“Mifdən
yazıya və yaxud Gizli Dədə Qorqud”
QORQUDŞÜNASLIĞIN
BANİSİ F.DİTSİN ƏZİZ XATİRƏSİNƏ
HƏSR OLUNMUŞ TƏDBİR
12 iyul 2012-ci il tarixində Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunda dünya şöhrətli
yazıçı, alim, ictimai xadim, AMEA-nın müxbir
üzvü Kamal Abdullanın “Mifdən Yazıya və yaxud
Gizli Dədə Qorqud” kitabının müzakirəsi
keçirilib. Geniş oxucu rəğbəti qazanmış
kitab bir çox dillərə tərcümə edilərək
Türkiyə, Almaniya, Fransa və Rusiyada nəşr olunub.
Tədbir
qorqudşünaslığın banisi F.Ditsin əziz
xatirəsinə həsr olunub.
Müzakirədə AMEA-nın m.ü.
T.Hacıyev, fil.ü.e.d. prof. T.Məlikov, fil.ü.e.d.
M.İmanov, fil.ü.e.d. K.Əliyev, fil.ü.e.d. F.Bayat,
fil.ü.e.d.,prof. F.Veysəlli, fil.ü.e.d. M.Qasımlı,
fil.ü.e.d. M.Nağısoylu, fil.ü.e.d. A.Əmrahoğlu,
fil.ü.f.d. Ə.Ələkbərli, fil.ü.f.d.
Q.Sayılov, fil.ü.f.d. S.Rzasoy, fil.ü.f.d. P.Kərimov və
digər bir sıra gənc tədqiqatçılar iştirak
etmişlər.
Tədbiri
giriş sözü
ilə açan Folklor
İnstitutunun direktoru,
fil.ü.e.d
M.İmanov K.Abdullanın bu kitabla ədəbiyyatşünaslıqda,
dilçilikdə yeni cığırlar
açdığını bildirib və
kitabı ədəbiyyatımıza, ümumən
filologiyamıza qiymətli bir töhfə
kimi qiymətləndirib. O, əsəri mifdən yazıya keçid dövrünün
dastanı adlandırıb. M.İmanov “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”
kitabını dilimizin və milli mənəviyyatımızın gözəlliklərini
və möhtəşəmliyini əks etdirən “Kitabi-Dədə Qorqud”
dastanının gizli qatlarından soraq verən K.Abdulla
araşdırmalarının yeni məntiqi
nəticəsi kimi təqdim edib.
M.İmanov əsərdə mifoloji aləmdən
- mədəni dünyaya doğru tarixi bir inkişafı
maraqlı faktlarla təhlil edib.
Tədqiqatçılar
mövzu ətrafında geniş fikir mübadiləsi apararaq,
K.Abdullanın Azərbaycan ədəbiyyatındakı xidmətlərindən,
yaradıcılığının əsas xüsusiyyətlərindən,
kitabın məziyyətlərindən danışıblar.
Prof.F.Veysəlli “Mifdən Yazıya və yaxud Gizli
Dədə Qorqud” kitabının əvvəldən axira kimi
ikili qarşılaşmaların (mif -yazı, xaos- kosmos, alt
qat - üst qat və b.) üstündə qurulmasını, əsərin
dastandakı semantik boşluqları doldurmasını, onun
nibelunqlarla qarşılıqlı əlaqəsini xüsusi
vurğulamış, əsər müəllifinin həm
dilçi alim, həm də yazıçı olmasının
duyulduğunu qeyd etmişdir.
Sirlərini vermək istəməyən
“Dədə Qorqud dastanı”nı zəngin mineral
yatağına bənzədən prof.T.Məlikov
yazıçının bu əsər ilə mövcud olan
sirlərə tam son qoymadığını, buna görə
də K.Abdullanın silsilə olaraq daha yeni əsərlər
yaradacağına inamını vurğulamışdır.
F.Bayat müəllifin “Mifdən
Yazıya və yaxud Gizli Dədə Qorqud” kitabında ana
variantlarda müqayisələr
aparması, indiyə qədər
deyilmişlərə qarşı çıxması ilə
orijinallığını qabartmış, kitabın
yazıçı, alim, publisist təfəkkürü ilə
yazıldığını bildirmişdir.
A.Əmrahoğlu kitabdakı
sistematikliyi: mif, keçid mərhələsi və
yazı dövrünün
olmasını müsbət hal kimi qiymətləndirmiş, K.Abdullanın oxucunu hər an fikirləşməyə
vadar etdiyini nəzərə çatdırmışdır.
S.Rzasoy müəllif K.Abdullanı “mətn
K.Abdulla” kimi təqdim etmiş, onun oxucu ilə, sanki
bütün dilərdə danışdığını və
buna görə də asanlıqla tərcümə
olunduğunu bildirmişdir.
Tədbirin sonunda iştirakçılar
“Dədə Qorqud dastanı”nın yeni, daha təkmilləşmiş
nəşrinin hazırlanmasını təklif etmiş, əsər
müəllifi, tədqiqatçı K.Abdullaya yeni
yaradıcılıq uğurları arzulamışlar.
Yekunda müəllif
çıxış edərək göstərilən ehtirama
görə tədbirin təşkilatçıları və
iştirakçılarına minnətdarlıq etmiş,
özünün “Dədə Qorqud dastanı” ilə
bağlı yazılarının insanları dastanı oxumağa sövq etdiyinə
görə qürur duyduğunu bildirmişdir.
GÜNEL
525-ci qəzet.-2012.-
14 iyul.- S. 17.