“Yahu” demək yaddan çıxıb, Bu
yerlərdə “yar, yar”
deyirlər
Şuşaya məktublar
Birinci məktub
Sevdam, nəşəm, ələmim!
Səfam, cəfam, qəhərim!
Şah şəhrim, Xan şəhrim!
Sənsiz ölüm yalan
oldu.
Halım yaman,
halım xəstə,
Dərdim zildə-səsim
pəsdə,
Qərənfillər dəstə-dəstə
Şəhid yola salan oldu.
Kimdi yağı,
biləmmədim,
Kimsəylə dərd böləmmədim,
Öz evimə
gələmmədim,
Satan satdı, alan aldı.
Mən səndən
başlayan yolam,
Sənə qayıdacaq
balam,
Yolu bağlı viran
Qalam.
Demə, daha olan oldu.
2002
İkinci məktub
Salam, dumanlı Şuşam,
Dönməyə gümanlı Şuşam,
Sən bir
Hacsan, Haca
Xaç suyu neylər, Şuşam?!
İllər ayrısı,
zəvvaram,
Qovuşunca dinclik
haram,
Dəxil düşüb
yalvarıram,
Canım səndə, sınma,
Şüşəm.
Uluca yaşın
haqqı,
Torpağın-daşın haqqı,
Qaraca başım
haqqın,
Haqqını gözlə, Şuşam.
2012
Üçüncü məktub
Rəşad Məcidə
Bir dəfə qələm
dostum “Şuşanı
görmədən Şuşa
yanğısıyla necə
yazırsan?”- deyə soruşdu.
Görsəm, külə
dönərdim,
Gündə yüz yol ölərdim.
Mənim yanğım “Şuşa!”- deyib
Ölənlərin yanğısı.
Hardan qaynar “İsa bulaq”?
“Saxsı bulaq”, ” Karvan
bulaq”?
Sönərmi düşsə qonaq
Karvanların yanğısı?
Çoxmu uzaq Ərimgəldi?
Bəlkə ərə kərəm gəldi,
Bəlkə öləziyib
sindi
Sənəmlərin yanğısı.
Nə düşüb, yalan
fırlayam?
Yaylaqda qarı
xarlayan,
Aranda canı
şorlayan
Pərənlərin yanğısı.
Səslənsəm “ünüm yetəndi”,
Bəsləsəm, “gülü bitəndi”,
Tovuz da,
Şuşa da Vətəndi,
Vətənimin yanğısı.
Şuşa gedib,
Şuşa gəlsin,
Huşa gedən
huşa gəlsin,
Yazmıram ki
xoşa gəlsin,
Ürəyimin yanğısı.
2012
Ünlü türk şairi Əli Ağbaşa
“Yahu” demək
yaddan cıxıb,
Bu yerlərdə
“yar, yar” deyirlər.
Qanlar tökülür,
Canlar yaxılır
vəsli-yar uğrunda.
Yarından bir
xal qalır
hər sevənin bağrında.
Keçib əzmdən-dözümdən,
Yar deyib,
gedir özündən,
Aşiqin naləsi
üzündən
Abidin duası yetişmir.
Dağında qarım qalır,
Bağında barım qalır,
Sağım qalır, solum qalır.
Divanələr mülkündə
Dünya işi,
Tanrı işi,
Bəndə işi,
yarım qalır.
“Yahu” demək
yaddan cıxıb,
Bu yerlərdə
“yar,
yar” deyirlər.
Bir yerlərə
götür məni,
Sevgili Rəbbim-
O yerə ki,
Elçilər
“var”
deyirlər.
Son
Kimi Allahla,
kimi şeytanla
yoluna qoyur
işini;
ağırlıq
yolun boynuna düşür.
Fərman padşahdan
gəlir,
cəza günahdan;
ağırlıq
əlin boynuna düşür.
Kəbə quran
da insan,
Könül yıxan
da;
Ağırlıq
dilin boynuna
düşür.
Kimi sidqi-imanla,
kimi şübhə-gümanla
yürüyür SONa;
Ağırlıq
SONun boynuna
düşür...
Qəsd
Uzaqlar sevinsin
deyə,
Qəsd ilə uzağa
düşdüm.
Tuzaqlar sevinsin
deyə,
Qəsd ilə tuzağa
düşdüm.
Rəqibləri, əğyarları sevdim,
Sevdim ki, dəyişsin
fitrəti.
Qəsd ilə
“duymadım” nifrəti,
Sevgili çağları sevdim.
Qeylü-qalına varmadım,
Qəsd ilə qəzaları
sevdim.
Sonku halıma varmadım,
Sevdim, fəzaları sevdim.
lll
Yağış göz yaşıyla yarışa bilmir,
Gülür bu yarışı
udan çiçəklər.
Biri göylərin
rəhməti,
Biri könül
möhnəti;
Bu qoşa yağmurdan
odam çiçəklər.
“Qızılgül oyum-oyum,
Dərim, sinəmə
qoyum”,
Bir zaman
südüm-soyum,
anam-atam çiçəklər.
Alışır ürəyim, alışa
bilmir
Olub-bitənlərlə barışa bilmir,
O çiçək tənlərə qarışa
bilmir,
Yarı torpaq,
yarı su,
yarı adam çiçəklər...
Antifəlsəfə
Ceyran oldum,
ovlandım,
Aslan oldum, ac qaldım.
Gah ayaqlarımda
aradım suçu,
gah dişlərimdə.
Ədalət soraqladım
dünyanın işlərində.
Az getdim-üz getdim,
Elə bir
məkana yetdim;
Ceyranlar aslan
pəncəli,
Aslanlar incə, işvəli.
Nə ayaq
kara gəlir,
Nə diş,
Təkcə qanun
köhnədi;
İş, iş, yenə iş.
İş, nə
iş!!!
Qafa yorma,
şikar olma,
Sadəcə, bekar
olma;
Çalış, vuruş
ayaqla diş arasında.
Nə ceyran
ölməsin,
Nə aslan ac qalmasın.
Fəlsəfə də burasında!
Hava durumu
–Gün aydın, sevdiyim, necəsən?
–Belə də, hamı kimi,
Şükr ki,
sən varsan,
Həyatın tamı kimi.
Daha dadlı,
daha şirin
deyəcəklərim var sənə,
fəqət, sözlər yetərli deyil.
Göz havasına,
nəfəs havasına,
əl havasına
anlatmam gərəkir incəlikləri.
–Harda, nə vaxt?
–Vaxt tapılar,
yer tapılsa.
Bilirsən də,
Bakının havası fərli deyil...
Bu nədi, bilmirsən?
Sənsiz canım
sıxılır;
Yadımdan çıxmırsan,
Dilimdən düşmürsən.
Sənsiz hər
yan bomboş;
Gözümdə səhralıq,
Könlümdə tənhalıq.
Sənsiz yürümür
zaman;
Sürünür günlər-aylar,
Ömürdən uzun anlar.
Sənsiz azır
yolunu-
İrmaq nəhrə
qovuşmur,
Can köyə-şəhrə
yovuşmur.
Sənsiz canım
sıxılır,
Yadımdan çıxmırsan,
Dilimdən düşmürsən.
Bu nədi, bilmirsən?
Elegiyalar
Yosungözlü qar(a)daşa
Gün vardı;
Uzaqda günəş,
yaxında sən vardın.
Günəşi içirdim
Sənin şərəfinə.
Gün var;
Yaxında günəş,
uzaqda sən varsan;
Günləri içirəm
zülmətin şərəfinə...
lll
Yadındamı, Kislovodskda rus
şəkilçinin bizi qardaş-bacı yox,
nişanlı bilib baş-başa qoyduğu və əlimizə bir qızılgül verdiyi?
Müdam dolaşıram
ötələrdə-
Dəmət kimi
dərləyirəm sənli günləri.
Gülləri tək-tək
yığıram,
Cüt-cüt qucuram günləri.
Müdam dolaşıram
ötələrdə-
Yerdən Göyə
durmadan
Dua-səna göndərirəm.
Ötüb-keçər deyə, bəlanı
min qılıqla
dindirirəm.
...Gələcək ötüb-keçdi səndən,
Gələcək olub-bitir məndə...
Ömrümün ötəri qonağı,
Könlümün əbədi sahibi,
Sən məndə qal,
mən səndə.
Gülləri cüt-cüt səpir kimsə;
Bir cüt
sənin yoxluğuna,
Bir cüt mənim
varlığıma.
...Müdam dolaşıram ötələrdə...
Kölgə
Varlığında da,
Yoxluğunda da
VAR olmaq hünər!
Dost-doğmaya kölgə salıb,
İqtidar olmaq
zəfər!
Qismətində o da varmış,
bu da var...
...Şükr, lütfünə göylərin!-
Özün yoxsan,
kölgən var...
Sənsiz olmasın
günüm-anım,
Bala-bala dolanıram sayəndə,
Kölgən qalın
olsun, sultanım
Əlibəyli, Bəsti.
525-ci qəzet.- 2012.- 15 iyun.- S.29.