Qalibi olmayan müharibə
“Şah və Sultan” romanı İskəndər Palanın dilimizə tərcümə edilən ilk əsəridir (romanı Azərbaycan dilinə tanınmış yazıçı və istedadlı mütərcim Nəriman Əbdülrəhmanlı çevirib). Ölkəmizdə az tanınan pedaqoq-alim və yazıçının Türkiyədə təxminən əlliyə yaxın kitabı çap olunub. Bu kitabların əksəriyyətində Divan ədəbiyyatına dair nadir araşdırmalar, qissədən-hissə tipli didaktik hekayələr, bədii miniatürlər, esselər, klassik Osmanlı şairlərinin qəzəl, qəsidə və ayrı-ayrı beytlərinin şərhləri, “Zaman” qəzetinin kültür-sənət səhifəsindəki köşə yazıları toplanıb. Müəllifin türk Divan ədəbiyyatına dair dəyərli ensiklopedik lüğətləri, müntəxabat və antalogiyaları, orta məktəb və litsey şagirdləri üçün ədəbiyyat dərslik və dərs vəsaitləri vardır. Onun bədii yaradıcılığını taclandıran son illərdə qələmə aldığı romanlardır. Yazıçının Füzulinin “Leyla ilə Məcnun” məsnəvisi üzərində qurğulanan “Babildə ölüm, İstanbulda eşq” (2004), Osmanlı tarixinin Lalə dövrü hadisələrinin qələmə alındığı dedektiv “Qətrəyi-matəm” (2009), “Şah və Sultan” (2010), Yunus Əmrənin həyatı, İlahi və bəşəri sevgisi, sufi fəlsəfəsinin motivlərinə söykənən “Od” (2011) adlı romanları işıq üzü görüb.
Türkiyənin Uşaq vilayətində 8 iyun 1958-ci ildə anadan olan İskəndər Pala ibtidai və orta məktəbi həmin şəhərdə, litseyi Kütahyada bitirib. İstanbul Universiteti Ədəbiyyat fakultəsindən məzun olmuş (1979), eyni ildə burada işə başlamışdır. Elmlər doktoru (1983), professordur (1998). “İki hərbi çevriliş arasında” adlı avtobioqrafik kitabından (2010) öyrənirik ki, Türk Silahlı Qüvvələrinin tədris qurumlarında on beş il müəllimlik etmiş (1982-1996), özünün və xanımının dini inancları səbəbilə hərbi xidmətdən uzaqlaşdırılmışdır. Hal-hazırda işlədiyi Uşaq Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirməklə bərabər, “Zaman” qəzetində həftəlik kültür-sənət köşə yazıları ilə çıxış edir. Bu yaxınlarda Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu İdarə heyətinin üzvü təyin edilmişdir. İskəndər Pala bir çox nüfuzlu mükafatla təltif olunmuşdur.
Bütün müharibələr əvvəl-axır danışıqla, barışıqla bitir. Zəfərlə sonlanan bütün savaşların qalibi və məğlubu olur. “Şah və Sultan” romanının onurğasını təşkil edən Çaldıran cənginin isə qalibi yoxdur. İki qardaş bir-birini boğazlayanda ölən də, öldürən də qardaş olur. Romanda Osmanlı sarayındakı sünni Can Hüseynlə Səfəvi sarayındakı şiə Ağa Həsənin əkiz qardaş və birinin ölümünün digərinin əlindən olması məhz bu faciənin rəmzidir. Xüsusən hadisələrin gedişində əkiz qardaşların bir-birini əvəzləməsi məqamı uğurlu bədii tapıntıdır. Aydındır ki, qardaş qırğınında qalibdən və qalibiyyətdən bəhs etmək otaq dilimiz adına faciə, dinimiz naminə günahdır. Çünki döyüş meydanında kimin zəfər çalmasından asılı olmayaraq, iki əkiz qardaşın mənsub olduqları tarixi soy, təmsil etdikləri o günkü xalqlar və xələfləri olan bugünkü millətlər məğlubdurlar!
Çaldıran müharibəsinin tərəfləri 9-cu Osmanlı padşahı, 74-cü İslam xəlifəsi Yavuz Sultan I Səlim (1470-1520; hakimiyyət illəri:1512-1520 ) və Səfəvi Şahı I İsmayıldır (1487-1524; hakimiyyət illəri:1501-1524). Hər ikisi dövlət idarəçiliyinin məsuliyyətini başa düşən, özlərinə tabe edib birləşdirdikləri bəylikləri, xanlıqları səriştəli idarə edən, ətraflarındakı vəzir-vüzəraya, orduya, rəiyyətə hökmdar olan dövlət xadimləri və böyük tarixi şəxsiyyətlərdir.
Sultan da, Şah da insan öldürmə və öldürtmənin ustasıdırlar. Biri atası II Bayezidi taxt-tacdan əl çəkdirən, öz hakimiyyəti uğrunda iki qardaşını, beş əmisi oğlunu (bunlardan üçü 7-14-21 yaşlarında idi), üç baş vəzirini boğduran Sultandır. Yeri gəlmişkən, müəllifin mahir bədii tapıntılarından biri Sultan Səlimin Bayezidi taxtdan salıb, ev dustağı edərkən atasından eşitdiyi qeyri-adi qarğışdır: ”Səni görüm şiri-pəncələr əlindən gedəsən”. Sultan hökmdar olduğu səkkiz il boyunca fikirləşir ki, yer üzündə onu öldürəcək bir aslan pəncəsi, yaxud pəncəsi şir kimi olan igid yoxdur və atasının qarğışı heç vaxt çin olmayacaqdır. Halbuki, romanın sonunda ölümü həqiqətən də “şiri-pəncə”dən olur. Ancaq bu, aslan pəncəsi deyildi, onun kürəyindəki ölümcül çibanın xalq təbabətindəki adı idi!
Hakimiyyəti illərində Osmanlı ərazisini iki dəfədən çox genişləndirən Sultan Səlimin Çaldıran müharibəsində döyüşən təxminən yüz qırx minlik (əlavə Kayseri-Sivas arasında qırxminlik ehtiyat qoşunu da vardı) yaxşı silahlanmış, xeyli topu, təxminən altmış min dəvəsi olan ordusunun əsas hissəsi yeniçərilərdən (müsəlmanlaşdırılmış xristianlardan), Anadolunun türkmən və kürd bəylikləri bölüklərindən, eləcə də türkəsilli könüllü süvari axınçı dəstələrindən təşkil edilmişdi. O, bu savaşa qayınatası Krım Xanı Mengli Gəraydan aldığı böyük təşviq və dəstəklə girmişdi.
Şah İsmayıl təxminən on dörd yaşından etibarən on dörd ildə on dörd ölkə fəth edən, 1501-ci ildə Bakının işğalından sonra qüdrətli Səfəvi dövlətini quran mahir sərkərdədir. Lakin o da acımasızdır. Rəqibinə aman tanımayan, anası Aləmşah Bəyimin (əsl adı Teodora olan bu xanım Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Rum Pontus İmperatoru Kommenosun nəvəsidir) qətlinə fərman verən despotdur. Romanda anasının dilindən deyildiyi kimi, “Sünni babanın şiə-qızılbaş nəvəsi” minlərlə sünninin qatilidir. Böyük qardaşı Şeyx Əlinin ölümündən və onun xanımı Xədicə Bəyimin havalanmasından sonra azyaşlı oğlunu himayəsinə alır, lakin hər ehtimala, gələcəkdə taxt-tacına şərik olmasın deyə, axtalatdırır.
Sultan Səlimin öldürmə üsullarından ən çox xoşladığı kəndirlə boğdurma, yaxud zəhərlətmə imiş. Şah İsmayıl isə ölümünə fərman verdiklərini daha çox altında tonqal qalanmış iri qaynar qazanlarda bişirməyi xoşlayırmış. Şah ordusunun əsas hissəsi türkmənlərdən, öz dövlətinə qatdığı ərazilərdə yaşayan və qızılbaşlığı qəbul edən xalqlardan qurulmuşdu. Müharibəyə girməsinin səbəbi İslam dininin iki ana məzhəbindən biri uğrunda savaşmaq əzmi idi. Sultanla Şah arasında aylardan bəri fars və türk dillərində yazışmalar, bir-birinə həqarət dolu məktublar, namələri gətirən elçilərin heç bir beynəlxalq diplomatiya qayda-qanunları ilə bir araya sığmayan qətlləri, yaxud zindana atılmaları hər iki tərəfin səbrini daşıran son damlalar olmuş, Çaldıran savaşını qaçılmaz etmişdi. Elə buradaca qeyd edək ki, müharibədəki qüvvələr nisbəti Şahın lehinə deyildi. Ordusunun bir dənə də olsun topu və piyada qoşun birliyi yox idi.
Roman 1501-ci ilin avqust ayından 1525-ci ilin sentyabrına qədərki dövrün məlum tarixi hadisələri işığında Şahın və Sultanın saraydaxili yaşantılarını, bilinməyən məziyyətlərini, həyat dramlarını, şəxsi duyğularını, hökmdar olaraq ehtişamlarını, fərd olaraq faciələrini gözlər önünə sərir. Yazıçı bunun üçün uyğun və uğurlu süjet-kompozisiya quruluşu seçmişdir. Hadisələrin məhvərinə gözəllər gözəli Bəhruzə obrazını – Taclı Xatunu, bu obrazın timsalında Sevgini yerləşdirir. Bu, həm dünyəvi sevgidir, həm mənəvi. Ürfani-sufi sevgisi ilə bəşəri məhəbbət iç-içədir. Əsərin əsas sərim hissəsi 14-15 yaşındakı Bəhruzənin və sonradan onun qulluqçusu olacaq Qəmbərin uşaqlığı və onların Şah sarayına düşdükdən sonrakı həyatının təhkiyəsi ilə başlayır. Şaha ərə gedib Taclı adını alan Bəhruzənin Çaldıran savaşında əsir düşməsi və Sultan sarayındakı yaşantısı ilə zirvəyə yüksəlir. Taclının Şah, Sultan, Cəfər Çələbi, Ömər və Qəmbər Can misalında şahlıq, sultanlıq, köləlik, sünnilik, şiəlik tanımayan həqiqi məhəbbətə dair düşüncələri ilə açılım və final gerçəkləşir.
Romanın məzmununu oxucunun öhdəsinə buraxaraq qeyd edək ki, ideyası, mətləbi, qayəsi aşkardır. Bu savaşda məğlub olan türklükdür: osmanlısı, səfəvisi, sünnisi, şiəsi, türkü, türkməni ilə Türk dünyasıdır. Lakin müharibənin səbəb və səbəbkarlarının bədii təqdimatı və tarixi həqiqətlər müstəvisindəki hadisələrin estetik təhlili birmənalı deyil. “İki qoçun başı bir qazanda qaynamaz” atalar sözü burada yerinə düşmür, çünki bu iki baş eyni qazanda deyildi. Hər birinin öz geniş ərazisi, öz möhtəşəm dövləti, öz xalqları vardı. Tarixi mənbələrin əksəriyyətində Çaldıran müharibəsinin başlıca səbəbi kimi dini məzhəb ayrılığı göstərilir. Romanda da daha çox bu versiya qabardılır. Halbuki bu, buzdağının su üstündə görünən parçasıdır. Fikrimizcə, əsl səbəb iki qüdrətli türkdilli və müsəlman İmperiyanın yaxınlaşması ehtimalından qorxuya düşən dövlətlərin bunun qarşısının alınması yolundakı məkrli planlarının növbəti mərhələsinin həyata keçirilməsində idi.
Əlbəttə, tarixi roman janrında yazılmış bədii əsər tarixin birəbir özü deyildir. Yazıçı bu romanda uzaq tarixi hadisələrin əsas mahiyyətinə sadiq qalmaqla yanaşı, olaylara və tarixi şəxsiyyətlərə bədii şərtiliyin verdiyi imkanlar çərçivəsində öz dünyagörüşü ilə baxır, oxucuya çatdırmaq istədiyi mətləb və məramı bədii cəhətdən fərdi dünyaduyumu ilə mənalandırır. Çaldıran müharibəsində Sultan Səlim Şah İsmayılı məğlub edir. Yüz il əvvəl Əmir Teymur onun ulu babası İldırım Bayezidi məğlub etmiş və əsir almışdı. Bəzi qaynaqlara görə, qəfəsə saldırıb zəncirlətmiş, xanımını çılpaq soyunduraraq əsgərlərinə saqilik etdirib, şərab paylatmışdı. Bunu edib-etmədiyini Əmir Teymurun və tarixçilərin vicdanına həvalə edək. Bilinən tək gerçək budur ki, Əmir Teymur qazandığı böyük Ankara zəfərinə (1402) sevinməmiş, Səmərqəndə döndükdən iki il sonra da vəfat etmişdi. Ancaq olan olmuşdu: ustad Cavidin öz ədəbi qəhrəmanına söylətdiyi kimi, Türk dünyası “bir Topalla bir Korun”ın hakimiyyət və torpaq hərisliyi, eqoizmi ucbatından parçalanmış, Osmanlı torpaqları İldırım Bayezidin oğlanları arasında miras qovğasına səbəb olmuş, Bizans paytaxtı Konstantinopolun fəthi yarım əsr gecikmişdi.
Çaldıran savaşının baş verdiyi dövrdə Osmanlı İmperiyası da, Avropanı ildırımsürətli fəthləri ilə qorxuya salan Səfəvilər dövləti də öz tarixi inkişafının qüdrətli və ehtişamlı mərhələsinə qədəm qoymuşdular. Bu iki dil-din qardaşı fövqəldövlətin bir-biriylə müharibəyə başlaması Osmanlılarla siyasi-diplomatik münasibətlərini və ticarət əlaqələrini genişləndirmək istəyən və İrandakı Səfəvi dövlətinin güclənməsindən, xüsusən də bu iki İmperiyanın yaxınlaşmasından ehtiyat edən Avropa dövlətlərini, o cümlədən Sultan II Bayezidə 1492-ci ildən etibarən ilk elçilərini göndərməyə başlayan Rusiyanı xeyli dərəcə razı salacaq və rahat nəfəs almalarına imkan verəcəkdi.
Bu müharibə yalnız torpaq uğrunda deyildi. Əks təqdirdə, Sultan Səlim Osmanlı İmperiyasının ərazisini Şahını məğlub etdiyi dövlətin, İran torpaqlarının hesabına genişləndirmək fürsətini əldən qaçırmazdı. Halbuki Sultan güclü ordusuyla girdiyi Təbrizdən, Ərdəbildən könüllü geri çəkilmiş, ölkənin və böyük elm-mədəniyyət mərkəzləri sayılan bu şəhərlərin qarət edilməsinə, yıxılıb yandırılmasına imkan verməmişdi. Romanda bu məsələ Yavuz Sultan Səlimlə Şah İsmayılın qohumluq münasibətləri ilə də əlaqələndirilir. Məlumdur ki, Şah İsmayılın babası, Ağqoyulular dövlətinin hökmdarı Uzun Həsənin nəvələrindən biri (Uğurlu Məhmətin oğlu Mirzə) Sultan II Bayezidin qızı, yəni Yavuz Sultan Səlimin bacısı ilə evli idi.
Bu, belə olmasına belə idi. Lakin ortada hər
iki hökmdarın şəxsi qisasalma duyğuları da
vardı. Şah İsmayıl Sultan Səlimin qəyyumluq
etdiyi Özbək xanı sünni Şeybanini (romanda Şeybək)
məğlub etdikdən sonra başını kəsmiş, kəllə
dərisinin içini doldurdub Sultana hədiyyə göndərmiş,
özünə isə onun qafatasından kənarları
daş-qaşla bəzədilmiş şərab piyaləsi
düzəltdirmişdi. Vaxtilə Şahzadə
Səlim Trabzonda vali ikən, Şah İsmayıl İran
torpaqlarına tez-tez hücum edib yağmalayan Səlimdən
atası Sultan Bayezidə şikayətlər göndərərmiş.
Ehtimal ki, Sultan bunu da yaddaşının mənfi
xanəsinə yazmışdı. Nəhayət,
Osmanlıların başı qərbdə Venesiya ilə
şiddətli müharibəyə qarışdığı
dövrlərdə Şah İsmayıl Türkiyənin şərq
sərhədlərini tez-tez pozaraq əyalətlərə
hücum edirdi ki, Sultan bundan da xeyli narahat olurdu.
İntiqam üçün Şah İsmayılın da
özünə görə səbəbləri vardı. Böyük qardaşı, Ərdəbil
sultanı Şeyx Əlinin o hələ yeddi yaşındaykən
dedikləri hafizəsində daima canlı idi: ”Qardaşlarının,
atamızın və babamızın intiqamı sənin
boynundadır. Vaxtı gələndə Uzun Həsənin
sünni uşaqlarından qisasımızı alarsan”.
Taleyin hökmünə bax ki, bunu deyən də, dinləyən
də Uzun Həsənin bacısı Xədicə Bəyimin
oğlu, kürəkəni Şeyx Heydərlə doğmaca
qızı Aləmşah Banudan olma nəvələri idi.
Digər tərəfdən, İslamın ən
böyük qolunu təşkil edən sünni məzhəbi
və sünni təriqətlərinin İran torpaqlarına
sirayət etmə, ələvi
qızılbaşlığı yox etmə təhlükəsi
getdikcə artırdı. Bu isə şiəlik
təməlində qurulan Səfəvi Dövlətinin
süqutu olardı. Yeri gəlmişkən,
təxminən elə bu dövrdən etibarən Osmanlı
İmperiyası ətrafındakı və
qonşuluğundakı onlarla xanədanı yox etdi,
bütün bəylikləri, xanlıqları ortadan
qaldırdı, özünə birləşdirdi, lakin
İranı işğal edə bilmədi. Fövqəldövlətlərlə
əhatə olunmasına baxmayaraq, İran sonrakı tarixi
inkişafı boyunca da öz ərazisini və müstəqilliyini
çox az itkilərlə qorumağı
bacarmışdır.
Sultanın
Çaldıran döyüş meydanından, eləcə də
Təbriz və Ərdəbildən özü ilə bərabər
apardığı qənimət və xəzinə baha biçilməzdi.
Biz təkcə Sultanın əsir olaraq
İstanbula apardığı məşhur azərbaycanlı
alim və sənətkarları nəzərdə tutmuruq.
Ən qiymətli xəzinə Şah İsmayılın
döyüş meydanında əsir götürülən
arvadı Bəhruzə – dünya gözəli Taclı Xatun
idi (“Şahın qoyub qaçdığı” deməyə
dilim gəlmir, çünki tarixi mənbələrin
yazdığına görə, bu hadisə Şaha o qədər
ağır təsir etmişdir ki, ömrünün sonuna qədər
bir dəfə də olsun üzü gülməmiş, on il ona yas tutmuş, tez-tez inzivaya çəkilərək
təsəllini içkidə tapmışdır). Çaldıran savaşı başlayanda iyirmi yeddi
yaşında olan (sonbeşiyi və xələfi Təhmasib hələ
qundaqda idi) Şah İsmayıl romanın sonların doğru
müharibənin mənasızlığı haqqında
düşünür, lakin onun baş vermə səbəbini
yenə də Sultanın nankorluğuna bağlayır.
Fikirləşir ki, Əmir Teymurun əsir aldığı otuz min
osmanlını Şah İsmayılın ulu babaları onun əlindən
xilas etmiş, yurd-yuvalarına qaytarmışdı. Sultan Səlim isə duz-çörək
haqqını unudub, Çaldıran cəngində otuz min
igidi qanına qəltan elədi. Lakin
Şaha ən ağır gələn bu idi ki, ta Orta Asiyadan bəri
Türkün sahib olduğu adət-ənənlər
yıxılmışdı. Türklük,
qut, törə, şaman gələnəyi
yıxılmış, minlərlə qadın əsir
götürülmüşdü. Bu düşüncələr
zəncirinin son cümləsi Şahın
(Türklüyün!) çarəsizliyidir: “Bu iş Mehdiyə
qaldı”.
Yazıçı Taclı obrazını simvolik missiya
ilə vəzifələndirmişdir. Bəhruzənin sevdiyi
Təbrizli Ömər sünnidir. Şah
İsmayıl isə sünnilərin qənimidir. Hətta o dərəcədə qənimidir ki, Hz.Əlidən
başqa digər üç xəlifənin və vaxtilə
Hz.Əliyə biət etməyib, ona qarşı vuruşan (“Cəməl”
döyüşü) Peyğəmbərin zövzəsi
Hz.Aişənin adını daşıyanların ya
adlarını dəyişdirməsini, ya da öldürülməsini
fərman buyurur. Sünni məscidlərini
bağlatdırır. Hakimiyyətinin
birinci ilində Təbrizdə bir nəfər də olsun
sünni qalmır. Eyni aqibəti istila
etdiyi Bağdad 1509-cu ildə yaşamışdı.
On beş yaşına yenicə qədəm basan
Bəhruzə Şah İsmayın xanımı Gülüzar
Bəyimin üstünə günü gəlir. Romanın
sonuna qədər əlinə kişi əli
dəyməmiş bakirə qalır.
Türk qadın ismətinin satın
alınmaz qeyrəti olaraq rəmzləşdirliir. Şah
İsmayılla yaşadığı beş
il ərzində Bəhruzə yataqda Şahla arasına
qılınc qoyub yatır. Sevgilisi Ömərdən
onu ayırdığı üçün Şahı
bağışlaya bilmir. Lakin səbəb yalnız bu deyil. Bəhruzə
hər gün yataq otağına sərxoş gələn
Şahın onu sevməsini, ona aşiq olmasını istəyir.
Könül əyləndirmək, vaxt keçirmək
üçün onun otağına təşrif buyuran sərməst
İsmayılı ər olaraq qəbul edə bilmir.
Sultan Səlim əsir aldığı Taclının
gözəlliyinə heyranlığını gizlətmir, hətta
bəzi söz və davranışlarından ona aşiq
olduğunu hiss elətdirir. Lakin “Şah artığına” tamah salmağı
öz şan-şərəfinə ləkə hesab edir.
“Çeynənmiş
loxma”nı sarayın yaşlı katibi, qadın
tayfasından nifrət edən və üzdən son dərəcə
kifir Saray şairi Tacizadə Cəfər Çələbiyə
cariyə olaraq bağışlayır, onların
nikahını kəsdirir (Dövranın gərdişinə
bax, Taclı Xatun Taclı Bəyə ərə verilir. Bu, o Tacizadədir ki, Sultan Şaha göndərdiyi
bütün namələri ona yazdırardı). Romanda hadisələrin
sonrakı inkişafı göstərir ki, Sultanın aşiq
olduğu Bəhruzə də ona biganə deyil. Zaman-zaman
o da xəyalından keçirir ki, kaşki Sultan onu sevəydi,
ona aşiq olaydı. Bununla o,
tapdalanmış qadın qürurundan hərəkət edir,
onu döyüş meydanında atıb qaçan Şah
İsmayıldan qisas almaq istəyir.
Cəfər Çələbi Bəhruzə ilə bir
yatağı paylaşmır. Saraydakı illərin
təcrübəsi ona öyrətmişdir ki, Sultan Səlim
aldığı bu ani qərarı günün birində dəyişdirib,
Taclını özü üçün geri tələb edə
bilər. O zaman Bəhruzəni Sultana təmiz qaytarmaq
lazımdır. Lakin bu uzaqgörərən ehtiyatlılıq
belə “kazasker” rütbəsinə – ali hərbi
hakimliyə qədər yüksəlmiş Tacizadəni
ölümdən xilas edə bilmir. Sultan qarətlə
məşğul olan yeniçərilərin bir
iftirasını bəhanə gətirərək onu
boğdurur. Ehtimal ki, Taclının dul
qalmasını daha münasib bilir.
Sultan Səlim də, Şah İsmayıl da şairdilər. Biri Səlimi, o biri Xətai
təxəllüsü ilə müharibələrdən
fürsət tapdıqca qılıncı yerə qoyub, qələmi
ələ alır, şeirlər yazır, qəzəllərində
gözəli, gözəlliyi, həsrəti, vüsalı, vəfanı,
cəfanı, ilahi və bəşəri sevgini tərənnüm edirdilər. Yazıçı bu məqamı da rəmzləşdirir.
Hər bir fəslin əvvəlində Sultan və
Şahın o bölümün mündəricəsinə və
ovqatına uyğun düşən qəzəl və
şeirlərindən bir beyti, yaxud bəndi epiqraf olaraq verir.
Romanda Taclı Xatunun ətrafını saran məhəbbət
haləsi var. Sultan da, Şah da, Ömər də, Cəfər
Çələbi də, Qəmbər də ona aşiqdirlər. Əsərin
finalında Taclının da həyatının müxtəlif
zaman dilimlərinin aşiqlərinə biganə
qalmadığı aydın olur. Lakin ömrünün
qürub çağında boynundan asdığı, ölərkən
düz ürəyinə tuş gələcək şəkildə məzarına
basdırılmasını istədiyi mirvariyə hər dəfə
toxunanda içini isidən sevginin ünvanını tapmaqda
çətinlik çəkir: bir cüt mirvaridən təkini
hədiyyə edib, digər tayını özündə
saxlayan Ömərmi, o tək incini sırğa düzəltdirib,
qulağından asan Şahmı, döyüş zamanı
Şahın qulağından qoparılıb ona gətirilmiş
bu mirvarini yanından ayırmayan, ölüm döşəyində
bir zərfə qoyub Taclıya yollayan Sultanmı?
Bu sevgilərin heç biri digərinə oxşamır. Ömər Bəhruzənin
ilk və sona qədər unutmadığı məhəbbəti
(Əsərin sonunda Taclının məzarı başında
Qəmbərə incinin ikinci tayını verən
gözüyaşlı şairin Ömər olduğunu öyrənirik).
Cəfər Çələbi onu bütün bəlalardan
qoruyan ikinci nikahlı əridir.
Sultan
Taclıya dəli kimi aşiq olduğunu, hər an vüsalını istədiyini onun gözəlliyini
vəsf edən qəzəllərində dilə gətirsə
də, real həyatda Bəhruzədən uzaq dayanır.
Gücü-qüdrətilə aləmi lərzəyə salan
bu “aslanı”,
özünün də bir qəzəlində etiraf
etdiyi kimi, “bir gözləri ahu zəbun edir”. Lakin
ölüm döşəyində belə, Sultan
Taclının gələcək taleyinə biganə
qalmır. Onun Təbrizə
aparılmasını təmbehləyir.
Şah İsmayıl bir tərəfdən “isməti
ayaqlar altına düşdüyü” üçün
Taclını öldürməyə İstanbula muzdlu qatil
göndərir. Digər tərəfdən, Sultanın vəfatından
sonra Taclıya namələr göndərərək Təbrizə
qayıtmasını istəyir, hətta itkin sevgilisi Öməri
tapdırıb, onları evləndirəcəyinə söz
verir.
Taclı Xatun bu sevgilər yumağının içində
əbədi yuxuya gedir. Ölümqabağı onu sevənlərin
hamısının adını son dəfə sayıqlayır:
Ömər, Şah, Sultan, Cəfər. Bu zaman Qəmbərin
“Ən çox hansını sevmişdin?” sualına Bəhruzənin
verdiyi cavab bütün təxminləri alt-üst edir: ”Səni
sevmişdim, Qəmbər Can, ən çox səni
sevmişdim“. Ona öz sevgisini heç bir zaman açmağa
cəsarət etməyən, bütün ömrünün mənasını
Taclıya xidmətdə görən, öləndə
Taclının məzarı ucunda basdırılmasını vəsiyyət
edən Qəmbər Can Şahın uşaq vaxtı
axtalatdırdığı doğmaca qardaşı oğludur!
Biz romanın bəzi çatışmayan cəhətlərindən
söhbət açmağa ehtiyac duymuruq. Məsələn, şiə-qızılbaş
və ələvi-bektaşi terminologiyasında, cəm və dəm
rituallarının təsvir
və təhkiyəsində kiçik xətalar gözə
çarpır. Cəm əhlinin ibadətxanası
olan cəmevlərinin, ibadət şəkli olan
toplantılarının təsvirində “dəmlik” səhnələri
sanki içki sərxoşluğu kimi təqdim edilir.
Halbuki “dəm olma” həqiqət qapısını
aralamağa çalışanların öz ibadətlərini
huşu içində həyata keçirməsi, Yaradanla həmhal
olması, “dəm-uyum içində dövran sürməsi”
deməkdir. Ədib Şah İsmayılın
Çaldıran müharibəsinə qədər təxəllüsünün
Xıtai (yəni Xıtalı, Xıtadan olan, Xıtada
doğulan), Taclı əsir düşdükdən sonra Xətai
(yəni Çaldıran müharibəsinə girməklə
xəta edən) kimi mənalandırır ki, bu, bədii
tapıntı kimi görünsə də, tarixi həqiqətlə
uzlaşmır.
Yekun olaraq vurğulayaq ki, roman Türk dünyasının
qaranlıq tarixinin bədii-estetik təqdimatı olmaqla bərabər,
həm də işıqlı Sevgi dünyasının təqdimatıdır. Elə bir
dünya ki, orada şah və sultan, müsəlman və
xristian, sünni və şiə ayrı-seçkiliyi yoxdur.
Yazıçı romanın ilk cümlələrində buna
işarə edir: “Ey yolçu, sevgiyə doğru yeri, ta ki həqiqətə
çatasan!”. Biz də bu
nurlu kəlamla ifadə olunan Həqiqətə
çatmağın çətinliyini (bəlkə də
mümkünsüzlüyünü!) Xətainin misralarına söykənərək
xatırladırıq:
Həqiqət
bir gizli sirdir,
Aça
bilərsən, gəl bəri!
Küfr
içində iman vardır,
Seçə
bilərsən, gəl bəri!
Şah Xətai
eydir həman,
Dağları
bürüdü duman,
İştə
İncil, iştə Quran,
Seçə
bilərsən, gəl bəri!
Əsgər RƏSULOV,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-
2012.- 15 iyun.- S.19.