Məhəmməd Əmin Rəsulzadə   

 

Nəşrin redaktorları: prof. Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

 

Əsərləri

 

Üçüncü cild

 

(1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

VI

 

Bilirsiniz ki, müsəlman məarifpərvərləri ilə zəmanənin tərəqqilərinə, istədiklərinə aşina olan alimlərimiz məktəb və mədrəsələrimizin islah üçün hər şeydən əvvəl bacarıqlı müəllim və mərifətli molla yetişdirmək amal və arzusunu bəsləməkdədirlər.

Bu amallarını xəyaldan həqiqətə gətirmək üçün müsəlmanlar çalışmamış da degildirlər. Onlar bu xüsusda həm nəzəri, həm əməli olaraq çalışmışlardır. Rusiya müsəlmanlarının ictimailərində, “İttifaq” proqramında bu xüsusda qətnamələr və maddələr vardır. Müxtəlif zamanlarda müsəlmanlar bu xüsusda hökumət idarələrinə müraciət eləmiş, tələbnamələr vermiş, bu xüsusda heyətlər göndərmişlərdir. Gəncədə mədrəsəyi-ruhaniyyə, Bakıda “Səadət” məktəbləri bu məqsədlə vücudə gətirilmək istənilmişdir. Bu məktəblərdən könül istədigi qədər faidə görülməmişsə, bunun bir az müsəlmanlara aid olsa da, bir çox müsəlmanlara aid olmayan səbəbləri olmuşdur.

Burası ayrı bir bəhsdir. Bəlkə münasibət olurda ondan da danışarız.

Hər halda müsəlman əfkari-amməsincə müəyyən bir şəklə binmiş. Təyin etmiş bir arzu vardır ki, o da məktəb və mədrəsələrimizin və ələlümum məarif işlərimizin islahı üçün bizə darülmüəlliminlər, mədrəsəyi-ruhaniyyələr lazım olduğudur.

Burada Rudolf cənabları dəxi bizimlə iştirak ediyor. O da ilk əvvəl buradan başlamaq istiyor. İbtidai məktəblərimizdə şəriət dərsi və ana dili tədrisi ilə məhlə məscidlərinə mollalar yetişdirmək üzrə Tiflisdə “Əli” və “Ömər” məktəblərini islah edərək bu surətlə həm müsəlmanların, həm də dövlətin “qədim arzusu”nu təşkil edən mühüm bir məsələnin “həllinə” başlamış oluyor.

Tiflisdəki “Ömər və Əli” məktəblərinin imdiki halda ibtidai birər məktəb olduqları məlumdur. Popeçitelin bunları ali ibtidai məktəb halına cıxaracaq və bundan sonra hır sənə 3 illik ilahiyyat və müəllimlik kursu əlavə ediləcək.

Hər bir islah dövründən əvvəlki əcib və qərib adlarla baqi qalacaq bu məktəblərin nə kibi bir proqram və üsul ilə “islah” olunacağı həqqində popeçitel idarəsinin məruzəsinə qoşdurulmuş olan əlavələrdən iqtibas surətilə “Açıq söz”ün 128-ci sayısında müfəssəl məlumat verilmişdir.

Bu məlumatdan görüldügi vəchlə müsəlman əfkari-amməsinin tələb elədigi mədrəsəyi-ruhaniyə əvəzinə təqdim olunmaq istənilən bu Tiflis məktəblərində dərs dili əsas etibarilə rusca olacaq. Burada ancaq türk olan şagirdlərə Azərbaycan türkcəsi oxutdurulacaq. Şəriət dərsləri isə ərəbcə oxutdurulacaq. Türk olanlara türkcə, türk olmuyanlara da rusca tərcümə edilmək şərtilə.

Sonra xüsusi surətdə əlavə olunacaq 3 illik kurslarda da şəriətə aid bütün dərslər fiqh, təfsir, elmi-kəlam, elmi-hədis, dini-islam tarixi, islam tarixi kibi dərslər-hamısı ərəbcə oxutulacaq.

Türkcə olaraq ancaq türkcə özü oxudulacaq.

Sair dərslər isə tamamilə rusca olacaq.

Bu surətlə tərtib və islah olunmuş bu məktəbdən çıxan adam sonra da türkcə müəllimi, xəlq mollası olacaq.

Bakalım, ali ibtidai (russki-tatarski biçimində, Alekseyevski şkol tipində) məktəblərin başına birər ilahiyyat kursu əlavə etmək surətilə bizə “əllamə”lər yetisdirəcək olan bu məktəblərdə müəllimligə, mollalığa, şəriətmədarlığa mədar olacaq dərslər nə kibi bir zamanda ögrədiləcək:

Əvvəl türkcəni tədqiq edəlim – dörd hazırlıq klasların hərəsində həftədə 6 dərsdən hesab olunduqda, ayda 24 və təlim dili 8 ay etibar olunursa, ildə 192 dərs oluyor ki, dörd ildə 768 dərs edər.

Ali ibtidai məktəblərin 4 əsaslı siniflərində isə hərəsində türkcəyə həftədə ancaq 2 saət yer verilmişdir. Bu surətlə demək ki, hər sinifdə ildə 64 dərs və cəmən 256 dərs vardır.

Xüsusi kursların 3 sinfində də türkcəyə ikişər saət təxsis olunmuşdur ki, cəmən 192 dərs edər.

Bu hesabə cümlətan vursaq, 11 ilin ərzində türkcədən cəmən 1316 saət dərs veriləcəgini görəriz. Bu dərs gününü 4 saət etibarilə alarsaq, 300 günə qədər şey edər ki, haman bir il deməkdir. Demək ki, popeçitel idarəsi bir sənə təhsil ilə bizə türkcəni tədrisə müqtədir pedaqoqlar, müəllimlər yetişdirmiş olacaq ki, onlar türkcəmizin bütün qəvaməzi-ədəbiyyəsinə, nəzəriyyati-elmiyyəsinə, şeir və nəsrimizin bütün tərkibat və təhlillərinə aşina birər üstad olacaqlar.

Özü də bu qısa müddətdə bu böyük bilgi yalnız türkcə dərsinə məxsus olan türkcə “təhribə”si ilə hasil edəcəklər. Çünki başqa dərslər ya rusca, yaxud ərəbcə oxudulacağından onların türkcə təhsilinə bittəb təsirləri olmayacaq. Olsa belə, hər halda müsbət (almalı) degil, mənfi (atmalı) olacaqdır.

Hələ müəllimlərə lazım olan hazırlıq son üç ildə xüsusi kurslara keçiləcəgindən, demək ki, türkcənin ədəbiyyat və qəvaidi-ədəbiyyə qismi ancaq 192 saət zərfində gündə dörd saət istemal etibarı ilə demək ki, bir ay yarım zərfində ögrədiləcəkdir.

Bu türkcəsi, bakalım, mollalıq, ruhanilik, şəriətmədarlıq nə kibi bir yıldırım surətilə ögrədiləcək.

Əlbəttə, bu məsələləri təhlil etdikdə hazırlıq sinifləri ilə əsaslı dörd sinfi nəzəri-etinaya almayacağız. Çünki oralarda oxudulacaq “şəriət” başqa məktəblərdə oxunacaq qədər olub, haman proqramdadır.

Məlumdur ki, şəriət ərəbcə oxunacaq. Demək şagirdlərə ərəbcə də ögrədiləcək. Əvvəlcə bunu ögrənəlim, ərəbcə 3 və 4-cü ali ibtidai siniflərində şəriət dərsləri əsnasında həftədə 2 saət keçiriləcək. Bu, 128 saət, sonra xüsusi kurslarda birinci və ikinci siniflərdə həftədə üç saət, üçüncü sinifdə isə həftədə iki saət tədris olunacaq ki, cəmən 256 dərs və hamısı bir yerdə 384 dərs, yaxud gündə 4 dərs etibarilə təqribən üç ay deməkdir. Farsicəni Firdovsi, Xəyyam, Sədi, Hafiz kibi səramədan süxəni təhlil edə bilmək üzrə müdiriyyət haman 256 saət əsnasında, yəni iki ayda ögrədiyor.

Ülumi-şəriyyəyə gəlincə, təfsiri-Qurani-məcidə 192, tarixi-islama 192, fiqhi-islamiyyə 352, elmi-kəlamə 272, elmi-hədisə 128, tarixi-dini islamə 44 dərs təxsis olunmuşdurki, cəmən 1300 dərs edər ki, bu haman bütün tətillər ilə bərabər tam bir illik təhsil deməkdir.

Demək ki, bir il tədrislə müdiriyyət bizə bütün şəri və dini ehtiyaclarımızı görə biləcək əllamələr, hər bir ümumi-şəriyədə məharətli  fəqiyyələr, müctəhidlər hazırlayacaq və hazırladığı bu əllamələri dəxi bizə təqdim edərək deyəcək ki: iştə istədigimiz “ülumi-islamiyyəyə dana və zəmanə ehtiyacatına aşina işıqlı mollalar” rahət olunuz. Alınız da bunları, artıq Türkiyədən, Misirdən, İrandan gələn “mütəəssib”lərə tabe olmayınız!

(Burada 7 xətlik bir abzası senzura çıxarıb, yeri ağdır – Ş.H.)

Hökumətimiz bizləri xaricdən gəlmə, rus dövləti “nəzəryyəsi və ruhu ilə zidd” duyğu və düşüncələrə malik olan ruhanilərdən tamamilə biehtiyac etmək istiyorsa, bu diləginə nə xaricdə oxuyan bir mollani rəsmi surətdə prixod mollalığına təsdiq etməmək həqqində çoxdan bəri mövcud olan həyati olmayan qanun və nizamları və nə də Rudolfun düşündügü həyati olmayan “mədrəsəyi-ruhaniyə”ləri ilə yetişə bilər. cəmaətimizi xaricdən gəlmə “mütəəssib” mollaların nüfuzundan qurtarmaq üçün ona daxil məmləkətdə həqiqi din xadimləri və şəriət alimləri yetişdirə bilmək imkanı verilməlidir. Bu da hərgiz ali ibtidai məktəbləri bitirmiş və yarım-yamalaq “zərb-yəzri” əzbərləmiş bir şkola uçenikinin başına əmmamə sarıyıb buraxmaqla hasil ola bilməz.

Dini və milli ehtiyaclarımız təsəvvür olunduğundan daha ciddi, dərdlərimiz güman olunduğundan daha dərin və daha süznakdır. Milli cərihələrimiz bu kibi şübhəli məlhəmlərlə sağalacaq bir halda degildir.

Kurslardaki təlim dili həqqində möhtərəm arkadaşımız Ömər Faiq əfəndi “Açıq söz”ün 144-cü sayısında qayət həqli olaraq öz rəylərini bəyan buyurmuşlardır. Əsasən Faiq Əfəndi ilə fikirdə bir olduğumuz şübhəsizdir.

Gələcək məqaləmizdə Faiq Əfəndinin çox münasib bir zamanda qaldırdığı bu məsələ həqqindəki fikri və mütaliəmizi də təfsilən izahə səy edəcəgiz!

 

VII

 

Rudolf cənablarının islah olunacaq məktəb və mədrəsələrimiz üçün nümunə olmaq üzrə vücuda gətirmək istədikləri “Əli və Ömər” məktəblərində qəbul etdikləri oxu dillərinə tənqid gözü ilə baxılarsa, o zaman görülür ki, yalnız Dağıstan müsəlmanları degil, Azərbaycan – türkləri də doğma ana dillərindən mümkün olduqca uzaqlaşdırılmaq istənilir.

Məlum olduğu üzrə, dünyanın bütün millətləri və Rusiyada yaşayan bilcümlə qovmlər kibi biz də, biz türk-tatar milləti də öz məktəbimizə, milli məktəbə malik olmaq istiyoruz. Milli məktəb deyincə, əlbəttə, oradaki oxu və oxutuluşun türkcə olduğunu, olması lazım gəldigini təsəvvür ediyoruz. Biz istiyoruz ki, sırf türk-tatar qovmlərinə məxsus olmaq üzrə açılan məktəblərdəki bütün dərslər türkcə – ana dilincə olsun. Bunu söylərkən tarix, coğrafiya, hesab dərsi ilə bərabər şəriət dərsinin də türkcə oxutdurulmasını əlbəttə qəsd ediyoruz. Ruscayi, rus tarix, ədəbiyyatını, rus əruz və lisaniyatını bir dərs olaraq rusca ögrənmək, rusca oxumaq və oxutmaq tərəfdarıyız.

Bunu nə üçün tələb ediyoruz? Əcəba, bu həvəsimizdən çıxma bir kapriz (naz)mıdır? Əlbəttə, yox, bu imperialist olmayıb da göygün altında hər bir şəxsə və şəxsiyyəti-camiyyə təşkil edən hər bir millətə öz kötügü, öz ruhu, öz adət və əxlaqı üzərində gögərib ürümək həqqini təslim edən hər mənsəfin böyük övladi-bəşər üçün istədigi bir həqdir. Daha ziyadə: bu hər növ siyasət təsirindən xaric saf bir fənn təşkil edən pedaqocinin dəxi caiz gördigi və tələb elədigi bir şeydir.

Fəqət mövzuyi-bəhsimiz olan layihə nə yukarıda olunan insafi, nə də hökmü məlum və aşkar olan tərbiyə və təlim üsulunu iqtizasını düşünüyor. O yalnız əsrlərdən bəri tətbiq oluna gələn məarif siyasətini dəvam etdirərək milləti-məhkumənin mənafeini hər növlə olsa da, tərvic elədigi “fikri-səltənət”ə fəda etmək surətilə hərəkət ediyor. Bunun üçün də türk-müsəlmanlara məxsus vücudə gətirmək istədigi xüsusi bir məktəbin vücudini üç yerə bölür: rusca, ərəbcə və türkcə.

Ümumi dərslərin hamısı rusca oxudulacaq. Şəriət dərsi ilə şəriətə mənsub olan elmlərin hamısı ərəbcə oxudulacaq. Türklərə molla və müəllim hazırlayacaq olan bu məktəbdə isə türkcə yalnız bir dərs kibi oxudulacaq. Realni ilə gimnaziyalarda fransızca, yaxud nemescə oxudulan kibi.

Varsın ruscadan başqa bütün ümumi dərslərin dəxi türkcə oxutdurulması hələlik məhal bir arzu olsun. Şəriətin ərəbcə oxutdurulmasına nə deyəlim. Əcəba, şəriət dərsi türkcə oxutduruluyorsa, “fikri-səltənət”ə zidd bir hərəkətmi görülmüş olur?

Bir takım ayin duaları ərəbcə əzbərlətdirilməsinə, əlbəttə, kimsə bir söz deyəməz. Madam ki, məktəb proqramında ərəbcənin oxutdurulması dəxi vardır. Ərəbcə olan mərasimi-diniyyə ilə duaları xüsusi surətdə ögrətməgə bir o qədər ehtiyac da qalmıyor. Yalnız məsəla-fiqh, kəlam, təvsir kibi elmlərin haman ərəbcə oxutdurulmasında nə kibi bir hikmət ola bilər? Bu dərsləri ərəbcə oxutdurub da türklərə türkcə dağıstanlılara isə rusca tərcümə etməkdənsə, haman birdəfəlik türkcə ögrətmək mümkün və lazımdır.

Türk amali-milliyyəsi Quranın, əhadis kitablarının, risaleyi-əməliyyələrin, xülasə, dinə aid bütün təlimat kitablarının, hətta, xütbələrin belə milliləşməsini, türkcə olmasını arzu etməkdə ikən, bu arzu və amaldan və ondaki elmi və dini faidədən ğəflət edərək şəriətə aid dərslərin də ərəbcə oxutdurulması cəhətinə getmək, amali-milliyyəmizi anlamamaq və yainki zorlamaq deməkdir.

Popeçitel cənablarının iddiasına görə Şeyxülislam həzrətlərilə Müfti əfəndi həzrətləri dəxi bu layihədə göstərilən islahati-əsası ilə əsasən razılıqlarını vermişlərdir. Demək ki, şəriət dərslərinin bilaistisna ərəbcə oxutdurulması maddəsini də təsdiq etmişlərdir.

Eşitdigimizə görə, Şeyx ilə Müfti həzrətləri sözdə əsasən müvafiqət etdikləri mətləb ilə ağ kağız üzərinə qara həriflərlə təsbit olunan müdiriyyət layihəsi arasında böyük bir fərq görüyorlarmış. Hətta, bu xüsusda canişin dəftərxanəsinin belə nəzəri-diqqətini cəlb etdirmək üçün təşəbbüsdə dəxi bulunmuşlar imiş. Tutduqları mövqeyin şan və heysiyyətilə mütənasib hüquqsuzluğuna nəzərən şeyxlik ilə müftiligin bu kibi rəsmi layihələri təsdiq edəcəklərinə ehtimal gedə bilir.

Fəqət bununla bərabər bu qədər “ağ” bir surətdə tərtib verilən layihəyə Şeyx ilə Müftinin “əğfal olunmadan” razılıq vermiş olduqlarına dəxi könül inanmaq istəmiyor.

Əcəba, Şeyx ilə Müfti şəriətə aid dərslərin ərəbcə oxutdurulmasına nə nəzərlə baxıyorlar. Bu dərslərin türkcə oxutdurulmasında şəri bir mane görüyorlarmı?

Hər nədən bəhs olunsa da, burada şəri maneədən bəhsə yer olmasa gərək. Çünki məqsəd qəvaidi-fiqhiyyəyi ögrənməkdir. Hanki dildə olsa da, ögrənmək olar. Elmi-kəlam bir nov islam fəlsəfəsidir. Fəlsəfənin mütləqa ərəbcə oxunması fərz degildir, təfsir haman ərəbcə oxunsun – deyə bir hökm yoxdur. Farsca, türkcə təfsirlər vardır. Tarixi-islami, kəza ərəbcə ögrənmək kimsəyə vacib degildir.

Qonşularımız gürcülərdə bir “kəlisa müxtariyyəti” məsələsi var. Bu məsələnin ümdə mətləbi haman kəlisa məktəblərində dinə aid olan dərslərin gürcücə ögrənilməsini tələb etməkdən ibarətdir. Qonşularımızın az qala fəsxinə müvafiq olduqları bir üsuli neçün tazədən bizə tətbiq etmək istəmiyorlar?...

Deyəlim ki, müdiriyyət rus dilinin mərvici, onun hamisi və rus məarif siyasətinin bu günki gündə icra olunan şəklinin nümayəndəsidir. Ona görə də yazdığı layihəsində ruscaya ayırdığı mövqei zəiflədə bilməz idi. Fəqət bu ərəbpərəstliginə nə ad verəlim?

Burada bir az diqqət olursa, incə bir siyasət işlənmiş olduğu gözə çarpmaya bilməz, burada bizə öylə gəliyor ki, ərəbcəyə dostluqdan ziyadə tərkcəyə qarşı yumuşaq deyəlim, iltifatsızlıq vardır. Bundan başqa bu xüsus “zəbani-zəban ərəbəst” xəyalında bulunub da dini bir lisan olduğu üçün onu təqdis edən “mütəəssib”lərə icrai-təsir etmək kibi elmi-ruh üstəligi də işə verilmişdir.

Vaxtilə Qafqasiya şəhərlərindən birisinə xəlqin adət və əxlaqına bələd bir polismeystir təyin olunuyor. Onlar həqqində tədqiqatda bulunuyor. Bu polismeystir şəhərdəki axund otaqlarını gəziyor. Baxıyor ki, otaqların əksərində Firdovsinin “Şahnamə”sini oxuyurlar. Haman əmr edir ki, bundan sonra “Şahnamə” oxumaq yasaqdır. Gərək otaqlarda Seyid-əl-şühəda ileyhüssəlamın zikri-müsibəti söylənsin. Əlbəttə, daha dindar və mütəəssib olanlar üçün polismeysterin bu əmri adəta bir nemət oluyor. Kəndisinə təşəkkür edirlər. Fəqət  müdəqqiqlər bilər ki, “Şahnamə” ilə mərsiyədəki təfavüt nədir?

Dağıstanlıları türklərin nüfuzundan saxlatmaq və onları “türkləşdirməkdən” uzaqlaşdırmaq politikasında Rudolf cənabları qəribəliklər göstərəcək qədər iləriliyorlar. “Əli və Ömər” məktəblərinə daxil olan qeyri türk (yəni dağılstanlı) müsəlmanlara şəriət dərsi türkcə degil rusca tərcümə olunacaq. Bu şübhəsiz ki, bir qəriybədir, “kuryoz”dur. Təsəvvür ediniz. Müəllim “fiqh”dən bir mətləbi ərəbcə söyləyəcək (klasdaki məsəla 40 tələbədən 30-u türk deyəlim – 10-u da ləzgi, asetin və çeçendir) sonra dönüb bunu türkcəyə tərcümə edəcək, bir də dönüb rusca çevirəcək. Bunun üçün əvvəla bir müəllim tapmaq lazım gələcək ki, ümumi şəriyyədən kamil olsun, eyni zamanda da ərəbcə, türkcə və ruscayi gözəl surətdə bilsin.

VI məqaləmizdə ümumi-şəriyyənin tədrisi üçün bir il vəqt təyin olunmuş olduğunu tədqiq etmişdik. Əgər bu dərslərin bir dəfə türkcə, bir dəfə də ruscaya tərcümə ediləcək olduğunu dəxi zesabə qoyarsaq, o zaman bu bir işi üç dəfə azaltmaq lazım gələcək ki, 4 ay edər.

Kəndlərində olarkən biri-birini anlamaq üçün türkcə söyləşmiş olan “Əli və Ömər” məktəbinə şagird olmuş dağıstanlıları bütün bu “kuryoz” (əcibə-qəribə)lara təhəmmül etmək surətilə olsa da türkcədən uzaqlaşdırmaqdaki bu israrə əcəba səbəb nə?

Səbəb nədir? Bilmiyoruz. Fəqət bu qədər deyə biləriz ki, bu suala veriləcək cavab “pedaqoci”dən degil, “politika”dan gözlənməlidir.

Fəqət müsəlmanlara, türklərə məxsus mollalar və mütəəllimlər hazırlamaq üçün vücudə gətirilmək istənilən oxu yurdlarında politikadan ziyadə tərbiyə və təlim üsuluna rəayət olunseydi, daha müvafiq olur, müsəlmanları daha ziyadə razı və məmnun edərdi.

 

VIII

 

Oxucular bilirlər ki, Qafqasiya canişini şurasında müsəlmanlara məxsus açılacaq mədrəsə məsələsi müzakirə olunacaq “Əli” və “Ömər” məktəblərinin “mədrəsə”yə dəgişməsi xüsusunda məarif müdiri Rudolf tərəfindən təklif olunan “layihə”yə baxılacaq idi.

Müsəlmanlardan ötrü çox mühüm olan bu məsələnin canişin şurasınca baxılmasının təxir etdirilməsi üçün bəzi möhtərəm zəvat tərəfindən təşəbbüs edilmiş, istənilmişdi ki, bu xüsusda əvvəlcə xüsusi bir məarif şurası dəvət olunsun. Bu şurada müsəlman cəmaətinin fikri dəxi sorulsun.

canişin həzrətləri vaqe olan bu istidani lütfən qəbul eləmiş və dəftərxanə yanında böylə bir “məarif şurası”nin çağrılmasını əmr eləmişdi.

Bu şuranın çağırılması daha əvvəl müqərrər ikən oraya zemstvo şurası girmiş, bu məsələ təxir etdirilmişdi.

Rudolf cənablarının yuxarıda adı çəkilən layihəsindən “Açıq söz” oxucuları əvvəlcə möhtərəm arkadaşımız Ömər Faiq Əfəndinin qismən dünya üzü görməyən məqalələrindən xəbərdar, sonra da məzkur layihənin səhifələrimiz vasitəsilə nəşr olunan tərcüməsi ilə aşina olmuşlardı.

Məzkur layihənin mühüm nöqtə və nüktələrini tərcümə etdikdən sonra “Məktəb və mədrəsə” övzusunda yazdığımız məqalələrdə cəhr və tənqid eləmişdik.

“Məktəb və mədrəsə” məqalələri* Rudolfun nəzəriyyələrini, suyi-zənn və qəsdlərini və müsəlmanlara molla və müəllim yetisdirmək üçün təklif elədigi həyatdan uzaq naqis və müsbət olmayan təkliflərini cəhr və rədd etmək etibarilə bitmişdi.

Fəqət mülumdur ki, “abbasını bəgənməyən baş şahı çıxardar”. Rudolf deyən heç... bəs nə lazımdır?

İştə, “Məktəb və mədrəsə” silsilə məqalatı bu “bəs nə? “yə cavab verməmişdi.

* (133, 134, 135, 138, 143, 147 və 150 nömrəli “Açıq söz”lərə müraciət oluna)

“Məarif şurası”nın iyunun 10-na təyini münasibətilə biz də natamam qalmış bu mövzumuza övtəd edəlim:

Rudolf cənablarının istinadlarını cəhr və vüqufsuzca, deyəlim, vaqe olan təkliflərini rədd etdigimiz əsnada isbat elədigimiz əsaslar, nəql elədigimiz nəzəriyyələr və tərcüman olduğumuz fikirlərdən anlaşılırdı ki, məktəb ilə mədrəsələrini müsəlmanlar haman milli bir hüquq və imtiyaz kibi əzizləyib var qüvvələri ilə onların milli və doğma qalmalarına səy edəcəklərdir.

Bunu üçün də gərək məktəblərdə və gərək mərəsələrdə tədrisat əsasən türkcə olmalıdır. Türkcənin özünə olduqca böyük bir əhəmiyyət verilməklə bərabər bütün dərslər də türkcə oxunmalıdır. Rusca, farsca və ərəbcə isə ayrı dərs alaraq oxutdurulmalıdır.

Gərək məktəblərin və gərək mədrəsələrin idarəsi cəhətinə gəldikdə başqa dürlü düşüncə və təsəvvürə qətiyyən meydan vermək millətin həqiqi mənfəətlərinə müvafiq gəlməz. Bu kibi məktəblərin hər bir idarəsi idareyi-ruhaniyyələrə aid olmalıdır. Rudolf tərəfindən təklif olunduğu kibi məarif nəzarəti müdaxiləsinə qətiyyən ehtiyac yoxdur. Bu vəqtə qədər dəvam edən imtiyaz bizi böylə bir nəzarətdən müstəğni ediyor. Öz əlimizlə bu istiqlalımızdan əl çəkməmiz zərərdən başqa heç bir faidə təsəvvür oluna bilməz.

Bittəb məarif nəzarətinin tabeətindən kənar olsun deməklə, biz məktəb və mədrəsələrin tamamilə hökumət nəzarətindən azad qalmasını istəmiyoruz. canişin dəftərxanəsinin həqqi-təftişi var və bu həqqindən hər zaman istifadə edəcəkdir. Demək idareyi-ruhaniyyə idarəsində olacaq məktəb və mədrəsələrimiz bu vəqtə qədər olduğu kibi yenə daxiliyyə nəzarətinin nəzarətində olacaq.

Böylə sırf milli və müstəqil bir məktəb və mədrəsələr məxaricini şübhəsiz ki, milli mənbələrdən ödəmək lazım gələcək. Bunun üçün də movqufatımızdan istifadə olunmalı, mövqufat yetişməzsə, ianələrə müraciət olunmalıdır. Qafqasiyanın hər tərəfində mövcud olub da idarəsiz və atil bir halda qalan mövquflarımız intizamə salınırsa, bunlardan hasil olan gəlirlə az iş görmək olmaz.

Yuxarıda vəz etdigimiz əsaslar cəsarətlə deyə biləriz ki, bütün Rusiya müsəlmanlarının bəslədigi amalə müvafiqdir. Hankı bir idraklı Rusiya türkünü alsanız, o, millətinin, mədəniyyətinin və dininin xaric təsirlərdən azad qalıb əsli bir surətdə nəşvü-nüma tapması üçün yuxarıdaki əsasların bir an əvvəl vücudə gəlməsini arzu edər.

Son illərdəki həyat tədqiq olunarsa, görülər ki, məktəb və mədrəsə hər tərəfdə müsəlmanların fikir və zehinlərini məşğul ediyor.

Volqa Boyunda, Krımda, Qafqasiyada ayrı-ayrı və Ümumrusiya müsəlmanlarına məxsus qurulan yığınlarda isə biryerdə verilən qərarlar, söylənilən sözlər, az-çox bir təfavütlə haman məktəblərlə mədrəsələri milli və müasir bir bina üzərinə dikəltdirə bilməgə həsr olunmuşdur.

İki gün əvvəl çıxan qəzetimizdə məarif şurasına gedəcək Gəncəli nümayəndələrimizdən möhtərəm Nəsib bəy Əfəndinin nəzriyyəsi nəql olunmuşdu. Haman sayı da yenə məktəb məsələsinə aid olmaq üzrə Orenburqlu müsəlmanların fikirləri dərc edilmişdi.

Gəncədən Tiflis məarif şurasına gedəcək bir nümayəndə ilə Ufa zemstvosu tərəfindən qurulacaq məarif şurasına gedəcək müsəlman nümayəndələrin məktəb proqramı həqqindəki təsəvvürləri haman demək olar ki bəndənizin eynidir. Keçəndə məktəb və mədrəsələri islah üçün toplanan naqis bir məşvərət məclisi vasitəsilə Krımdan yüksələn səslər dəxi bu mərami anlatmaq istiyolardı.

Müharibədən əvvəl idarəyi-ruhaniyyələr həqqində mövcud olan qərardadların vüzarətcə dəgişdiriləcəgi xəbəri çıxmışdı. O zaman müsəlmanlar dini və milli həyatlarına təəllüq edən bu məsələdə kəndi mülahizə və tələblərini müəyyən bir şəklə qoyub da, hökumətə bildirmək üçün Petroqrada bir yığın dəvət etdilər. Bu yığına Rusiyanın hər tərəfindən nümayəndələr yığışdı. Gələnlər arasında üləma və əhli-məarifdən olmaq üzrə millətin hər bir sinif və təbəqəsinə mənsub adamlar var idi, iştə bu yığında alınan qərar və bu qərar üzərinə mədrəsiyə-ruhaniyyələr üçün yazılan “nümunəlik proqram” dəxi yuxarıdaki məruzatımızı təsdiq ediyorlar.

İyunun 10-da yığışacaq məarif şurasında Rudolfun təklifini qətiyyən rədd edəcək olan müsəlman nümayəndələrə:

– Öylə isə, istədiginiz nədir? – deyə soracaq olarlarsa, onlar ehtimal ki, proqram olmaq üzrə fövqəlzikr “nümunəlik müsəlman mədrəsələrinin proqramı”nı nişan verəcəklərdir.

Məzkur proqramda əsasən iştirak edilmiyəcək nöqtələr azdır. Ehtimal ki, bu nümunəlik proqramın pedoqoci və məktəblərin ehtiyacati-həyatiyyə ilə daha münasibətdar olmaları nöqteyi-nəzərindən bəzi artırma və əksiltmələrə də ehtiyacı var.

Sonra proqram məsələsindən əlavə açılacaq mədrəsənin nizamnaməsi, təşkilati, hüquq və imtiyazati də vardır ki, o da proqram qədər mühümdür.

Bunları da ayrıca təhlil edəlim!

 

IX

 

Bu dəfə “nümunəlik proqram” ilə bina olunacaq mədrəsənin arzu olunan nizamnaməsindən bəhs edəcəkdik. Fəqət bunların cüziyyatını araşdırmaqdan əvvəl məsələnin tazə bir cəhətindən bəhs edəlim.

Xüsusi surətdə dəxi eşitmişdik “Kaspi” qəzetinin yazdığından da anlaşıldı ki, məşhur layihəsinin qəbul ediləməyəcəgini duymuş olan Rudolf cənabları məarif şurasına vermək üçün yeni bir tədbir düşünmüş. Bu tədbir mədrəsə məsələsindən sərfi-nəzər edib də şəriət müəllimləri yetirmək üçün üç illik xüsusi bir kurs təsisindən ibarət imiş.

Bu nəqşə də tutmayacaq. Çünki Qafqasiya müsəlmanlığının istədigi şey qətiyyən şəriət müəllimi hazırlayacaq bir kurs degildir. Xəlqin həqiqi müəllimlərə, yararlı mollalara ehtiyacı vardır. Çalışdığımız, istədigimiz mədrəsədir. Bir mədrəsədir ki, orada milli tədrisat olsun. Bir mədrəsədir ki, orada oxuyanlardan istəyənləri müəllim, istəyənləri molla çıxa bilsin. Bir mədrəsədir ki, məktəbləri milli ruhda, mədəni rəvişdə, əsrə müvafiq mənada idarə edə biləcək xadimlər yetirə bilsin. Bir mədrəsədir ki, dinin qüdsiyyətinə, adati-milliyyənin izzətinə, xəlq və cəmaətimizin məişətinə, əsr və zamanın iqtizasına aşina cəmaət mollası, xəlq rəhbərləri yetişdirsin.

Bu isə, nə 5 illik ali ibtidai şkolalardan çıxanların əmmamələşdirilmələri və nə də üç illik şəriət müəllimi kursunu bitirənlərin tədrisləri ilə hasil olur.

Məarif şurasına yığışacaq nümayəndələrimiz əlbəttə ki məsələnin bu cəhətini yaddan çıxarmayacaq və şübhəsiz ki, əfkari-ammənin böyük bir arzu olaraq bəslədigi mətləbi açıqcasına söyləməkdən çəkinməyəcəklərdir.

Bundan başqa diqqət olunacaq başqa bir məsələ də vardır. Deyirlər ki, guya şurada ancaq Rudolfun təklifi mübahisə olunacaq və danışıqların dairəsi bunula hüdudlanacaqdır.

Məsələnin bu şəkilə qoyulacağı – doğru isə – çox qəribdir, tutalım ki, gəldilər, Rudolf deyəni bəgənmədilər. Həm bəgənməyəcəklər də. Çünki Rudolf deyən bizim bildiklərimizsə, onu müsəlman nümayəndələrindən kimsə bəgənmək cəsarətində və yaxud əvamlığında buluna bilməz. Bir təklif bəgənilmədigi təqdirdə təbiidir ki, ona müqabil başqa bir təklif meydana qoyulmalıdır.

Əqli-səlimin böylə müsəlləm və aşkar bir məntiqinə qarşı çıxan bu mülahizənin əsassız olacağını düşünəlim. Çünki özgə cür olacağının təsviri belə məhaldır

 

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2012.- 15 iyun.- S.26-27.