Ulu şəxsiyyət və ustad alim            

 

Sevgili peyğəmbərimiz Həzrəti Məhəmməd (s.a.v) “İnsanların ən xeyirlisi insanlara faydalı olandır” buyurub. İnsan bu dünyada ruh və bədən kimi bir-birindən fərqli iki qüvvəni təmsil etməkdədir. Qəlbin ağla, ruhun bədənə hakim olduqda, yaradılmış olaraq bəndə azadhürr haqqına sahib olur. Haqqında düşüncələrimi yazacağım dəyərli insan, böyük elm adamı, hörmətli müəllimim, akademikimiz Vasim Məmmədəliyev də belə şəxsiyyətlərdəndir.

 

Allah dostu

 

Həzrəti Mövlana ilahi aşiqin müstəsna təmsilçisi olduğu kimi ustad Vasim müəllim də Rəbbinə aşiq olmuş, hər yaşantısında, elmi mücadiləsində, cəmiyyət həyatında gərəksə nəfsindən, gərəksə həyat şərtlərindən qaynaqlanan iztirablarını uca Yaradanın təslimiyyət məqamına yüksəlməklə, ilahi eşqlə dəf edə bilmiş Allah dostudur. “Qurani-Kərim”də buyurulurHeç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” (Əz-Zumər, 39/9). Burada ümumi mənada alimlərin ən böyük hörmətə layiq olduğu vurğulanıb. Bu mənada Vasim müəllim dünyanın hiylələrini bilən, ancaq onun vədlərinə aldanmayan müdrik şəxsiyyətlərdəndir. Ustad nəcabətini gözəl davranışıyla hər əməlində rəhmətlə andıran, nəslə baş ucalığı gətirən ağsaqqal təmsilçisidir.

“Qulları içərisində Allahdan layiqi ilə ancaq alimlər qorxar” ayəsi də elmə saf niyyətlə könül verən, Quranın ruhundan qidalanan ilahi eşqin aşiqi olan Hacı Vasim müəllimin şəxsində uca Mevladan alimlərə verilən ən ali qiymətdir.

 

Ustadımın uğurları

 

Vasim Məmmədəliyev həyatına, yaradıcılığına nəzər salanda elm dənizində iri hərflərlə “VASİM MƏMMƏDƏLİYEV” adlı böyük bir gəmi canlanır insanın gözləri qarşısında. Vasim Məmmədəliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, BDU-nun İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri, professordur. Onun elmi axtarışları ərəb dilçiliyiümumi dilçilik sahələrində, islamşünaslıqda , ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunur. Vasim müəllimin doktorluq dissertasiyası olan müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları mövzusu hazırkı dönəmdə müsəlman ölkələrində gənc alimlər üçün mayak rolunu oynayır. Dünyanın müxtəlif ölkələrində 300-dən çox elmi əsəri və 20 kitab çapı edilib. Eləcə də, Vasim müəllim İslam Konfransı Təşkilatı Müsəlman Hüququ Akademiyasının həqiqi üzvü, İraq Elmlər Akademiyasının müxbir üzvü, Türkiyə Elmi Araşdırmalar Vəqfinin fəxri üzvü, Misir Ərəb Respublikasının Misir ərəb dili Akademiyasının müxbir üzvü olmaqla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-dini Şurasının sədridir. O elmi fəaliyyəti dönəmində Azərbaycan dövləti tərəfindən “Əməkdar elm xadimi” (1992), “Şöhrət” ordeninə (2002) layiq görülüb. 2003-cü ildə Dağıstan Respublikasının “Əməkdar elm xadimi” adına layiq görülməsi ustadın Azərbaycanla yanaşı, Qafqaz regionunda da sevildiyi, rəğbət bəsləndiyi bir şəxsiyyət olmasına bariz nümunədir. Eləcə də qardaş Türkiyə ilə Azərbaycanın dini və milli-mənəvi bağlarının daha da möhkəmlənməsində ustadın yetərincə xidmətləri olduğu kimi, həm də tolerant düşüncəsi ilə əsl inanc adamının simvolu sayıla bilər.      

Azərbaycanın müstəqilliyinin ilk illərində Vasim Məmmədəliyev akademik Ziya Bünyadovla birgə “Qurani-Kərim”i tərcümə edərək öz yaradıcılığında imanlı alim obrazını bir daha təsdiqləmiş oldu. Bu səmavi kitabın tərcüməsi bu gün demək olar ki, hər azərbaycanlının evində mövcuddur. Beləliklə, ustad müəllim müstəqil Azərbaycanımızın tarixində öz adını şərəflə yaddaşlara yaza bilib. Tək tərcümə etdiyi mübarək ilahi kitabda onun adının olması Rəbbinin rizasını qazanmasına işarədir. Bu məqamda

 

“Təslimi rizadır işi ərbabi- kəmalin,

Olamaz ələmi-hirsu təzəllül ukalada

kəlamı necə də yerinə düşür.

 

Türkiyənin böyük ədiblərindən olan Namiq Kamal alimlər haqqında qeyd edir ki, “elm sahiblərinin adəti hər an Allah-təalanın əmr və iradəsinə tam və təslimiyyətlə boyun əyməkdən ibarətdir. Ağlı başında olanlar əsla tamah və zillət ağrısı yaşamazlar”. Vasim Məmmədəliyev də elm aləminə qədəm qoyduqdan indiyədək Namiq Kamalın qeyd etdiyi kimi uca Yaradanı sevməklə, boyun əyməklə hər zaman tamahdan və zillətdən uzaq olub. Onun yaşadığı keşməkeşli və şərəfli ömür yolu bunu bizlərə örnək olaraq təlqin edir.   

 

Əxlaqı və ədəbi ilə seçilən insan

 

Gözünü da Allahın kəlamına başdan ayağa bir bax!

Ayə-ayə bütün Quran ədəb təlimindən ibarətdir” (Həzrəti Mövlanə). Bəli, “ədəb” gözəl əxlaq, yaxşı tərbiyə, utanmaq, fərasət, dərrakə, insanlarla sözdə və əməldə gözəl davranmaq deməkdir. Quran ədəbindən təlim alan əvəzolunmaz şəxsiyyətlərdəndir Vasim Məmmədəliyev. O həm zahiri, həm də daxili aləmi ilə ədəb qaydalarına riayət etməklə, Yaradanına qəlbən sevgiehtiram duyğuları içərisində təslim olanlardandır.

Ədəb bir tac imiş nuru Xudadan,

Gey o tacı, əmin ol hər bəladan.

Vasim müəllimin kəlimələrinin başqa ruhu var. Onun tək tərcüməçi olaraq deyil, həm səlis, lakonik, mənalı ibarələrlə danışması, mənəvi mesajları aşiq bir ruh sahibinin, əxlaq nümunəsinin daxili potensial göstəricisidir. Ölkəmizdə daim keçərli müsəlmanlığın irşad təbliğində Həzrəti Əlini özünə örnək bilən mömin elm fədaisidir. Cəmiyyətin əxlaqına zidd əməllərin islami maarifləndirmə yolu ilə əngəllənməsinə mücadilə verən ilahi yolun yolçusudur. Bu mənada milli mənəvi irsimizin təbliğində ustad akademikin ayrıca payı var.

 

Ustadımla tanışlığım sonralar

 

Rəhmətlik atam Seyid Bəhram Ağanın ustad müəllimimi hər zaman dua ilə anması xatirəmdə ülvi hisslər yaradır. Hələ 1991-ci ildə BDU-da həyatımda önəmli rolu olan, ağsaqqalımız müəllimim Hacı Əyyub Əzizovla söhbət zamanı o, Vasim Məmmədəliyevi nəhəng okeana bənzətməsi məndə başqa fərəh hissi oyatmışdı. Sonralar akademiki yaxından tanımağa başladım keçirdiyim fərəh hissində yanılmadığımı, əksinə bu aləmdə onunla bir dəqiqə söhbət belə etməyim, dəyərli sözlərini dinləməyimlə daha çox şeylər qazandığımın fərqinə vardım. Onun bir müəllim, pedaqoq kimi  universitetdə ilahiyyat fakültəsinin dekanı olaraq, yüzlərlə ilahiyyatçının yetişməsində zəhməti var. Böyük ustad şəxsən hər zaman mənə öz müdrik kəlamları ilə tövsiyələrini verən müəllim olub.

Vasim Məmmədəliyev Azərbaycanın son 20 illik siyasi tarixində bütün siyasi proseslərin fövqündə dayanaraq, dövlətçilik prinsiplərinin qorunması yolunda göstərdiyi əməyi danılmazdır. Buna görə Vasim müəllimim hər zamanSeyid, sən əhli-beytə mənsub ziyalı olaraq siyasi hadisələrin fövqündə olmalısan, dövlətə vətənə ən böyük xidmətin budurdeməsi mənim ictimai siyasi fəaliyyətimdə unudulmaz bir kəlam kimi həyat prinsipimə çevrilib.

Vasim Məmmədəliyev ərəbşünasdır, ancaq fars dilini heç ərəbcədən az bilmir. Onun böyük Füzulinin qəzəllərini farsca necə şövqlə söyləməsi adamı heyrətləndirir. Mən bunun şahidiyəm. Bununla yanaşı, o, ilahi nəfəs alan muğamın sirlərinə heç ustad xanəndələrdən az bələd deyil, əksinə bəlkə birilərindən daha üstündür.

Məzhərfeyz olmaz düşməyincə

xakə nəbat.

Mütəvazi olanı rəhməti-Rəhman

böyüdər”.

Bu parçada qeyd edilir ki, toxum torpağa düşmədikcə cücərib böyüyə bilməz. Bu baxımdan Allah-təalanın rəhməti lovğaları deyil, ancaq təvazökar olanları böyüdər ucaldar. Təvazökar olmaq, haqqa boyun əymək haqqı qəbul etməkdir. Tanıdığım Vasim müəllim öz təvazökarlığı ilə haqqa boyun əymiş, bunun qarşılığında haqqın ucaltdığı seçilmiş bəndələrdəndir.

Həzrət Əli buyurub, “uca Allah onu sevən sevməyən insanlara mal-dövlət bağışlayar, elmi isə sadəcə özünün sevdiyi kəslərə bəxş edər”. Vasim müəllim uca Mevlamızın Özünün sevdiyi nadir seçilmişlərdəndir. İlahi lütfün böyük ustada bəxş etdiyi bir ehsan da onun daxili ağırlığının zahirində əks olunmasıdır. Qısacası ustadımı belə tanıdım:

O, dəfələrlə ölkənin siyasi çəkişmələrində hadisələrin fövqündə durmağı ilə müdrik şəxsiyyət olmasını göstərdi.

O, ibri dilinin dərinliklərini bilməyə cəhd edir, ingilis, arami, assuri, fars dillərini isə bilir.

O, haralısan dedikdə, yerli bazlığı deyil, dostların arayır- vəfalıdır.

O, nümunəvi ailə başçısıdır.

O, böyüklə böyük, kiçiklə kiçik davranışıyla ibrətlidir.

O, sadədir, dostla oynadığı nərddə belə qalibdir.

O, ruhən kürdəxanılı, əslən ordubadlıdır.

O, ağsaqqaldır, öyüd verəndir.

Ustadım haqqında bu yazıda bəlkə xoş sözlərimi deyə bildim, bəlkə çox sözlərimi deyə bilmədim. Bütün bunlarla yanaşı, bu gecikmiş yazı ilə ağsaqqal müəllimim Vasim  Məmmədəliyev haqqında öz düşüncələrimi qələmə almaqla, ona minnətdar olmaq istədim.

 

 

Əzimbəyli, Seyid Camal

 

525-ci qəzet.- 2012.- 14 iyun.- S.7.