Məti
OSMANOĞLU
Taleh Həmid – 60
Taleh və tale.
Köhnə dostum Taleh Həmidin şeirləri,
ümumən yaradıcılığı və həyat yolu
haqqında fikirləşəndə düşüncəmdə
yaranan ilk assosiasiya bu olur və içimdə bir təhrik
yaranır: Talehin şeirlərini tale işığına tutmaq,
yazılarında onun, eləcə də bizim – dünyanın
tozlu yolları boyunca yarım əsrdən artıq ayaq
döyüb, yaşı 60-ı haqlamış nəslin bəxtinə
düşən, qədərinə çevrilən taleyin izlərini
axtarmaq, əks-sədasını soraqlamaq... Ancaq Talehin
ömür yolu o qədər eniş-yoxuşlarla, sərt
sınaqlarla, eləcə də işıqla və enerji ilə
doludur ki, onun tale-qədər yazısını ümumiləşdirmək,
başqaları ilə ortaqlaşdırmaq çox çətin
görünür. Talehin ömür yoluna güzgü tutan
yaradıcılığında, ədəbiyyatşünaslıq
dili ilə desək, “tipik obraz” axtarıb tapmaq çox çətindir.
Ürəyim dolub gəlmişəm,
Yaman çağlamağım gəlir.
Yazın bu xoş vədəsində
Bir az ağlamağım gəlir,
Qulağını tut, bənövşə...
Həyatının uc nöqtəsində, ömrün
başlanğıcında Talehin taleyinə düşən
ağır yük onun şeirində belə çiçəkləmişdi.
Bu şeir yazın bir xoş vədəsində ata məzarının
üstündə bitmiş, kövrək qanadlı, zərif ləçəkli
boynubükük bənövşə ilə səmimi ürək
söhbəti, daxili monoloqdur. Əslində, bu mənzərə
atasını çox erkən itirmiş Talehin öz
uşaqlıq və ilkin gənclik obrazıdır: məzar
daşının yanında bitən kövrək bənövşə...
Həmin bənövşə xeyli sonra Talehin şeirində
yenidən canlanacaqdı, “Qardaşım Malikə ikinci məktub”
adlı şeirində:
O yaz ağzı, yaz vədəsi
Şimşək işıqları,
İldırım səsi
Bəlkə yadımızdan
çıxıb gedərdi,
Atamın qəbrinə söykənib bitən,
Kolların gözündən
yayınıb itən
Bənövşəni görməsəydik...
Daha sonra isə həmin bənövşə
neçə-neçə ağır daş yanında bir daha
açacaqdı: varlığı dadlıdan-dadlı, itkisi
acıdan-acı övlad daşının, istəklidən-istəkli,
həssas ürəyi tez yanıb kül olan qardaş
daşının, əzizdən-əziz yaxınların, doğmaların daşının
yanında...
Talehin ilk şeirlərində – həm
birbaşa ata xatirəsinə həsr olunmuş
yazılarında, həm də ümumiyyətlə
yaradıcılıq baxışında ən böyük
tale izi ata itkisidir. Lakin Taleh bu itkini şeirlərində faciələşdirməmişdir:
onun şeirlərinə (eləcə də bir insan kimi
xarakterinə!) yetimlik psixologiyası yad olmuşdur. Heç
şübhəsiz ki, bu onun bir şair kimi təyinatından,
söz adamı kimliyindən irəli gəlir və burada hər
hansı ideoloji səbəb axtarmaq mənasızlıq olardı.
Diqqətlə nəzər salanda görürük ki, taleyin amansız sərtliyinə
baxmayaraq, tragizm, bədbinlik Talehin
yaradıcılığına nüfuz edə bilməyib.
Taleh sanki ədəbiyyata həyatdan ilham almaq, həyatı
sevmək və sevdirmək, həyatın gözəlliklərini
tərənnüm etmək üçün gəlib və bu
enerji indi, ömrün altmış ilini arxada qoyandan, zalım
zamanın çox ağır yüklərinə çiyin
verəndən sonra da onun yaradıcılığında lap
aydın görünür, bütün cizgiləri və
relyefləri ilə qabarıq nəzərə çarpır.
Talehin ilk şeirlərində
atasızlığın ağrısı, yetimlik, çarəsizlik
tragizmindən əsər-əlamət yoxdur. Böyük səmimiyyətlə
yazılmış bu şeirlərdə ata sevgisinin ifadəsi daş
yanında bitən zərif bənövşə, vaxtsız
quruyan ağaclar, sərt əsən acı payız
sazağı, kəndin üstünə ruh kimi enən
qürub, üfüqlərdə ümid kimi baş qaldıran
dan yeri, dan üzünün şehindən kövrəlib
ağlayan daş şəklində sıraya
düzülür, tale daşıyıcısına
çevrilir və ən maraqlı cəhət də budur ki,
oxucuda həyat sevgisi yaratmağa xidmət edir. Vaxtilə ata əlinin
hərarəti ilə həyat tapmış, bu hərarət
üstündən çəkiləndən sonra isə
qurumuş ağaclar övladın qəlbində ata abidəsinə
çevrilir:
Günlərimi, aylarımı
ölçürlər
Yarpaq-yarpaq, budaq-budaq quruyub
Bu dünyadan köç etdikcə.
Gözlərimə köçürlər
Atamın özü kimi –
Atam əkən ağaclar...
Taleh ərköyün sevgiyə əlvida
deyəndə də, qırx yaşa çatmış
ömrün günahlarını etiraf edəndə də,
yaş artdıqca adamı özündən geri itələyən
güzgü ilə xəyali söhbətində də...
ayrı-ayrı detallarda, həyat lövhələrində
müxtəlif duyğuları qələmə almış,
dramatik əhval-ruhiyyə anlarını
canlandırmış, lakin onların heç birində həyatı,
dünyanı qaraya boyayıb faciələşdirməmişdir.
Onun şeirlərində həyatı yaz qabağı yenidən
dirçəlməyə hazırlaşan bir varlıq kimi
görüb təqdim və tərənnüm etmək, eləcə
də bəzən müvazinəti pozulan dünyanın nizam və
ahəngini qoruyub saxlamaq duyğusu üstünlük təşkil
edir:
Yaz qabağı budaqlara dəyməyin,
İlmələri, naxışları
sökülər.
Qanı qalar əlinizdə güllərin
Günah olub ovcunuza tökülər.
Gül sevgisi ilə bəlkə lazım
olduğundan da artıq yüklü olan Azərbaycan ədəbiyyatında
Talehin bizə təqdim etdiyi üstü gül dolu
budağın təravəti və kövrəkliyi
böyük rəssam həssaslığı ilə rəsm
olunur: Səttar Bəhlulzadənin heyva çiçəkləri
natürmortuna bənzəyən çiçəkləmiş
budağa ehtiyatsız toxunsan, onun üstündəki
çiçəklər vaxtsız tökülə bilər.
İnsanın əli ilə çiçəyin təbii
nizamına müdaxilə etmək, gülün könlünə
toxunmaq şairin nəzərində qana batmaq, qətl törətmək
qədər ağır günahdır və şair o güllərin
budaqdan qopmasına qıymır, şeirin insan qəlbinin dərinliklərinə
işləyən sirli dili ilə haray salıb xəbərdarlıq
edir. Ömrümüz boyu görüb gözəlliyinin və
incəliyinin fərqinə varmadığımız bir detal
şeirin dilində yeni görüntü və gözlənilməz
məna qazanır. Onu da xatırlatmağın yeri var ki, dahi
Füzuli Leylinin faciəsinin qönçə ikən
içi qanla dolmuş, qanlı ağzını aça bilməyən,
sözünü demək imkanından məhrum olan zərif
gül qönçəsinə bənzətmişdi:
Qönçə kimiyəm məni-pərişan,
Ağzım tutulu, içim dolu qan...
Dahi kədər şairi Füzulinin bu
beyti ilə müqayisədə Talehin şair təyinatı
daha aydın görünməkdədir: Füzuli
üçün açılmamış gül qönçəsi
Leylinin taleyinin tragizmini əyaniləşdirir, gözlə
görünən edir, Taleh isə insanları o gülə
toxunmamağa çağırır, bununla poetik
anlayışlar kontekstində “qətlin törədilməsinin”, faciənin baş verməsinin
qarşısını almağa can atır.
Talehin şeirlərinə
üstünlük gətirən, ona fərqli sənətkarlıq
enerjisi verən mühüm cəhətlərdən biri
şairin duyduqlarını görüntüyə – əyani
poetik lövhələrə çevirməyə
çalışmasındadır. O, sözlə rəsm çəkməyin,
duyğunun şəklini canlandırmağın mümkünlüyünün
fərqindədir: “Şairin fırçası
misralarıdır, dərdimin şəklini çəkə
bilmirəm”, – deyir. Şairliyin, yəqin ki, ən mühüm
şərtlərindən biri də elə budur: duyğu
haqqında informasiya vermək yox, duyğunun tamamlanmış
obrazını təqdim etmək, şairin fərdi duyğular
dünyası ilə oxucu dünyası arasında
körpü yaratmaq. Bu körpünün üstündə
dayanıb, onun altı ilə axan çayın – şair
ömrünün axışını seyr edəndə
maraqlı bir mənzərənin şahidi oluruq. Şairin
ürəyində duyğunu yaradan səbəbin necə
ağır, nə qədər ölçüdən kənar
olmasına baxmayaraq, onun “sözlə çəkdiyi şəkil”,
oxucuya təqdim etdiyi bədii lövhə həyatla doludur.
Çay öz axını boyunca ətrafına həyat
verdiyi, məcrasının yaxası uzunu yaşıl vadi
yaratdığı kimi, Talehin ömrünün şeirlərə
çevrilmiş axını da içi müsbət enerji ilə
dolu poetik rənglər aləmini yaradır. Talehin
dünyanın gərdişindən küskünlük yarada
biləcək mövzularda qələmə aldığı
şeirləri belə insanı yurd sevgisi, torpaq eşqi ilə
bir daha dünyaya, çay kimi durmadan axıb gedən
zamanın yaratdığı yaşıl vadiyə bağlayır.
Talehin yaradıcılığında həyatda itirdiyi
doğmalar həyatdan biryolluq getmir, insanın içinə
dolan qəfil bir şeir coşqusu kimi, çin çıxan
və çin çıxmayan yuxu kimi, bir yerdə qərar
tutmayan xəyal kimi daim yenidən qayıdır. Şair bunu
şeiri dramatikləşdirmək naminə yazmır, bu, onun
şeir dünyasının stixiyasından gəlir:
Ay aman, içimdə şeirlər
ölür,
Ölür doğmalarım
öldüyü kimi.
Ay aman, yuxuma şeirlər gəlir,
Gəlir doğmalarım gəldiyi kimi...
Talehin taleyində və şeirlərində,
bir insan kimi qədərində dərin izi qalan daha bir hadisə
övlad itkisi olmuşdur. Həyatla
çox erkən vidalaşmış övlad xatirəsinə
həsr olunmuş şeirlərdə də Talehin taledən
uca dayandığını
görürük və mən bunu şair dostumun daxili
gücünün və ləyaqətinin təntənəsi
kimi qiymətləndirirəm. Taleh şeirlərində “dərdi
dərdlə yumağa” çalışmadı, öz
övladının lap başlanğıcda bənövşə
qanadı kimi qırılan kövrək ömrünün,
arzularının davamını onun yaşıdlarında, həyata
yeni qədəm qoyan gənclərdə görməyə
çalışdı və gördü. Taleh dərdin
önünə sevgi və ümid qoymağı bacardı.
“Çiçəklər də ölürlər” adlı
şeir şairin həyatdan nakam köçmüş
qızının – Sevincin sinif yoldaşlarının orta məktəbi
qurtarmasına həsr olunub:
Bu gün sinif dostlarının
Son zəngidir,
Bu gün onlar uçurlar
Həyatın qucağına.
Hərə bir üz tutacaq
Hardasa ocağına –
Ev-eşik olacaqlar.
Yurd-yuva quracaqlar.
İsti olsun deyirəm
İndidən bu yuvalar
Nə qasırğa, nə külək
Olmasın qismətləri...
Ölümlə üz-üzə gələndə,
həyat uğrunda döyüşəndə belə, Taleh
öz müdrikliyini və həyat sevgisini, həyatda qalan insanların
taleyi sarıdan keçirdiyi nigaranlığını itirməmişdir.
Taleh üçün hətta həyatın son ucu, axır
nöqtəsi olan ölüm ayağında belə “həyat
şirin, ömür gözəl...” olmuşdur. Şairin
öz varlığının davamı olan oğlu Cəlala
yazdığı məktublar, bu baxımdan, ibrətamiz məna
daşıyır: “Ölümdən
qorxmurdum və indi də qorxmuram. Çünki ölüm də
Tanrının məsləhətlərindən biridir. Amma sənin
taleyindən nigaran idim. İndi də nigaranam. O vaxtlar sənin
on beş yaşın tamam olurdu. Mən də nə qədər
xəstə olsam da, özümdə güc tapıb sənə
bir şeir yaza bilmişdim.
Həyat şirin, ömür gözəl əzəldən,
Bil qədrini ötüb keçən hər
anın.
Yorulma arzudan, işdən, əməldən,
Tut nəbzini bəri başdan
dünyanın...
Dünya mərdlik dünyasıdı,
bilginən,
Ağac əkən öz barını
görəcək.
Ağlayanın göz yaşını silginən,
Tanrı bir gün əvəzini verəcək”.
Mən bu yubiley qeydlərini hazırlayarkən
şairin dördcildlik əsərlərini vərəqləyirəm:
bir hissəsi hələ gəncliyimizdən, tələbəlik
illərimizdən və “Ulduz” jurnalı redaksiyasında birgə
çalışdığımız vaxtdan – 1980-ci illərin
əvvəllərindən mənə yaxşı
tanış olan əsərlərini bir daha nəzərdən
keçirirəm. Poemalarını və onun yaradıcılığında
(eləcə də Azərbaycan ədəbiyyatında)
xüsusi yer tutan publisistik qeydlərini bir də oxuyuram. Məndə
bir qənaət yaranır: Taleh hansı janrda yazır-yazsın,
nəyi qələmə alır-alsın – görüb
yaşadıqlarını, təsəvvür etdiklərini bizə
“yaxşı tərəfdən” təqdim etməyə
üstünlük verir. Talehin publisistik yazıları həyatın
işıqlı tərəflərini əks etdirir. (Yeri gəlmişkən,
onun hələ “gənc şair” ikən publisistik üslubda qələmə
aldığı ilk irihəcmli poeması da
işığı yaradanlara həsr olunmuşdu: “Şəmkir
SES nəğmələri”).
Onun publisistik yazılarında və məqalələrində
yaşadığımız cəmiyyətdə hər
şeyi yüksək dəyərlərə malik bir harmoniya,
ahəng, nizam içində görmək arzusu var. Talehin
publisistika qəhrəmanlarının əksəriyyəti
işıqlı insanlardır.
Mənə elə gəlir, şairlərin,
ümumən söz adamlarının boynuna ədəbiyyatda və
cəmiyyətdə iki işi yerinə yetirmək
düşür: elə sənətkarlar var ki, onlar ədəbiyyat
tarixinin yeni mərhələsini yaradır, ədəbiyyatın
təkamül yoluna yeni yön verir, ədəbiyyatın
taleyini müəyyənləşdirirlər – Nəsimi kimi, Füzuli kimi, Vaqif
kimi, Mirzə Fətəli Axundzadə kimi, Cəlil Məmmədquluzadə
kimi, Mirzə Ələkbər Sabir kimi, Səməd Vurğun
kimi... Elə şairlər də var ki, öz talelərini, mənsub
olduqları zamanın və nəslin varlığını
obrazlaşdırıb ədəbiyyatın yaddaşına
çevirə bilirlər. Taleh Həmid bu cür şairlərdəndir.
Əlbəttə, subyektiv duyğuların
təsiri altında qələmə aldığım bu qeydlərdə
istisnalar da tapmaq mümkündür. Lakin istisnasız olan bir həqiqət
var ki, Talehin insan kimi ömrü və ömrünü əks
etdirən yaradıcılığı taledən
çox-çox ucadır.
Osmanoğlu Məti
525-ci qəzet.-
2012.- 15 iyun.- S.24.