Anar – İki əsrin mənəvi yekunu

 

Qısa tarixi arayış: Azərbaycan Yazıçılar Birliyi 1934-cü ilin iyun ayında yaradılıb. O zaman İttifaq adlanan qurum təsis olunarkən tərkibində 93 üzv və üzvlüyə namizəd vardı. İttifaqın ilk sədri Məmməd Kazım Ələkbərli olmuşdur. Sonrakı illərdə quruma Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı başçılıq etmişlər. 1987-ci ildən indiyədək bu vəzifəni Xaıq yazıçısı Anar  daşıyır.

İyunun18-də Anarın Azərbaycan Yazıçılar Birliyinin rəhbəri seçilməsinin 25 ili tamam olur. Zamanla götürsək, əsrin dörddə biri. Həyat pizmasından baxsaq, bir igidin ömrü. Kifayət qədər düşündürən, ən müxtəlif baxış bucaqlarından yanaşma tələb edən, həm də təsdiq və ehtirama dəvət edən böyük bir vaxtdır. Bəs bu vaxt içində Anar Azərbaycan ədəbiyyatına və rəhbərlik etdiyi quruma nə verib, onun fəaliyyəti nə kimi işlərlə yadda qalıb?

Sualın ilk cavabı, bir növ, göydən düşdü. Özü də XX  əsr  rus nəsrinin və dünya 60-cılarının görkəmli nümayəndəsi, Rusiya PEN-klubunun prezidenti Andrey Bitovun dilindən. 20 ildən artıqdır ki, bu beynəlxalq yazıçı klubuna rəhbərlik edən böyük yazıçı  qurumun fəaliyyəti ilə bağlı “Literaturnaya qazeta” müxbirinin sualına cavabında deyir: “İndi biz o qədər də fəal deyilik. Binamız uçub dağılır, dövlətdən heç bir kömək almırıq.” (mənbə: “Ədəbiyyat qəzeti”, 9 iyun, 2012-ci il)

Deməli, Rusiya kimi nəhəng, güclü bir ölkənin yazıçı təşkilatı süqut həddində olduğu halda, müstəqillik mücadiləsi, ölüm-qalım və Qarabağ problemləriylə uğraşan Azərbaycanda binası, dövlət dəstəyi, nəşrləri də daxil olmaqla, AYB əvvəlki fəaliyyətini normal şəkildə davam etdirirsə, bunda qurum rəhbərinin müstəsna xidməti danılmazdır.

Tanınmış, nüfuzlu respondentlərin aşağıda təqdim edilən rəylərindən də göründüyü kimi, Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyi ədəbiyyat məsələləri ilə yanaşı, tarixi situasiyalarda həm də çox əhəmiyyətli bir ictimai-siyasi missiya daşımışdır.

AYB-yə sədr seçkisindən 3-4 ay sonra, noyabrda akademik Aqanbekyan Fransada çıxış edərək Qarabağı Ermənistana vermək təklifini qaldırdı.  Bu barədə xəbər mətbuatda dərc olunan kimi Yazıçılar Birliyində Qorbaçova etiraz məktubu təşkil olundu və həmin məktubu Anar, Süleyman Rüstəm, Mirzə İbrahimov, Elçin, İsmayıl Şıxlı imzaladı. İkinci məktub yenə Anarın rəhbərliyi ilə, Yazıçılar Birliyində təşkil olundu və bu məktuba Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əkrəm Əylisliylə bərabər, Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi görkəmli mədəniyyət adamları da qol çəkdilər. Sonra Moskva plenumunda erməni yazıçılarına cavab, SSRİ qurultaylarında  çıxışlar. .. Yəni, hələ siyasi partiyaların yaranmadığı və Azərbaycan Mərkəzi Komitəsinin passiv bir mövqe tutduğu zamanlarda, öndə Anar olmaqla, Yazıçılar Birliyi ictimai-siyasi həyatın əsas ağırlıq mərkəzinə çevrilmişdi və fəaliyyət burdan başlanırdı. Təkcə bu faktı xatırlamaq kifayətdir ki, Milli Müstəqillik hərəkatına başlayan Azərbaycan Xalq Cəbhəsi də 4 nəfər yazıçının- İsmayıl Şıxlı, Məmməd Araz, Yusif Səmədoğlu və Sabir Rüstəmxanlının imzasıyla yaranmış və bu dövrdə Meydan hadisələrinin müsbət məcrada davam etməsində Anar bilavasitə iştirak etməklə, bir neçə dəfə  Xalq Cəbhəsi nümayəndələrinin hökumətlə, Vəzirovla görüşünü təşkil etmişdi.

Təbii ki, Yazıçılar Birliyinin rəhbəri və bir mədəniyyət xadimi kimi Anarın bioqrafiyasının ən önəmli səhifələri ədəbiyyat, mədəniyyət sahəsiylə bağlıdır. Orta Asiyada “Manas” dastanının yubileyindən sonra Azərbaycanda “Kitabi-Dədə Qorqud” eposuna möhtəşəm yubiley keçirilməsi, yubiley ərəfəsində Dədə Qorqud Ensiklopediyasının hazırlanması (Kamil Vəli Nərimanoğlunun rəhbərliyi ilə), əlifba dəyişəndən sonra kitabların yeni əlifba ilə çapı, Sovet dönəmində  hökumətdən Yazıçılar İttifaqına 100-dən çox mənzil alınması, son illərdə 50 nəfər yaşlı, orta və gənc yazıçıya Prezident təqaüdü verilməsi, Yazıçılar Birliyinin binasının dövlət tərəfindən əsaslı təmiri... Bütün bu işlərin təşəbbüskarı və onların həlli üçün dövlət qarşısında məsələ qaldıran Anar olub. Yəni, Anar dövlətə nə təklif eləyibsə, qəbul olunub.

Anar Yazıçılar Birliyinin ən uzun müddətli sədridi və fasiləsiz olaraq 25 ildir quruma sədrlik edir. Anar birinci sədrdi ki, partiyanın göstərişi ilə deyil, yazıçıların öz təklifi ilə seçilib. Anar sonuncu sədr də deyil. Çünki onun əməyi sayəsində Birlik qorunub saxlanıb. Anar onuncudu. Təbii ki, nə vaxtsa on birinci, on ikinci  sədr də olacaq. Amma o sədrlər ANAR olacaqmı? Gəlin, bu sualın cavabını müraciət olunan respondentlərlə birgə axtaraq, tapmasaq, papağımızı qarşımıza qoyub bir də yaxşı-yaxşı düşünək.

 

Vaqif Səmədoğlu, Xalq şairi:

– Mən Yazıçılar Birliyində bir neçə rəhbər görmüşəm. Heç birindən də heç vaxt hamı razı olmayıb. Anar da o taleyi yaşayır. Hərdən hətta deyirlər: AYB, ümumiyyətlə lazımdırmı? Bilmirəm. Amma Parisdə fransız, Londonda ingilis yazarları bizdə belə qurumun olduğundan həsədlə danışırdılar. Yəni, dövlətin pul verib, saxladığı təşkilat, onun dərgiləri, qəzetləri xaricdə bir çox qələm sahiblərinin arzusudur. Son zamanlar Anarla bağlı çox söhbətlər gedir... Getsin. Bircə onu dəqiq bilirəm ki, bu olayların ədəbiyyatımıza xeyri yoxdur. Əslinə baxsan, ziyanı da yoxdur. Həmişə bu sayaq söz davası olub yer üzündə. Onu da deyim ki, Anar bir dəfə də heç kəs haqda, heç harda xoşagəlməz söz deməyib, yalnız cavab verib. Mən də cavab verirəm, ancaq əsassız iradlar dövlət tərəfindən gələndə. Prezident Aparatından, Milli Məclisdən yazıçılara qarşı basqılar olanda, həmişə onlara qarşı çıxış etmişəm. Mətbuatda, internetdə yazan gənclərə cavab verməmişəm və verməyəcəyəm. Çünkü gələcəyə bu dedi-qodular yox, o gənclərin də, bizim də bədii əsərlərimiz gedəcək. Daha nə deyim? Anar son dərəcə xeyirxah insandır. Küllü miqdarda insana yaxşılıq eləyib. Lap cavan yaşlarından. İndi ondan nələrsə umanların çoxunun AYB –nin imkanlarından xəbəri yoxdur.

Mən Anarın dostuyam. Kişi bəd ayaqda dostunun yanında olmalıdır. Hətta dostu haqlı olmasa belə. Haqq isə bir çox məsələlərdə Anarın tərəfindədir.

 

Zəlimxan Yaqub, Xalq şairi:

– Anar müəllimi mən bir ziyalı kimi, hörmətli Azərbaycan yazıçısı kimi, Azərbaycan yazıçılarının adına hörmət gətirən gözəl bir insan kimi həmişə yüksək dəyərləndirmişəm. Anar böyük adamdı, böyük kişidi, böyük şəxsiyyətdi. Azərbaycan ədəbiyyatına bir-birindən gözəl əsərlər verib. Və o, Azərbaycan Yazıçılar Birliyinə  sədr olduğu dövrdə də bizim istədiyimiz əsərləri yazıb. Yəni, Anar deyəndə Azərbaycanın ən məşhur yazıçılarından biri xatırlanır; hörmətlə, mərifətlə, mədəniyyətlə. Cünki Anar abırlı adamdı, ideyalı adamdı. Anar, sözün əsl mənasında ədəbiyyatımıza  böyük nüfuz gətirən ədəbiyyat adamıdı.

 

Təəssüflər olsun, indi mənim elə halım yoxdu ki, geniş danışam, amma dediyim budur ki, Anarın varlığı Azərbaycan ədəbiyyatı üçün hava-su qədər lazımdı və  Allaha şükr ki, belə gözəl bir ziyalımız var. Biz ona baxıb həmişə fəxr etmişik və indən sonra da fəxr edəcəyik.

Anar Azərbaycan Yazıçılar Birliyinin rəhbəri olduğu illər ərzində həmişə bu təşkilata hörmət, nüfuz gətirib. İstər xarici ölkələrdə, istər daxildə. Böyük bir ailədə doğulub, o ailədə doğulmaq və o ailənin oğlu kimi yetişib gözəl işlər görmək hər adama qismət olmur. Bu, Anara qismət olub. Mən onu ürəkdən təbrik edir, həmişə sağlam olmasını və daha böyük yubileylərə çatmasını arzulayıram.

 

Ramiz Rövşən, şair:

– Sovet dövründə Yazıçılar İttifaqı az qala Mərkəzi Komitənin filialı kimi bir şey idi.Və bu ittifaqın üzvlük biletini almaq Kommunist Partiyasının üzvlük biletini almaqdan daha çətiniydi.

Doğrudur, 1987-ci ildə Anar Yazıçılar İttifaqına sədr seçiləndə “yenidənqurma” başlamış və ölkədə siyasi atmosfer xeyli yumşalmışdı. Anar sədr olandan sonra İttifaqa qəbul məsələsi də nisbətən asanlaşdı və siyasi konyukturadan azad oldu. Bəzən bir istedadlı cavanın jurnalda çıxan bir neçə maraqlı şeiri və ya hekayəsi onun Yazıçılar İttifaqına qəbul olunması üçün bəs edirdi. O istedadlı cavanlar bunu özlərinin halal haqqı sayıb, bir quruca “sağ ol” deməyə belə ehtiyac görməsələr də, İttifaqa girə bilməyən qrafomanlar hay-haray salmaqdan yorulmurdular. Və bu ənənə, deyəsən, indiyə qədər qalır; Anarın xeyirxahlıq etdiyi adamların səsi çıxmasa da, ondan incik düşənlərin şikayəti qəzet səhifələrindən əskik olmur. Ümumiyyətlə, son 10-15 ildə Anara qarşı “tənqid” adı altında aparılan təhqir, şər-şəbədə kampaniyasını yeni tariximizin ən biabırçı səhifələrindən sayıram.

O ki qaldı Yazıçılar Birliyinə... Bu təşkilat özünün bu günə qədərki mövcudluğuna görə məhz Anara borcludur. Yazıçılar Birliyi haqqında müsbət və mənfi fikirlər demək də, “Yazıçılar Birliyi necə olmalıdır?” mövzusunda müzakirə açmaq da mümkündür. Ancaq istənilən halda, Yazıçılar Birliyinin olması olmamasından yaxşıdır. Mənim bildiyim budur.

 

Nizami Cəfərov,  AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, millət vəkili:

– Anar müəllim, birinci növbədə böyük bir yazıçı kimi, ziyalı və intellekt adamı kimi bizim ümumi mədəni həyatımızda əlamətdar bir hadisədir. Və mən daha çox o, Yazıçılar Birliyinə rəhbərliyə gələndən sonra ədəbi-ictimai mühitlə bağlanmışam. Fəaliyyətə başladığı ilk aylarda onun razılığı ilə  “Ədəbiyyat və incəsənət” qəzetinə şöbə müdiri təyin olunmuşam. Ona görə də Anar müəllimə bütün hallarda xüsusi bir hörmətim var.

O, mənim həyatımda bir də onunla əlamətdar insandır ki, o zaman Milli Məclisin Mədəniyyət komissiyasının sədri olanda məni işçi qrupunun rəhbəri kimi oraya dəvət elədi. Bu, mənimçün düşərli oldu. Elə qanunun hazırlanması gedişində parlamentə seçkilər keçirildi və mən də Milli Məclisin, həm də Anar müəllimin komissiyasının üzvü oldum. Dövlət dili haqqında Qanunu da çox uğurla təqdim edə bildik və həmin Qanun bu gün işləyir. Daha sonra isə Anar müəllimin Mədəniyyət komissiyasına sədrliyinin varisi mən oldum və ondan sonra Komitəyə sədrlik eləməyə başladım. Və bu dövr ərzində onunla məsləhətləşib fikrini bilməyə həmişə ehtiyac hiss eləmişəm. Çünki o, həm məsləhət verməkdə qısqanc adam deyil, həm də ümumi işin xeyrinə kiməsə köməklik göstərməyə qətiyyən tənbəllik eləmir. Yoldaşlığı, dostluğu da olduqca yüksəkdir.

Təbii ki,  mən Anar müəllimin ən böyük xidmətini onda görmüşəm ki, o, bizim ədəbiyyatımıza, mədəniyyətimizə, tutduğu vəzifədən asılı olmadan xidmət eləyib, hətta vəzifəsi olmayan vaxtda da gənc yaşlarından ağsaqqal olub, ədəbi prosesə komandanlıq eləyib. Amma Yazıçılar Birliyinə rəhbərliyi dövründə gördüyü işlər daha çox olub. Onun rəhbərliyi Sovetlər Birliyinin son illərinə düşdü. Artıq müəyyən problemlər var idi. Hakimiyyətdə Heydər Əliyev kimi böyük dövlət adamı yox idi ki,  o illərdə Yazıçılar Birliyini lazımi şəkildə diqqətdə saxlasın. Ona görə də qurumu saxlamaqda Anar müəllimin həqiqətən çox böyük zəhməti oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəlindəki o tarixi vəziyyəti bir balaca təsəvvür etsək görərik, o zaman Yazıçılar Birliyi demək olar ki, dağılırdı və rəhbərliyi Anar müəllim yürütməsəydi, bu gün  qurum bəlkə də yox idi. Bütün aşağıdan və yuxarıdan olan təzyiqlərə baxmayaraq, o, Yazıçılar Birliyini böhran dövründən keçirdi.

Yazıçılar Birliyinin saxlanmasının ədəbiyyatımıza çox böyük xidməti oldu. Çünki bu qurum istənilən halda bir istinad yeridi. Hətta o olmasaydı, bugünkü müzakirə və münaqişələr də bəlkə bu səviyyədə olmazdı.  Bəzən Yazıçılar Birliyini tənqid edənlər deyirlər ki, gərək orda müəyyən rəsmilik, xüsusi rejim olaydı və s. Bunlar Anar müəllimlik deyil. Bu, heç ədəbiyyatlıq da deyil. Əgər bu gün biz ədəbi mühitdə, ədəbiyyat təşkilatında  rejim arzulayırıqsa, onda 20-ci  əsrin otuzuncu illərinə qarşı niyə etiraz edirdik?!

Oljas Süleymenovun anasına xitabən yazdığı şeirdə çox yaxşı misralar var. Deyir ki, mənim əlimdən nə gəlirdisə, hamısını elədim, amma mən Allah deyiləm ki, hər şey eləyəm.   Odur ki, tənqid də eləyəndə, gərək vəziyyəti nəzərə alasan. Demək istəyirəm ki, Anar müəllimin Yazıçılar Birliyinə rəhbərlik etdiyi bu 25 il ədəbiyyatımıza, ədəbi mühitin inkişafına xidmət illəri olmuşdur. Buna görə də Anar müəllim həmişə tarixdə qalacaq. Hərdənbir onun boynuna qoymaq istəyirlər ki, rəhbərliyə qoy indi də ayrı adam gəlsin. Doğrusu, mən bu cür dəyişmənin uğuruna o qədər də inanmıram. Çünki həqiqətən də Anar müəllimin xidməti  kifayət qədər yüksəkdir. Ona görə də mən ona bundan sonra da uğurlar arzulayır və istəyirəm ki, bir iyirmi beş il də Yazıçılar Birliyinə rəhbərlik eləsin.

Cəmil Həsənli, tarix elmləri doktoru:

–Bütün ölçülərin, məsafələrin qısaldığı zəmanəmizdə 25 il qələm əhlinin “göz qabağında” olan bir təşkilatına rəhbərlik etmək insandan böyük səbr, iradə, təmkin və zamanla ayaqlaşan ziyalılıq tələb edir.  Həm zaman, həm də varislik baxımından Anar çətin bir dövrdə – Qarabağa qarşı ideoloji hücumların başlandığı, bu hücumların fonunda Azərbaycanın rəsmi orqanlarının tərksilah edildiyi həlledici bir məqamda Yazıçılar İttifaqının rəhbərliyinə gəldi. Bu ağır dövrdə bir tərəfdən böyük yazıçı, böyük ziyalı və böyük vətənpərvər İsmayıl Şıxlının ölkəmizin başı üzərini qara buludlar alandan sonra milli dirəniş mərkəzinə çevirdiyi Yazıçılar İttifaqında başlanmış işi davam etdirmək, digər tərəfdən ideoloji basqılardan silahlı hücum mərhələsinə keçmiş erməni təcavüzünə qarşı milli mücadilənin mənəvi yükünü çəkmək, üçüncü bir tərəfdən, dövlət qurumlarının iflas etdiyi bir dövrdə milli diriliyin mövcudluğunu təmin etmək üçün müxtəlif yollar arayıb axtarmaq lazım idi.

Varislik məsələsinə gəldikdə, XX əsrin 50-ci illərindən  milli kimlik ideyasına tapınmağın mərkəzi qərargahına çevrilmiş Yazıçılar İttifaqına sözün tam mənasında böyük ədiblər, böyük ziyalılar və böyük fikir adamları rəhbərlik etmişdilər. Milli dil və dirilik uğrunda mübarizə əzminə görə zamanın fövqündə dayanan Mirzə İbrahimov, böyük romançı Süleyman Rəhimov, neft məmləkətinin ilk dolğun neftçi obrazlarını yaratmış Mehdi Hüseyn, “Dəli  Kür” romanı ilə milli ədəbiyyatın təkrarsız nümunəsini yaratmış və ədəbi yaradıcılığını dolğun şəxsiyyəti ilə tamamlamış İsmayıl Şıxlıdan sonra Yazıçılar İtiifaqı kimi bir təşkilata rəhbərlik etmək, əlbəttə, asan məsələ deyildi. Heç şübəsiz ki, həm milli-mənəvi, həm əxlaqi-etik dəyərlər baxımından, həm də yaradıcılığının milli taledəki rolu baxımından Anar bu varislik silsiləni tamamladı və ona yeni çalarlar gətirdi.

Mənim üçün Anar böyük bir fikir adamıdır. Azərbaycanda ayrı-ayrılıqda yaxşı yazıçı da var, dramaturq, ssenarist və publisist də var. Lakin bədii yaradıcılığın müxtəlif istiqamətlərini milli düşüncəyə tabe edib, bütövlükdə, ictimai inkişafa təkan verən bir Anar var. Milli-mədəni dəyər kimi Anar son iki əsrin mənəvi yekunudur. Bu baxımdan, Anar mərhələdir, Mirzə Fətəli Axundovdan başlayan milli ədəbiyyatımızın müasir mərhələsi. Elə son 25 ildə Yazıçılar Birliyinin mövcud olmasında, onun nəşr orqanlarının fəaliyyətində Anar amili, onun yetkin şəxsiyyəti, milli-mənəvi mühitdəki yeri az rol oynamadı. Əslində, Anar kimi böyük əməl sahibinə, onun daşıdığı ideya yükünə nə 5 illik, nə 15 illik, nə də 25 illik zaman fasiləsindən baxmaq doğru bir yanaşma deyildir. Anar epoxal bir şəxsiyyət kimi milli həyatımızda öz işini görmüş, gördüyü işin gedişində ucalmış və milyonların milli yaddaşını cilalamış fikir, ideya və ədəbiyyat adamıdır.

Anar o şəxsiyyətlərdən, o ədəbi simalardandır ki, belə adamların həyata öz baxışları olur və belə adamlara sən mən düşünən kimi düşünməlisən, mən gedən yolu getməlisən demək son dərəcə gülüncdür. Bilirəm, yeni ədəbi nəslin iddialı nümayəndələrinin mütaliyə mədəniyyətinə aşinalığı yoxdur.  Əgər olsaydı, bir balaca keçmişə baxıb görərdilər ki, üzərindən 100-150 il ötməsinə baxmayaraq, dünən Mirzə Fətəli Axundova, Həsən bəy Zərdabiyə, Mirzə Cəlilə və bu mirzələr silsiləsindən olan böyük millət adamlarına atılan daşlarla, bu gün Anara atılan daşlar arasında heç bir mahiyyət fərqi yoxdur, yalnız zaman fərqi var. O daş atanlardan heç birisini tarix öz yaddaşında saxlamadı. Adını zikr etdiyim mirzələrin isə doğum tarixləri bizdən keçmişdə qalsa da, əməllərinin ictimai qayəsinə, milli hədəflərdəki yerinə görə onlar bizdən çox-çox irəlidədirlər. Anarın milli həyatımızda yeri də, məhz, o böyük mirzələrin yanındadır. Həm keçmiş, həm gələcək kimi Anar bu yeri öz zəhməti, öz istedadı və öz bacarığı ilə əldə edib.

 

Rəşad Məcid, yazıçı-publisist, AYB- nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru:

–70-ci illərin axırlarından, 15-16 yaşlarımdan Yazıçılar Birliyi ilə müəyyən təmaslarım olub. Bir çox tanınmış yazarlarımızı bəzən yaxından, bəzən də elə Sahil bağından müşahidə etmişəm. O vaxt AYB-yə İmran Qasımov rəhbərlik edirdi və mən onu da,  Mirzə İbrahimovu və Hüseyn Abbaszadəni də həmin dövrdə görmüşdüm. Təxminən 80-ci illərin əvvəllərindən artıq “Ulduz” jurnalına şeirlər gətirir, Birliklə əlaqə saxlayırdım.

Günü, tarixi dəqiq xatırlamasam da, Yazıçılar Birliyinin plenumunda Anar müəllimin Birliyə sədr seçilməsi də yadımdadı. O da yadımdadı ki, bu seçki ədəbi dairələrdə və ictimaiyyət arasında inqilabi bir hadisə kimi qarşılandı. Çünki AYB-nin yeni rəhbəri partiyanın müdaxiləsi olmadan, yazıçıların öz istəyi ilə seçilmişdi.

Anar müəllim fəaliyyətə başlayan kimi ab-havanı dəyişdi. Yusif Səmədoğlunu “Ulduz” jurnalının redaktorluğundan “Azərbaycan” a, Abbas Abdullanı “Ulduz”a keçirdi, eyni zamanda, bu jurnalın həcmi böyüdü. “Ədəbiyyat qəzeti”ndə də xeyli  yeniləşmə oldu və bu ədəbi mühit tərəfindən razılıqla qarşılandı.

Anarın rəhbərliyi elə bir dövrə düşmüşdü ki, insanlar bu ocaqdan yalnız  ədəbiyyat ummur, həm də cəmiyyətin yaşantılarına, Qarabağ problemlərinə həssas, düzgün münasibət gözləyir və Yazıçılar Birliyi də bu gözləntini doğruldurdu. Yadımdadı ki, 1990-cı ilin 20 yanvar qırğınına qarşı çıxan ilk toplantılardan biri Milli Elmlər Akademiyasında keçirildi ki, hadisənin səhəri günü keçirilən və Sov. İKP Mərkəzi Komitəsinə Bəyanat qəbul olunan həmin toplantını Anar müəllim aparırdı. Təbii ki, başqa yazarlarımız da qırğına çox sərt etiraz bildirdilər.

Milli müstəqilliyimizin ilk illəri də qarışıq və çətin bir dövr oldu. Ümumən postsovet məkanını əhatələyən bu qarışıqlıqda bütün başqa respublikalarda Yazıçılar Birliklərinin mülkiyyəti dağıldı, paylandı, bir neçə yerə parçalandı. Azərbaycanda isə Anar müəllimin böyük xidməti sayəsində bu qurum parçalanıb, dağılmaqdan xilas oldu. Onun hədsiz nüfuzu və o vaxt respublikaya rəhbərlik edən Heydər Əliyevin Anara və Azərbaycan yazıçısına verdiyi böyük dəyərə görə Birlik kritik vəziyyətdən çıxdı. Ədəbi jurnallar yenidən dövlət büdcəsinə götürüldü və nəşrini davam etdirməyə başladı. Sonrakı illərdə də hökumət tərəfindən ədəbiyyatımıza diqqət və qayğı göstərilməsində, yazarlara təqaüd verilməsində Birliyə Anar müəllimin rəhbərlik etməsinin böyük rolu olmuşdur. Və təsadüfi deyil ki, iki il bundan öncə o, Azərbaycan ədəbiyyatına xidmətlərinə görə ölkənin ən yüksək Heydər Əliyev mükafatına layiq görüldü.

O, həm də ümumtürk dünyası üçün böyük işlər görmüş nadir şəxslərdəndir. Təsadüfi deyil ki, ötən il Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin (TDƏDK) dördüncü konfransında qəbul olunmuş qərarla Anar “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edildi. Bunu da qeyd edim ki, mükafat cəmi bir ildir təsis olunub və onun ilk sırada Anar müəllimə verilməsinin dərin anlamı var. Elə təkcə Sovet dövründə nəşr etdiyi “Qobustan” jurnalında çap olunan türk dili, dünyası ilə bağlı ədəbi-publisistik yazıları, milli-mədəni xəzinələr olan eposlarımız, “Kitabi – Dədə Qorqud” dastanı haqqında araşdırma esseləri, bundan başqa, vaxtilə Türkiyə və Azərbaycanda tərtib etdiyi “Min ilin yüz şairi” və iki cildlik “1500 ilin oğuz şeiri” antologiyaları çox dəyərli məxəzlərdir və bunlar həqiqətən də türk dünyasına xidmətin göstəriciləridir.

Anar müəllimlə mən artıq 8 ildir bir yerdə işləyirəm. Onunla birgə işləmək hər kəs üçün böyük həyat təcrübəsi və necə yaşamaq nümunəsidir. Mən hesab edirəm ki, bu cür adamlar böyük dövlətlərdə yetişə bilər və Anar müəllim də böyük bir imperiyanın, böyük bir dövlətin yetişdirdiyi azsaylı şəxsiyyətlərdən biridir. Təbii ki, böyük bir ailədə yetişməsi,  Moskvada təhsil alması,  rus dilini mükəmməl bilməsi,  bizim yalnız müstəqillik dövründə qovuşa bildiyimiz qardaş Türkiyə ilə çoxdankı əlaqələri və digər amillər də onun hərtərəfli bir ziyalı, gözəl yazıçı, dramaturq, kinorejissor, ictimai xadim kimi yetişməsində az rol oynamayıb. Sözün böyük mənasında, Anar müəllim xalqına nüfuz gətirən bir ziyalıdı. Birgə işlədiyim müddətdə, mən hər an, həmişə həm hərəkətində, həm sözündə onun qeyri-adi adam olduğunu, böyük adam olduğunu hiss etmişəm. Və indi də hesab edirəm ki, Anar müəllim nə qədər ki, AYB-yə rəhbərlik edir, bu, bizim yazarlarımız üçün də, ümumən, ədəbiyyatımız üçün də qənimətdir. Çünki o, doğrudan da ədəbiyyatla yaşayan, onunla nəfəs alan bir adamdı. Bu günlərdə Şamaxıdan Sabir Poeziya günlərindən qayıdarkən mən bunu bir daha yəqin etdim. Anar müəllim hamımızı heyrətə gətirərək rus poeziyasının gümüş dövrünə mənsub olan Blok haqqında eşitmədiyimiz hadisələr danışdı, Mayakovski və Yeseninin son şeirlərini həm rus dilində, həm də öz tərcüməsində - Azərbaycan dilində əzbər söylədi.  Bu yaşda insanın həm də bu cür unikal yaddaşa sahib olması, 50-60 il əvvəlki olayları xırda detallarınacan xatırlaması, insanlara, ədəbi hadisələrə dəqiq, aydın münasibəti göstərir ki, Anar müəllim hələ hamımızdan gəncdi, itiağıllıdı və buna görə ona indən sonra da Yazıçılar Birliyinə şövqlə rəhbərlik etməsini arzulayıram.

 

Elçin Hüseynbəyli, yazıçı, dramaturq, “Ulduz” jurnalının baş redaktoru:

– Anar Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ijtimai-siyasi düşüncəsinin önəmli simalarından biridir, iyirminci əsrin yetişdirdiyi ustad qələm sahiblərindəndir.

Anarın ölkəmiz qarşısında xidməti təkcə gözəl əsərlər yazması ilə bitmir. O, bir proqramçıdır. Millətinin qarşısında duran problemləri bilir və zaman-zaman onu həm fikir, həm də qanunlar şəklində (parlament fəaliyyətini nəzərdə tuturam) cəmiyyətə təqdim edir.

Anar Azərbaycan xalqının Milli Azadlıq düşüncəsinin, milli təfəkkürünün, əxlaqının formalaşmasında ən böyük rolu olan aydınlarımızdandır.

Elə xasiyyət var ki,  insanla birgə doğulur, eləsi də var ki, onu kimdənsə öyrənirsən: gözü toxluğu, təmkini, əxlaqı, düz danışmağı  və s. Anardan öyrənməli çox şeylər var.

Anar heç zaman “bu işi mən elədim” demir, “biz elədik” deyir və bununla da böyük bir icma təfəkkürünə sahib  olduğunu nümayiş edirir. İcma – köhnə yaraları sağaltmaq, barışığa körpü atmaq bacarığıdır.

Anarla işləmək xoşbəxtlikdir. O, diktatdan uzaq, demokratik adamdır. Anar ədaləti həqiqətdən üstün tutur. Çünki həqiqət – ədalət deyil.

Anar bizim təkcə sədrimiz yox, həm də ağsaqqalımızdır, ocağımızın qoruyucusudur. Düz 25 ildir ki, Azərbaycan Yazıçılar Birliyini qoruyur və inanıram ki, hələ uzun müddət bu görəvində qalacaq.

 

Qulu Ağsəs, şair:

– Yazıçılar Birliyinin növbəti qurultayına hazırlıq ərəfəsi poeziya haqda məruzəmi oxuyanda diqqətlə qulaq asan Anar müəllimin iki-üç dodaqaltı replikasıyla onunla yenidən “tanış olduq”. “AYB-nin girişindən “Ulduz”a qədər pilləkənlərin sayı neçədi?” –yazı-sorğuma ilk cavab da Xalq yazıçısından gəldi: “Darıxma, bir azdan sayıb deyəcəklər”. Mən bunu Anar müəllimin zarafatı kimi başa düşdüm; məruzə bitəndən sonra şairlərdən biri pilləkənləri sayanda anladım ki, bu adamları o tanıyır – dərviş heybəsini tanıyan kimi...   

Uşaq vaxtı elə bilirdim, bütün yazıçılar kimi, o da AYB-də yaşayır; böyüyəndə gördüm ki, Birlik doğrudan da onün evidi. İşdə hamıdan çox olduğu üçün demirəm. Uzun illər bu evi idarə etdiyinə görə də yox.

Səbəb sadədi: o, bu evi qorumaq üçün çox şeyi qurban verib. Əgər yazıçılardan kimsə “nəyi?” soruşsa, mən ona cavab vermədən sakitcə AYB-nin girişindən “Ulduz”acan pilləkənləri sayacam. 25-ci pilləkəndən sonra da Anar müəllimlə rastlaşmaq ümidiylə...

 

 

Bəsti ƏLİBƏYLİ

 

525-ci qəzet.- 2012.- 15 iyun.- S.20-21.