“Müstəqillik dövründə ali təhsil sisteminin beynəlxalq standartlara uyğun hüquqi-normativ bazası yaradılıb”  

 

 Pərvinin həmsöhbəti təhsil naziri Misir Mərdanovdur.

 

(IX söhbət)

 

Bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla müxtəlif mövzularda silsilə söhbətlərimiz oxuculara təqdim olunur. Bu söhbətlərin hər birində həmsöhbətimin uşaqlıq, gənclik illərinə, həyatından keçən insanlara, ailəsinə, övladlarına, çağdaş cəmiyyətdə baş verən hadisələrə, mətbuata, təhsilimizin keçmişinə və bu gününə aid  fikirləri ilə tanış oluruq.

Son söhbətlərimizin mövzusunu nazirin təhsil tarixinə aid araşdırmalarıyla bağlı idi. Qeyd edək ki, Misir müəllim Azərbaycanda təhsiliin tarixini araşdıran, bu barədə sanballı əsərlər yazan azsaylı alimlərdəndir. Bəlkə də ilk baxışdan riyaziyyatçı alimin tarixi kitablar yazmasına skeptik yanaşanlar da olsun. Amma müəllifin kitabların hər birinin yazılma tarixçəsi, materialların toplanması haqqında şövqlə bəhs etməsi, ən kiçik əlyazmalarını belə arxivləşdirib saxlaması və özünün şəxsən redaktə elədiyi “siqnal” nüsxələri həvəslə qarşısına qoyub vərəqləyərəq danışması bir həmsöhbət kimi mənim üçün maraqlı idi. Düşünürəm ki, nazirin apardığı araşdırmaları özünəməxsus təqdimatı, ideyanın yaranmasından kitabın “sobadan çıxmasına qədər incəlikləri, sirləri bölüşməsi oxucularımız üçün də maraqlı ola bilər.

Qeyd edim ki, “Azərbaycan təhsil tarixi” kitabının IV cildi Azərbaycanda mütəqilliyin ilk illərindən bu günümüzə kimi olan dövrdə ali təhsil tarixindən bəhs edir. Hazırda kitab üzərində son redaktə işləri aparan müəlliflə ali təhsilimizin keçdiyi yol, dünəni və bu günü barədə söhbətimizi oxuculara təqdim edirəm.

Pərvin: Misir müəllim, ötən söhbətimizdə müstəqillik əldə edildikdən sonrakı dövrdə ümumi orta təhsilimizin vəziyyəti və inkişafı barədə geniş danışdıq. Bilirik ki, “Azərbaycan təhsil tarixi” kitabınızın IV cildinin son redaktə işləri gedirbu cild müstəqillik illərində ali təhsilin inkişaf tarixindən bəhs edir. Ümumiyyətlə, ali təhsilimiz, onun keçdiyi yol barədə fikirlərinizi bilmək istərdim. Hər halda ali təhsil insanların taleyində həlledici mərhələ hesab oluna bilər...

Misir Mərdanov: Düşünürəm ki, cəmiyyətin inkişafında təhsil sisteminin hər pilləsinin özünəməxsus yeri var. Təbii ki, əhatə dairəsinin genişliyi baxımından təhsilin ilk əsas pilləsi-ümumi orta təhsil daha vacib hesab edilə bilər. Təsəvvür edin ki, ölkəmizdə orta məktəblərdə təhsil alanların sayı milyon yarıma yaxın, ali məktəb tələbələrinin sayı isə cəmi 140 mindir.

Digər tərəfdən, hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə ali təhsilin səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin təbii sərvətlərinin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsilin qarşısında duran müstəsna əhəmiyyətə malik vəzifələrdəndir. Daha vacib amil ondan ibarətdir ki, sürətli dəyişikliklərin baş verdiyi hazırki dövrdə, cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu var. Ali təhsil sadəcə, yüksək səviyyəli mütəxəssis yetişdirmir, o həm də ölkənin insan kapitalını artırır. İnsan kapitalı dedikdə isə, insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş və motivasiya ehtiyatı başa düşülür. Bu kapitalın xüsusiyyətləri kifayət qədər özünəməxsusdur, o, bir insana məxsus olsa da, eyni zamanda cəmiyyətin mülkiyyətidir. Bir daha vurğulayıram ki, müasir dövrdə hər hansı bir dövlətin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Buna nail olan ölkələrin daha çox uğur qazanması danılmaz faktdır. Təsadüfi deyil ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər ölkələr məhz insan kapitalından böyük gəlirlər əldə etməklə bu günkü inkişaf səviyyəsinə çatmışlar.

Pərvin: Xatırlayıram, ilk söhbətimizdə savadlı adamı bisavad adamla müqayisə edərək demişdiniz ki, ali təhsilli insanlar cəmiyyətdə nüfuzlu şəxslər kimi qəbul edildiyindən onların digərlərinə təsir imkanları daha çox olur. Belə insanlar ətrafdakılar üçün nümunə rolunu oynayır...

Misir Mərdanov: Bu barədə fikrim dəyişilməzdir. Doğrudan da ali təhsillilər sağlam həyat tərzi keçirmək, milli-mənəvi dəyərlərə yiyələnmək, bir sözlə, inkişafa yönəlmək baxımından başqalarına nümunədilər.

Təcrübə göstərir ki, təhsilin inkişafı cəmiyyətdə siyasi, sosial sabitliyin təmin edilməsində mühüm rol oynayır. Yüksək təhsilli insanlar siyasi həyatda daha sağlam, daha konstruktiv mövqe tutur, asanlıqla konsensus əldə etməklə münaqişələri daha tez həll edirlər. Təhsilsiz və ya aşağı təhsilli insanlar isə vətəndaş mövqeyini dərindən dərk etmədiklərindən ayrı-ayrı qrup maraqlarının alətinə rahatlıqla çevrilirlər.

Məhz həmin səbəblərdən ali təhsilin problemləri, bu sahədə aparılan islahatlar mütəxəssisləri, məzunları, istehlakçıları, dövləti və bütövlükdə cəmiyyəti dərindən düşündürür, onları bu istiqamətlərdə atılacaq hər bir addıma daha diqqətlə yanaşmağa sövq edir.

Bu sahənin tanınmış mütəxəssislərinin dəfələrlə dedikləri kimi,  ali təhsil pilləsi bu sistemin lakomativi, aparıcı qüvvəsidir. Çünki orta məktəbdə də təhsili təşkil edib irəliyə aparan məhz ali təhsillilərdir. Bu baxımdan cəmiyyətin inkişafında ali təhsilin və ali məktəblərin rolu  danılmazdır.

Pərvin: Ölkəmizdə dünyavi ali təhsilin yaranma mərhələsi xeyli çətinliklər olub. “Azərbaycan təhsil tarixi” kitabının I cildində Bakı Dövlət Universitetinin yaranma tarixçəsini, problemləri, dövrün ümumi mənzərəsini geniş yazmısınız ...

Misir Mərdanov: Bəli. Cümhuriyyət dövründə bizim ilk dünyavi ali məktəbimiz olan Bakı Dövlət Universitetinin yaranması barədə çox ziddiyyətli fikirlər var idi. O vaxtkı Parlamentdə bu məsələ müzakirə ediləndə, ona münasibətlər birmənalı deyildi. Digər problemlərlə yanaşı, yeni yaradılacaq ali məktəbdə tədrisin hansı dildə və kimlər tərəfindən aparılacağı məsələsi əsas müzakirə mövzusu idi. Həmin dövrdə universitetdə tədrisi Azərbaycan dilində həyata keçirə biləcək  mütəxəssis, müəllim çox az idi. Hamı bilirdi ki, əgər universitet açılsa, tədris hökmən rus dilində aparılmalıdır və məhz bu səbəbdən də Parlamentin bəzi üzvləri ölkədə rus dilli ali məktəbin yaradılmasının əleyhinə idilər. Amma açıq fikirli, uzaq görən ziyalılarımız düzgün olaraq, belə hesab edirdilər ki, universitet mütləq açılmalıdır və burada tədrisin başqa dildə aparılması müvəqqəti xarakter daşıyır, yaxın gələcəkdə tədris bütövlükdə Azərbaycan dilində həyata keçiriləcəkdir. Tarix sübut etdi ki, onlar yanılmayıblar, 1919-cu ilin payızında Bakıda universitet fəaliyyətə başladı və qısa müddət ərzində burada bütün ixtisaslar üzrə tədris ana dilində aparılmağa başladı.

Pərvin: Sonralar da, Sovet dövründə də ali məktəblərin sayı sürətlə artdı. Elə müstəqillik dövründə də bünövrəsi çox çətinliklə qoyulan bu uğurla davam etdirilib.

Misir Mərdanov: Bəli, müstəqilliyin ilk illərindən etibarən ölkədə ali məktəblərin sayının artmasını böyük uğurlarımızdan hesab etmək olar. Ölkə prezidentinin sərəncamlarına əsasən 1992-ci ildə Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında Polis Akademiyası, Bakı Dövlət Universitetinin Lənkəran filialının bazasında Lənkəran Dövlət Universiteti, 1993-cü ildə Mingəçevir Politexnik İnstitutu, 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, 2000-ci ildə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında Azərbaycan Müəllimlər İnstitutuonun ölkənin 12 bölgəsində filialı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Milli Konservatoriyası, 2010-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası, 2006-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəb, Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Diplomatik Akademiyası, 2007-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, 2011-ci ilin sonunda isə Bakı Neft məktəbi  yaradıldı. Nəticədə 2010/11-ci tədris ilinin sonunda ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin sayı 51-ə, onlarda təhsil alan tələbələrin sayı isə 150 minə  çatdı ki, bu da müstəqilliyin ilk illərində ali məktəblərimizdə təhsil alan tələbələrin sayından iki dəfə çoxdur.

Pərvin: Bundan əlavə, Azərbaycanda özəl ali məktəblərin yaradılması da ali təhsilimizin inkişafı baxımından faydalı idi. Bu hadisəni necə qiymətləndirərdiniz?

Misir Mərdanov: Ölkəmizdə özəl təhsil müəssisələrinin yaradılmasını böyük uğurlarımızdan biri hesab edirəm. Bu proses müstəqilliyin ilk illərindən başlayaraq bu günə qədər davam edir, getdikcə təkmilləşdirilir. Hazırda ölkəmizdə 20 minə yaxın tələbənin təhsil aldığı 15 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali məktəblərdə təhsilin səviyyəsinə bəzən iradlar tutulsa da, yaxud haqsız tənqidlərə yol verilsə də, hesab edirəm ki, bir çox özəl universitetlərdə gedən sürətli inkişaf göz önündədir.  

Pərvin: Ümumiyyətlə, cəmiyyətdə bir çox yeniliklər birmənalı qarşılanmır. Məsələn, elə ali təhsildə çoxpilləli sistemə keçilməsi özü, bəzi mühafizəkar mövqeli adamların fikrincə, məqbul deyil...

Misir Mərdanov: 1990-cı illərin əvvəllərində yeni qəbul olunmuş təhsil qanununda ali təhsilin çoxpilləli olması nəzərdə tutulmuşdu. Hələ o zamandan cəmiyyətdə bu məsələ ilə bağlı  müxtəlif fikirlər var idi. Uzun müddət Sovetlər Birliyinin qapalı təhsil sistemində çalışmış, ABŞ-ın və Avropanın  təhsil sistemində baş vermiş yeniliklərdən xəbərsiz insanlar təbii olaraq ali təhsildə çox pilləli sistemə keçməyin əleyhinə idilər. Yeri gəlmişkən onu da qeyd edim ki, o vaxtdan 20 ildən çox keçməsinə baxmayaraq, hələ də Rusiyanın bəzi ali məktəblərində bu sistemə keçilməyib.

Ölkəmizdə yeni təhsil qanunu qəbul edildikdən və orada ali təhsildə ikipilləli sistemə keçid təsbit olunduqdan sonra,  müəyyən müddət Təhsil Nazirliyində və ali məktəblərimizdə bununla bağlı hazırlıq işləri aparıldı. Artıq 1993/94-cü tədris ilindən, birinci kursdan başlayaraq ali məktəblərimizdə bu sistemlə tədrisə, yəni bakalavr hazırlığına başlanıldı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatının təşəkkülü və yeni iqtisadi münasibətlərin yaranması, ölkəmizin dünya birliyinə inteqrasiyası tamamilə yeni tip kadrların hazırlanması zərurətini meydana çıxarmışdı. Bu səbəbdən ali təhsilin strukturunun, formasının, məzmununun, idarə olunmasının, maliyyələşməsinin və digər məsələlərin həmin tələblərə uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edirdi.

Pərvin: Mətbuatda bu barədə çıxışlarınız çox olub. Ali təhsil məktəblərində ikipilləli sistemə keçidi irəliyə doğru atılmış müsbət addım kimi qiymətləndirirsiniz. İstərdim bu keçidin mahiyyəti və faydasını qısaca izah edəsiniz...  

Misir Mərdanov: Bilirsiz, dünyanın inkişaf etmiş ölkələrində bu sistem çoxdan tətbiq olunaraq öz müsbət nəticələrini vermişdibu baxımdan biz necə deyərlər irəliyə doğru gedən “qatardan” ayrıla bilməzdik. İkinci səbəbi isə mən onda görürəm ki, Sovet dövründə bizim ali məktəblərdə təhsil alan tələbələrin demək olar ki, hamısı biliyindən və bacarığından asılı olmayaraq, dövlət hesabına 5 illik təhsili başa vurduqdan sonra, ayrı-ayrı müəssisələrdə əmək fəaliyyətinə başlayır, çox az bir hissəsi daha yüksək pillədə-aspiranturada təhsilini və elmi tətqiqat işlərini davam etdirirdi. Çoxpilləli təhsil sisteminə keçdikdən sonra isə, ali məktəbə qəbul olanların hamısı 4 il bakalavr pilləsində təhsillərini başa vurduqdan sonra  aldıqları ixtisaslara uyğun olaraq əmək fəaliyyətinə başlayır, yalnız 20%-ə qədər daha qabiliyyətliləri növbəti səviyyədə-magistraturada təhsillərini davam etdirirlər. Başqa sözlə 4 illik təhsildən sonra seçim nəticəsində onların az bir hissəsi təhsilini daha yüksək səviyyədə davam etdirir. Beləliklə bir tərəfdən əvvəlkindən daha az müddətə cəmiyyətin ehtiyacına uyğun kadr hazırlığına nail olunur, digər tərəfdən isə böyük miqdarda dövlət vəsaitinə qənaət edilir.

Pərvin: Misir müəllim, indi bütün bunlar bəlkə də bizlərə sadə görünür. Amma gözünüzün önündə həyata keçirilən bu işlərin miqyası sizə hər kəsdən yaxşı məlumdur yəqin ki. Çoxmu çətin idi Sovet qapalı sistemindən qopmaq?

Misir Mərdanov: Pərvin xanım, indi bütün bunlar barədə bir neçə cümlə ilə sizə məlumat verməyə çalışdım. Ancaq 1993-cü ildən başlayaraq bu istiqamətdə çox ciddi və mürəkkəb problemlərin həlli üçün  nə qədər əmək sərf edildiyini bilsəniz, əmin olarsınız ki, Təhsil Nazirliyiali məktəblərin rəhbərlikləri tərəfindən ölkənin ali təhsilinin inkişafı istiqamətində nə qədər görülüb. Bakalavr hazırlığına başlandıqdan sonra hər il ali təhsilin bu səviyyəsinin məzmunu və digər problemlərlə bağlı məsələlər müzakirə olunaraq təkmilləşdirildi, yeni daha təkmil standartlar hazırlandı və 1997-ci ildə ilk bakalavrlar ali məktəblərimizi bitirdilər. 1996-1997-ci illərdə ali təhsilin növbəti səviyyəsinə-magistraturaya keçidlə bağlı hüquqi-normativ sənədlər hazırlandı, ali məktəblərdə bununla əlaqədar geniş maarifləndirmə işləri həyata keçirildi. Ölkəmizin təhsil tarixində 1997/98- ci tədris ilindən başlayaraq ali məktəblərimizdə magistr hazırlığına başlanıldı.

Pərvin: Bu işin çətin tərəflərindən biriyeni ikipilləli təhsil sisteminə uyğun proqramların, dərs vəsaitlərinin hazırlanması idi. Necə düşünürsünüz, ali məktəblərimizdə bu illər ərzində lazım olan vəsaitlər, proqramlar yetərincə yazılıbmı?

Misir Mərdanov: Əlbəttə. Qətiyyətlə deyə bilərəm ki, ötən 20 il ərzində ali təhsilin məzmunununun təkmilləşdirilməsi istiqamətində  fasiləsiz olaraq  həyata keçirilən məqsədyönlü işləri uğurlu hesab etmək olar. Bu illər ərzində ali təhsil müəssisələrində bakalavrmagistr hazırlığı haqqında əsasnamələr, ixtisasların siyahıları, bakalavrmagistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin strukturu, dövlət standartları, müvafiq standartlara uyğun baza təhsil proqramları, tədris planları və fənn proqramları, dərsliklər və dərs vəsaitləri hazırlandı, beynəlxalq təcrübə nəzərə alınaraq dəfələrlə təkmilləşdirildi, tələbələrin və müəllimlərin istifadəsinə verildi.

Pərvin: Misir müəllim, beşballıq qiymətləndirmə sistemindən çoxballığa keçilməsi də əsas nailiyyətlərdən hesab oluna bilərmi? 

Misir Mərdanov: Əlbəttə. 1999-cu ildən tələbələrin biliyinin qiymətləndirilməsinin yeni mexanizminin yaradılmasını əsas işlərdən biri hesab edirəm. Dediyiniz kimi əvvəllər beşballıq sistemdən istifadə olunurdu və tələbəyə qiymət onun illikya semestr ərzindəki fəaliyyətinə görə deyil, yalnız imtahandakı cavabına görə verilirdi. Dünyanın bir çox ölkələrində bu mexanizmdən çoxdan imtina edilmişdi. Biz dünyanın qabaqcıl ölkələrinin təcrübələrini öyrənib 1999-cu ilin sentyabrından bir neçə ali məktəbin seçilmiş fakultələrində birinci kurslardan başlayaraq eksperiment qaydasında 100 ballı sistemin tətbiqinə başladıq.

Pərvin: Bəs, bu sistemin əsas üstünlüyü nədən ibarətdir?

Misir Mərdanov: Üstünlük budur ki, tələbənin biliyi yalnız imtahanların nəticələrinə görə deyil, ilya semestr ərzində dərslərə davamiyyətinə, mühazirə mətnlərinin tərtibinə, seminarlaboratoriya nəticələrinə, kurs işlərinin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunlarına və buraxılış işinə görə qiymətlədirilir. Sonralar ölkənin bütün ali məktəblərində bu mexanizm uğurla tətbiq edildi və aparılmış monitorinqlərin nəticələri göstərdi ki, çoxballı sistemə keçid tələbələrin və müəllimlərin məsuliyyətini xeyli artırıb, ali təhsilin keyfiyyətinin yüksəldilməsinə öz müsbət təsirini göstərmişdir.

Pərvin: Misir müəllim, xatırlayıram, söhbətlərimizdən birində Qazaxıstanda Heydər Əliyevlə rəsmi səfərdə olarkən prezidentin sizə onların universitetlərinə muxtariyyat verilməsiylə bağlı təcrübəni öyrənməyi tapşırması barədə xatirələrinizi danışmışdınız. Bəlkə o zamanlar çoxlarına qeyri-mümkün görünən muxtariyyatı bizim universitetlərdən də bəziləri ala bildilər.

Misir Mərdanov: Zənnimcə bu ən yadda qalan yeniliklərdən biridir. Təsəvvür edin ki, o zamanlar biz xarici universitetlərə muxtariyyat verilməsi təcrübəsini öyrənəndə tamamilə bu işdən uzaq idik. Amma öyrəndiklərimiz fayda verdi. Ölkə Prezidentinin sərəncamı ilə 2000-ci ildə 4 ali məktəbə – Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Azərbaycan Dövlət Tibb Universitetinə və Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasına özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərmək hüququ verildi. Həmin ali məktəblər dövlət büdcəsindən ayrıca maddə ilə maliyyələşdirilir və öz əmlakına sahib olmaq hüququ vardır. Sonralar daha iki ali məktəbə- Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə də muxtariyyat statusu verildi.

Pərvin: Məlumdur ki, ali məktəblərimizdə ödənişli əsaslarla təhsilə 1993-cü ildən başlanıb. O zamanlar siz özünüz də universitetdə çalışırdınız. Bu hadisəni necə qiymətləndirərdiniz?

Misir Mərdanov: 1993-cü ildə hökümət tərəfindən qəbul olunmuş, ali məktəblərdə ödənişli əsaslarla təhsil almağın mümkünlüyü  haqqında qərarı olduqca faydalı  hesab edirəm. Bu qərar sonralar dövlət ali məktəblərinin maddi-texniki bazasının qorunub-saxlanılmasında və möhkəmləndirilməsində, eləcə də professor-müəllim və köməkçi  heyətin sosial müdafiəsinin təmin olunmasında mühüm rol oynadı.   Böyük məsuliyyətlə deyə bilərəm ki, əgər həmin qərar qəbul  edilməsəydi, dövlət universitetlərinin gələcək taleyinin necə olacağını söyləmək çətin olardı. Təsəvvür edin ki, bu gün dövlət ali məktəblərində təhsil alan tələbələrin yarıdan çoxu ödənişli yolla təhsil alır və ali məktəblərimiz əsas problemlərini bu yolla əldə olunmuş vəsaitin köməyi ilə həll edir.

2010-cu ildən ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi də bu sahədə ciddi nailiyyət hesab oluna bilər. Yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədləri ali təhsildə keyfiyyəti təmin etmək, mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələri arasında sağlam rəqabət mühiti yaratmaq, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə etmək, vəsaitlərin ayrılması prosesində şəffaflığı təmin etmək, subyektiv amilləri aradan qaldırmaq, tələbələrin keyfiyyətli təhsil alması üçün ali məktəbləri seçmək imkanını genişləndirmək və ali təhsil müəssisələrinin maliyyə müstəqilliyini artırmaqdan ibarətdir. Qeyd edim  ki, bu mexanizmin həyata keçirilməsində dövlət ali məktəbləri ilə yanaşı özəl ali məktəblər də iştirak edə bilərlər və dövlət sifarişini yerinə yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri tələbələrin sayından asılı olaraq verilir.

Pərvin: Bütün bu sadaladığımız nailiyyətlər ali təhsil sisteminin hüquqi-normativ bazasının yaranmasına xidmət edib, elə deyilmi?

Misir Mərdanov: Əlbəttə. Bu istiqamətdə çox görülüb. Müstəqilliyimizin 20 ili ərzində 1992 və 2009-cu illərdə təhsil haqqında qanunlar, ali təhsilin inkişafı, onun Avropa təhsil məkanına inteqrasiyası ilə əlaqədar ölkə prezidenti və hökumət tərəfindən çoxsaylı qərarlar qəbul olunub, inkişaf proqramları təsdiq edilib. Onların həyata keçirilməsi mexanizmləri hazırlanıb. Bütün bunlar deməyə əsas verir ki,  müstəqillik illərində ölkəmizin ali təhsil sisteminin beynəlxalq standartlara uyğun hüquqi-normativ bazası yaradılıb.

Bu illər ərzində ali məktəblərimizin maddi-texniki bazasının hiss olunacaq dərəcədə möhkəmləndirilməsi və genişləndirilməsi, yeni binaların inşası və əsaslı təmir edilməsi, müasir avadanlıqlarla təchiz edilməsi və beləliklə əlverişli təlim mühitinin yaradılması əsas nailiyyətlərdən biridir.

 

 

525-ci qəzet.- 2012.- 15 iyun.- S.10-11.