Xəbərsiz ötən Zaman

 

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzeti və Təhsil Mərkəzinin rəhbəri, görkəmli publisist, dövlət və dövlətçiliyimizin milli-siyasi atributu olan azərbaycançılıq ideologiyasının tanınmış tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın yenicə çapdan çıxmış 568 səhifəlik “Zaman xəbərsiz ötdü...” kitabı arxa cildin üzərindəki yazıda müəllifin oxucularla növbəti görüşü və şairənin yaradıcılıq hesabatı kimi təqdim edilir.

“Növbəti görüşü” ifadəsini qəbul etmək olar, hesabat hardan çıxdı? Məncə, həyatının və ədəbi fəaliyyətinin ən yetkin dövrünə qədəm qoyan Sona xanımın yaradıcılıq hesabatı hələ çox-çox irəlidədir. Ancaq madam ki, təqdimatda bu söz işlədilib, onun ifadə etdiyi məfhum və çalarları üzərində bir az fəlsəfi gəzişmələr etmək savabdır...

Ən böyük xoşbəxtlik, heç vaxt bitməyəcək zənn edilən sevgi, arasından su sızmaz hesab edilən dostluq zamanla necə öləziyir, azalır, bitirsə, heç vaxt sağalmayacaq dediyimiz yara, bizi tərk etməyəcəyini düşündüyümüz dərd də zamanla qaysaq bağlayır, yaddaşdan silinir və büsbütün unudulur. Əla-həzrət Zamana yenilməyən heç nə və heç kəs yoxdur

“Hesabat”ı belə də yozmaq olar. Həyatda mütləq xoşbəxtlik də, əbədi kədər də yoxdur. Hər şey nisbidir. Vaxtaşırı xəyal dünyasına dalmaq, bizi bizdən ayıran yaxın və uzaq zaman dilimlərini zehnimizdə təkrarlayıb, o zaman kəsiklərində baş verənləri xatırlamaq, əslində, zamanı təhtəlşüur dayandırmaqdır, tarixin təkərini, fələyin çarxını geriyə fırlatmaqdır. Uşaqlıqda zaman məfhumu gələcəyə doğru istiqamətlidir, çünki uşaqlığın keçmişi olmur. Gənclikdə  zaman məfhumu iki istiqamətlidir, çünki yaşanmış bir keçmiş, yaşanacaq bir gələcək var. Ömrün qoca və ahıl yaşlarında vəziyyət nisbətən kədərldir. Zaman məfhumu yalnız geriyə doğru istiqamətlidir - uşaqlığa və gəncliyə doğrudur. Bu zaman dilimində gələcək yoxdur. Biz qısa insan ömründəki ilk iki zaman dilimini (uşaqlıq və gənclik dönəmlərini) dolu-dolu yaşasaq da, bu illər bizə bir an kimi, bir göz qırpımı kimi gəlir. O zaman dilimlərinin içindəykən buna çox fikir vermirik, nə də olsa, hələ qabaqda gələcək var, deyirik. Yaşamağa başlamaq istədiyimiz anda isə, ömrün payız fəslinə girdiyini idrak edirik. Necə ki, payız aylarında bağ mövsümü qurtarır, bostan sovuşur, “yenə o bağ olaydı” arzuları dilə gəlir, eləcə də zamanın xəbərsiz ötdüyünü dərk etdiyimiz anda, dövrəyə xəyallar, xatirələr, yaşanmışlar, qədrini bilmədiyimiz olmuşlar-bitmişlər, keçmişlər girir. Yəni insanlar “xəyal etdikləri müddətcə yaşarlar”(Yəhya Kamal). Fikrimizcə, “Zaman xəbərsiz ötdü...” kitabının təqdimatdakı “hesabat” sözü Sona xanımın yaradıcı insan olaraq özünə, oxucusuna və onu sevənlərə ədəbi-bədii fəaliyyətinin yekunlarına dair qısa yaddaş qeydləridir.

Tanınmış yazıçı, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin “Ümidlər və arzular şairəsi” adlı səmimi ön sözü ilə açılan kitabın “Portret cizgiləri”, “Çəhrayı rəngli dünyam”, “Arazboyu düşüncələr”, “Publisistik etüdlər”, “Alim və ictimai xadim” adlarını daşıyan beş bölmə “Zaman xəbərsiz ötdü...”nün məzmun, mətləb və mahiyyətini son dərəcə dəqiq və sərrast ifadə edir. Bu bölmələrdə Sona xanımın həyatı, bədii yaradıcılığı, elmi və publisistik fəaliyyəti geniş işıqlandırılıb. Kitabda daha əvvəl çapdan çıxmış şeir kitablarından seçmələrlə yanaşı, yeni şeirlər, respublikamızın tanınmış söz-sənət sərrafları, görkəmli elm adamları, dəyərli ziyalıları tərəfindən qələmə alınmış təxminən 50-yə yaxın məqalə, esse, təhlil və rəy, portret oçerkləri, eləcə də müəllifin müxtəlif vaxtlarda KİV-lərə müsahibələri, çap olunmuş publisistik yazıları və azərbaycançılıq ideologiyasına dair elmi-nəzəri qənaətləri toplanmışdır.

Kitabının səhifələrini ehtiyatla çevirirəm. Əvvəlki iki şeir kitabından -”Çəhrayı rəngli dünyam” (2007)   Arazbarı”dan (2011) bilirəm ki, bunun da içində astarı üzündən oxunan zərif ipək misalı kövrək şeirlər var, qırıla bilər. Öz iç limanına lövbər salmış misralar var, həyatın dalğalarından yorğun düşüb, dincini alır. Həssas duyğulardan ucaldılmış büllur könül sarayı var, “kənar şəxslərin girməsi qadağandır”, köhnə dostlar istisnalıq təşkil edirlər. Elə bir saray ki, kərpiclərinin düşüşü, qopuşu günbəgün yox, ilbəil olur:

 

Uşaqlığım, gəncliyim ömürdən düşüb,

Ağzımın dadıdır, bir az gen düşüb

Sirrimi, sözümü kimlə bölüşüm

Tanrıdan dost payım, köhnə dostlarım.

 

Sona xanımın poetik yaradıcılığının mövzu palitrası rəngarəng olmaqla yanaşı, çox sağlam bünövrə üzərində inşa edilib. Ortaya elə bir möhtəşəm abidə çıxıb ki, onun bütün komponentləri rəngarəngdir, yəni biri-birilə həmahəng, həmavaz və uyumludur. Bu şeirləri tək-tək, bənd-bənd, misra-misra da təhlil etmək, şah beytlərin, bərcəstə misraların, tutumlu bəndlərin hər biri haqqında səhifələr dolusu yazmaq mümkündür. Hər üç kitabdakı şeirlərin tamamını oxucunun öz öhdəsinə buraxıb, Sona xanımın poetik dünyası haqqında ümumi rəy yaratmağa cəhd göstərməyin daha doğru olacağı qənaətindəyik.

Hər şeydən əvvəl, Sona xanımın poeziyasında Vətən sevgisi milli vətəndaşlıq mövqeyi ilə bir bütünlük təşkil edir (“Arazbarı”, “Ağlama, şəhid balası”,  “Açıq qapılar”,  “Ay qapı bağlayan”);

Bu şeirlərdə torpaq itkisi, Qarabağ dərdi qadın qeyrəti, qadın isməti ilə tamamlanır (“Öncə can sağlığı deyən kəslərə”, “Sərçələrin yurd sevgisi”, “Şahım, Şeyxim, Savalanım”, “Şuşanın dağları”nı oynayan oğlan”, “Özgə havalara oynayan gözəl”, “Düşübdü”, “Əshabi-kəhf dastanı”, “Əziz qardaşım kefli İsgəndərə”, “Bir havasız hava çalın”);

Həzin lirik duyğular elimizin adət-ənənələri ilə qoşa addımlayır (“Sarı gözəl, sarı çiçək”, “Ana öyüdü”, “Bu nə eşq sevdası, bu nə möcüzə”, “Quruyan ərik ağacı” , “Qapı üstündəki ad”);

Miras alınan ana şəfqəti, ana əllərinin hərarəti varislərə ötürülən övlad və nəvə qayğısı ilə bütünləşir (“Bir ana köçünə çatmamışam mən”, “Anamın əlləri”, “Şirin çiçək”, “Şamxala”, “Səttar üçün”, “Belə öyüd vermə, ana”);

Doğma kənd və ata ocağı həsrəti bütövlükdə kosmopolit şəhər mühitindən qaçıb əsrarəngiz təbiət gözəlliklərinin çevrələdiyi kəndə sığınmaq istəyi ilə birgə dilə gətirilir  (“Ata evim”, “Dünya gözlərimdə çəhrayı rəngdə”, “Quruyan ərik ağacı”, “Yollar”, “Salam, ata”, “Bu uşaqlıq mənimdi”, “Kimsə yoxdur ağı desin bu kəndə”, “Yol üstə, yolların aşiqi çinar”, “Tənha sarı yarpaq”);

Yaradıcı insanın, həssas şairənin hiss-həyəcanları, lirik duyğuları gündəlik mətbəx-məişət qayğılarının təzadları ilə qarşılaşdırılır (“Ağlaya bilməyəndə”, “Darıxan adam”, “Adi qayğılardan bezmişəm daha”, “Pəncərə işığı, qadın baxışı”, “Yazmadığım şeir”, “Gəl gedək bu şəhərdən”, “Tanrıdan dost payım, köhnə dostlarım”, “Əhval”, “Gəl sənə bir həzin şeir oxuyum” );

Nəhayət, dünyəvi məhəbbət və bəşəri eşq Uca Tanrı sevgisi ilə, irfani sevgi ilə vəhdət təşkil edir (“İlləri əl-ələ verib gəlmişik”, “Səni yola saldım”, “Köhnə görüş yeri”, “Səni sevdim, Allahım”, “Qapına gəldim, İlahi”, “Çox şey istəmirəm Allah babadan”, “Vallah, gözə gəldi bu ilahi eşq”).

Sona xanımın bədii yaradıcılığında diqqəti çəkən məqamlardan ilki budur ki, o, az yazır, yaxud az çap olunur. Bu, onun özünə qarşı tələbkarlığından, poeziyaya qarşı həssaslığından, ədəbiyyata ciddi münasibətindən irəli gəlir. Tanınmış ədəbiyyatşünas və folklorşünas-alim, poetik sözün siqlətini yaxşı duyan dostum Muxtar Kazımoğlunun kitabda yer alan “Tənhalıq qıfılbəndi” adlı dəyərli məqaləsində də bu məqam vurğulanır. Sona xanımın zəngin xalq yaradıcılığından, folklor xəzinəsindən qidalanan poeziyasının digər müsbət məziyyətləri ilə yanaşı, şairənin bədii sözə qarşı tələbkarlığı qeyd olunur.

Sona xanımı hər gün bir şeir yazmaq, yeni söz söyləmək fikri təlaşa salmır, təşvişə düşürmür. Çünki onun hər zaman deyilməyə təzə sözü də, poeziyanın izah etməklə mükəlləf olduğu gizlinləri görən gözü də var. Əslində, hən hansı bir şeir misralardan, misralar bilinən kəlmələrdən, kəlmələr də məlum hərflərdən doğulduğuna görə, onun bayat, köhnə, nimdaş olması lazımdır. Lakin yüzillərin poetik təcrübəsi öyrədir ki, şeirdə bakir olan təkbaşına söz deyil, onun poetik yüküdür, fikirdir, duyğudur, oxucuya ünvanlanan mətləbdir, “yaxşı unudulmuş köhnədən” yaradılan yeni və təzə-tər məramdır. Necə deyərlər, nimdaş qabıqlı sədəf mirvarinin qiyafəsi olduğu kimi, köhnə söz də təzə fikrin geyimidir.

Zamanın xəbərsiz ötüb-keçməsi bir deyimdir. Yəni illəri xərcləyib bitirmiş insan geriyə boylandığında öz ömrünün necə gəlib, necə getdiyini fəhm eləmir. Kitabda verilən fotoşəkillərin bir qismi məni xəyalən illər öncəsinə, Şərurun dağlar qoynundakı ucqar Tənənəm kəndinə apardı. Qeyri-ixtiyari  eyni sözləri pıçıldadım: Zaman xəbərsiz ötdü... Mən Sonanı elə o ağ-qara fotoşəkillərdəki kimi, qoşa hörüklü qarabəniz qız, evinə yaxın bulaq başına gələn, kəhrizin buz kimi suyunu səhəngə dolduran məktəbli kimi xatırlayıram.  Hərdən mənə elə gəlirdi ki, Sona digər qızlardan daha tez-tez o bulaq başına gəlir. Səbəbini gec də olsa, tapdım. O bulaq illər sonra Sonanın ailə həyatı quracağı ömür-gün yoldaşı və qonşusunun darvazasının kandarında idi...

Doğrudanmı zaman xəbərsiz ötüb? Bəs yaşanan ömrün acılı-şirinli günlərini hara yazaq? Hələ məktəbli ikən rayon və mərkəzi qəzetlərdə çap olunan şeir və məqalələrini, “Şərur qönçələri” ədəbi birliyindəki qönçə dönəmlərini neyləyək? Kitabda yeniyetmə Sonanın mətbuatda ilk addımlarına şahidlik edənlərdən biri, tanınmış şair İbrahim Yusiflinin son dərəcə səmimi məqaləsi var. Uşaqlıq və gənclik illərimin yadigarı olan bu dəyərli söz-sənət və elm-maarif  adamı haqlı olaraq yazır ki, Sona xanım ədəbiyyata, poeziyaya, publisistikaya bu gün gəlməyib. Bugünkü tanınmış şairənin, maarifçinin, publisistin, alimin arxasında uzun illərin gərgin zəhməti, oxuyub-öyrənmək inadkarlığı, doğma ocağına və xalqına güvənc və inam yeri ola bilmək əzmkarlığı dayanır.

Sona xanımın “Şahım, Şeyxim, Savalanım” şeiri məni təxminən 35-40 il əvvələ qaytardı. Görkəmli Xalq yazıçımız İsmayıl Şıxlının bir hekayəsində naməhrəm kişi görəndə qadının baş örtüyünü üzünə çəkərək ağzına yaşmaq tutmasının nə mənaya gəldiyinin ilk bədii-estetik təqdimatını oxuyub sarsılmışdım. Hekayədə yaddaşımda qaldığı kimi nəql etmək istədiyim yalınayaq, sıyrılıb belinə qaldırılmış tumanı altından çılpaq baldırı görünən bir qadının kişilərlə birlikdə palçıq ayaqlama səhnəsi var. Öz əshabələri ilə onlara yaxınlaşan Şahı görür-görməz qadının baş örtüyünü düzəldib, yaşmaqlandığını görən hökmdar gülərək: “Bu qədər kişi var yanında, birlikdə işləyirsiniz, yaşmaq tutmursan, niyə məni görcək başını örtüb yaşmaq tutdun?”, - deyir. Qadının cavabı Şahın üzünə şapalaq kimi yapışır: “Qibleyi-aləm, bunlar kişi deyil, kişi olsaydılar, bu zülmə dözüb, içərisinə saman yerinə şüşə qırıntıları qarışdırılmış bu palçığı yalın ayaqla yoğurmazdılar”. Şeirin məndə oyandırdığı ilk çağrışım (assosiativ məna) bu cavab oldu. Savalanın ətəyində yarıyuxulu, yarıgerçək üzü qibləyə dayanıb, Şah İsmayıla xitab edən qadının dilindən süzülən misralara baxın:

 

İçim də, çölüm də qəm tarixidir,

Dərbənd bağlı qapım, Təbriz lal anam.

Şuşa baş örtüyüm, sürüşüb düşüb,

Şahın hüzurunda necə dayanım?

 

Təşbehin gücü və təzəliyi, poetik çəkisi, məna siqləti,  göz qabağındadır. Dörd misra ilə çəkilən tablo xalqımızın minillik faciəvi tarixinin mənzərəsidir. Torpaqlarını itirə-itirə gələn, Dərbəndi, Təbrizi, Zəngəzuru, Qarabağı əlindən gedən və çadır şəhərciklərində yaşamağa məhkum edilən qaçqınlı-köçkünlü xalq kəlağayısı başından sürüşüb düşən ismətli qadına bənzədilir. Namusunu hifz etməyə and içdiyimiz bu torpaqlar yağı tapdağı altında əzildikcə, qız-gəlinlər dığalar əlində əsir qaldıqca bu millətin qol götürüb oynamağa haqqı çatmır:

 

Yox, yox, oynamağı ayıb bilmirəm,

Sükutlu toy evin yas yeri bildim.

Sən elə oynadın, üzündə sənin,

Bir bala dağına, yurd itkisinə

Havalanıb süzən bir ana gördüm.

 

Sona xanım heca vəzninə olduğu kimi, sərbəst şeirə də vaqifdir. Daxili qafiyələri və ritmləri yerində işlədir, misraların prozaya qaçmasını önləyir, poetik axıcılığa diqqət edir. Sərbəst şeir nümunələri içərisində könlümə yatanlardan biri “Əziz qardaşım kefli İsgəndərə” şeiridir. Şeirin dramatik ovqatı da, faciəvi məramı da aydındır: bütün dövrlərdə olduğu kimi, insanları “Anlamaq dərdi” (daha doğrusu, anlaya bilməmək dərdi!) öldürəcək. Cahili, nadanı, qaragüruhçunu Ustad Cəlil Məmmədquluzadə öz məşhur obrazının dili ilə necə məsxərəyə qoyub sarkastik gülüşə tuş etmişdisə, Xalq şairi Rəsul Rza və Xalq yazıçısı Anar necə tənqid hədəfinə çevirmişdisə, Sona xanım da elə edir. Ancaq mövzuya yeni baxış bucağından boylanır, məşhur “Ölülər”dəki  obrazları, o cümlədən kefli İsgəndəri müasir dövrə köçürür. Onlar indi başqa qiyafəyə bürünüblər: Kəndxuda Xudayar bəy “milyonerdir, kitab yazdırır, professordur”; Şeyx Nəsrullah artıq ölü diriltməklə yox, pul diriltməklə məşğuldur; Nazlını ata-anası deyil, “Rusetə ərə gedən əri özü şeyxlə tanış edib”; Məmmədhəsən əminin oğlu  “əcnəbi dil öyrənir”, xaricə getməyə hazırlaşır; Teleqrafçı Baxşəli Həzrət Abbas yerinə indi Avropa Məhkəmələrinə şikayət məktubları yollayır; “Hamının məsləhət yeri Mirbağır ağa elmi atıb”, Çindən mal gətirib topdan satır; Pərnisə də “hürriyətin mənasını öyrənib”, sponsorunun köməyi ilə “Toylar kraliçası” olub. O zaman kefli İsgəndər olub-bitənləri anlayırdı, ancaq açıq şəkildə dilə gətirə bilmirdi. Sənətkar tənqid hədəflərini heç kəsin baş qoşmaq istəmədiyi bir “sərxoş” vasitəsilə yaylım atəşinə tuturdu. O zamandan indiyə çox şey dəyişib. Dəyişməyən yalnız budur ki, xalqımız hələ də cəmiyyətə yad ünsürləri, insanlarda baş verən tənəzzülün səbəblərini anlamaqda çətinlik çəkir. Hər kəs özünə, öz içinə, yaxın ətrafına baxmaqdansa, səbəbi başqalarında, uzaqlarda, özgələrdə axtarır. İnsanlar “Anlamaq dərdi”nin kökündə özgə dərdinə biganəliyin, yurd itkisinə laqeydliyin, öz həyətini vətən zənn etmə xəstəliyinin, “məndən ötdü, qardaşıma dəydi” xəyanətinin yatdığını görmürlər, öz nadanlıq və cahilliklərini dərk etmirlər, bilik sahibi olmadan fikir sahibi olurlar. Görənlər və anlayanlar da bataqlığı qurutmaq yerinə “ağcaqanad ovuna” çıxırlar. Bunun bir mərəz olduğunu öz lirik qəhrəmanı ilə söhbət şəklində paylaşan Sona xanım şeirin final misraları ilə bugünün gerçəkliyinə kefli qafa ilə yox, ayıq başla, sayıq məntiqlə baxmağı öyüdləyir:

 

Bax,

köhnə, sağalmaz dərddir

“Anlamaq dərdi”.

Sən çox fikir eləmə.

Bir də, bacın qurban,

ta içmə...

 

Zaman vaxtsız ötməyib... “İlləri əl-ələ verib gəlmişik” şeirini ilk dəfə iki il bundan qabaq həyat yoldaşının 50 yaşının qeyd olunduğu dost-həmkar süfrəsində Sona xanımın öz dilindən dinləmişdim. Məclisdəki yüzdən artıq qonaq bir qadının öz həyat yoldaşı haqqında deyə biləcəyi ən zərif, ən saf, ən ülvi duyğuların şahidi olmuşdu. Ancaq ehtimal ki, bir qismi aşağıdakı bəndin mətnaltı həqiqətinə diqqət eləməmişdi:

 

Sən bildin, mən bildim, bir də dörd divar,

Başqası duymasın dərdimiz nədir.

Yarıya böldüyün papirosların

Kül yeri, köz yeri ürəyimdədir.

 

Ömür-gün yoldaşına arxa-dayaq, övladları Səfiyə və Şamxala qayğıkeş ana, ərköyün Səttara sevimli nənə olan Sona xanım “Uğur qazanmış hər kişinin arxasında bir qadın vardır” təkəbbüründən uzaq bir kövrəkliklə öz yarının, yarısının gözlərinə baxaraq şeir oxuyurdu:

 

Durmusan əllinin astanasında,

Hələ qarşımızda bir ömür də var

İlləri əl-ələ verib gəlmişik,

Əlini əlimdən çəkmə nə olar!

 

Kitabdakı müsahibələrindən birində jurnalist Sona xanımın diqqətini ilk şeir kitabının adına yönəldərək deyir ki, onun poeziyasında qəmlə yanaşı, işıq da var,  kitabın adında olduğu kimi: “Mənim çəhrayı dünyam”.  Sona xanımın cavabı, bir baxıma, onun sənət kredosu, həyata və insana baxışı, dünyaduyumu haqqında düşüncələrini əks etdirir: “Həmişə çalışmışam ki, insanlarda onların yaxşı xüsusiyyətlərini görüm... Əgər münasibətdə qarşınızdakının mənfiliklərini axtarsanız, ünsiyyət qura bilməyəcəksiniz, çünki müsbət enerji mübadiləsi olmayacaq. Nə yazıq ki, bəzən işıqlı, çəhrayı gördüyün adamla münasibətdə bütün fikirlərin alt-üst olur. İnsan odur ki, buna baxmayaraq, özündə qala bilsin, dəyişməsin:

 

Mən layla eşitdim çəhrayı rəngdə,

Mən öyüd eşitdim çəhrayı rəngdə.

Üzümdə göz yaşım möcüzə, vallah,

Görsən, inanmazsan - çəhrayı rəngdə.”

 

Görkəmli elm adamı, şair və pedaqoq Xanəli Kərimli kitabdakı “Bir nağıllı dünya” adlı məqaləsində Sona Vəliyevanı zəngin ənənəsi olan Azərbaycan qadın şairləri içərisində və həm də çağdaşları sırasında seçilən, təqdir olunan şairlərdən biri hesab etməkdə son dərəcə haqlıdır. O, dəqiq bir müşahidə ilə Sona xanımı zərif və kövrək, məqamında bir o qədər də sərt və döyüşkən qələm adamı-şairə kimi səciyyələndirir.

Tanınmış publisistika nəzəriyyəçisi, jurnalistika elmimizin tədrisi-təlimi sahəsində görkəmli mütəxəssis olan Cahangir Məmmədlinin kitabda yer alan “Yollara yağan yağışın poetik ovqatı” məqaləsindəki kövrəklik, həssaslıq  mənə də siyarət etdi, necə deyərlər, məni də öz minor ovqatına köklədi. Xeyli müddət haqqında bəhs edilən “Yollara yağış yağır” şeirinə bəstələnmiş həzin mahnını gözəl səsli müğənnimiz Bəyimxanımın məlahətli ifasında dinləyə-dinləyə xəyallara daldım. Cahangir müəllim mənim də paylaşdığım belə bir tutumlu fikir söyləyir ki, “XXI əsrin ilk onilliyinin poeziya faktları L.Tolstoyun “Hər şey ölüb gedəcək, var-dövlət də, sərmayə də yox olacaq, bu dünyada yalnız bədii söz qalacaq” fikrinin dəqiqliyini bir daha sübut edir. Əsrin ilk onilliyinin əbədi qalacaq nümunələri sırasında Sona Vəliyevanın bir çox şeiri də ayrıca yer tutur...

 

Yaz gecəsi dəli-dolu,

Buludu giley dolu

Yerdə bir qız unudulub,

Yollara yağış yağır...

 

...Bu misralar çox poetik idi və məndə qəribə assosiativ düşüncələr yaratdı. Müəllif bir yaz yağışının doğurduğu duyğuları poeziyaya çevirib insan qəlbinin dərin qatlarına təsir edən misralar yaratmışdır. Bu şeirin hər misrasında insanı duyğulandıran məqamlar vardı:

 

Bu yağış dostum, yarımmı,

Dərdim desəm ovudarmı?

Mən Tanrının yol adamı,

Yollara yağış yağır.

 

Sona xanımın şeirlərini oxuduqdan sonra “özü üçün tamam yeni bir yaradıcılıq dünyası kəşf etdiyinə” diqqəti çəkən Cahangir müəllim yazır ki,  şeirlərin hamısında sözün vizual şəkli var və bu vizuallıq hər kəsin ovqat təxəyyülünə çox bağlıdır. İnsana ilk anda adi görünən hər bir predmet şairin bədii baxışında qeyri-adilik qazanır və poetik görümü ilə yeni, qəribə bir ovqat yaradır”. Dəqiq müşahidədir və əlavə şərhə ehtiyac yoxdur.

Qədim yunan filosofu Sinop doğumlu Diogen (Türkiyənin Qara dəniz sahil şəhəri Sinopda onun əzəmətli heykəli var: əlində fənər, yanında vəfalı köpəyi) günün gündüz çağında əlində yanılı fənərlə küçə-küçə, diyar-diyar dolaşarmış. Gündüz vaxtı əlindəki fənəri soruşanlara filosof: “Mən İnsan axtarıram”, - deyərmiş. Onun haqqındakı onlarla rəvayətdən biri olan bu hekayətin qissədən hissəsi, bizcə, budur ki, baxmaqla görmək fərqli anlayışlardır. Hər gördüyün adamı insan zənn etmək xatadır. Adam (Adəm) Xaliqin xəlq etdiyi məxluq, İnsan isə bu məxluqun həyat boyunca öz işi, hal və hərəkəti ilə qazandığı fəzilətlər məcmusudur. Adam yalnız özü üçün yaşayırsa, adam olaraq qalır, başqalarının sevincini, dərdini paylaşırsa, insanlaşır. Sevinc hissi məlumdur. Lakin işin içinə dərd-qəm qarışdımı, nigarançılıq başlayır, ruh narahat olur, açıq dənizdə limandan-limana sovrulan gəmiyə oxşayır. Batmır, amma dincliyi və rahatlığı da olmur! Sona xanımın “Adi qayğılardan bezmişəm daha” şeirindəki qərib yolçu, ruhu diyar-diyar dolaşan filosof  Diogenin xələfidir:

 

Narahat ömrümə sığmayan ruham,

Qərib yolçu kimi məkan gəzirəm.

Mənə qoşulmağın bəlkə gərəksiz,

Möcüzə axtaran səyyaham vallah,

Özümə qoşmağa insan gəzirəm.

 

Eyni ruh “Gəl gedək bu şəhərdən”   Qərib payız” şeirləri üçün də səciyyəvidir. Yuxarıdakı şeirdə ruh canlı varlığın - insanın narahatlığı, nigarançılığı idi. Bu şeirlərdəki ruh isə canlı təbiətin - payızın yarpaq tökümüdür. Ancaq özü-özlüyündə yox, şairin ruhuna səpdiyi kədər yağışına görə, “qəhərdən saralıb tökülən yarpaqları” ilə insan ömrünün xəzan çağını, həyatın kədərli anlarını, yaşamın qürub çağını, ayrılıq dəmlərini xatırlatdığı üçün ruhu narahatlıq girdabına çəkir, lirik qəhrəmanın ruhunu sızladır. Saralan yarpaqla “xatirə-ocaq” necə sönərsə, “ruh da ayrılıqdan elə saralır”.  Payız bir də ona görə kədər doğurur ki, ondan sonra qış gəlir, yoxsa, “qışdan günəşli qapılarda intizara son qoyacaq bahara” doğru yol gedilsəydi, nə vardı ki?! Lirik qəhrəmanın payızı sevməməsinin səbəbi “ruhunun saralan yarpağa oxşaması”, saralan yarpağın (yarpaq qırğınının!) isə ayrılığı xatırlatmasıdır:

 

Bu necə payızdı, bu necə, Allah,

Budaqda saralan min ümid ölür.

Yarpaq qırğınına azğın küləklər

Bilmirsən ağlayır, bilmirsən gülür!

 

Dilimizdə bir atalar sözü var: Qaranquşlar gəldi gedərdi, qurban olum sərçəyə. Açıqlaması məlumdur. Qaranquşlar köçəri quşlardır. Qışın qarına-sazağına dözümləri yoxdur. Ən isti künc-bucaqda yuva qursalar da, soyuqlar düşən kimi, təbdili-məkan edirlər. Sərçə quşların ən balacası, cılızı və məsələn, turacla, kəkliklə, qırqovulla, bülbüllə müqayisədə ən çirkinidir. Ancaq insanlara vəfada, yaşadıqları torpaqlara etibar-sədaqət məsələsində digərlərindən daha üstündür. Sona xanım “Sərçələrin yurd sevgisi” şeirində yurd yerinə bu bağlılıq məqamını poetik şəkildə dilə gətirir. Öz yurd-yuvasını tərk edənlərə balaca sərçələrin “biz tikmişik, ölərik, vermərik” cik-ciklərilə mesaj göndəririr:

 

...bəzən bir sərçə yuvası

önündə

ölüm-dirim

savaşı gedir.

Cik-cik,

bizimdi, biz tikmişik.

Cik-cik, ölərik vermərik.

 

Bir neçə kəlmə də alim Sona xanım haqqında. Vaxtilə Xalq şairimiz B.Vahabzadə haqqında bir dostluq şarjı oxumuşdum

Qatlayıb dizinin altına qoyar,

Alim Bəxtiyarı şair Bəxtiyar...

 

Məncə, şarj bir az qeyri-adilanə idi. Çünki B.Vahabzdə böyük şair olduğu kimi, böyük də ədəbiyyatşünas-alim idi, vurğunşünasdı. Sona xanımın alimliyinə gəlincə, bütün səmimiyyətimlə deyirəm ki, onun tərəzisinin sənət və elm gözləri tarazdır. Bunun belə olduğunu təsdiqləmək üçün N.Məmmədlinin kitabdakı “Ön söz”ünü, görkəmli alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi N.Cəfərovun kitabın sonuncu bölməsində yer alan və Sona Vəliyevanın alim və ictimai xadim kimi qiymətləndirildiyi “Azərbaycançılıq ideologiyasının tədqiqatçısı və təbliğatçısı” adlı məqaləsini, Sona xanımın “Azərbaycançılıq, milli ideologiya və ədəbi-estetik təlim kimi” (2002), “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası” (2003) əsərlərini, eləcə də kitabdakı bu ideyanın əsas elmi-nəzəri müddəalarının əks olunduğu sonuncu bölməni diqqətlə oxumaq kifayətdir.

Mən Sona xanımın bu mövzudakı fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsini xatırlayıram. Sanki dünəndi. Halbuki üstündən yeddi il keçib. Yəni Zaman yenə də xəbərsiz ötüb keçib... Dissertasiyanın avtoreferatına rəy də yazmışdım. Azərbaycançılığın milli ideologiya və ədəbi-estetik təlim kimi təşəkkül tapması və inkişaf yollarının araşdırılmasına, bu çoxəsrlik və olduqca mürəkkəb ictimai-siyasi, mənəvi-psixoloji, tarixi-fəlsəfi prosesin elmi-nəzəri təhlilinə həsr olunmuş dissertasiyanın mövzusu son dərəcə aktual və yeni idi.

Məlumdur ki, uzun müddət ərzində müxtəlif qadağalar, siyasi-ideoloji maneələr Azərbaycan xalqının gerçək soykökünü, milli-mənəvi dəyərlər sistemini öyrənməyə, qədim tarixə və zəngin mədəniyyətə malik və dünya bəşər sivilizasiyasının ayrılmaz hissəsi olan bu etnosun öz halalca adını daşımasına imkan verməmiş, millətimizi milli ideya və ideologiyadan məhrum buraxmışdı. Cəsarətlə deyərdik ki, azərbaycançılığın bir milli ideologiya olaraq ədəbi-estetik fikirdə öyrənilməsi, azərbaycanşünaslığın bir elm  sahəsinə çevrilməsi işində Sona xanımın böyük xidmətləri olmuşdur. Çox müxtəlif kitab və məqalələrdə özünü göstərən bu xidmətin son nəticəsi fundamental bir tədqiqatın meydana çıxmasına təkan vermiş, Sona Vəliyeva “Ədəbi-estetik fikirdə milli ideya təlimi - azərbaycançılıq: təşəkkülü və inkişaf yolu” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə etmişdir.

Dissertasiya işində azərbaycançılıq ideologiyasının ədəbi-estetik fikirdə  yaranması və inkişafında xidmətləri olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi folklor abidələri, Xətai və Füzuli kimi dahi klassiklərin, M.F.Axundov, H.Zərdabi və A.Bakıxanov, C.Məmmədquluzadə kimi maarifçi-ziyalıların, onlarla yazıçı, siyasi xadim və publisistin, ədib və ədəbiyyatşünasın müvafiq bədii, publisistik, elmi əsərləri, müasirləri olan görkəmli azərbaycanşünas-alimlərin əsərləri təhlilə cəlb olunmuşdu. Bizi razı salan ciddi elmi məqamlardan biri o idi ki, müəllif bu sahənin mükəmməl nəzəriyyəçisi kimi çıxış edir, azərbaycançılığı milli dövlətçilik ideologiyası, milli ideya təlimi olaraq türkçülük, ümmətçilik-islamçılıq, turançılıq, qərbçilik və s. fikir cərəyanları ilə müqayisədə təhlilə çəkirdi.

Sona xanım mənə avtoqraflı “Zaman xəbərsiz ötdü...” kitabı ilə birlikdə, onun şeirlərinə bəstələnmiş iyirmi mahnıdan, onlardan beşinə çəkilmiş kliplərdən və müəllifin Nadir Hüseynov tərəfindən ifa edilən şeirlərindən ibarət eyniadlı üç diski də hədiyyə göndərmişdi. Bu məqaləni o şeirləri və görkəmli sənətkarlarımız İlhamə xanım, Flora xanım, Bəyimxanım, Lalə Məmmədova, Ahmet Şafak, Namiq Qaraçuxurlu, Cavanşir Məmmədov və Firuzə İbadova, Bahar Lətifqızının möhtəşəm ifasında mahnıları dinləyə-dinləyə yazdığımı demək, məncə, artıqdır. Sona xanımın kövrək duyğu və düşüncələrlə halələnmiş poetik yaradıcılığına dair məqaləni ancaq o ovqatla, onun şeirlərinə bəstələnmiş mahnıların müşayiəti ilə yazmaq olardı...

 

“525”dən:

 

Yubileyi və yaradıcılıq uğurları münasibətilə Sona xanım Vəliyevanı biz də təbrik edir, ona cansağlığı, ədəbi-ictimai fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

 

 

Əsgər RƏSULOV,

filologiya elmləri doktoru,

professor

 

 525-ci qəzet.-2012.-30 iyun.-S.14-15.