Biz sevdik, aşiq olduq...

 

20-Cİ ULUSLARARASI XƏZƏR ŞEİR AXŞAMLARINDAN GÜLDƏSTƏ

 

Türkiyənin ev sahibliyi etdiyi Uluslararası Xəzər şeir axşamları 1992-ci ildən başlayaraq hər il keçirilməkdədir. Bütün türk dünyasına hesablanan və böyük tarixi missiya daşıyan bu möhtəşəm şeir bayramının bir əhəmiyyəti də bundadır ki, hər növbəti bayram ortaq ədəbi dəyərlərimizi yaradan Müzhəd Dədə, Əhməd Kabaklı,  Əhməd Yəsəvi, Mehmet Akif Ərsoy, Nəcib Fazil Qısakürək, Çingiz Aytmatov, Mağcan Cumabay, Almas İldırım, Bəxtiyar Vahabzadə kimi ünlü ədəbiyyat adamlarından birinə ad olunur. Və bu sadəcə, bir ithaf xarakteri daşımır. Eyni zamanda, onların kitablarının nəşri, yaradıcılıqlarını incələyən simpozium və konfranslar, bədii irslərinin gələcəyə ötürülməsi üçün uşaq və gənclər arasında şeir yarışması kimi çoxsaylı əməli işlərlə müşayiət olunur.

Elaziq şəhərində düzənlənən və iyunun 21-dən 24-dək davam edən 20-ci Xəzər şeir axşamları isə

 

“Mənəm ol eşq bəhrəsi,

dənizlər heyran mənə,

Dərya mənim qətrəmdi,

zərrələr ümman mənə”-

 

deyərək eşqi ibadətin təməlinə gətirən böyük təsəvvüf şairi Yunus Əmrəyə həsr olunmuşdu.

Lord Bayronun ingilis, qraf Puşkinin rus, Qarabağ xanlığının baş vəziri  Vaqifin Azərbaycan poeziyası və ədəbi dilində etdikləri çevrilişi məhzun bir el aşığı olan Yunus Əmrə 750 il öncə, həm də bütün müstəvilərdə fars dilinin hegemon olduğu Səlcuqlar səltənəti dövründə Türk dili və poeziyasında etmişdir.

Sadə və xas türkcəsiylə Söz zirvəsinə ucalan bu azman mütəsəvvüf Osmanlı şeirini İran təsəvvüf ədəbiyyatının təsirindən çıxarmaqla, özündən sonra gələn şair və aşıqlar üçün böyük, xəlqi bir məktəb olmuşdur. Ümumiyyətlə, Yunus Əmrənin bütün ümumtürk şeirinə, o sıradan, təsəvvüf təmayülünün çiçəkləndiyi XVI-XIX əsrlər Azərbaycan ozan şeirinə də təsiri olmuş və bu səbəbdən, bizim məkanda da əfsanələşmişdir. Təsadüfi deyil ki, indiyədək Türkiyənin müxtəlif vilayətlərində tapılan və bu haqq aşığına aid olduğu ehtimal edilən 10 məzardan əlavə, bir məzarı da Azərbaycanın Qax rayonu ərazisindədir.

 

Ölkəsinə bənzəyən şeir

 

Uluslararası şeir şölənində təmsil olunan bir qrup yazara istinadənTürkiyə, Azərbaycan və digər türkdilli xalqların (qazax, qırğız, özbək, mesxeti türkləri, Krım tatarları) poeziyasının çağdaş durumu barədə qəti rəy vermək yanlış olardı. Amma şölən münasibətilə nəşr olunan yığcam məlumat-ontologiyadan,  universitet və litseylərdə, ilçələrdə keçirilən görüşlərdə, eləcə də iyunun 23-də, final gecəsində səslənən şeirlərdən alınan təəssüratı birləşdirməklə müəyyən qənaətlər söyləmək mümkündür.

Son iyirmi ildə Avrasiyada baş verən siyasi-ideoloji dəyişikliklər, sınırların açılması, qarşılıqlı ədəbi-mədəni əlaqələr, bütün türk dünyasına hesablanan nəşrlər (Dialoq Avrasiya Platformunun “DA”, Avrasiya Yazarlar Birliyinin “Qardaş qələmlər” dərgiləri..., kitab nəşrlərinin, tərcümə işinin intensivləşməsi, internet inkanları və digər optimal şərtlər qardaş xalqların poeziyasını regionlaşmadan öncəki ümumtürk şeirinə yönləndirməkdədir. İlk növbədə,  bu, dil təsirlərində özünü göstərir və həmin təsir daha çox Türkiyə türkcəsinə aiddir. Dil elementləriylə bərabər, Türkiyə şeirinə xas olan poetik üslublar, təmayüllər də daşınır. Məsələn, yüzillərcə Osmanlı şeirinin əsas təmayüllərindən olan və mövqeyini bu gün də qoruyub saxlayan təsəvvüfün Azərbaycan şeirində yenidən dirçəlməsi həmin təsirlə bilavasitə əlaqəlidir və bir söz adamı olaraq mən buna ürəkdən sevinirəm. Çünki fəlsəfəsində iman va Allah eşqi dayanan təsəvvüf bəşəri düşüncənin ən işıqlı yönlərindən biridir. Şeirin bütün təbiətindən, qayda-qanunlarından  uzaq olan, mücərrəd fəlsəfəçi meyllər isə yalnız Türkiyə şeirinin deyil, böyük planda müasir Avropa şeirinin təsirləri ilə əlaqəlidir.

Forma və məna-məzmun qatından baxsaq, çağdaş Türkiyə şeirində gələnəksəllik, qutsal dəyərlər və milliyyətçi hava, Azərbaycan şeirində ənənəylə neomodern paralellik və dünyaya qarışmaq meyli, Orta Doğu şeirində isə (qazax, qırğız, özbək, türkmən, tatar və s.) ənənə və mühafizəkarlıq aparıcıdır. Qənaətlərimiz bunu da söyləməyə əsas verir ki, şeir metafizik hadisə olmaqla yanaşı, həm də yerüstü faktorlarla-yarandığı məkanın, cəmiyyətin siyasi-ideoloji durumuyla, bir sözlə, əlahəzrət Zamanla sıx bağlıdır və bu üzdən, hər məkanın, hər ölkənin şeiri də özünə bənzəyir.

Türkdilli ölkələrdə yaranan şeirin bədii-estetik səviyyə üstünlüyü barədə qənaəti isə Avrasiya Yazarlar Birliyinin başkanı Yaqub Dəliöməroğlunun ixtiyarına buraxmaq istərdim. Elaziq Kültür və Konqres Mərkəzində “Yunusda insan sevgisi və ilahi eşq” konfransında çıxış edən möhtərəm Yaqub bəy bu üstünlüyü Azərbaycan şeirinə ad elədi.

 

İmperiya qüruru özünəhörmət və əlifba sırası

 

Türkiyəyə ilk qısacıq səfərimdən qalan ömrə bərabər təəssüratları bölüşmək imkansız. Amma elə mühüm məqamlar var ki, mütləq deyilməlidir.

Öndə qeyd etdiyim kimi, “Yunus Əmrə və eşq” mövzulu şeir axşamları həm böyük, təntənəli açılış-bağlanış şölənləri, həm də konfrans, simpozium və görüşlər səviyyəsində Elaziqi bütünlüklə əhatələyirdi. Ev sahiblərinin dediyinə görə, uluslararası şölənə yarım il hazırlaşmışdılar və indi bu genişmiqyaslı layihədən maksimum faydalanmağa çalışaraq, dəqiqəni belə fövtə vermək istəmirdilər. Müxtəlif proqramlarda nəzərdə tutulan bütün müddəalara, şərtlərə, reqlamentə dədiqliklə əməl olunurdu.

Qısa nəfəsdərmələrdə ayaqüstü qəlyanaltı, böyük fasilələrdə zəngin naharlar verilirdi. Və həmin yemək süfrələrinə təkcə qonaqlar, yerli təmsilçi və görəvlilər deyil, mərasimə qoşulan hər kəs dəvətliydi. Yığcam görüşlərə 100-150, konfrans və simpoziumlara 300-500 insanın qatıldığını nəzərə alsaq, hər kəsin nahara dəvətli olmasının nə demək olduğu yəqin ki, anlaşılar. Əgər qonaqlara ayrılan kürsüləri tədbirə könüllü qatılan yerlilər tutardısa, onlara da qaşın üstə gözün var deyib xatirlərinə dəyən olmurdu. Və bir qardaşın evində ev adamlarına bu cür hörmət, sayğı, digərində isə “sən özümünküsən, oturmasan, yeməsən də olar, qoy qonaq yola düşsün” prinsipini, yaxud, beş-üç əsas şəxsə xəlvət nahar verilməsini düşündükcə qüssələnməyə bilmirsən.

Ən ibrətli, görklü məqamlardan biri isə 23 iyunda, Xəzər şeir axşamlarının finalında baş verdi. Çoxsaylı mətbuat orqanları, televiziya kanalları ilə izlənən, TRT AVAZ-la birbaşa dünyaya yayımlanan finalda şairlər səhnəyə əlifba sırasıyla dəvət olundu. Təsəvvür eləyin, sözünü-səsini Türkiyənin ayaq üstə dinlədiyi 75 yaşlı Camal Safi, elə o yaşlarda olan ünlü şairlər Əli Ağbaş, Halistin Kükül, İsmət Bora, Möhsün Subaşı və digərləri növbə gözlərkən 1984 doğumlu çox gənc bir şair- Adem Yaşıl səhnəyə birinci dəvət olundu. Və bizi heyrətləndirən bu jesti türkiyəli ağsaqqall həmkarlarımız çox adi qarşıladı. Çünki Türkiyənin şahı Qanundur, Qaydadır və törə qanunları da, böyüklük-kiçiklik mərtəbəsi də  bu ali Qanun çərçivəsində nizamlanır.

Əhali və ərazisinə görə Güney Türkiyənin ikinci böyük şəhəri olan Elaziq bütün atributlarıyla şeir axşamlarına qatılmışdı. Xüsusən də açılış və final axşamlarında bayramsayağı bəzənmiş minlərlə şeirsevərlər (finaldakı izdiham qat-qat möhtəşəmdi) iştirak edirdi ki, gözəlim Azərbaycanda bu cür ehtişamı yalnız dövlət bayramlarında görmək olar. 22 iyunda Elaziqin mərkəzində gerçəkləşən Xəzər şeir axşamlarının açılış törəninə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu göndərməsi, şəhərin bütün idarəçilik strukturlarının cavabdehliyə cəlb olunması dövlətin mühüm ideoloji vasitə olan ədəbiyyata böyük önəm verməsinin, eyni zamanda, xalqın ruhunu, mənəviyyat və mənliyini ifadə edən bu cür bayramları dövlər bayramlarıyla bir çəkidə tutmasının görküydü.

 

Dənizi içmək istəyirəm

 

Qara dənizlə Mərmərə dənizini qovuşduran əfsanəvi Boğaz. Bütün dünya ölkələrinin yuxusunu qarışdırıb, iştahını itiləyən əsrarlı Türk həmayili. Çeşmə kimi dupduru və masmavi bir ənginlik. Borxesin “bütün ərəb yazıçılarının roman və hekayələrindən mütləq bir dəvə karvanı keçir,  imzasına baxmadan bilirsən ki, bunu ərəb yazıçısı yazıb” sözlərini yada salan və bütün türk seriallarını bəzəyən bəyaz gəmilər.

Boğazın içinə doğru uzanan nəhəng estakada üzərindəki lokantada balıq, əkmək sifarişi. Elə oradaca dənizdən tutulub qızardılan və yumşaq, kiçicik kömbələr arasında müsafirlərə təqdim olunan bihuşdar balıq. Müsafirlərin azərilər olduğunu dərhal anlayıb da məhəbbətlə xidmətdə duran qarsonun “bir şey içərmisiz” – sualı. Və böyük Türk torpağına ilk ayaqaçdısından qəhərlənərək zümrüd suları, eyni dili, dini paylaşdığı xoş üzlü, şirin ləhcəli izdihamı acgözlüklə gözünə yığan müsafirin qəribə cavabı:

– Bu dənizi içmək istəyirəm, lütfən, ikram edə bilərmisiz?

18-20 yaşlarında olan dəliqanlı istanbullunun bir anlıq çaşqınlıqdan sonra heyran müsafiri anlayıb da gözündən gülə-gülə: – Başım üstünə, ablacığım! – söyləmə

...Tikə boğazdan ötməmiş, ölüb qalmağı arzuladığımız Boğaziçindən İstanbul Hava Limanına qaranəfəs qaçış. Elaziqin mərkəzində, şairlərin yürüşündə yüzlərlə yürüşçünün birgə daşıdığı nəhəng ay-ulduzlu bayrağın, türkün zəfərlərini qutlayan əfsanəvi Mehtər takımının daşırdığı göz yaşları. Adını Cümhuriyyət şairimiz Almas İldırımın verdiyi Xəzər gölü sahilində möhtəşəm şeir axşamı. Vədə tamamı, qüssəli ayrılıqlar, o vətəndən bu vətənə dönüş və...

 

Kamal Abdullanın ödülü

 

İstanbul Hava Limanında qeydiyyat növbəsində gözlərkən ünlü yazarımız Kamal Abdullayla rastlaşırıq. Bizimlə doğmalarıtək görüşən Kamal müəllim  hamımızı qəhvəaltına dəvət eləyir. Hal-əhvaldan məlum olur ki, o, Türkiyəyə “Sehrbazlar dərəsi” romanının pirat üsuluyla nəşri və müəllif hüquqlarından dolayı gəlib. Masa ətrafında yarım saatlıq söhbət ədəbiyyatla başlayıb, ədəbiyyatla bitir. Uçuşdan öncə Kamal müəllim şeir şöləni münasibətilə bizi ödülləndirmək istədiyini bildirir. Limandakı Azad Ticarət Zonasına (DUTY FREE) apararaq ürəyimiz istəyən şeyləri seçməyi tapşırır. Biz, xüsusən də xanımlar onun səxavətindən yetərincə faydalanır və özümüzə bahalı hədiyyələr seçirik.

Səfərin əvvəlində isə daha bir dostumuzun – Bakıda oturub, İstanbulda bizi ağırlayan və  bu səfərdə böyük əməyi olan Rəşad Məcidin qayğısından sevinmişdik.

 

Təşəkkürlər, Dostlar!

Təşəkkürlər, sevgili Türkiyə!

Və Eşq...

 

Şeir axşamlarında Azərbaycanı təmsil edən dörd  müsafir – tədqiqatçı alim Almaz Ülvi Binnətova, gənc şairlər Qismət Rüstəmov, Aysel Əlizadə və bu yazının müəllifi bərabər olduq. Artıq xatirəyə dönən o unudulmaz günləri hərə min duyğuyla yaşadı. Elə duyğular, elə eşqlər var ki, çiçək kimi öz fəslində, öz məqamında açılar-solar. Böyük eşq isə zaman- məqam bilməz. Aşiqlər eşqini yerdən yeddi qat ucalardakı əzəli-əbədi Məşuq qarşısında- Allah dərgahında etiraf eləyər. Dərviş Yunus kimi:

 

“Biz sevdik, aşiq olduq

Sevildik, məşuq olduq.

İstanbul-Elaziq-Bakı.

 

 

Bəsti ƏLİBƏYLİ

 

525-ci qəzet.-2012.-30 iyun.-S.20-21.