Öz istehkamı olan yazıçı
Kobo Abeni tərcümə
edərkən yazılmış söz
Kobo Abe Tokio Universitetinin tibb fakültəsini bitirmişdi,
ancaq yazıçı kimi
yüksək qiymətləndirdiyi Anton Çexovdan fərqli olaraq,
heç vaxt həkimlik
etməmişdi və ədəbiyyat onun bu dünyadakı yeganə missiyası idi.
Düzdür, o, dünyada baş verən siyasi proseslərə biganə qalmırdı
və mənim yaxşı yadımdadır ki,
1968-ci ildə Sovet qoşunları Çexoslovakiyaya yeridiləndə hakim ideologiya Kobo Abenin də
adını bir müddət “qara siyahıya” salmışdı, çünki o, bu intervensiyaya kəskin
etirazını bildirən məşhur dünya yazıçılarından biri idi.
Çexoslovakiya hadisələri ilə
bağlı bu “qara
siyahıya” düşənlərin bir çoxu dünənə qədər Sovet İttifaqına simpatiya
bəsləyən xarici ədəbiyyat, mədəniyyət,
elm xadimləri idi və
Kobo Abe də onlardan biri idi.
Orasını da deyim ki, Kobo Abe
bir ara Yaponiya
Kommunist Partiyasının üzvü
olmuşdu və əgər səhv etmirəmsə,
elə Çexoslovakiya hadisələrinə
görə də partiyadan istefa
vermişdi.
Yəqin Çexoslovakiya hadisələri Kobo Abe üçün
yaxşı bir stimul oldu ki, ümumiyyətlə,
siyasətdən uzaqlaşsın, çünki
dediyim kimi, onun missiyası – ədəbiyyat idi. Mən XX əsrin ikinci
yarısı dünya ədəbiyyatında
yalnız iki yazıçı
tanıyıram ki, elə ilk
romanları onları yalnız öz milli yox, dünya
ədəbiyyatının canlı klassiklərinə çevirdi: Markes (“Yüz ilin tənhalığı”)
və Kobo Abe (“Qum içində qadın”).
lll
Kobo Abe dünya ədəbiyyatını, xüsusən
rus ədəbiyyatını və rus ədəbiyyatında da
ilk növbədə Qoqolu
və Dostoyevskini dərindən mənimsəmişdi,
özünü bu iki yazıçının şagirdi
hesab edirdi. Qoqolun Kobo Abe
yaradıcılığına təsirini onun
“Qum içində qadın”, “Yad sifəti”, “Yandırılmış xəritə”
romanlarında, başqa əsərlərində
az, ya çox
dərəcədə hiss etməmək mümkün deyil və bunu o özü
də etiraf edir.
Ümumiyyətlə, deməliyəm ki, klassik rus ədəbiyyatının,
Qoqolun, Dostoyevskinin, Lev Tolstoyun XX əsr yapon ədəbiyyatına təsiri, az qala bu
ədəbiyyatın – yapon ədəbiyyatının
milli xüsusiyyətinə çevrilib. Elə yalnız Kobo Abedən əvvəlki dövrün
böyük yazıçısı
Akutaqavanın yaradıcılığını, xüsusən
Qoqolun “Şinel”inin biləvasitə təsiri ilə
yazdığı “Şirin kartof sıyığı” əsərini
xatırlasaq, elə bilirəm ki, bu fakt çox
şey deyir.
Kobo Abe böyük intellektual idi və bu, onun nəsrindəki təhkiyəsində də,
dramaturgiyadakı dialoqlarında da özünü aşkar
büruzə verir. Bu
baxımdan Kobo Abe mənə
XX əsr dünya ədəbiyyatında Nabokovu, yaxud Marsel Prustu
xatırladır və o, populyar
yox, sözün əsl
mənasında elitar
yazıçıdır.
Həm
populyar, həm də elitar
olmaq (misal üçün, Folkner, yaxud da Bulqakov
kimi) böyük ədəbiyyatda
o qədər də tez-tez
təsadüf edilən bir hal
deyil və Kobo Abe, yenə də misal üçün, elitarlıqdan daha artıq dərəcədə xəlqi olan Heminquey kimi populyar deyil,
ancaq o da Heminquey kimi öz böyük
istedadının sayəsində XX əsr dünya
ədəbiyyatının bədii-estetik keyfiyyətini və
mənəvi-fəlsəfi təmayüllərini müəyyənləşdirən
yazıçıdır.
lll
Bioqraflarının
yazdığına görə Kobo Abe şəxsi həyatında hay-küydən,
gülşadlıqdan qaçan, adama yovuşmaz bir insan olub
və bunu yazıçı özü də açıqca deyirdi: “Mən insanları sevmirəm.”
XX
əsrin böyük
yazıçılarından bir çoxunun, misal üçün Cek Londonun, Maksim Qorkinin, yaxud da elə Heminqueyin (“Qoca və dənizçi”ni xatırlayın), Şoloxovun (“İnsanın taleyi”)
yaradıcılığındakı insan
qadirliyinə inam, həyat eşqi
Kobo Abe yaradıcılığına
tamam zidd bir bədii təfəkkür ifadəsidir.
Tənhalıq,
həyatın mənasızlığı, siyasi-ictimai
fanatizm, millitarizm
qarşısındakı acizlik,
insanın ictimai, siyasi
və mənəvi həyatdan bezikməyi – budur
Kobo Abe
yaradıcılığının mövzuları və doğrusunu deyim ki, hələ 60-70-ci illərdə bu yazıçını oxuyanda
məndə elə müdhiş bir təəssürat yaranırdı ki, həmin romanlarda bir intihar ab-havası var. Ancaq baxın, “Həyat eşqi”ni yazan Cek
London intihar edir, Kobo Abe
isə sakit yaradıcı bir
həyat sürür və öz əcəli
ilə dünyasını dəyişir.
Mən “sakit yaradıcı bir həyat”
yazdım, ancaq bu
kontekstdəki “sakitlik” məfhumunda bir məxsusilik, keyfiyyət fərqi var. Kobo Abenin tərcümə və indi oxuculara təqdim etdiyim pyesinin adı
“İstehkam”dır və bu adı mən
həm də rəmzi görürəm, elə bil, söhbət yalnız bir
pyesin adından yox,
müəllifin özünün öz ətrafında qurduğu
mənəvi istehkamdan gedir.
Mənim
təsəvvürümdə Kobo Abenin “sakit yaradıcı
həyatı” öz düşüncələrini,
bu düşüncələrin bədii
ifadəsini tənhalıqdan, mənasızlıqdan, riyadan, qəddarlıqdan, militarizmdən, mənəvi
eybəcərlikdən qorumaq üçün onun özünün yaratdığı müdafiə
sisteminin – özünün qurduğu mənəvi
istehkamın içində keçirdi və
“məxsusilik”, “keyfiyyət fərqi” deyəndə də mən
bunu nəzərdə tuturam.
lll
Yadıma gəlir,
artıq universiteti bitirib
aspiranturaya daxil olmuşdum, 1966-cı il idi, Moskvada rus
dilində nəşr olunan “İnostrannaya literatura”
jurnalı “Qum içində
qadın”ı dərc etmişdi və bu roman o
zamankı sovet ədəbi aləmində
hadisəyə çevrilmişdi. Mən
də Kobo Abeni ilk dəfə o zaman oxudum, sonra
“Yandırılmış xəritə”, “Qutu
insan” romanlarını da
elə həmin “İnostrannaya literatura”da oxudum.
Bu əsərlər mənim üçün
– bir cavanlıq ehtirası və
barışmazlığı ilə sosrealizm
prinsiplərinə kin-küdurət bəsləyən və
elə həmin kin-küdurətin sövqü
ilə də özünü axtaran gənc yazıçı üçün – həm bədii-estetik, həm
də həyata münasibət baxımından olduqca maraqlı və əlamətdar idi.
Mən
aydınca görürdüm ki, həyatın, yaşayışın
gerçək, real çərçivələri
fikirlərinin bədii ifadəsində Kobo
Abe üçün məhdudluq
yaradır və fantasmaqoriyaya meyl, reallıq ilə qeyri-reallığı vəhdətdə
götürmək də, bəzi hallarda
intellektuallığın bədiiliyə hücum
etməsi, hətta hərdən
ona üstün gəlməsi
də elə buradan gəlir.
Ancaq nəsrdə intellektual təhkiyyə
bədii istedadın sayəsində süni
görünmürsə, dramaturgiyada bəzən
dialoqları təbii
danışıq tərzindən uzaqlaşdırır və
biz Kobo Abe dramaturgiyasında, o
cümlədən “İstehkam”da da hərdən bunu hiss edirik. Rəhmətlik İlyas
Əfəndiyev Kobo Abenin
nəsri kimi, pyeslərini də çox maraqla oxuyurdu və görünür,
özü emossional adam olduğu üçün, həmin maraqla
bərabər, bu pyeslərlə
bağlı “ancaq həddən artıq qurudur” deyirdi.
lll
Kobo Abenin pyeslərini oxuyarkən,
xüsusən “İstehkam”ı tərcümə edərkən,
bəzən məndə elə bir təəssürat
yaranırdı ki, bu əsərlər
və konkret olaraq “İstehkam”, bəlkə də, səhnəyə
qoyulmaqdan daha artıq
oxumaq üçün
yazılıb və güman edirəm ki, həqiqətən də teatrlarda bu pyeslərə quruluş
vermək o qədər də asan bir iş
deyil. Yəqin elə buna
görə də Kobo Abe
“Abe Studiyası” yaradaraq,
rejissor kimi öz pyeslərinin səhnə quruluşunu özü verirdi və deyilənə görə həmin
tamaşalar böyük
uğur qazanırdı.
Bu pyeslərdə, o
cümlədən də “İstehkam”da zahiri hərəkət
azdır, çünki dinamika
daxildədir, həm də daxildəki o dinamika elə də açıq-aşkar görünmür, o –
daxildə gizlədilib. Güman edirəm ki, eyni
fikri “İstehkam”dakı bədii-fəlsəfi
gərginlik haqqında da demək olar, çünki burada da gərginlik zahirdən
qat-qat çox – daxildədir
və mətnə toxunmadan o daxili gərginliyi üzə
çıxarmaq, onu tamaşanın ana xəttinə çevirmək də rejissordan dramaturq qədər
bir istedad tələb
edir.
Təəssüf
ki, mən Kobo Abe pyesləri əsasında heç
bir tamaşa görməmişəm
və ümumiyyətlə, onun pyesləri
də ruhən bu yazıçıya
yaxın olan Sartrın, yaxud
Anuyun pyesləri kimi dünya səhnələrini dolaşmır. Ancaq bu – Kobo Abe
dramaturgiyasının XX əsr dünya
dramaturgiyası kontekstində oynadığı rolun əhəmiyyətini heç
vəchlə azaltmır.
lll
“Mən ilk dəfə Bakının mənzərəsini
təyyarədən seyr elədim. Hər
tərəfdə buruqlar gördüm.
Təyyarədən düşəndə burnuma
neftin iyi dəydi. Hiss elədim ki, burada həyatın ritmi çox həmahəngdir. Sonra
şəhərə getdim. Burada tamamilə başqa bir mənzərə gördüm.
Bakı yüksək səviyyəli, gözəl, müasir şəhərdir. Köhnə
yazıçıları deyə bilmərəm, müasir yazıçıların yazması üçün Bakıda çox
şey var.”
Düz 46 il bundan əvvəl deyilmiş
bu sözlərin müəllifi Kobo Abedir.
Neft daşlarında gördükləri
də ona özünün
dediyi kimi, “unudulmaz təsir” etmişdi.
Məsələ
burasındadır ki, Sovet
İttifaqında “Asiya və Afrika Ölkələrinin
Yazıçıları ilə Sovet Əlaqə
Komitəsi” adlı ədəbi, əslində isə daha artıq dərəcədə siyasi bir ictimai
təşkilat fəaliyyət göstərirdi və bu təşkilat 1966-cı ildə Bakıda özünün geniş
iclasını keçirmişdi. İclasda Asiya
və Afrika ölkələrindən gəlmiş
xeyli yazıçı iştirak
edirdi və mən – dəvətnamə əldə
etmiş 23 yaşlı gənc
yazıçı – bir çox
ədəbiyyat həvəskarları ilə birlikdə
Filarmoniyanın arxa cərgələrindən
birində oturub, tamaşaçı kimi həmin iclasda iştirak edirdim. Kobo Abe də Yaponiyadan gəlmiş
yazıçıların arasında idi və
yeri düşmüşkən deyim ki, mən Əziz Nesini də ilk dəfə
elə onda görmüşəm.
Mən
Kobo Abe
haqqındakı bu kiçik
yazını yazarkən, həmin günlərin mətbuatını
– “Kommunist” və “Ədəbiyyat və
incəsənət” qəzetlərini – yenidən vərəqlədim:
amerikalıların Vyetnam müharibəsinə
etiraz aksiyası kimi
keçirilən bu iclas
avqustun 30-da başlayıb və üç
gün davam edib.
Dediyim kimi, mən
artıq “Qum içində qadın”ı oxumuşdum və xaricdən gəlmiş qonaqlar arasında mənim üçün
ən maraqlı yazıçılardan biri,
hətta olsun ki, birincisi Kobo Abe idi.
Bu yazı ilə bağlı mən
köhnə qeyd dəftərlərimi də
axtarıb, belə bir qeyd
tapdım və onu olduğu
kimi bu yazıya
köçürürəm:
“31 avqust 1966.
... Sən demə,
Kobo Abe də xaricdən
gələn qonaqların arasında imiş.
Mən bunu qonaqlar təqdim
olunanda bildim. “Jenşina v peskax”ı iki ay bundan
əvvəl “İnostranka”da
oxumuşam və bu
barədə əvvəlki səhifələrdə
yazmışam. Jurnalın o sayını oxumaq üçün Yaşara (dəqiq xatirimdə deyil,
ancaq yəqin söhbət rəhmətlik
Yaşar Qarayevdən gedir-
E.) vermişəm, bilmirəm, oxudu, ya yox.
Qonaqlar təqdim olunanda
bir-bir ayağa
sıçrayırdılar, zala əl
edirdilər, öpüş göndərirdilər
və s. Kobo Abe rəyasət heyətində ikinci cərgədə oturmuşdu,
təqdim olunanda sakitcə ayağa
qalxdı, yavaşca baş
əydi və yenə yerində oturdu.
Görəsən,
zalda əyləşənlərdən
kimsə bilirdi ki, bu sakit (bəlkə ilk baxışdan belə görünür? Ya da bəlkə mənə belə
gəlir?) adam dahiyanə bir
romanın müəllifidir?”
Mən indinin özündə də güman
edirəm ki, bir gənclik
maksimalizmi ilə yazdığım o “dahiyanə” ifadəsi ilə o
qədər də mübaliğəyə yol
verməmişəm.
Aradan bu qədər illər keçməyinə
baxmayaraq, mən onun
simasını yaxşı xatırlayıram: eynək
taxmış, qalın qara saçlı bu adam çox
təmkinli – necə deyərlər, “ağır otur, batman gəl!” – bir insan təsiri
bağışlayırdı, hətta çıxış
edəndə də Amerika imperializmini
ifşa edən əksər odlu-alovlu natiqlərdən
fərqli olaraq çox
sakit, dediklərini
ölçüb-biçərək və dediklərinə inanaraq danışırdı.
“Kommunist”
qəzeti Kobo Abenin
çıxışını ixtisarla çap edib və o çıxış konyukturadan,
siyasi pafosdan, təmtəraqlı
həmrəylik nümayişindən uzaqdır. Güman edirəm ki, onun çıxışındakı bu kiçik hissə az şey demir:
“Yer üzündə baş
verən hadisələrə yazıçı qərəzsizliklə,
düzgün baxmalıdır. Bu, asan deyildir.
Məsələn, məlumdur ki, faşizmə
qarşı mübarizə aparmış fransızlar
arasında elələri tapılmışdır ki, faşistlərin qəddarlığını
Əlcəzairdə təkrar etmişlər.”
Yazıçı
qərəzsizliyinin və obyektivliyinin
yaxşı nümunəsi elə Kobo Abenin özü idi.
Fikirləşirəm
ki, onun siyasətdən
uzaqlaşmasının bir səbəbi də
yəqin həmin qərəzsizlik və obyektivlik
olub.
lll
Bizim Axundov kitabxanasının
kartotekasına görə indiyə qədər Kobo Abenin yalnız bir hekayəsi – “Yuxudan gələn
əsgər” – Azərbaycan dilinə çevrilib
və mən elə bilirəm ki, onun əsərlərini – romanlarını,
pyeslərini, hekayələrini oxumadan XX əsr
dünya ədəbiyyatını tam təsəvvür etmək çətindir.
Hər halda, bu təsəvvür tam
olmayacaq.
Kobo Abenin
yaradıcılığı ağır çəkili
mürəkkəb yaradıcılıqdır və bu mənada “İstehkam” da istisna deyil.
Bu pyes mürəkkəb
psixoloji fantasmaqorik əsərdir,
həm bədii-estetik mündərəcatı etibarilə, həm
də emossional təsir gücü
etibarilə ağır əsərdir. Hətta mən deyərdim
ki, amansız əsərdir.
Kobo Abe “İstehkam”da xislətin dərinlərində
gizlənmiş qəddarlığı üzə
çıxarır, nəticə çıxarmağı, yəni
xislətin bu xüsusiyyətini qəbul
edib-etməməyi, bununla
barışıb-barışmamağı isə oxucunun (tamaşaçının) öhdəsinə
buraxır.
Həmin
amansızlıq, qəddarlıq sürrealist
bir aura yaradır və
burada personajlar hərdən
saata baxanda Salvadore Dalinin saatları mənim
yadıma düşürdü.
O saatlar zamanın fövqündədir.
Ancaq zamansız necə yaşamaq
olar?
Bu – mümkün
deyil.
İstehkam içindəki həyat isə
zamansız həyatdır.
Və mənim
fikrimcə Kobo Abenin bu pyesinin mövzusunu
və mənasını həmin zamansız həyat müəyyənləşdirir.
Bu pyes –
zamansız həyat haqqında yazılıb və yalnız
Yaponiyanın yox, bəşəri faciənin
bədii ifadəsidir.
lll
1924-cü
ilin 7
martında anadan olmuş
Kobo Abe də bütün böyük
yazıçılar kimi öz
əsrini qabaqlamışdı, ancaq bir insan kimi
XX əsri adlamaq ona
müyəssər olmadı və o,
1992-ci il dekabrın 25-də həmişəki
kimi mizin arxasında oturub işləyərkən qəflətən huşunu itirdi, bir daha
özünə gəlməyərək, düz
iyirmi səkkiz gündən sonra – 1993-cü il
yanvarın 22-də – XX1 əsrin astanasında beyninə qan sızmasından vəfat etdi.
Elçin
525-ci qəzet.- 2012.- 15 iyun.- S.14.