"Təhsil
sistemindəki yeniliklərin ictimaiyyətə vaxtında və
qərəzsiz çatdırılmasında "525-ci qəzet"in
müstəsna rolu var"
Pərvinin
həmsöhbəti təhsil naziri Misir Mərdanovdur.
(XI söhbət)
Pərvin:
Misir müəllim, sizinlə müxtəlif mövzularda 10
söhbətimiz arxada qalıb. Hesab edirəm ki, bu aylar ərzində oxucular həyatınız və fəaliyyətinizlə
bağlı kifayət qədər məlumat ala bildilər. Bəlkə,
söhbətimizin yekununda bu günə kimi nail ola bilmədiyiniz
arzularınızdan, görüləsi işlərdən və
gələcək planlarınızdan
danışasınız?
Misir
Mərdanov: Arzularım, həyata keçirmək istədiyim
planlarım həddən artıq çoxdur. Bəlkə də,
yaşıma uyğun olmayan miqdardadır. Bunların
hamısından danışsaq, daha on söhbət etməyimiz
lazım gələr (gülür).
Pərvin:
Amma hər halda suallarıma səmimi cavablar alacağıma əmin
olduğumdan həyatınızın müxtəlif tərəflərinə
aid arzu və planlarınızı öyrənməyə cəhd
edəcəyəm. İlk öncə soruşmaq istərdim
ki, bir övlad kimi valideynlərinizə ürəyiniz istəyən
qayğı və diqqəti göstərə bilmisinizmi?
Misir Mərdanov:
Yəqin ki, tam yox... Hamı kimi mən də valideynlərimə
çox bağlı olmuşam. Orta məktəbi bitirənə
qədər onlarla birlikdə yaşamış, himayələri
altında böyümüşəm. Tələbəlikdə
isə ata-anamdan istər-istəməz
uzaq düşsəm də, yenə onların köməyinə,
maddi və mənəvi qayğısına ehtiyac duymuşam.
Hətta ailə qurub oğul-uşaq sahibi olduqdan sonra da
qarşılıqlı bağlılığımız
azalmayıb. Maraqlı məqam budur ki, müəyyən
imkanlarım yarandıqdan sonra mən
valideynlərimdən deyil onlar məndən özlərinə
və kiçik qardaş-bacılarıma diqqət,
qayğı umurdular.
Pərvin:
Bu mərhələni yeniyetmə duyğularına vida hesab etmək
olar... Yəni artıq məsuliyyət artır və insan
valideynlərinə həm də övladı kimi baxır...
Misir Mərdanov:
Əlbəttə... Bu duyğuları təbii hesab edirəm və
düşünürəm ki, hər bir övladın müqəddəs
borcu imkanları daxilində valideynlərinin
qayğısına qalmaqdır.
Mən bu məsuliyyəti həmişə dərk etmişəm
və övladlıq borcumu yerinə yetirməyə
çalışmışam. Amma etiraf edim ki, ürəyimdə
bir nisgil də qalıb. Yaxşı xatırlayıram, 2006-ci
ildə Şimali İrlandiyaya rəsmi səfərdən əvvəl
həmişə olduğu kimi valideynlərimlə
görüşdüm və atama söz verdim ki (o ərəfələrdə
atamın səhhəti ilə bağlı problemləri var
idi), səfərdən qayıdandan sonra onu həkimə
göstərəcəyəm. Ancaq təəssüf ki, səfərim
bitənə kimi atam xəstəxanaya
düşmüşdü və mən ona heç bir kömək
edə bilmədim. O, dünyasını dəyişəndə
88 yaşı var idi.
Ömrünü mərd-mərdanə, qürurlu, əsl
kişi kimi yaşamışdı. Amma yenə də bunlar təsəlli
deyil. Hər dəfə onun məzarını
ziyarət edəndə özümü günahkar hiss edirəm
və düşünürəm ki, bəlkə də ona
vaxtında kömək edə bilsəydim, daha çox
yaşayardı. Bütün bunlarla yanaşı, Allahıma
şükür edirəm ki, atamın ən qiymətli
yadigarı olan anam bu gün yaşayır. Tez-tez qardaş və
bacılarımla ətrafına toplaşır, nəslimizin
keçmişi haqqında bilmədiklərimizi ondan öyrənir,
müdrik nəsihətlərini dinləyir, atamın əziz
xatirəsini yad edirik.
Pərvin:
Xatırlayıram ki, ilk söhbətimizdə ailənizdən,
övladlarınızdan danışmışdıq. Və
demişdiniz ki, bəlkə də övladlarınızın
atası Misir Mərdanov olmasaydı, onlar daha çox
inkişaf edib irəli gedərdilər. Necə
düşünürsünüz, bir ailə
başçısı kimi razıdılarmı sizdən?
Misir Mərdanov:
Bu sualınıza onlar özləri daha dəqiq cavab verərdilər.
Əvvəlki söhbətlərimizdən bilirsiniz ki, bir
oğul, iki qız atasıyam.
Oğlumun bu yaxınlarda 40 yaşı tamam olacaq,
övladlarım hər biri ailə qurub, hərəsinin iki
uşağı var, böyük nəvəm ali məktəb
tələbəsidir, digər nəvələrim məktəbdə
oxuyurlar.
Pərvin:
Ailə genişləndikcə məsuliyyət, bəzən
çətinliklər də artır. Hətta belə bir deyim
də var: Uşaqlar böyüdükcə problemlərdə
böyüyür...
Misir Mərdanov:
Bu, həyatın qanunudur. İnsan böyüdükcə
qayğıları da çoxalır. Ümumiyyətlə,
övladlarımın ailə işlərinə müdaxilə
etməməyə çalışıram. Ancaq əlbəttə,
yeri gələndə, ehtiyacları olanda zəruri köməklik
göstərir və məsləhətlər verirəm. Məncə,
valideyn üçün övladının xoş sədasını
eşitməkdən böyük xoşbəxtlik ola bilməz.
Allaha şükür edirəm ki, indiyədək onlardan
özümə və başqalarına qarşı heç
bir hörmətsizlik hiss etməmiş, haqlarında həmişə
müsbət rəylər eşidərək sevinmişəm.
Pərvin:
Sizcə, bu kimin xidmətidir?
Misir Mərdanov:
(gülür) Maraqlı və qadın həmrəyliyindən
irəli gələn sualdır. Əlbəttə ki, həyat
yoldaşımın xidmətidir. Mənim başım elmə,
adminstrativ işlərə qarışanda, xalqın
balalarının təhsilini düşünəndə o evdə
uşaqlarımızın tərbiyəsiylə məşğul
olub. Buna görə də həyat yoldaşıma minnətdarlığım
sonsuzdur.
Övladlarımın
karyerasına gəldikdə isə, başqalarından fərqli
olaraq, mən onları öz nüfuzum, imkanlarım
hesabına alim və ya vəzifə sahibi etməyə
çalışmamışam. "Kölgədə bitən
ağacın kölgəsi olmaz." - deyirlər. Mən istəmişəm ki, onların hər
birinin öz kölgəsi olsun.
Pərvin:
Misir müəllim, hər kəsə məlumdur ki, vəzifə
və elm bir-birinin əksi olan sahələrdir.
Ömrünüzün lap gənc çağlarından
müxtəlif vəzifələrdə
çalışmısınız. Adminstrativ işlər
riyazi araşdırmalarınıza mane ola bildimi?
Misir Mərdanov:
Dediklərinizlə tamamilə razıyam. Vəzifəm
böyüdükcə, səlahiyyətlərim
çoxaldıqca məsuliyyətim də artırdı və
əvvəllər elmə ayırdığım vaxtın
daha çox hissəsini təhsilin idarəsinə, daha
doğrusu vəzifə səlahiyyətlərimi yerinə
yetirməyə sərf etməli olurdum. Dəfələrlə
demişəm və bir daha vurğulamaq istəyirəm - indi
biz elə bir dövrdə yaşayırıq ki, insan bir vəzifəni
çox çətinliklə icra edə bilir, bu baxımdan,
eyni zamanda bir neçə vəzifə tutanları başa
düşə bilmirəm. Bu vəzifəyə təyin
olunduqdan sonra demək olar ki, uzun illər məşğul
olduğum və keçmiş SSRİ miqyasında uğurlu nəticələr
qazandığım elm sahəsindən uzaqlaşıb
bütün enerjimi, ruhumu, düşüncələrimi
müstəqil Azərbaycanın təhsil quruculuğuna həsr
etdim. Bəlkə də bu, alnıma yazılmış
yazıdı, qismətdir.
Pərvin:
Bütün bunları düşünəndə
peşmançılıq hissi keçirmirsiniz ki?
Misir Mərdanov:
Qətiyyən. Bu illər ərzində bütün
imkanlarım və səlahiyyətlərimdən istifadə edərək,
ölkəmizin təhsil sisteminin dünya təhsil sisteminə
inteqrasiyası istiqamətində uğurlu nəticələr
qazanmasına çalışmışam. Görüləsi
işlərimiz isə hələ çoxdur. Ona görə də
pessimistləşmək olmaz.
Pərvin:
Elmdən danışmışkən, sizin təhsilin tarixinə
aid apardığınız araşdırmaları
vurğulamaq istərdim. “Azərbaycan təhsil tarixi"
adlı çoxcildliyin müəllifisiniz. Sizcə, xalqa məlum
olmayan çoxmu faktlar qalır? Ümumiyyətlə, bu istiqamətdə
tədqiqatlarınız davam edəcəkmi?
Misir Mərdanov:
Düşünürəm ki, “Azərbaycan təhsil
tarixi" kitabının birinci cildi üzərində yenidən
işləməli olacağıq. II, III və IV cildlərdə
təsvir olunan dövrdə təhsil sahəsində baş
vermiş hadisələr barəsində
ətraflı məlumat versək də, Sovet dövrünə
qədərki zamanla bağlı
məlumat tam və geniş deyil. Son vaxtlarda daha bir
araşdırma aparıb çox dəyərli arxiv
materialları əldə etmişik. İnşallah birinci
cildin təkrar nəşri zamanı bütün bunlar nəzərə
alınacaq. Bundan əlavə haqqında
danışdığımız dördcildlik əsasında
“Azərbaycan Təhsil Tarixi" kitabının rus və
ingilis dillərində çap olunması barədə də
düşünürəm.
Pərvin:
Misir müəllim, istər Sovet dövründə Xalq Maarifi
Nazirliyində çalışanda, istərsə də
müstəqil ölkəmizin təhsil naziri kimi fəaliyyətinizdə
təhsilimizin inkişafı naminə bir çox işlər
görmüş, xeyli uğurlara imza atmısınız. Bu
sahədə hələlik həyata keçirə bilmədiyiniz
və planlaşdırdığınız işlər barədə
məlumat verməyinizi istərdim...
Misir Mərdanov: Hesab edirəm ki, son illərdə
ölkəmizdə təhsilin inkişafı ilə
bağlı çoxsaylı uğurlu nəticələrin səbəbi
ölkə rəhbərliyinin diqqət və
qayğısı və fədakar təhsil işçilərinin
yorulmazlığı, səyləridir. Mən də bu işlərin iştirakçılarından
olmuşam. Lakin təhsil elə geniş sahədir ki, burada həmişə
müəyyən problemlər ortaya çıxır. Hətta
dünyanın inkişaf etmiş ölkələrinin təhsil
sistemində də çatışmazlıqlar mövcuddur və
bunların aradan qaldırılması üçün
islahatlara ehtiyac olur. Cəmi 20 yaşı olan müstəqil
Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə
inteqrasiyasına nail olmaq üçün fikrimcə, hələ
çox işlər görülməlidir.
Təhsil
naziri olaraq hal-hazırda əsas narahatlıqlarımdan biri məktəbəqədər təhsillə
bağlıdır. Müstəqillik illərində ölkə
rəhbərliyinin təsdiq etdiyi proqramlara, Heydər Əliyev
Fondunun layihələri çərçivəsində yeni
uşaq bağçalarının inşa edilməsinə,
mövcud müəssisələrin əsaslı təmir
olunmasına, son model avadanlıq və təlim vasitələri
ilə təchizatına, ilk dəfə olaraq təhsilin bu pilləsi
üçün müasir tələblərə cavab verən
kurikulumun hazırlanmasına baxmayaraq, görülməli
işlər daha çoxdur.
Təsəvvür
edin ki, hazırda 600 mindən çox məktəbəqədər
yaşlı uşağın yalnız 113 minini, başqa
sözlə cəmi 17 faizini uşaq bağçalarına cəlb
edə bilmişik, dünyanın inkişaf etmiş ölkələrində
isə bu rəqəm 80-90 faizə çatır.
Pərvin:
Yəqin ki, bunun bir səbəbi də milli mentalitetimizə
görə uşaqların ailələrdə tərbiyə
olunmasıdır.
Misir Mərdanov:
Doğrudur. Ona görə də heç Sovet dövründə
də bu sahədəki vəziyyət ürəkaçan
deyildi.
Pərvin:
Əvvəlki söhbətlərimizdə qeyd etmişdik ki,
son illərdə ölkəmizin təhsil sisteminin digər
pillə və səviyyələrinə nisbətən
ümumi təhsil sahəsində nailiyyətlər daha
çoxdur. Bu sahədə həyata keçirilməsi vacib
olan məsələlər barədə fikirlərinizi bilmək
istərdim...
Misir Mərdanov:
Qarşıda duran əsas məsələlərdən biri
ümumtəhsil məktəblərinin
rasionallaşdırılmasıdır. Ölkə
başçısı tərəfindən 1999-cu ildə təsdiq
olunmuş islahat proqramında prioritetlərdən biri də məktəb
şəbəkəsinin rasionallaşdırılması məsələsi
idi.
Pərvin:
Bununla bağlı mətbuatda bir neçə
çıxışınıza rast gəlmişəm. Amma
bunun mahiyyəti və faydası barədə daha aydın məlumatımız
yoxdur...
Misir Mərdanov:
Sadə dildə desəm, burada əsas problem məktəblərdə
müəllim şagird nisbətinin az olmasıdır. Yəni
ölkəmizdə elə məktəblər var ki,
(şübhəsiz, söhbət rayon və kənd məktəblərindən
gedir) orada şagird sayı çox azdır, bəzən
heç 100-ə çatmır. Dünya bankının dəstəyi
ilə həyata keçirdiyimiz təhsil sektorunun
inkişafı layihəsi çərçivəsində beynəlxalq
və milli ekspertlərin ciddi araşdırmaları nəticəsində
müəyyən etdik ki, ölkəmizdə fəaliyyət
göstərən 4522 dövlət ümumtəhsil məktəbindən
1336-da şagirdlərin sayı 100-dən azdır. Hətta 432
məktəbdə şagirdlərin sayı 30 nəfərdən
azdır. Ümumtəhsil məktəblərinin
rasionallaşdırılması proqramı məhz həmin
problemi həll etmək məqsədilə
həyata keçirilir.
Bu sahədə
əsas məsələlərdən biri də
adambaşına maliyələşmə sisteminə keçməkdən ibarətdir. Bununla bağlı tədbirlər
dünyanın əksər ölkələrində uğurla
həyata keçirilib və həmin ölkələrdə təhsilin
keyfiyyətinin yüksəlməsinə öz müsbət təsirini
göstərmişdir. Təhsildə adambaşına maliyyələşmə
prosesinin əsas mahiyyəti ondan ibarətdir ki, təhsil
müəssisəsinin illik maliyyə smetası onun
bütün zəruri ehtiyacları və perspektivləri nəzərə
alınaraq məktəb şurası tərəfindən tərtib
olunur və idarə edilir. Bundan əlavə hər il
hökümət tərəfindən bir şagirdə sərf
olunacaq büdcə vəsaiti müəyyənləşdirilir
və məktəbə maliyyə vəsaiti oradakı
şagirdlərin sayına uyğun olaraq yönəldilir.
Başqa sözlə bir tərəfdən məktəb və
onun kolletivi maraqlı olur ki, məktəbdə şagirdlərin
sayı çox olsun, digər tərəfdən isə məktəblər
arasında sağlam rəqabət mühiti yaranır.
Dünya
bankının dəstəyi ilə həyata keçirdiyimiz
layihə çərçivəsində İsmayıllı,
Ucar rayonlarında və Şirvan şəhərindəki 59 məktəbdə
pilot olaraq həm məktəb şəbəkəsinin rasionallaşdırılması,
həm də adambaşına maliyyələşmə sahəsində
tədbirlərin həyata
keçirilməsinə başladıq və deyim ki, qısa
müddət ərzində müəyyən müsbət nəticələr
qazanıldı. Dövlət
büdcəsindən məktəbə ayrılması nəzərdə
tutulan vəsaitdən daha səmərəli istifadəyə məktəb
rəhbərliyinin və yeni məzmunda təşkil
edilmiş məktəb şurasının bu prosesdə rolunun
artırılmasına nail olundu
Pərvin:
Həmin layihələrin başqa məktəblərdə də
həyata keçirilməsi nəzərdə tutulurmu?
Misir Mərdanov:
Nəzərdə tutulur. Ancaq təəssüf ki, müxtəlif
səbəblərdən bu layihələrin ölkənin
bütün ümumtəhsil məktəblərində tətbiqinə
nail ola bilmədik. Yeri gəlmişkən qeyd edim ki, bu gün
cəmiyyət məktəbdən və müəllimdən
yüksək keyfiyyətli təhsil gözləyir, lakin məktəbə
və onun idarə olunmasında əsas şəxsə - məktəb
direktoruna ondan tələb edilən yüksək nəticəyə
adekvat səlahiyyətlər verilirmi? Məktəb direktoru və
şurası məktəbin illik smetasının tərtib
olunmasında və onun idarəsində iştirak etmirsə, həmin
məktəbdə təhsilin keyfiyyətindən
danışmaq olarmı? Dünya təcrübəsində
geniş tətbiq olunan şagirdlərin
daşınmasını, bu məqsədlə nəqliyyat
vasitələrinin ayrılmasını həyata keçirmədən
məktəb şəbəkəsini rasionallaşdırmaq
mükündürmü? Əlbəttə ki, yox. Yaxın gələcəkdə
bütün bu məsələlərin öz müsbət həllini
tapacağına inanıram.
Pərvin:
Haqqında danışdığımız pillənin
inkişafı müəllimlərdən daha çox
asılıdır. Müəllim hazırlığı sahəsində
çatışmazlıqlarımız varmı? Ümumiyyətlə,
bu istiqamətdə hansı işlərə ehtiyac var?
Misir Mərdanov:
Müəllim hazırlama sahəsində beynəlxalq təcrübədə
geniş tətbiq edilən mərhələli hazırlıq
sisteminin, o cümlədən praktik hazırlığa təminat
verən internatura modelinin tətbiqi, hazırda ümumtəhsil
məktəblərində işləyən müəllimlərin
peşəkar inkişafı üçün yeni
ixtisasartırma modelinə keçilməsi, müəllimlərin
fəaliyyətinin sertifikatlaşdırılması, təhsil
alanların bilik və bacarıqlarının qiymətləndirilməsi
sahəsində atılmış addımların daha da təkmilləşdirilməsi
həllini gözləyən zəruri məsələlərdir.
Qeyd olunan
problemlərin dövlət səviyyəsində həlli ümumi
təhsilin keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli
təsir göstərə bilər.
Pərvin:
Misir müəllim, çıxışlarınızda
peşə təhsili ilə bağlı problemləri, bu sahədə qarşıda duran vəzifələri
vurğulayırsınız. Ötən söhbətlərimizdə
Sovet dövründə peşə təhsilinin inkişafı
mövzusunda danışmışdıq və peşə-ixtisas
təhsilini ölkə iqtisadiyyatının inkişafında
mühüm vasitələrdən biri hesab etdiyinizi
demişdiniz...
Misir Mərdanov: Bu sahənin inkişafı naminə
Dövlət Proqramına əsasən müəyyən
addımlar atılıb, bir neçə yeni peşə-tədris
mərkəzi yaradılıb, dərsliklər
hazırlanıb, beynəlxalq təşkilatlarla birlikdə
layihələrin həyata keçirilməsinə
başlanıb. Lakin müəssisələrin böyük əksəriyyətinin
maddi-texniki bazası, təchizatı müasir tələblərə
cavab vermir, özəl sektorla, işə götürənlərlə
səmərəli əlaqələr qurulmamışdır.
İnkişaf etmiş ölkələrdə ümumi təhsil
məzunlarının 60 faizi peşə təhsilinə
yönəldiyi halda, ölkəmizdə bu cəmisi 11 faiz təşkil
edir. Lakin biz bu vacib sahənin inkişafı istiqamətində
müəyyən işlər görməyə
çalışırıq. Cənubi Koreyanın Daevo
İnterneyşenel şirkəti ilə Bakı şəhərində
ali peşə təlimi mərkəzinin yaradılmasıyla
bağlı kredit sazişi hazırlanaraq təsdiq
üçün Nazirlər Kabinetinə təqdim
edilmişdir. Bundan əlavə Avropa Birliyinin tvininq layihəsi
çərçivəsində ayrılmış vəsait
hesabına ölkənin peşə təhsilinin bu
günkü vəziyyəti Təhsil Nazirliyinin əməkdaşları
ilə birlikdə araşdırılmış, Ağstafa və
Göyçay rayonlarında kənd təsərrüfatı
ilə bağlı müasir tipli peşə məktəblərinin layihəsi hazırlanaraq
respublika hökumətinə təqdim
edilmişdir. Alman mütəxəssislərinin rəyinə
görə ölkədə texniki-peşə təhsilini
inkişaf etdirmək üçün birdəfəlik 200
milyon manatdan çox vəsait tələb olunur
Düşünürəm
ki, regionların sosial-iqtisadi inkişaf perspektivlərinə
uyğun olaraq müasir təminatlı peşə-tədris mərkəzlərinin
və komplekslərinin yaradılması, istehsal və xidmət
sektorlarının, işə götürənlərin ehtiyac
və tələbatlarına uyğun çevik təhsil
proqramları vasitəsilə kadr
hazırlığının həyata keçirilməsi
yaxın gələcəyin əsas prioritetlərdəndir.
Pərvin:
Misir müəllim, ötən şənbə ali təhsil
sistemi barədə ətraflı söhbətimiz oldu. Bu sahədə
də düşüncələrinizin nikbinliyi hiss edilir. Təbii
ki, bu, əldə olunan uğurlarla - dünya təcrübəsinə
uyğun çoxpilləli ali təhsil sisteminə keçid,
Boloniya prosesinə qoşulmaqla Avropa ali təhsil məkanına
inteqrasiya imkanlarının genişlənməsi, tədrisdə
kredit sisteminə keçilməsi, xaricdə təhsil ənənələri
bərpası, ali təhsilin normativ-hüquqi bazasının
tam yeniləşdirilməsi ilə bağlıdır. Lakin siz
bütün bu işlərin mərkəzində olan şəxs
kimi çatışmazlıqları, qarşıda duran
problemləri də hər kəsdən yaxşı bilirsiz...
Misir Mərdanov:
Bəli. Bütün bu sadaladıqlarınızla
yanaşı, ali təhsil sahəsində həyata
keçirilməsi vacib olan bir çox məsələlər məni daim
düşündürür.
Ali təhsil
müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə
çevrilməsinə dəstək verən və rəqabət
qabiliyyətli mütəxəssis
hazırlığını təmin edən standartların
yaradılması, ali məktəblər üçün
universitet şəhərciklərinin salınması, keyfiyyətin
yaxşılaşdırılması naminə stimullaşdırma mexanizmlərinin,
qrant sisteminin tətbiqi, iqtisadiyyatın diversifikasiyası və
dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən
biri kimi ali təhsil sahəsində dövlət-biznes
partnyorluğu sisteminin inkişaf etdirilməsi, ali təhsilin
bütün səviyyələri arasında varisliyin gücləndirilməsi, elmi tədqiqatların
stimullaşdırılması sahəsində beynəlxalq təcrübədə
sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi,
akkreditasiya mexanizminin təkmilləşdirilməsi
qarşıda duran zəruri məsələlərdəndir.
Pərvin:
Misir müəllim, hesab edirəm ki, təhsilimizdəki
uğurlarla yanaşı,
çatışmazlıqlar haqqında da
danışmağınız sizin işinizə fərqli
yanaşmanız və səmimiliyinizdən irəli gəlir. İndiyə
kimi olan bütün söhbətlərimizdə bu
özünü göstərib. Fürsətdən istifadə
edib maraqlı həmsöhbət olduğunuza görə sizə
öz minnətdarlığımızı bildirmək istəyirəm.
Apardığım layihə çərçivəsində
sizinlə söhbətlərdən bir çox məsələləri
öyrəndim, xeyli zəngin təəssüratlarım
yarandı və zənnimcə, bu, gələcək fəaliyyətimdə
xeyli faydalı olacaq...
Misir
Mərdanov: Təşəkkür edirəm, Pərvin
xanım. Artıq üç aya yaxındır ki, "525-ci qəzet"in
şənbə nömrələrində on söhbətimiz dərc
olunub və bu, on birinci - sonuncu söhbətimizdir. Söhbətlərimiz
zamanı uşaqlıq dövrümdən indiyə qədərki
illərimi, həyat və karyera yolumu bir daha xatırladım,
düşüncələrimi oxuculara əlavə, süni
boyasız və səmimi şəkildə
çatdırmağa çalışdım. Deyim ki, söhbətlərimiz
mənim özümə də çox maraqlı və
xoş oldu. Bütün bunlara görə uzun illərdir həmişə
mənə dayaq olan və mətbuatımızda özünəməxsus
nüfuza malik "525-ci qəzet"in
baş redaktoru, çox hörmətli Rəşad Məcid
başda olmaqla bütün yaradıcı heyətə və
şəxsən sizə minnətdarlığımı
bildirirəm. Qeyd etməliyəm ki, təhsil sistemindəki
yeniliklərin ictimaiyyətə vaxtında və qərəzsiz
çatdırılmasında "525-ci qəzet"in müstəsna
rolu var. Mən bu qəzetə sonrakı fəaliyyətində
də millətimizin intellektual potensialının
inkişafı yolunda daha böyük nailiyyətlər
arzulayır, uğurlar diləyirəm.
525-ci qəzet.-2012.-30 iyun.-S.10-11.