qaydada düzülmüş dörd
poema vardır: “Sirlər xəzinəsi”,
“Yeddi gözəl”, “Xosrov
və Şirin”, “İskəndərnamə”.
Əlyazma çox nəfis bədii tərtibata
malikdir. Nüsxə qızıl suyu, mavi, ağ
və qırmızı boyalarla yüksək
bədii səviyyədə işlənmiş çiçəkli,
ornamentli frontispislə açılır.
Hər poemanın əvvəlində eyni boyalarla hazırlanmış nəfis ünvan vardır. Əlyazmaya İsfahan
rəssamlıq məktəbinə məxsus 11 incə miniatür çəkilmişdir. Mətn dörd sütunda, nazik sarımtıl Şərq
kağızında, qəşəng nəstəliq xətti
ilə yazılmış və mavi, qara, qızılı cizgilərlə çərçivəyə
alınmışdır. Vərəqlərin haşiyələrində
bəzi şərhlər vardır. Əlyazmanın cildi açıq qəhvəyi rəngli dəridən
ibarətdir. Nüsxənin köçürülmə tarixi 1636-cı il qeyd olunmuş.
M-488 şifri altında saxlanan,
335 vərəqdən ibarət, 1690-92-ci illərdə Yusif Bəhbehani tərəfindən köçürülmüş “Xəmsə”
əlyazmasında hər poemanın əvvəlində bədii-ornamentli
başlıq vardır. Nüsxəyə Təbriz rəssamlıq məktəbinə
məxsus 45 miniatür çəkilmişdir.
Mətn qara sütunda,
kalliqrafik nəstəliq xətti ilə
sarımtıl Şərq kağızında
yazılmış və qızılı cizgi
ilə çərçivəyə alınmışdır.
Başlıqlar qırmızı boya ilə
köçürülmüşdür.
M-130 şifri altında mühafizə edilən, 198
vərəqdən ibarət, XVIII əsrin sonunda
köçürülmüş “Xəmsə”də
“Xosrov və Şirin”,
“Yeddi gözəl”, “Leyli
və Məcnun” və “İskəndərnamə”nin bir hissəsi vardır. Mətn dörd
sütunda, Avropa
istehsalı olan krem rəngli
qalın kağızda, adi nəstəliq
xətti ilə yazılmış və qırmızı
cizgilərlə çərçivəyə
alınmışdır. Başlıqlar qırmızı
mürəkkəblə köçürülmüşdür.
Əlyazmaya İsfahan rəssamlıq məktəbinə
aid olunan 2 ədəd
miniatür çəkilmişdir.
M-439 şifri altında saxlanan əlyazmada
“Leyli və Məcnun” və “Yeddi gözəl” poemaları vardır.
Poemaların bir çox
vərəqləri əlyazma cildlənərkən bir-birinə
qarışmışdır. Mətn dörd sütunda, kalleqrafik nəstəliqlə Orta
Asiyada hazırlanmış kağızda
yazılmış və müxtəlif rəngli cizgilərlə
çərçivəyə alınmışdır. Əlyazmada
Herat rəssamlıq məktəbinə məxsus
üç rəngli miniatür
vardır. Əlyazmanın əvvəlində ornamentli
ünvan vardır. Əlyazma üzərində
rombşəkilli medalyon
basılmış qəhvəyi rəngli dəri cildə tutulmuşdur. 1601-1602-ci illərdə köçürülmüş nüsxə
84 vərəqdən ibarətdir.
M-496 şifiri altında saxlanan,
330 vərəqdən ibarət, tam “Xəmsə”
əlyazması 1947-ci ildə keçirilən Nizaminin
800 illik yubileyi
münasibətilə görkəmli özbək şairi Qafur Qulam tərəfindən hədiyyə edilmişdir. Burada poemalar ənənəvi şəkildə yerləşdirilib,
mətn dörd sütunda,
qalın, sarımtıl Şərq kağızında, nəstəliq
xətti ilə yazılmışdır. Başlıqlar
qırmızı mürəkkəblə köçürülmüşdür.
Əlyazma üzərində ənənəvi Şərq medalyonu basılmış qəhvəyi rəngli
dəri cildə tutulmuşdur. Nüsxə
1649-cu ildə Məhəmməd Tağı ibn
Hacı Məlikmahmud tərəfindən köçürülüb.
Əlyazmalar
İnstitutunda Nizaminin
ayrı-ayrı əsərlərinin də dəyərli əlyazmaları
qorunmaqdadır. “İskəndərnamə”nin birinci
hissəsi - “Şəfərnamə”nin M-535 şifrli,
92 vərəqdən ibarət, 1418-ci ildə köçürülmüş
nüsxəsinin mətni iki sütunda, cilalı krem rəngli
Şərq kağızında narın nəstəliq xəttilə yazılmış və
qırmızı, mavi cizgilərlə
çərçivəyə alınmışdır. Sütunlar bir-birindən qırmızı xətlə
ayrılmışdır. Mətnin əvvəlində
qızıl suyu, qırmızı və mavi boyalarla işlənmiş
ünvan vardır. İçərisində
bir miniatür olan bu nüsxə üzərində
üç ədəd rombşəkilli medalyon basılmış açıq qəhvəyi
rəngli dəri cilddədir.
B-5973 şifri altında saxlanan əlyazma
məcmuəsinin tərkibində Nizaminin
“İqbalnamə” poeması vardır. Mətn dörd
sütunda, nazik
sarımtıl Şərq kağızında, narın kalliqrafik nəstəliqlə
yazılmış və qızılı cizgilərlə
çərçivəyə alınmışdır.
Başlıqlar qızıl suyu ilə
yazılmışdır. Poemanın əvvəlində
qızıl suyu, mavi
və qırmızı boyalarla işlənmiş
ornamentli başlıq vardır. Bir miniatürü olan, vərəqləri düşmüş
bu əlyazma XVI əsrin ikinci
yarısında köçürülmüşdür.
Vərəqlərin sayı 89-dur. Əlyazma qəhvəyi rəngli
dəri cilddədir.
B-4321 şifrəli
əlyazma məcmuədə Nizaminin qəsidəsi
köçürülmüşdür. Mətn
iki sütunda, krem rəngli rus
kağızında, adi nəstəliqlə
köçürülmüşdür. Əlyazma
1844-cü ildə Ağdaşda Əhməd
bin Mahmud Əfəndi
tərəfindən köçürülmüşdür.
M-548 şifrli əlyazma məcmuədə Firdovsinin “Şahnamə”sindən, Rumi və Nizaminin əsərlərindən
parçalar verilmişdir.
Nizami poemalarından seçilmiş
şeirlər 109a-124b vərəqlərini əhatə edir. Mətn dörd sütunda, Şərq kağızında,
gözəl nəstəliqlə yazılmışdır.
Başlıqlar qırmızı mürəkkəblə köçürülmüşdür. Əlyazma
qara dəri cilddədir. Cildin
üzərində bir-birini kəsən diaqonal xətlər basılmışdır.
124 vərəqdən ibarət əlyazma paleoqrafik
əlamətlərinə görə XVIII əsrin birinci yarısında köçürülmüşdür.
AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanan Nizami əlyazmaları mükəmməlliyi,
tərtibatının nəfisliyi ilə diqqəti cəlb
edir. Orta əsrlər kitab sənətinin yüksək səviyyədə
olduğunu əyani surətdə nümayiş etdirən bu
nüsxələr Nizami irsinin tədqiqi və nəşri
zamanı alimlər tərəfindən diqqətlə nəzərdən
keçirilir.
Paşa ƏLİOĞLU
AMEA M.Füzuli
adına
Əlyazmalar İnstitutunun
direktor əvəzi
525-ci qəzet.--2012.-
14 iyul.- S. 19.