ŞAİRLƏR

 

Sudanlı şair dostum vardı,

  adı Tac Əl-Sirdi.

Vətənindən qaçqın

Rusiyada çölü azaddı,

    özü yaddı,

 içində ürəyi əsirdi.

Ürəyinin içində

 arzuları müqəssirdi.

Gözləri özündən qara,

    bir az da badamıydı,

Dünyanın ən qara adamı idi.

Dünyanın ən qızını sevdi.

Görünür, məhəbbət ən qədim,

 ən saf bir dindi.

Tac eston qızı ilə evləndi.

Bu ağ-qara dünya

   onların bəsi idi.

Heç ayrı görmədim onları

  ikisi bir-birinin kölgəsiydi.

Bir oğulları oldu

  qara idi, .

Dan yerinə bənzəyirdi,

  elə bil deyirdi:

 bir azdan Günəş doğacaq

Səsi işıq kimi

 dünyanın qara niyyətini

qorxuzurdu.

Atası Sudanın qarabalası,

   anası Estoniyanın

   qar qızıdı.

 

 

ARTİST

 

Rollara paylandı qəlbinin odu,

Bir gün Hamlet oldu, bir gün Yaqodu.

Bir gün Sanço olur eşşək belində,

Bir gün Koroğludur şanlı Qıratda.

Hər kəsin sözü var onun dilində,

Özünün həyatı yoxdur həyatda.

Həsəd aparanlar, əl çalanlar var,

Yanında ucalan, alçalanlar var.

Səhnədən enəndə hayana getsin?

Səhnəsiz günündə hayana getsin?

Böyük yer üzündə öz yeri yoxdu,

Dilində sözünə söz yeri yoxdu.

Bir candı, yüz dəfə o can veribdi,

Səhnəyə özünü qurban veribdi.

Həyatı səhnədi, günü axşamdı,

Səhnədə əbədi yanan bir şamdı.

Qoruyaq sönməyə qoymayaq onu,

Səhnədən enməyə qoymayaq onu!

Odu gələcəyə daşıyan odu,

Yox, yox, ölən bizik, yaşayan odu.

Dünya beş gün deyil,

  ondan da azdı.

Artistin taleyin kim belə yazdı?

 

 

BU KÜLƏK

 

Hər yanda var toy-düyün,

İşlərim düşüb düyün.

Mənə sataşır fələk,

Baxtım gətirmir bu gün.

Bu külək bir yandan.

İşim başımdan aşır,

Dalğa göyə dırmaşır.

Baxıb gülür bir mələk

Görürəm ağlım çaşır.

Bu külək bir yandan.

Nənəm məni anlayır,

Anam hər gün danlayır.

Yar mənə gəlir kələk,

Guya him-cim qanmayır.

Bu külək bir yandan.

 

 

SÖZDƏN BAŞQA

 

Hər bir sözün var öz vaxtı,

Kimin taxtı, kimin baxtı.

Bu dünyada hamı haqdı,

Səndən, məndən, bizdən başqa.

Haqq nədirsə bilən yoxdur,

Onu tapıb bölən yoxdur.

Haqsızlara gülən yoxdur,

Öz qoyduğu izdən başqa.

Haqq sinədə ürək deyil,

Süfrəmizdə çörək deyil.

Bizə heç gərək deyil,

Düz çörəkdən, duzdan başqa.

Kimdi alçalan, ucalan,

Qarşılayıb dumbul çalan.

Gülə-gülə yola salan,

Ay lotular, sizdən başqa.

İsrafil Surun çalacaq;

Bu dünyada kim qalacaq?

Kim bizi yola salacaq,

Bizdən qalan sözdən başqa.

 

 

XOŞBƏXTLİK

 

Vaqif Səmədoğluya

Xoşbəxtlik dada yetər

Arzu viranlığında.

Ömrün qaranlığında;

İldırım olar, çaxar,

Düşdüyü qəlbi yaxar,

Qalan hər kəsə səsdir.

Bəzən bircə an olar,

Sonra bir ömrə bəsdi.

Həyata çağrışdı o,

Yaşamağa həvəsdi.

Xoşbəxtlik gələn zaman,

Gözündə gülən zaman

Hər kəsi gözəl eylər,

Hər bir kəsə yaraşar.

Ürəyə, cana sığmaz,

   daşar,

   başından aşar.

Hər kəs bir dəfə dadar,

Sonra bir ömür yaşar.

Ondan ayrılan hər kəs

Yerə, göyə asidir!

Xoşbəxtlik hər insandan

Həyatın qisasıdır.

 

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2012.- 15 iyun.- S.19.