Azər Qaraçənli: “Nə qədər yenilik meydana çıxsa da, mətbuatın rolu, nüfuzu azalan deyil”   

 

“MEDİAFORUM”DA AZƏRBAYCANIN HƏQİQİ MƏNZƏRƏSİNİN GÖRÜNMƏSİNİ, ƏSAS PROBLEMLƏRİNİN BİLİNMƏSİNİ İSTƏYİRİK”

 

MÜSAHİBİMİZ “MEDİAFORUM” XƏBƏR SAYTININ BAŞ REDAKTORU AZƏR QARAÇƏNLİDİR.

– Azər bəy,“Mediaforum” saytı hansı şəraitdə təsis edilib? Niyə məhz sayt açdınız? İnternet medianın mətbuatdan üstünlüyünü nədə hiss etdiniz? Bir qədər saytın tarixi haqqında...

– “Mediaforum” saytı İnternyus Azərbaycan İctimai Birliyinin layihəsi kimi yaranıb. Mən bu layihənin yazılmasında iştirak etməmişəm, sadəcə olaraq xarici donor – ABŞ-ın Demokratiyaya Milli Yardım Fondu layihəni bəyənəndən, yəni layihə keçəndən sonra onu icra etməyə dəvət olunmuşam.

2004-cü ilin payızı idi. İnternyus Azərbaycan İctimai Birliyinin rəhbəri İlham Səfərov mənə bildirdi ki, belə bir layihə keçib və mənə yeni yaradılacaq saytın baş redaktoru olmağı təklif etdi. Razılaşdım və işə başladıq. Əvvəlcə fikirləşdik ki, sayta nə ad qoyaq. Layihədə virtual bir media forumunun yaradılacağı göstərilmişdi.

Əvvəlcə sayta ana dilimizdə, milli ad qoymaq istədik.

Saytın ilk tərtibatı həmin adda hazırlandı. Amma sonra saytın ilk kollektivinin üzvləri olan Elcan Məmmədov və Tariyel Calallı bildirdilər ki, elə layihədə yazılan ad daha yaxşıdır. Mən bunu qəbul etdim və saytın adını “Mediaforum” qoyduq. Sayt bu adda rəsmi qeydiyyatdan keçdi. O vaxt “İnternyus”un saytı qeydiyyatdan keçirməyə gedən əməkdaşı Sergey soruşdu ki, saytı “az” domenində qeydiyyatdan keçirək, yoxsa başqa domendə? Qərara aldıq ki, milli domendə olsun. Sən demə, başqa domenlərdə heç mümkün də deyilmiş, çünki

“Mediaforum” beynəlxalq brenddir, xarici domenlərdə artıq bu adda saytlar bizə qədər qeydə alınıbmış.

 Mən bu texniki məsələləri o vaxt heç bilmirdim və indi də pis bilirəm. “Mediaforum”a gələndə internetdən istifadə etməyi təzəcə öyrənmişdim. Xəbər saytı nə deməkdir, biz bu saytı necə quracağıq kimi sualların cavabı mənə o qədər də aydın deyildi. Əslində bu cür məsələlər o vaxt çoxlarına aydın deyildi, çünki internet Azərbaycanda yenicə kütləviləşməyə başlayırdı. Ona görə də ilk vaxtlar müsahibə, məlumat almaq üçün kiməsə zəng edəndə uzun-uzadı izahat vermək lazım gəlirdi ki, “Mediaforum”, xəbər saytı nə deməkdir, həmin müsahibə, xəbər harada çıxacaq, onu necə oxumaq olar və sair. Bu iş hamı üçün, o cümlədən həmin işi həyata keçirən bizim özümüz üçün də yeni idi. Biz internet jurnalistikasının özəlliyindən xəbərsiz idik. Eləcə qərara almışdıq ki, indiyədək qəzetdə necə işləmişiksə, qəzet üçün materialları necə hazırlamışıqsa, indi də elə işləyək, elə o cür materiallar hazırlayaq, verək Sergey saytda yerləşdirsin.

Saytın tərtibatı hazır olana, texniki işlər başa çatanadək biz yaradıcı işi aparmaqdaydıq, əsasən media mövzusunda xeyli iri material – məqalə, araşdırma, analitik yazı hazırlamışdıq. 2004-cü ilin dekabr ayının 27-də materialların bir qismini saytda yerləşdirib baxdıq. Sabahısı gün – dekabrın 28-də ilk materialların yerləşdirilməsi prosesini yekunlaşdırdıq və mövcudluğumuzu, “Mediaforum.az” adlı bir saytın yarandığını internet məkanında elan etdik. Əvvəlcədən topladığımız elektron poçt ünvanlarına eyni məzmunda bir məktub göndərdik. Həmin qısa özünüreklam məktubunun mətni belə idi:

“www.mediaforum.az – açması sizdən...”

Çox qısa zamanda, bir neçə gün ərzində “Mediaforum” layihəsində çalışanlar, eləcə də mən fotoşəkilləri kəsməyi, materialları saytda yerləşdirməyi, yəni dizaynerliyi öyrəndik və daha Sergeyi narahat etməyə ehtiyac qalmadı. O, “İnternyus”un kompüter şəbəkəsinin inzibati rəhbəri idi və işi onsuz da çox idi. Materialları sayta yerləşdirməyi öyrənəndən sonra “Mediaforum”un operativliyini artırdıq və beləliklə, özümüz də hiss etmədən internet jurnalistikasının axınına düşdük, hətta deyərdim bu axını yaratdıq, onu gücləndirdik. Biz bir yandan internet jurnalistikasını öyrəndik, o biri yandan da ona öz əlavələrimizi etdik, öz internet jurnalistikamızı yaratmağa başladıq.

“Mediaforum” saytı yarananda Azərbaycanın ictimai-siyasi xəbərləri əsasən qəzetlərin internet səhifəsində və tək-tük xəbər saytında yayılırdı. Azərbaycan dilində ictimai-siyasi məzmunlu materiallar yayan internet səhifələrinin əksəri ingilis şriftləri ilə işləyirdi. Azərbaycan dilində, amma ingilis şriftləri ilə. Çünki latın qrafikalı Azərbaycan əlifbasında olan mətnlərin çoxu kompüterlərdə oxunmurdu, milli hərflərin əvəzinə kompüterlərdə yad, anlaşılmaz işarələr peyda olurdu, bu da mətnin oxunmasında çətinlik yaradırdı, oxucunu fəhmlə oxumaq məcburiyyətində qoyurdu. Buna görə saytın tərtibatını hazırlamağı mütəxəssisə sifariş verəndə biz bu məsələ üzərində də düşündük ki, görəsən, materialları saytımızda milli şriftlərlə yerləşdirək, yoxsa ingilis şriftləri ilə. Materialların ingilis şrifti ilə yerləşdirilməsi mənə həm qeyri-ciddi təsir bağışlayırdı, həm də bu bizim milli qürur hissimizə toxunurdu. Ona görə riskə getmək bahasına da olsa, tamamilə milli əlifbada, daha dəqiqi, rəsmi əlifbamızda, latın qrafikalı Azərbaycan əlifbasında fəaliyyət göstərməyi qərara aldıq. Saytda milli şriftləri oxucuların öz kompüterinə yerləşdirməsinə yardımçı olmaq üçün xüsusi link – elan da qoyduq.

İndi danışdıqca bunlar mənim yadıma bir-bir düşür. Sözsüz ki, unutduğum, bəlkə ayrı vaxt yadıma düşəcək başqa detallar da var. Bu hadisələr, məncə, həmin dövrün ab-havasını, “Mediaforum”un hansı şəraitdə yarandığını duymağa kömək edir. Eyni zamanda son bir neçə ildə Azərbaycanda internetin, xəbər saytlarının hansı mərhələni keçdiyi haqda təsəvvür yaradır. Son illərdə bizim internet haqda təsəvvürlərimiz, internetə münasibətimiz də çox dəyişib və biz bunun fəal şahidiyik.

– İnternetə münasibət deyəndə nəyi nəzərdə tutursunuz və həmin dəyişikliyin olduğuna əyani bir misal gətirə bilərsinizmi?

– 2005-ci il idi. Jurnalistikada tanış olub ailə quranlar haqqında bir material hazırlamağı qərara aldıq. Bu material üçün fotoşəkillərin olması vacib idi. Bir-iki jurnalist ailəsi razılaşdı. Amma qalanları imtina etdi. Əsas səbəb də bu oldu:

“Ayıbdır, biz şəkillərimizin internetdə yayılmasına razılaşa bilmərik”.

Hətta media adamları da interneti əsasən əxlaqsız, tərbiyəsiz, pornoqrafik materialların yayıldığı bir məkan kimi qəbul edirdi. Və onların günahı yox idi. Çünki internet həqiqətən də əsasən tərbiyəsiz, pornoqrafik materialların yayıldığı bir məkan idi. “İnternetdə çıxıb” ifadəsi ən birinci “biabır olub”, “rüsvay olub” təəssüratını yaradırdı və “internetə çıxmış” adamı izahat vermək, tərbiyəsiz bir iş görmədiyini, pis bir hadisə törətmədiyini, internetə tamamilə “ayrı cür” çıxdığını sübuta yetirmək məcburiyyətində qoyurdu. O vaxtkı yanaşma indiki təsəvvürlərlə müqayisə oluna bilməz. Bu, sözsüz ki, təkcə Azərbaycanda yox, bütün dünyada belədir. Çox şadam ki, internet məkanında “tərbiyəli” saytların sayı “tərbiyəsiz” saytların sayını üstələyib, deməli, bu məkanda tərbiyəli adamların sayı çoxalıb.

Ümumiyyətlə maarifçilik işi, mənəvi, intellektual təkamül həmişə ayıb sayılanlarla mübarizədə olmağa məhkumdur. Azərbaycanda qəzet-jurnal, teatr, qızlar məktəbi də bu sayaq stereotiplərlə mübarizədə yaranıb inkişaf edib. İndi internetə çıxmaq qızların məktəbə getməsi kimi adi bir hadisədir. Ancaq 7-8 il qabaq internetdə görünmək yüz il qabaq qızların məktəbdə oxuması kimi çətin məsələ idi. Söhbət texniki çətinlikdən yox, mənəvi-psixoloji çətinlikdən gedir. Sürət əsrində yaşadığımıza görə insanları internetə cəlb etmək qızları təhsilə cəlb etməkdən daha asan, daha tez və daha ağrısız baş verdi.

– “Mediaforum”un ən çox izləyicisi nə vaxt olub, digər informasiya agentlikləri və portallarla rəqabətə davam gətirmək üçün nə edirsiz?

– Saytın daimi oxucularının sayı indi əvvəlkindən daha çoxdur.

“Mediaforum”un oxucularının sayı az-az, amma həmişə artır.

Ölkə miqyaslı bəzi ciddi hadisələrin baş verdiyi dövrlərdə sayta daxilolmalar qəfil yüksəlir, amma sonradan auditoriya yenidən əvvəlki məcrasına qayıdır. Bununla belə, həmin auditoriyadan “Mediaforum”a nəsə qalır, bir-iki oxucu da olsa qazanırıq və daha onu heç vaxt itirmirik. Biz qazandığımız oxucunu heç vaxt itirmirik.

Rəqabətə gəlincə, bu məsələyə bizim yanaşmamız fərqlidir. Bu gün Azərbaycandakı xəbər saytlarının əksəri “Mediaforum”dan sonra yaranıb. Çalışırıq ki, onların əhatəsində özümüzü böyük kimi aparaq. Diqqətli oxucular və həmkarlarımız yaxşı bilirlər ki, biz hansısa yeni xəbər saytında bir az işıqlı cəhət görən kimi dərhal onu təbliğ etməyə, onun populyarlaşmasına yardım göstərməyə çalışırıq. Bunu müxtəlif üsullarla edirik: həmin saytın əməkdaşlarından, redaktorundan müsahibələr götürür, o sayta istinadla materiallar yayır, reklam bannerini öz saytımızda yerləşdiririk və sair. Normal xəbər saytlarının hamısı ilə tərəfdaşlıq münasibətimiz var. Başqa saytlar da bizi təbliğ edir. Yəni təkcə biz başqalarının reytinqinə yardım göstərmirik, bizim reytinqimizə yardımçı olan saytlar da var. Sağ olsunlar, onlara çox minnətdarıq.

 “Mediaforum”un reytinq qazanmasında qəzetlərin əvəzsiz rolu var.

“Mediaforum” sayt yox, qəzet bolluğunda dünyaya gəlib və qəzetlər bu saytı həmişə əziz tutublar. Qəzetlərin bizim materiallardan yararlanması, ciddi qəzetlərin bu zaman bizə istinad etməyi unutmaması “Mediaforum”un reytinq qazanmasında əvəzsiz rol oynayıb. Biz buna görə öz mətbuatımızdan çox razıyıq, qəzetlərimizə minnətdarlıq hissi duyuruq.

Sualınızın saytlarla, informasiya agentlikləri ilə rəqabətə aid hissəsinə qayıdıb demək istəyirəm ki, bəli, tərəfdaşlıqla bərabər aramızda rəqabət də gedir. Bu rəqabətə “Mediaforum” saytı öz üzərində işləməklə, materiallarının səviyyəsini, ciddiliyini, dəqiqliyini və operativliyini artırmaqla davam gətirməyə çalışır. Aqressiv rəqabətdə biz yoxuq. Yenicə yaranmış sayt olsaydıq da, aqressiv rəqabətə qoşulmazdıq. Amma köhnə sayt olduğumuza görə heç qoşulmuruq. Biz saytlar arasında özümüzü böyük kimi aparmalıyıq. Bu, həm bizim xarakterimizin, əxlaqımızın, həm də qismətimizin, tariximizin tələbidir.

 

 

(Ardı var)

 

Pərviz SADIQOV

 

525-ci qəzet.- 2012.- 15 iyun.- S.22.