Azər Qaraçənli: “Nə qədər
yenilik meydana çıxsa da, mətbuatın rolu, nüfuzu
azalan deyil
MEDİAFORUM”DA
AZƏRBAYCANIN HƏQİQİ MƏNZƏRƏSİNİN
GÖRÜNMƏSİNİ, ƏSAS PROBLEMLƏRİNİN
BİLİNMƏSİNİ İSTƏYİRİK”
MÜSAHİBİMİZ “MEDİAFORUM” XƏBƏR
SAYTININ BAŞ REDAKTORU AZƏR QARAÇƏNLİDİR.
– Azər bəy,“Mediaforum”
saytı hansı şəraitdə təsis edilib? Niyə məhz sayt açdınız?
İnternet medianın mətbuatdan
üstünlüyünü nədə hiss etdiniz? Bir qədər
saytın tarixi haqqında...
– “Mediaforum” saytı İnternyus Azərbaycan
İctimai Birliyinin layihəsi kimi yaranıb. Mən bu layihənin yazılmasında iştirak etməmişəm,
sadəcə olaraq xarici donor – ABŞ-ın Demokratiyaya Milli
Yardım Fondu layihəni bəyənəndən, yəni layihə
keçəndən sonra onu icra etməyə dəvət
olunmuşam.
2004-cü ilin payızı idi. İnternyus Azərbaycan İctimai Birliyinin rəhbəri
İlham Səfərov mənə bildirdi ki, belə bir layihə
keçib və mənə yeni yaradılacaq saytın baş
redaktoru olmağı təklif etdi. Razılaşdım
və işə başladıq. Əvvəlcə
fikirləşdik ki, sayta nə ad qoyaq. Layihədə
virtual bir media forumunun yaradılacağı göstərilmişdi.
Əvvəlcə sayta ana dilimizdə,
milli ad qoymaq istədik.
Saytın ilk tərtibatı həmin
adda hazırlandı. Amma sonra saytın ilk
kollektivinin üzvləri olan Elcan Məmmədov və Tariyel
Calallı bildirdilər ki, elə layihədə yazılan ad
daha yaxşıdır. Mən bunu qəbul
etdim və saytın adını “Mediaforum” qoyduq. Sayt bu adda rəsmi qeydiyyatdan keçdi. O vaxt
“İnternyus”un saytı qeydiyyatdan
keçirməyə gedən əməkdaşı Sergey
soruşdu ki, saytı “az” domenində qeydiyyatdan keçirək,
yoxsa başqa domendə? Qərara aldıq ki,
milli domendə olsun. Sən demə,
başqa domenlərdə heç mümkün də
deyilmiş, çünki “Mediaforum” beynəlxalq brenddir, xarici
domenlərdə artıq bu adda saytlar bizə qədər qeydə
alınıbmış.
Mən bu texniki məsələləri o vaxt
heç bilmirdim və indi də pis bilirəm. “Mediaforum”a gələndə internetdən istifadə
etməyi təzəcə öyrənmişdim. Xəbər saytı nə deməkdir, biz bu saytı
necə quracağıq kimi sualların cavabı mənə o
qədər də aydın deyildi. Əslində
bu cür məsələlər o vaxt çoxlarına
aydın deyildi, çünki internet Azərbaycanda yenicə
kütləviləşməyə başlayırdı. Ona görə də ilk vaxtlar müsahibə, məlumat
almaq üçün kiməsə zəng edəndə
uzun-uzadı izahat vermək lazım gəlirdi ki, “Mediaforum”, xəbər
saytı nə deməkdir, həmin müsahibə, xəbər
harada çıxacaq, onu necə oxumaq olar və sair. Bu
iş hamı üçün, o cümlədən həmin
işi həyata keçirən bizim özümüz
üçün də yeni idi. Biz internet
jurnalistikasının özəlliyindən xəbərsiz
idik. Eləcə qərara
almışdıq ki, indiyədək qəzetdə necə
işləmişiksə, qəzet üçün
materialları necə hazırlamışıqsa, indi də elə
işləyək, elə o cür materiallar hazırlayaq, verək
Sergey saytda yerləşdirsin.
Saytın tərtibatı hazır
olana, texniki işlər başa çatanadək biz
yaradıcı işi aparmaqdaydıq, əsasən media
mövzusunda xeyli iri material – məqalə, araşdırma,
analitik yazı hazırlamışdıq. 2004-cü ilin dekabr ayının 27-də
materialların bir qismini saytda yerləşdirib baxdıq.
Sabahısı gün – dekabrın 28-də ilk
materialların yerləşdirilməsi prosesini
yekunlaşdırdıq və mövcudluğumuzu, “Mediaforum.az”
adlı bir saytın yarandığını internet məkanında
elan etdik. Əvvəlcədən
topladığımız elektron poçt ünvanlarına
eyni məzmunda bir məktub göndərdik. Həmin
qısa özünüreklam məktubunun mətni belə idi:
“www.mediaforum.az –
açması sizdən...”
Çox qısa zamanda, bir neçə
gün ərzində “Mediaforum” layihəsində
çalışanlar, eləcə də mən fotoşəkilləri
kəsməyi, materialları saytda yerləşdirməyi, yəni
dizaynerliyi öyrəndik və daha Sergeyi narahat etməyə
ehtiyac qalmadı. O, “İnternyus”un
kompüter şəbəkəsinin inzibati rəhbəri idi və
işi onsuz da çox idi. Materialları sayta yerləşdirməyi
öyrənəndən sonra “Mediaforum”un
operativliyini artırdıq və beləliklə,
özümüz də hiss etmədən internet
jurnalistikasının axınına düşdük, hətta
deyərdim bu axını yaratdıq, onu gücləndirdik. Biz bir yandan internet jurnalistikasını öyrəndik,
o biri yandan da ona öz əlavələrimizi etdik, öz
internet jurnalistikamızı yaratmağa başladıq.
“Mediaforum” saytı yarananda Azərbaycanın
ictimai-siyasi xəbərləri əsasən qəzetlərin
internet səhifəsində və tək-tük xəbər
saytında yayılırdı. Azərbaycan
dilində ictimai-siyasi məzmunlu materiallar yayan internet səhifələrinin
əksəri ingilis şriftləri ilə işləyirdi.
Azərbaycan dilində, amma ingilis şriftləri
ilə. Çünki latın
qrafikalı Azərbaycan əlifbasında olan mətnlərin
çoxu kompüterlərdə oxunmurdu, milli hərflərin əvəzinə
kompüterlərdə yad, anlaşılmaz işarələr
peyda olurdu, bu da mətnin oxunmasında çətinlik
yaradırdı, oxucunu fəhmlə oxumaq məcburiyyətində
qoyurdu. Buna görə saytın tərtibatını
hazırlamağı mütəxəssisə sifariş verəndə
biz bu məsələ üzərində də
düşündük ki, görəsən, materialları
saytımızda milli şriftlərlə yerləşdirək,
yoxsa ingilis şriftləri ilə. Materialların
ingilis şrifti ilə yerləşdirilməsi mənə həm
qeyri-ciddi təsir bağışlayırdı, həm də
bu bizim milli qürur hissimizə toxunurdu. Ona görə
riskə getmək bahasına da olsa, tamamilə milli əlifbada,
daha dəqiqi, rəsmi əlifbamızda, latın
qrafikalı Azərbaycan əlifbasında fəaliyyət
göstərməyi qərara aldıq. Saytda
milli şriftləri oxucuların öz kompüterinə yerləşdirməsinə
yardımçı olmaq üçün xüsusi link – elan
da qoyduq.
İndi danışdıqca bunlar mənim
yadıma bir-bir düşür. Sözsüz ki,
unutduğum, bəlkə ayrı vaxt yadıma düşəcək
başqa detallar da var. Bu hadisələr, məncə, həmin
dövrün ab-havasını, “Mediaforum”un
hansı şəraitdə yarandığını duymağa
kömək edir. Eyni zamanda son bir neçə
ildə Azərbaycanda internetin, xəbər saytlarının
hansı mərhələni keçdiyi haqda təsəvvür
yaradır. Son illərdə bizim internet
haqda təsəvvürlərimiz, internetə münasibətimiz
də çox dəyişib və biz bunun fəal
şahidiyik.
– İnternetə münasibət deyəndə
nəyi nəzərdə tutursunuz və həmin dəyişikliyin
olduğuna əyani bir misal gətirə bilərsinizmi?
– 2005-ci il idi.
Jurnalistikada tanış olub ailə quranlar
haqqında bir material hazırlamağı qərara aldıq. Bu material üçün fotoşəkillərin
olması vacib idi. Bir-iki jurnalist ailəsi
razılaşdı. Amma qalanları imtina
etdi. Əsas səbəb də bu oldu:
“Ayıbdır, biz şəkillərimizin
internetdə yayılmasına razılaşa bilmərik”.
Hətta media adamları da interneti əsasən
əxlaqsız, tərbiyəsiz, pornoqrafik materialların
yayıldığı bir məkan kimi qəbul edirdi. Və onların günahı yox idi. Çünki internet həqiqətən də əsasən
tərbiyəsiz, pornoqrafik materialların
yayıldığı bir məkan idi. “İnternetdə
çıxıb” ifadəsi ən birinci “biabır olub”,
“rüsvay olub” təəssüratını yaradırdı və
“internetə çıxmış” adamı izahat vermək, tərbiyəsiz
bir iş görmədiyini, pis bir hadisə törətmədiyini,
internetə tamamilə “ayrı cür”
çıxdığını sübuta yetirmək məcburiyyətində
qoyurdu. O vaxtkı yanaşma indiki təsəvvürlərlə
müqayisə oluna bilməz. Bu, sözsüz
ki, təkcə Azərbaycanda yox, bütün dünyada belədir.
Çox şadam ki, internet məkanında “tərbiyəli”
saytların sayı “tərbiyəsiz” saytların sayını
üstələyib, deməli, bu məkanda tərbiyəli
adamların sayı çoxalıb.
Ümumiyyətlə maarifçilik
işi, mənəvi, intellektual təkamül həmişə
ayıb sayılanlarla mübarizədə olmağa məhkumdur. Azərbaycanda qəzet-jurnal, teatr, qızlar məktəbi
də bu sayaq stereotiplərlə mübarizədə
yaranıb inkişaf edib. İndi internetə
çıxmaq qızların məktəbə getməsi kimi
adi bir hadisədir. Ancaq 7-8 il qabaq
internetdə görünmək yüz il qabaq qızların məktəbdə
oxuması kimi çətin məsələ idi. Söhbət texniki çətinlikdən yox, mənəvi-psixoloji
çətinlikdən gedir. Sürət əsrində
yaşadığımıza görə insanları internetə
cəlb etmək qızları təhsilə cəlb etməkdən
daha asan, daha tez və daha ağrısız baş verdi.
– “Mediaforum”un ən
çox izləyicisi nə vaxt olub, digər informasiya agentlikləri
və portallarla rəqabətə davam gətirmək
üçün nə edirsiz?
– Saytın daimi oxucularının sayı
indi əvvəlkindən daha çoxdur.
“Mediaforum”un
oxucularının sayı az-az, amma həmişə artır.
Ölkə miqyaslı bəzi ciddi
hadisələrin baş verdiyi dövrlərdə sayta
daxilolmalar qəfil yüksəlir, amma sonradan auditoriya yenidən
əvvəlki məcrasına qayıdır. Bununla
belə, həmin auditoriyadan “Mediaforum”a nəsə
qalır, bir-iki oxucu da olsa qazanırıq və daha onu
heç vaxt itirmirik. Biz
qazandığımız oxucunu heç vaxt itirmirik.
Rəqabətə gəlincə, bu məsələyə
bizim yanaşmamız fərqlidir. Bu
gün Azərbaycandakı xəbər saytlarının əksəri
“Mediaforum”dan sonra yaranıb. Çalışırıq
ki, onların əhatəsində özümüzü
böyük kimi aparaq. Diqqətli oxucular və həmkarlarımız
yaxşı bilirlər ki, biz hansısa yeni xəbər
saytında bir az işıqlı cəhət
görən kimi dərhal onu təbliğ etməyə, onun
populyarlaşmasına yardım göstərməyə
çalışırıq. Bunu müxtəlif üsullarla
edirik: həmin saytın əməkdaşlarından,
redaktorundan müsahibələr götürür, o sayta
istinadla materiallar yayır, reklam bannerini öz saytımızda
yerləşdiririk və sair. Normal xəbər
saytlarının hamısı ilə tərəfdaşlıq
münasibətimiz var. Başqa saytlar da bizi təbliğ edir.
Yəni təkcə biz başqalarının
reytinqinə yardım göstərmirik, bizim reytinqimizə
yardımçı olan saytlar da var. Sağ olsunlar, onlara
çox minnətdarıq.
“Mediaforum”un reytinq qazanmasında
qəzetlərin əvəzsiz rolu var.
“Mediaforum” sayt yox, qəzet
bolluğunda dünyaya gəlib və qəzetlər bu
saytı həmişə əziz tutublar. Qəzetlərin
bizim materiallardan yararlanması, ciddi qəzetlərin bu zaman bizə
istinad etməyi unutmaması “Mediaforum”un
reytinq qazanmasında əvəzsiz rol oynayıb. Biz buna görə öz mətbuatımızdan
çox razıyıq, qəzetlərimizə minnətdarlıq
hissi duyuruq.
Sualınızın saytlarla,
informasiya agentlikləri ilə rəqabətə aid hissəsinə
qayıdıb demək istəyirəm ki, bəli, tərəfdaşlıqla
bərabər aramızda rəqabət də gedir. Bu rəqabətə “Mediaforum” saytı öz üzərində
işləməklə, materiallarının səviyyəsini,
ciddiliyini, dəqiqliyini və operativliyini artırmaqla davam gətirməyə
çalışır. Aqressiv rəqabətdə
biz yoxuq. Yenicə yaranmış sayt
olsaydıq da, aqressiv rəqabətə qoşulmazdıq.
Amma köhnə sayt olduğumuza görə
heç qoşulmuruq. Biz saytlar arasında
özümüzü böyük kimi aparmalıyıq. Bu, həm bizim xarakterimizin, əxlaqımızın,
həm də qismətimizin, tariximizin tələbidir.
(Ardı var)
Pərviz SADIQOV
525-ci qəzet.- 2012.- 14 iyun.- S.6.