Anti-İslam təbliğatı və ya faciəli geriyə doğru irəliyə çağırış   Nəcib dalğa yayan kəhrəba (electrum) təbiətli mömin dostlara

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

İslam birbaşa istiqamətlənmiş və sadə inam idi, Allahın iradəsinə tabe olmaq lüzumunu vurğulayırdı. Məhəmməd peyğəmbər bu dinin köməyi ilə, həm də özünün ona həsr olunmuşsiyasi fəaliyyəti ilə ərəbləri vahid dövlətdə birləşdirməyə nail oldu. Bu vaxta qədər isə ərəblər müxtəlif dinlərə sitayiş edirdilər, ardı-arası kəsilməyən tayfa münaqişələri ilə bölünmüşdülər. Bütün dinlərə məxsus olan insanları birləşdirmək vəzifəsi islam dini tərəfindən böyük uğurla həyata keçirilməyə başladı.

Başqa dinlərlə müqayisəsinə gəldikdə üç dünya monoteist dini (iudaizm, xristianlıq və islam) aralarındakı münaqişələrə baxmayaraq, bir-birlərinə çox bənzəyirdilər. Onların ehkamlarının bir çoxu iudaizmin əsaslarından irəli gəlirdi. Hər üç inanc vahid Allah barədəki doqmatdan irəli gəlir. İslam ilahiyyatı nisbətən cavan olsa da, bütün hallarda xristianlıqdan daha müdrikdir, çünki xristianların Müqəddəs Üçlük (Ata, Oğul və Müqəddəs ruh) barədəki düşüncələrlə ağırlaşmır. İslama inam gətirmək həm də Allahla birbaşa əlaqənin din xadimlərinin və məscidin timsalında vasitəçilərsiz olmasını əsas götürür.

Məhəmməd peyğəmbərin vəfatından sonra onun ardıcılları dilemma qarşısında qaldılar. Məhəmməd ilahi qüvvə olmasa da, Qurana görə “Kim ki, Rəsula tabe olur, demək Allaha tabe olur” ehkamı ona az qala ilahi qüvvə imkanları verirdi. Ölümü ərəfəsində o, heç vaxt öz varisinin adını çəkmədi, beləliklə bəlkə də öz ətrafının gələcək taleyinə qarışmaq istəməmişdi. Onun öz oğlu yox idi, daha doğrusu sağ qalmamışdı, ancaq bir neçə qızı var idi. Kişinin mühüm rol oynadığı cəmiyyətdə dini icmanı kim idarə etməli idi? Məhəmməd peyğəmbərin vəfatından az sonra onun yaxın ardıcıllarından bir neçəsi Məhəmmədin qayınatası, varlı tacir olan Əbu Bəkri xəlifə və ya islam icmasının dünyəvi lideri seçdilər.

Məhəmməd və ona varis olan ilkin xəlifələr ərəb tayfa adəti olan raziyyədən və ya düşmənlərə qarşı mübarizədə yürüş keçirməkdən istifadə edirdilər. Bəziləri bu hərbi fəaliyyəti cihad adlandırırdı, onlar bunu müqəddəs müharibə kimi izah edirdilər. Cihad həqiqətən də “Allahın yolu ilə mübarizə aparmaqla şəxsi rifaha çatmaq mənasını verir.

Ərəb işğalları digər adamları və ya xalqları bu dinə çevirmək məqsədini güdmürdü, ona görə də islama keçmək tam könüllü qaydada baş verirdi. Kim islam dininə keçmirdisə, ondan yalnız müsəlman idarəçiliyinə tabe olmaqvergi ödəmək tələb olunurdu. Müsəlman olmayan əhaliyə müəyyən məhdudiyyətlər və can vergisi qoyuldu, bu isə əsasən sonralar baş verdi.

Ərəblər Əbu Bəkrin başçılığı altında birləşdikdən sonra öz nəzərlərini qonşudakı xalqlara qarşı yönəltdilər. Bizanslılar və persiyalılar yenicə birləşmiş ərəblərin qüvvəsini ilk hiss edənlər oldular. 636-cı ildə Yarmukda müsəlmanlar Bizans ordusunu məğlub etdilər və 640-cı ildə isə onlar Suriya əyalətini öz ağalıqlarına tabe etdilər. 637-ci ildə ərəblər şərqdə pers qüvvələrini məğlub etdilər və sonra 650-cı ildən bütün Persiya imperiyasını işğal etdilər. Bu vaxt MisirŞimali Afrikanın digər zonaları yeni müsəlman imperiyasının ərazisinə əlavə olundu. Bir sıra əla sərkərdələr ərəbləri iri miqyaslı və yüksək məqsəd güdən orduda birləşdirdilər, əgər döyüşdə həlak olsalar onlara cənnətdə yer veriləcəyi təminatına inam döyüşçülərin igidliyini daha da artırırdı.

İlkin xəlifələr imperiyanı Mədinədən idarə etməklə, yeni işğal edilmiş əraziləri vergi ödəyən əyalətlər kimi təşkil etdilər. VII əsrin ortalarından Əlinin xəlifəliyinə qədər peyğəmbərin varisliyi üzərində problemlər yaranır və mübarizə gedirdi. Məhəmmədin kürəkəni Əli öldürüldüSuriya valisi, Əlinin baş rəqiblərindən biri olan sərkərdə Müaviyə 661-ci ildə xəlifə oldu. Onu sünnülər Məhəmmədin qoyduğu liderlik nümunəsindən uzaqlaşdığına görə o qədər də sevmirdilər. Əli tərəfdarları olan şiələr isə xəlifəliyi öz liderlərinin əlindən uzurpasiya edib aldığına görə ona nifrət edirdilər. Lakin o, islam tarixində həlledici gücə malik olan az sayda xəlifələrdən biri hesab olunur. Onun bir xüsusi cəhəti ondan ibarət idi ki, gücdən yalnız ehtiyac olanda istifadə edirdi. O, deyirdi ki, “Mən heç vaxt qamçının gördüyü üçün qılıncımı işə salmıram, dilim gördüyü işdə qamçıdan istifadə etmirəm”. O, ləngimədən hərəkət edib, xəlifəliyi öz nəsli üçün irsi etməyə nail oldu, beləliklə Əməvi sülaləsini yaratdı. İlk addımlarından biri Əməvilərin müsəlman imperiyasının paytaxtını Mədinədən Suriyadakı Dəməşqə köçürmək oldu. Xəlifəlik üzərindəki ixtilaf islamda Əlinin törəmələri və həqiqi idarəedənlər kimi hesab olunan şiələrlə, həqiqi xəlifələr olan Əməvilərin törəməsi olduqlarını iddia edən sünnülər arasında bölünmə meydana gəldi. İslamın belə parçalanması bizim günlərə qədər davam edir və hətta beynəlxalq münasibətlərə də öz təsirini göstərməmiş qalmır.

Lakin daxili ixtilaf islamın ekspansiyasını dayandırmadı. VIII əsrin başlanğıcında Aralıq dənizinin qərb və şərq qurtaracaqlarına yeni hücumlar həyata keçirildi. Şimali Afrikadakı uğurlarından sonra, müsəlmanlar Gibraltar boğazını keçib, 711-ci ildə İspaniyanın içərilərinə girdilər. Vestqot çarlığı süqut etdi və 725-ci ildən İspaniyanın əksər ərazisi paytaxtı Kordoba olmaqla müsəlman dövlətinə çevrildi. 732-ci ildə müsəlman ordusu Cənubi Fransaya yürüş edəndə, Puatye yaxınlığında məğlub edildi. Avropada müsəlman ekspansiyası dayanmağa məcbur oldu.

Bu vaxt, 717-ci ildə müsəlman qüvvələri Bizans imperiyasını məhv etmək ümidi ilə Konstantinopola hücum etdilər. 718-ci ilin yazında bizanslılar müsəlman donanmasını darmadağın etdilər və Bizans imperiyasını, müəyyən dərəcədə isə xristian Avropasını xilas etdilər. Çünki Konstantinopolun yıxılması, heç şübhəsiz, Şərqi Avropaya müsəlman müdaxiləsinə qapıları açacaqdı. Bizans imperiyası və islam bu vaxt Cənubi Kiçik Asiyada yüngül sayılmayan bir sərhəd qurdular.

Ərəb irəliləyişi nəhayət sona çatdı, lakin bu köhnə Roma imperiyasının Cənubi və Şərqi Aralıq dənizi hissələrinin işğalından əvvəl baş vermədi. İslam həqiqətən də köhnə Roma imperiyasının varisinə çevrildi. İmperiyanın bu hissəsi inkişaf etmiş ərazi idiyeni Ərəb imperiyası onun işğalından böyük fayda götürdü.

Əməvi sülaləsi bu vaxt nəhəng imperiyanı idarə edirdi, BizansPersiya sivilizasiyaları ilə əlaqədə olmuşdu. Nəticədə, yeni Ərəb imperiyası yunan mədəniyyətinin, həmçinin qədim Yaxın Şərqin köhnə sivilizasiyasının təsirinə məruz qaldı. İşğalçıların uşaqları yeni qaydada təhsil alırdılar və parlaq mədəniyyət yaradırdılar. Bu mədəniyyət Qərbi Avropaya da hökmən öz intellektual təsirini göstərməmiş qalmadı.

İslamın tarixində heç vaxt məcburi şəkildə başqa dinə mənsub olanların islama keçməsi baş verməmişdi, islam imperiyasının işğalları da yerli əhalinin müsəlmanlığa kütləvi qəbul edilməsi ilə müşayiət olunmamışdı. Yalnız sonralar osmanlıların Balkanları zəbt etməsi vaxtı iki yerdə – BosniyaHersoqovinada və Albaniyanın bir hissəsində əhali kütləvi şəkildə islam dininə keçmişdi. Ona görə də islamın yayılmasını işğallarla, silah gücünə baş verdiyini iddia etmək ədalətsizlikdir, böhtandır. Ərəb ordusunun ayağı dəymədiyi yerlərdə də başqa dinlərdən islama keçmək baş verirdi, çünki yəhudilərin dinindən fərqli olaraq başqa dinlərdən islama keçmək qadağan olunmurdu. Allaha inam gətirən hər bir adam üçün bu dinin qapıları açıq idi. XV əsrdə Malakka yarımadasındakı eyni adlı krallığın banisi knyaz Parameşvara müsəlmanlığa keçmişdi. Burada ərəb ordusundan əsər-əlamət yox idi. Bu hərəkəti ilə o, tacirlərin, xüsusən də ərəb tacirlərinin dəstəyinə yiyələndi, həm də XIII əsrin sonundan islamın yayıldığı Sumatranın şimali-qərb hissəsindəki dövlətlərlə onun yaxınlaşmasına şərait yarandı. Bu dövlətlər isə Malakka boğazına nəzarət edirdilər. Beləliklə, boğazın hər iki tərəfində müsəlman knyazlıqları meydana gəldi. İslam buddizmiinduizmi dinc qaydada sıxışdırıb, Malakka yarımadasının bütün ərazisində hakim din oldu. Bu dövlətlərdə, onların vasitəsi ilə İndoneziyada müsəlman mədəniyyəti yayılmağa başladı.

Müasir dövrdə də islam heç bir silaha əl atmadan, hansısa zəfər təntənələri keçirmədən uğurla yayılır. Terrorçuların əməllərindən islam heçfayda götürmür, yalnız ziyan çəkir. Xristianliqdanbaşqa dinlərdən müsəlmanlığa keçid adiaz qala hər gün təkrar olunan bir hadisə olduğu halda, müsəlmanlıqdan xristianlığa keçid nadir hal xarakteri daşıyır və bunu kilsə xüsusi canfəşanlıqla qeyd edir. Vaxtilə İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik bacısının və onun ərinin xristianlığa keçməsi böyük hay-küyə səbəb olmuşdu. 2008-ci ildə Pasxa bayramı təntənələri vaxtı Maqdi Allam adlı bir nəfərin islamdan xristianlığa keçməsi xüsusi mərasimə səbəb olmuşdupapa XVI Benedikt özü bu tədbirdə iştirak etmişdi. Mərasim həmin nadir hadisədən şadlanmaq əlaməti olmaqla yanaşı, həm də bunun təkrarına çağırış rolunu oynayırdı.

İslam yalnız bütpərəstliyə qarşı mübarizə aparırdı, bu sahədə də iudaizmin və xristianlığın daha geniş miqyaslı qarşıdurmasına əl atmamışdı. Roma imperiyasında erkən xristianlığın bütpərəstliyə qarşı mübarizə şüarı altında antik dövrün bütün mədəni abidələri məhv edilmişdi. O dövrdən yalnız bircə nümunə – filosof-imperator Mark Avrelinin at üstündəki heykəli qalmışdır. Xristianlar səhvən bu abidənin öz inanclarını ilk dəfə rəsmi din elan edən imperator Konstantinə məxsus olduğunu güman edərək, ona toxunmamışdılar. Təkallahlı dinlərə sitayiş edənlərə müsəlmanlar “kitab əhli” kimi baxdıqlarından, onları himayə edirdilər. Belə bir qənaətə gəlmək olur ki, yarandığı gündən islam başqa monoteist dinlərə qarşı daha faydalı tolerantlıq göstərmişdi, bunu isə biz başqa dinlərin təcrübəsində görmürük.

Dini dözümlülük islam icmalarının sayca üstünlük təşkil etdiyi çox sayda konfessiyaların mövcud olduğu şəhərlərdə özünü daha aydın göstərirdi. 1572-ci ilin avqustunda, 23-dən 24-ə keçən gecə – Bartolomey gecəsində  Parisdə xristianlığın iki qolunun – katoliklərlə huqenotların düşmənçiliyi kütləvi qan axıdılmasına səbəb olmuşdu. Katoliklər huqenotlarla haqq-hesabı çürütmək üçün bir gecədə Fransanın paytaxtında 3 min nəfərə qədər öz dinlərinə məxsus olan, ancaq kilsənin eybəcərliklərini qəbul etməyən xristianları qırmışdılar. Bütün ölkə üzrə olan qırğınlarda isə 20 min nəfərə yaxın huqenot öldürülmüşdü. Elə həmin vaxt Osmanlı imperiyasının çox millətli və çox konfessiyalı paytaxtı İstanbulda dinc həyat hökm sürürdü, ayrı-ayrı dinlərə məxsus olanlar qonşuluqda münaqişəsiz yaşayırdılar. Onlar bir-biriləri ilə ticarət edir və digər fəaliyyət sahəsində əməkdaşlıq edirdilər. İslamın tolerantlığına çox sayda belə misallar gətirmək olar.

 

 

(Ardı var)

 

 

Telman Orucov

 

525-ci qəzet.- 2012.- 15 iyun.- S.18.