Kədərli şeirlər demə,
Zülfiyyə
Bakının mərkəzində – Rəşid
Behbudov prospektində yerləşən, elə korifey sənətçimizin
adını daşıyan “Mahnı Teatrı”nda təxminən
üç il əvvəl keçirilən ədəbi-bədii
məclislərin birinin dəvətliləri sırasında mən
də var idim.
Müxtəlif
çıxışçılarla yanaşı bədii qiraətçilər
də tez-tez səhnədə yerlərini dəyişirdilər.
Qiraətçilər içərisində
tanımadığım bir sima, elə səhnəyə gəlişi,
zövq ilə – görkəminə yaraşan bəm-bəyaz
qiyafəsi, zalı ədəb-ərkanla salamlaması, mikrafon
önündə sərbəst, eyni zamanda şux və şax
duruşu, bütövlükdə
səhnə mədəniyyəti ilə bir
çoxları kimi, mənim də diqqətimi cəlb elədi.
Zülfiyyə Eldarqızı –
adını indi eşitdiyim, üzünü ilk dəfə
gördüyüm xanım sənətçi, təqdim elədiyi
şeir nümunəsini həzin musiqinin, şeirin məna və
məzmununa uyğun olaraq əl, göz və üz hərəkətlərinin
müşayiəti və məlahətli səsilə elə
ifa elədi ki, ruhuma, canıma məlhəm kimi
yayıldı...
Bədii qiraət sənətinə
çoxları aludə olsa da, bu “çoxlar”ın əksəriyyətinin
qiraətçilikdən xəbəri olmadığından ədəbi
ictimaiyyət, elə bir az fəhmi olanlar da xəbərdardırlar.
Şeiri əzbərləyib, yaddaşa
yükləmək o qədər də çətin proses
deyil. Bunu hətta şeiriyyəti qavramayan, lakin əzbərçilik
qabiliyyəti olan hər kəs edə bilər – özü
üçün, qoy olsun. Ancan şeiri mənimsəyib, belə
demək mümkündürsə “özününküləşdirib”,
qanından, canından süzüb ədəbi məhsul
qismində auditoriyaya qəbul elətdirmək hər adamın
işi deyil.
Şeiriyyəti
ruhuma hopmuş bəzi
uzman şairlərimizin öz
ifalarında səslənən şeirlərə düzünü deyim ki, çox vaxt qulaq asa
bilmirəm. Şeir nə qədər mənalı,
məzmunlu, fəlsəfi yüklü olsa belə, müəlifin qiraətçilik
səriştəsizliyi şeirin mahiyyətini
aşağılayır.
Bəzi “qiraətçilər”
şeiri dilimizin elementar intonasiya
qaydalarını, sözlərdə vurğuların yerini, hətta mübtədanı xəbərdən
ayıra bilmədən, uşaqlıqda nənə-babasının
“zəngin” leksikonundan
çırpışdırdığı, ədəbi dillə
heç cür uyuşmayan ibarələri yeri
gəldi-gəlmədi pafosla, qulaqları
cingildədən hay-qışqırıqla qarşı tərəfə
sıralamağa çalışmaqla həm şeir,
həm də bu sənət adına xələllik
gətirirlər, özləri bunu başa düşməsələr belə.
Bəzən də
bütün parametrləri ilə zəifliyi
göz qabağında olan
şeir nümunəsi peşəkarın
dodaqlarından püskürən oda
qarışıb elə bişir ki, adamı heyran edir.
Zülfiyyə
Eldarqızı bədii qiraətçi olmaqla
məhz sonunculardandır desəm, yəqin ki,
bu sənətdən bir
az da olsa
başı çıxan hər kəs mənimlə
razılaşar...
Bir müddət sonra
biz onunla Azərbaycan
Yazıçılar Birliyində tanış olduq.
Söhbət əsasında Zülfiyyə xanımın Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin müəllimi olduğunu da öyrəndim.
Zülfiyyə
Eldarqızı ilə ədəbi məclislərdə
ara-sıra görüşdük, təmas
qurduq, səmimiyyətimizin
ölçüləri mütənasib olduğundan
dostlaşdıq da.
...Azərbaycanın
əsrarəngiz gözəlliyi ilə fərqlənən qədim
yaşayış məskənlərindən olan
Laçın cüssəli bir
Laçın da var.
Laçın rayonunun əhatə etdiyi əzəmətli dağlar,
ucsuz-bucağsız zəngin meşələr qoynunda
bir doğma obamız da var – Qoşasu
deyirlər adına.
Qoşasuda bir
İsmayıl kişi də olub. Təkcə Qoşasuda
yox, elə ərazidə
sayılıb-seçilən kişilərdən biri olub İsmayıl kişi. Hələ XIX əsrin
axırlarında Müqəddəs Kəbənin ziyarətinə
payi-piyada çıxan İsmayıl baba övladlarını da
inancıl böyüdüb, Allahı
tanıyanlardan, onun itaətində olanlardan yetişdirib.
Hacı
İsmayıl oğlu Molla
Rəhim də atasından mənən nə alıbsa, onu da əmanət kimi öz övladlarına ötürüb.
Molla Rəhimin kiçik
övladı Eldar İsmayılov qonşu Alxaslı kəndində yaşayan maması(bibisi) qızı Hürü ilə ailə quranda,
atasından ayrılaraq ayrıca təsərrüfat olmaq məqsədilə götürdüyü
yurd yerinə daş töksə
də, sonradan nədənsə gənc
ailə gənc şəhərə – Sumqayıta köçmüş, Eldar
buradakı təmir-tikinti idarələrinin birində
inşaatçı kimi
çalışmış, şəhər infrastrukturunun
inkişafına öz töhvələrini
vermiş, Hürü
xanım isə fəaliyyətini ticarət sahəsi ilə
bağlamışdır.
İsmayılovlar
ailəsində dünyaya üç
övlad göz
açıb – Azər, Zülfiyyə və Nazim.
Məktəb illərində
şəhər, respublika, ümumittifaq
səviyyəli müsabiqələrdə iştirak
edərək bədii qiraət üzrə I və II yerləri
qazanan Zülfiyyə Sumqayıtdakı Mədəniyyət
evində fəaliyyət göstərən “Xalq
teatrı”nın hazırladığı tamaşalarda
fəal iştirak eləsə də,
dayıları ona qadağa
qoyur, onu teatrdan çəkindirməyə
çalışır, hətta bacıları Hürü xanımla bu mövzuda mübahisəli söhbətləri
də olur. Hələ 10-cu sinifdə
oxuyarkən Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət
evində işə götürülmüş
Zülfiyyənin elə əmək kitabçasındakı ilk qeyd də bu müəssisənin möhürü
ilə təsdiqlənmişdir.1989-cu ildə orta
təhsilini müvəffəq qiymətlərlə başa vuran Zülfiyyə
sənədlərini hələ uşaqlıqdan arzusunda olduğu M.A.Əliyev
adına Azərbaycan İncəsənət İnstitutunun(indiki Azərbaycan Mədəniyyət və
İncəsənət Universiteti) “Aktyorluq fakültəsi”nə vermək istəsə
də, dayılarının qınağından qismən də
olsa yayınmaq məqsədilə “Teatr rejisorluğu” fakultəsinə
verməli olur. Bu
dövrdə Zülfiyyənin atası bərk xəstə olduğundan, qohum-əqrabanın başı
qayğılara qarışdığı üçün,
heç onunla maraqlanan belə olmur.
Qəbul
imtahanlarına daxil olan
“Tarix” və “Ədəbiyyat” fənlərinin
hər birindən “yaxşı” qiymət alan
Zülfiyyə, 3-cü – “rejisorluq və aktyorluq sənəti”ndən verməli olduğu qabiliyyət imtahanına daha ciddi
hazırlaşır.
İmtahan götürən müəllimlərin
sırasında ciddiliyi, tələbkarlığı
və zəhmliliyi ilə seçilən Vaqif
Ağayev(Azərbaycan Respublikasının
Xalq artisti, mərhum Əliyağa
Ağayevin oğlu)
Zülfiyyənin norma üzrə müstəqil
şəkildə hazırladığı materialları – təmsil, monoloq və şeir nümunələrini dinlədikdən
sonra üzünü
Zülfiyyəyə tutaraq “Qızım sən
keçdin, təbrik edirəm” –deyərək
Zülfiyyənin halal
“yaxşı”sını yazır.
Bax beləcə başlayır
Zülfiyyənin tələbəlik illəri.
Elə birinci kursdan “Cəfər
Cabbarlı təqaüdü” alan
Zülfiyyəni, sonradan ali
təhsil müəssisəsinin rəhbərliyi yenicə təsis
olunmuş “Səməndər Rzayev təqaüdü”nə təqdim edir.
Zülfiyyə bir gün dərsdən evə
dönəndə, atasının əlində oxuduğu
“Azərbaycan gəncləri” qəzetində öz
şəklini və “Səməndər Rzayev
təqaüdü”nə layiq görülməsi
barədə yazını görəndə ata-balanın sevincinin həddi-hüdudu olmamış,
atası ona – “Mən artıq inanıram ki, sən öz sənətinin
sahibi olacaqsan” – deyə
kövrəlir və bu hadisə Zülfiyyənin
“Həyat vəsiqəsi”nə çevrilir.
Hələ III kursda oxuyarkən, İnstitutun
Komsomol Komitəsində
çalışan bir gənclə ailə
həyatı quran Zülfiyyənin
1993-cü ildə Ayşə qızı, iki
il sonra isə Orxan balası dünyaya gəlir.
Zülfiyyə
1994-cü ildə İnstitutu(artıq Universitet) “Fərqlənmə diplomu”
ilə bitirsə də, iki körpə uşaq anası olaraq və
digər obyektiv və subyektiv
səbəblərdən yaradıcı mühitdən müvəqqəti
olaraq uzaqlaşmalı olur,
lakin sənətə olan
sevgisi 1998-ci ildə onun
doğma universitetə artıq bir əməkdaş kimi
qayıtmasına təkan verir.
Universitetdə
yenicə yaranmış “Kinoşünaslıq kafedrası”nda laborant vəzifəsinə işə
götürülən Zülfiyyə xanımın fəallığını,
potensialını və elmi təfəkkürünü
hiss edən kafedranın professor-müəllim
heyəti onu elmi
işlə məşğul olmağa sövq edir və nəticədə
o disertant qismində, filologiya
elmləri doktoru, professor
Həsən Quliyevin elmi
rəhbərliyi altında “Anarın əsərlərinin ekran təcəssümü” mövzusunda
elmi iş üzərində
gərgin və maraqlı fəaliyyətə başlayır.
Altı ilə
yaxın bir dövrdə M.F.Axundov
adına Mərkəzi Kitabxananın divarları arasında elmi axtarışla məşğul olan Zülfiyyə xanım elmi
mövzusunu 2006-cı ildə
yekunlaşdırsa da 2008-ci ildə dissertasiya işini
müdafiə etmiş, Azərbaycan
Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının
qərarı ilə ona “sənətşünaslıq
üzrə fəlsəfə doktoru” elmi dərəcəsi verilmişdir.
Zülfiyyə
Eldarqızı indi
daha çox sevdiyi işlə məşğul olur. O, universitetin “Səhnə danışığı
kafedrası”nın müəllimidir.
Bu sənətin sirlərini
sevə-sevə, böyük
məhəbbətlə öyrədir
tələbələrinə.
Qarşısına həmişə xeyirxah insanlar çıxdığını
şükranlıqla dilə
gətirən Zülfiyyə
xanım Azərbaycan Respublikasının Xalq artistləri, mərhum sənətkarlarımız Səməndər
Rzayevi, Mikayıl Mirzəni və Hamlet Xanızadəni özünün
mənəvi müəllimləri
hesab edir.
İşgüzar və sağlam bir mühitin hökm sürdüyü Azərbaycan Mədəniyyət
və İncəsənət
Universitetində işləməyi
özünə şərəf
bilən Zülfiyyə
Eldarqızı auditoriyaya
girdikdə onu əhatə edən gələcək sənət
adamlarının arasında
zamanın hərəkətini
unudur, tənəffüsün
yetişdiyini bilmir, həm tədris prosesindən, həm də ona diqqət
kəsilən tələbələrindən
zövq alır.
Zülfiyyə Eldarqızı universitet çərçivəsində və universitetdən kənar bədii tədbirlərdə yaxından
iştirak edir.
Zülfiyyə xanım universitet müəllimlərinin 2011-2012-ci tədris ilinin yekunları üzrə hazırladıqları yaradıcılıq
hesabat işi olan “Ağlar, güləyən Sabirimiz”
habelə, 20 yanvar qanlı faciəsinə həsr olunmuş “Tökülən qan yerdə qalmaz” və Xocalı soyqırımına həsr
olunmuş “Gözü
yolda Xocalım” adlı ədəbi-bədii
kompazisiyalarda yaddaqalan
obrazlar nümayiş etdirmişdir.
Tələbələrinin uğurlarını öz
uğuru kimi qəbul edən Zülfiyyə xanım onlara həm də mənəvi dəstək olur. Elə biz onunla görüşəndə
də sevincinin həddi-hüdudu yox idi. Öyrəndim ki, Zülfiyyə xanımın da çəkildiyi, tələbəsi
Pərviz Seyidlinin – ailəyə sədaqətdən
və əsl sevginin ölməzliyindən,
Qarabağ müharibəsində
həyat yoldaşını
itirmiş bir qadının özünə
qəsd etmək istədiyi zaman canından artıq sevdiyi sevgilisinin ruhunun onu xilas
etməsindən bəhs
edən – “Səninləyəm”
adlı filmi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Azərbaycan
ailəsi filmlər
festivalı-2012”-nin diplomuna
layiq görülmüşdür.
2010-cu ildə qardaş Türkiyənin İstanbul şəhərində
keçirilən “Türk
dünyası bəyaz
pərdədə görüşür”
adlı festivalda Azərbaycanı layiqincə
təmsil etmiş Zülfiyyə Eldarqızı
Vətənə festivalın
diplomu ilə dönmüşdür.
Yaradıcılığında bədii qiraətə yetərincə yer ayıran Zülfiyyə xanımın sevgi şeirlərindən ibarət
“Bu sevdanın ömrü-günü
bitməsin”, işğal
olunmuş doğma Laçına həsr olunmuş “Ah çəkdim,
dedilər ahın dağlara” və Azərbaycan Respublikasının
“Şöhrət ordeni”nə
layiq görülmüş,
Qarabağ müharibəsinin
veteranı, qədim mis məişət əşyalarının məşhur
kolleksiyaçısı Şahid
Həbibullayevin Qarabağ
savaşlarındakı döyüş
həyatına həsr
olunmuş “Ay Şahid”
adlı kompakt audi-diskləri də işıq üzü görmüşdür.
Şair Ələmdar
Quluzadə “Ürəyindən
keçəydim” kitabına
daxil etdiyi, “Adını bilmədiyim səs” adlı şeirində Zülfiyyənin
həzin, məlahətli,
kövrək, kədərli
səsini belə vəsv edir.
...Bu səs öz sirrini, öz muradını,
Günəşə də desin, günə də desin.
Sözə könül
verən səsin adını
Əgər bilən
varsa mənə də desin.
Zülfiyyə Eldarqızı 50-dən çox
elmi və publisistik yazıların müəllifi olmaqla, dövrü mətbuatımızda
mütəmadi şəkildə
nəşr olunur.
Çap etdirməsə
də, hərdənbir
yazdığı şeirlərinin
birində dünyasını
cavan yaşlarında dəyişmiş atasına
müraciətlə belə
yazır Zülfiyyə
Eldarqızı:
Ata, ayrılığa
dözə bilmirik,
Daha biz gülümsər gəzə
bilmirik.
Sənsizlik od
olub yandırır bizi,
Yayın ortasında
dondurur bizi.
Sən ey
evimizin odu-ocağı,
Üç məsum
körpənin sığınacağı...
Zülfiyyə xanım soy kökünə,
valideynlərinin böyüyüb,
boya-başa çatdığı,
özünün də
orta məktəb illərində yay tətillərini qardaşları
ilə birgə keçirdiyi – atasının
ev tikmək üçün daş tökdüyü ərazinin
artıq “Eldarın daşının yanı”
kimi toponimləşmiş
yerdə oynadığı,
yol qırağındakı
ağacların kölgəsində
günlərə anasının
yolunu gözlədiyi,
ayağından ilan vurduğu, internetdə izləyərək erməni
qızlarının Laçın
çaylarında necə
çimdiklərini görərək
kədərləndiyi torpaqlara,
Qoşasuya, Alxaslıya
qəlbən bağlı
olan adamlardandır.
Bakı Dövlət
Universitetinin jurnalistika
fakultəsinin II kurs tələbəsi olan qızı Ayşəni və bu il
qəbul imtahanlarında
iştirak edəcək
oğlu Orxanı yüksək keyfiyyətli
vətəndaş qismində
Azərbaycan ictimaiyyətinə
təqdim etmək, onları elmli-ziyalı, intellektual potensiala malik, vətənpərvər
bir övlad və əllbəttə ki, xoşbəxt görmək, ən ümdə arzularındandır
Zülfiyyə xanımın.
...Bu ilin iyun ayının 20-də yubileyini qeyd edəcəyimiz Zülfiyyə
xanımın yaşının
ən məhsuldar dövrüdür desəm
məncə düz olar.
Mənim arzularıma
gəldikdə isə,
sevimli və mehriban Zülfiyyə xanım!
Sizə həyatda
heç kim qədərini bilmədiyi
ömür payınızda
gözüdolusu xoş
məqamlar, tükənməz
həyat eşqi, yaradıcılıqla dolu
fəaliyyət, yaddaqalan
obrazları ərsəyə
gətirməkdə yüksək
peşəkarlıq, həmişə
olduğu kimi xeyirxah insanlarla əhatə olunmağınız,
nənə və ulu nənə olanda da, bugünkü
təravətinizi, cəzibədarlığını,
hər kəsə xas olmayan qadın
səmimiyyətinizi qoruyub
saxlaya bilməyiniz və əlbəttə ki, internetdə seyr etdiyiniz Laçının çaylarının,
bulaqlarının şəffaf
sularından üzünüzə
çırparaq gözəl
üzünüzü bir
az da nurlandırmağınız
ən xoş qəlb arzularımdandır.
Yazımı sizə
həsr etdiyim şeirdən olan bir bəndlə bitirirəm.
“Ah çəkdin, dedilər ahın dağlara”,
“Qoşasu”, “Alxaslı” həsrət “çağlar”a.
Nankorlar baş
çıxıb bizim
bağlara,
Kim var ki,
söyləyək kimə,
Zülfiyyə,
Kədərli şeirlər demə, Zülfiyyə.
Fəxrəddin MEYDANLI
525-ci qəzet.- 2012.- 15 iyun.-
S.30.