Nədir Vətən yanğısı

 

Adını eşidib üzünü görmədiyi Şuşadan uzaqlarda dünyaya göz açmış, 15 yaşlı  Ülkər Tağızadənin yurd istəyinə ithaf edirəm.

Məktəbli qızımızın yurda  dönmək qətiyyəti duyğulandırdı məni. Vətənpərvərliyi, vətən yanğısı ürəyimə od saldı, içimi yandırdı.  1988-ci ildən bəri ayrı düşdüyüm doğma İrəvanım, qədim oğuz yurdu – İrəvan xanlığı durdu gözümün qabağında. Sanki məndən –“Nə vaxt qayıdacaqsınız?” – deyə soruşurdu. Xatirələrin yağışı gözlərimdən axıb-axıb, qələmimə süzüldü.

Nədir Vətən yanğısı?  – İçinə dolmuş bir ovuc qormu, doşuluşdan düşdüyün tormu? Ocaqda közmü, ürəkdə qalmış sözmü? Cismini bürüyən atəşmi, ruhunu göynədən itkimi? Ciyərini dağlayan odmu, qığılcımdan tutuşan alovmu? Göylərə bülənd olan yanğınmı, vücudunu saran ağrımı? Ürəyini gizildədən dərdmi, qəminə şərik çıxan həmdərdmi? Bəlkə, talelərə düşən ildırımdır Vətən yanğısı?! Ellikcə başımıza döyəcləyən dağ şəlaləsinə çevrilib. ...Doğmasının itkisi insanı yandırır, amma bilənlər bilir, Vətən yanğısının müqabilində o hiss... müqayisəyə gəlməz. Başına gəlməyən bilməz. Bilməyənlər çox olsun!

Saatın əqrəbləri irəlilədikcə şiddəti artan həsrətdir Vətən yanğısı. Səni öldürən xatirəsindən məst olduğun səadətdir. Beynindən qidalanan duyğudur Vətən yanğısı. Gen yaddaşındır. Zaman adlı sudan nə qədər səpsən də, söndürəmmədiyin oddur-alovdur. Ayaq izlərinin ucundan tutub balıqçı toru kimi yığa-yığa getsən də, yetişəmmədiyin yoldur-yarğandır. Dünyaya atdığın addımların o yoldan yan keçməsi yandırır səni.

Əlçatmaz, ünyetməz səmalarda uçan quşun yerə düşən lələyinə bənzər Vətən xatirələri. Hansı səmtə üz tutacağı rüzgara bağlıdır. Günəşə hər baxdığında parlaqlığını, Aya hər baxdığında bəyaz nurunu bəyəndirəmməzsən özünə. “Bizim yerlərdə Günəş daha parlaq, Ay daha nurlu idi” dedizdirər sənə Vətən yanğısı. Bakı küləyi Yerin cazibə qüvvəsinə üstün gələndə qaranlıqları aydınladan şimşək tək çaxar xatirələr, qovrulunca yandırar səni. Gündüzlər çıraqla axtarıb-axtarıb tapmadığın Vətənə gecələr yuxularında qovuşarkən duyğular selində boğar səni Vətən yanğısı.

Çünki hər zərrənə hopmuş eşqdir Vətən! Tayını tapmadığın gözəllər gözəlidir. Unuda bilmədiyin sevgindir. İlk məhəbbət pıçıltılarını ellərə yayan, aləmə car çəkən küləkdir. Tarixin sənə əmanət etdiyi keçmişin və gələcəyindir. Babalarının at oynatdığı döyüş meydanındır, hünər salnaməndir. Tarix yazacağın məkandır Vətən!

Udduğun havadır, içdiyin sudur Vətən. Əsrarəngiz gözəlliklər diyarı, füsunkar şəhərdir-kənddir... Otunda-çiçəyində gözün qalan gülüstandır. Dağlarına-bağlarına, meşəsinə-çeşməsinə bənd olduğun yurd-yuvadır. Hamının hamıya bələd olduğu eldir-obadır. Daşına, qayasına vurulduğun, intizarından yorulduğun təbiətdir. Ayaqlarını əzmiş kəsəkdir-çınqıldır. Nemətlərini təmənnasız ərməğan edib , səndən vəfasızlıq görən varlıqdır. Üstündəki addım izlərinin səni gözlədiyi, daim səslədiyi  torpaqdır Vətən. Rəngi gözündə ilişib qalıb. Səsi qulaqlarından getməz.

Dünyayla ilk təmasındır Vətən. Mənəviyyat xəzinəsidir. Hər səhər İrəvan məscidlərindən ucalan azan səsidir. Dindir, imandır Vətən. Ürəyinə təpər, düşmənlərə çəpər olmalı Vətən daim səcdəsində durduğun məbəddir. Ulularının baş qoyduğu əlçatmaz məkandır. Ölüləri dirilərdən etibarlı çıxan yurddur. Yadına sal, dədə-babalarımızın qəbir daşları necə dim-dik durmuşdu son dəfə gördüyündə..!

Ana laylasıdır, Ata öyüdüdür Vətən torpağı. Top-top, gizlənpaç, qaçdı-tutdu oynadığın məhəllə uşaqlarının  şən çığırtısı, haray-həşiridir. Dərsə gecikən qızların-oğlanların yürüşü, tələsdirən anaların həyəcanıdır.

Həyatın rəngi, duyğuların çələngidir Vətən. Qonum-qonşun, qohum-əqrəban, elin-obandır. Ataların qüruru, vüqarıdır. Anaların güvənci, dayağıdır. Uşaqların bəxtəvərlik diyarıdır. Xarakterlər formalaşdıran obrazlar qalereyasıdır. Elin-günün hamılıqla qəbul riayət etdiyi adət-ənənədir. İş ritmidir. Yaşam tərzidir. Milli mənindir. Memarlıq yaddaşındır. Sənət incilərindir. Heç vaxt köhnəlməyən sərvətindir. Sabahlara daşıya biləcəyin əmanətindir. Geyim mədəniyyəti, zövq dünyasıdır. Ağzının dadı, süfrənin ləzzəti, mətbəx mədəniyyətindir. İçdiyin hər suda, daddığın hər təamda ruhuna hopmuş, genlərində kodlaşmış dadı-tamı aramaqdır Vətən yanğısı. Ömrün boyunca, əsən hər mehdə doğma yurddakı küləyin nəfəsini axtaracaqsan.

Vətən mükəmməldir, müqəddəsdir. Sülh göyərçini tək məsumdur Vətən. Ağrısını yaşadıqca can atdığın hissdir Vətən yanğısı!..  Yaşamağa, qovuşmağa tələsdirən həvəsdir...

 

 

Mənzərə SADIQOVA,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.-2012. -14 iyun.- S.6.