Su keçdi burulğana, qayığım, burul yana...

 

TANIDIM

 

Tanıdım,

Nəfəsin tanışdır mənə,

Hər şeyi lal - dinməz

Danışdı mənə.

Tanıdım, qadası,

Bu da əks - sədası :

Həzin - həzin küləyi gəlir,

Hə, hə, sən də qəribsən,

Ağzından Vətən iyi gəlir.

 

 

SƏNİ GÖRƏNDƏ

 

Səni görəndə

deməyə bilmirəm bunu :

Vətən xalça kimidir,

Adam var divardan asır,

adam var

döşəməyə sərir onu.

 

 

ELƏ HA

 

Elə ha

çağırır bir - birini

bu biçarə quşlar :

“ - İsa,

- Musa,

-Tapdın?

- Yox... "

Nədir axtardıqları?

Nəyi tapa bilmir bu quşlar?

Bu əbədi həsrətin axı kökü nədəndir?

Yoxsa...

Onların da mənim kimi

itirdikləri vətəndir?!

 

 

AY KASIB

 

Ömrün çatdı başa,

ay kasıb.

Çox ev - ev deyirdin,

Qonşular yığışıb

sənə bir ev tikdilər,

Bir ev -

qapısı yox, pəncərəsi yox

Di get, yaşa,

ay kasıb.

 

 

DƏYMƏZ QARA QƏPİYƏ

 

Qoyun - qoyun adamları

Kənd - kənd,

Şəhər - şəhər

Otaran kişi,

Dəyməz qara qəpiyə

qədər öyünsən belə.

Axı kiminsə qabağında

sən özün qoyunsan belə.

 

 

BİRCƏ DƏFƏ

 

Çox dərdi

çox çəkdim

Birinin ruhu incimədi,

burnu qanamadı,

başı ağrımadı.

Bircə dəfə

dərd məni çəkdi,

Onda da

düşdüm xəstəxanaya,

Qohum - əqrəbanı da

əldən - dildən saldı

ağrım - acım.

 

 

FƏRYAD

 

Fəryadı eşitdinmi

yuvasına ilan girmiş

sərçənin səsində?

Aman Allah,

bəlkə el

dərələr fəryad yeridir,

şırım - şırım açılıb

dağların sinəsində.

 

 

SƏN GET

 

Sən get, qadası,

Mən hələ

Sabaha xam,

Mən hələ

Dünənə

Srağagünə qayıdacağam,

Bacarsam.

 

 

EY KİM

 

Ağac kimi yıxılıb

yolumu kəsdin, ey kim

Məcburam

üstündən keçim.

 

 

YOL

 

gözəldi bu yol,

Yol, yol, -

Necə şirin

Necə acı.

Bir başında azadlıq eşqi

O biri başınd

dar ağacı.

 

 

O DA

 

Lap "Cücələrim"dəki kimi,

Sən ondan tut,

 O da səndən tutsun.

Düzülək bir sıraya

aramızdakı

Qərib adam da

heç olmasa bir anlığa

Tək olduğunu unutsun.

 

 

GƏLƏCƏK O GÜN

 

Özümü görürmüş

kimi görürəm,

vaxtsa

gələcək o gün,

Onda sabahdan əvvəl

dünəni tanıyacağıq.

Onda hardasa

boy sırasına

düzüləcəyik hamımız,

Mən səni,

sən məni tanıyacağıq.

 

 

ÜMİD AĞACI

 

Hamı bəlkə

bu boyda

dünyanı da unutdu,

Mən unuda bilmədim

O dağları.

İçimdə bir

Ümid ağacı var,

Böyüyür dibçəkdən

Tavana kimi

Tavana çatdımı,

əyilir

qırılır,

tökülür budaqları.

 

 

ORDA - BURDA

 

Bir dağ orda,

Bir dağ burda,

O dağ

çiçək - çiçək boylanır üzübəri

Bu dağ kimsəyə görünməz,

Bu dağ

özü boyda dərd çiçəkləri

O dağ dərə - dərə,

Bu dağ şırım - şırım,

Orda qarlı zirvələr

Burda tənə - tənə

Yanıq yerləri,

Burda söz - söz aşırım.

 

 

NİYƏ?

 

Niyə belə dolmusan,

Niyə belə solmusan,

ay çiçək?

Yəni deyirsən ki...

Özgə torpağında deyilsən ki?...

 

 

Yarış

 

Yaşamaq da

yarışdı ha,

ay qoçaq,

Görək ölümünə

kim daha tez çatacaq.

 

 

OT

 

Yolda bitsə,

ayaqaltıdır,

Addım - addım

tapdanacaq,

döyüləcək

Yalda bitsə,

daha pis,

Külək hardan əssə

o tərəfə əyiləcək.

 

 

BUYUR

 

Biri dişinə güvənir,

Biri ayaqlarına,

Gör hansı

Qalib gələcək?

Buyur :

Pələng,

Yoxsa cüyür?

 

 

ÇOBANALDADAN QUŞ

 

Ay çobanaldadan quş,

Kim qurdu bu oyunu,

Necoldu?

Aldatdın çobanı,

əcəb elədin,

elə çobana o da azdır

heç axı demədin ki,

otardığı hara getdi,

quzusu, qoyunu

necoldu?

 

 

         Ütüləndikcə

 

Sözü ütüləyə - ütüləyə,

sığallaya - sığallaya danışırsan,

Pis vəziyyətdə

qalır söz.

Söz paltar deyil ki,

ay nadan,

Sığalladıqca,

Ütüləndikcə

Daddan - tamdan düşür,

Daha səliqəsiz

olur söz.

 

 

KİM İSƏ. KİMİNSƏ

 

Hərənin öz yeri,

Öz işi,məlum,

Biri o birinə

Örnək kimidir.

Kim isə kiminsə

Canını güdür

Bəzisi şalvar kimidir.

Bəzisi pencək kimidir.

 

 

HAMI BİLMƏSƏ DƏ

 

Yandıqca oxu,

Oxuduqca yan

Hamı bilməsə

Mən bilirəm axı,

Çölü vətəndə,

İçi qürbətdə olanı

Hansı dərddi oxudan.

 

 

FƏRQİ YOX SƏNİNÇÜN

 

Ay naşı,

Üfürə - üfürə içirsən elə,

Fərqində deyilsən ki,

içdiyin nədir,

Meyvə şirəsi,

Bulaq suyu,

Yoxsa göz yaşı.

 

 

DEDİLƏR

 

Bir az qumun,

bir az sementin,

palçığına qatıb dəmiri

Dedilər :

yüz il uzandı ömrü.

 

 

SƏNİNKİ DƏ BELƏ

 

Kiminsə çörəyi

daşdan çıxır,

Kiminsə boğazına

saldığı çatıdan.

Səninki belə, -

külək gətirir,

Nə dırnağınla daş yarırsan

nə sürünə - sürünə dağa çıxırsan,

Yel əsir, qoz tökülür,

Çömbəlib bir tərəfdən

dədə malı kimi yığırsan.

 

Bərdə

 

 

Xasay MEHDİZADƏ

 

525-ci qəzet.-2012.-30 iyun.-S.30.