Həyat eşqi   

 

İyunun 16-da aktyor, rejissor, musiqiçi Tofiq Mirzəyevin 80 yaşı tamam olur. Amma  müəyyən mənada bu sənət sıralamasını tərsinə də düzmək olar. Belə ki, o, ilk öncə musiqiçi kimi sənətə gəlib, yalnız bundan sonra rejissor kimi çalışıb və ardınca filmlərə çəkilib.

Tofiqdə musiqiçi qabiliyyəti lap erkən yaşlarından üzə çıxıb. Amma müharibə illərində anası, qardaşı və bacısıyla cəbhəyə yollanan atasının yurdu Gədəbəydə yaşamalı olduğundan o, klarnet ifaçılığı üzrə musiqi təhsilini yalnız 12-13 yaşlarından almağa başlayıb. Əvvəlcə Bakıda, sonra Moskvada. Böyük Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edir və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayır. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Amma Tofiq lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb.

Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib.

Özünün olduqca maraqlı xatirələrində Tofiq təmsil olunduğu nəslin caza olan həvəsi barədə belə yazır:

“Məhz 50-ci illərdə bizlər, müharibədən sonrakı dövrün uşaqları “Günəşli vadinin serenadası”, “Dinki-Cazdan olan Corc”un ovsununa düşdük, ispan, italyan, fransız mahnılarının sədaları Bakı küçələrini bürüdü. Elə o vədələrdə də ilk dəfə radio məlumatlarına qulaq asmağa başladıq. Var gücləriylə o səsi batırırdılar, amma bu hay-küyün və cırıltının içində belə bizim cavan qulaqlarımız “Amerikanın səsi”nin Tanjer vasitəsiylə bütün dünyaya yayımladığı o bir saatlıq proqramını tuta bilirdi. Yeri gəlmişkən, məncə, böyük caz ifaçısı Pərviz Rüstəmbəyov Bakıda müharibə illərində öz qəbuledicisini təhvil verməyən yeganə insan idi. Onun evində inqilabdan əvvəlki nəhəng palıd şkaf var idi. O, qəbuledicini gizlədib bura lampa quraşdırıb keçirmişdi və gecələr caza qulaq asırdıq... Bizlər, cazla maraqlananlar kifayət qədər risk edirdik. Çünki caz qadağalar altında idl. “Bu gün caz ifa etsən, sabah da vətəni satarsan”. Təbii ki, biz çox ehtiyatlı idik və çalışırdıq ki, öz içimizə heç kimi buraxmayaq”.

Tofiqin qeyd etdiyi kimi risk və ehtiyat vacib imiş. Belə ki, Pərviz Rüstəmbəyov bir qədər sonra repressiya olunur və cazsevərlərin dost kampaniyasına bir çekist salınır. Və o adamın kimliyi Tofiqə yalnız otuz ildən sonra məlum olur. 80-ci illərdə Moskvada Tofiqlə artıq  DTK polkovniki rütbəsində görüşən həmin adam etiraf edir ki, hər halda o, heç kimi satmayıb. Amma əvəzində özü də cazın qızğın pərəstişkarına çevrilib və indi o, caz musiqilərindən ibarət samballı kolleksiyaya malikdir.

Tofiq Mirzəyevin həm də ədiblik qabiliyyətini üzə çıxaran xatirələrində belə bir xarakterik passaj var. Tofiq yazır:

“Sovetlər məkanında altmışıncılar adlı bir anlayış vardı. Bu, gənclərin böyük bir qisminin irəli çıxdığı və artıq onların qarşısını almağın mümkünsüz olduğu bir dövr idi. Amma bu illər üçün az adamın bildiyi və demək olar ki, heç kimin dilə gətirmədiyi zəmin var idi. Əllincilər. Bəli, altmışıncılar öz adlarını doğruldurdular. Çunki bu, sadəcə təqvimi dövrdən ibarət deyildi, bu bir formul, həyat tərzi idi. Amma hər halda, buna zəmin hazırlayanlar məhz mənim də təmsil olunduğum müharibədən sonrakı gənclik, məhz əllincilər idi”.

Nəhayət, elə bir dövr gəlib çatdı ki, daha caza hökumət əleyhinə fəaliyyət kimi baxmadılar, əksinə, bu ad – evfemizm altında özündə caz estetikasının əsas elementlərini ehtiva edən estrada kollektivləri yaranmağa başladı. Azərbaycan “Qaya” vokal kvarteti belə kollektivlərin birincilərindən oldu.

Və Tofiqin Teymur Mirzəyev, Lev Yelizavetski, Anar Hacıyev, Rauf Babayevin təşkil etdikləri vokal kvartetin hardasa xaç atası olması tamamilə təbii idi. Kvartetin bədii rəhbəri Tofiqin kiçik qardaşı Teymur oldu, amma onların baş məsləhətçisi, bir rejissor kimi onları televiziyaya çəkən Tofiq idi. Tofiq Müslüm Maqomayev və “Qaya” kvarteti ilə birlikdə keçmiş Sovetlər İttifaqının şəhərlərində qastrol səfərlərində olub, “Qaya” ilə birlikdə hətta Afrika ölkələrinə də gedib çıxıb. Qastrollar zamanı ciyəri fəsadlar verdi və o, klarnetlə vidalaşmalı oldu. Amma Tofiq musiqidən ayrıla bilməzdi. O, Azərbaycan Konservatoriyasının nəzəriyyə fakültəsinə daxil olmaq qərarına gəlir və bu təkliflə Cövdət Hacıyevin yanına təşrif buyurur. Onun xahişini dinləyəndən sonra Cövdət Hacıyev belə bir sakramental ifadə işlədir:

– Orfey cəhənnəmə baş vurur?

Onun belə bir qəliz fakultədə, belə “qeyri-tələbəlik” yaşında təhsil almaq istəyini Cövdət Hacıyev mifoloji Orfeyin hərəkətləriylə müqayisə etmişdi.

Tofiq qəzavü-qədərə boyun əyənlərdən deyildi, o özü öz taleyinin ağasıdı idi və odur ki, çıxış tapıldı – musiqidən ayrılmadan musiqili filmlər rejissoru.

Yenidən Moskva, yenidən təhsil illəri və bu dəfə artıq rejissor kursları. O, Bakıya döndükdən sonra televiziyada işləməyə başladı, portret filmlər çəkdi,bəstəkar Fikrət Əmirov, dirijor Nazim Rzayev, müğənnilər Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar haqqında verilişlər hazırladı. Tofiq simfonik musiqini – əsasən yaşlı rəssamların əsərləri ilə bəzədilən İncəsənət muzeyində kamera orkestrinin konsertlərini çəkən ilk rejissorlardan oldu. Rəsul Rza da bu verilişlərdən birini görmüşdü və çox  bəyənmişdi. O, bu münasibətlə telefonla Tofiqi təbrik etmişdi. Tofiq bunu həmişə minnətdarlıqla xatırlayır.

Kinematoqraf da hollivud bənizli bu yaraşıqlı kişidən yan keçə bilməzdi. Amma bununla belə, doğrusu, ona bir qədər gec diqqət etdilər. Tofiqi ilk dəfə kinoya Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Uşaqlığın son gecəsi” filmiylə Arif Babayev gətirdi. Tofiq danışırdı ki, kinostudiyanın Bədii şurasının filmə baxışından sonra o, həyəcanlı imiş. Kinostudiyanın direktoru, incəsənət məsələlərində heç bir güzəştə getməyən Ədil İsgəndərov onu kabinetinə çağırır.

“Hə, indi deyəcək ki, get, get öz işinlə məşğul ol, səndən aktyor çıxmaz”. Tofiq belə düşünürmüş. Ədil İsgəndərov isə cəmi bircə kəlmə deyib:”Sən çəkiləcəksən”.

Bundan sonra Tofiq Mirzəyev 35 filmə çəkilib, özü də təkcə “Azərbaycanfilm”də yox (əlbəttə, əsasən orada), həm də “Mosfilm”də, Dovjenko adına kinostudiyada.

“Mosfilm”də o, tanınmış rus aktyoru Vyaçeslav Tixonovla birlikdə çoxseriyalı “Cinahsız cəbhə” filmində çəkilib. Bu filmdə o, döyüş zabiti Əliyev roluyla öz yaxın dostu, memar Rasim Əliyevin atası, müharibə iştirakçısı, akademik Həsən Əliyevin obrazını canlandırıb. Bakıda Arif Babayevlə yanaşı, Həsən Seyidbəyli, Rasim Ocaqov, Tofiq İsmayılov da ona öz filmlərində rol veriblər. Üzeyir Hacıbəyovdan bəhs edən filmdə mən də onu çəkmişəm. Aparıcı rolunda.

Belə görürəm, Tofiqlə mənim dost, kino sahəsində həmkar olmaqdan əlavə, həm də qohum olmağımı deməyin vaxtı çatdı. Tofiq mənim həyat yoldaşım Zemfiranın böyük bacısı Elmira Səfərovanın əridir.

Tez-tez bizdə, ya Tofiqlə Elmiranın evində, Səfərovların Mərdəkandakı bağında görüşüb uzun illər can bir qəlbdə yaşamışıq, dəfələrlə birlikdə Azərbaycanın rayonlarına, Şəkiyə, Şuşaya, Gəncəyə səfər etmişik. Qışda Göygölün qarlı sahilində kabab bişirmək üçün nə qədər eləsək də, ocaq qalaya bilmədik. Axırda kömək üçün meşəbəyiyə müraciət etməli olduq.

“Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları” filmində Tofiqlə işləmək mənə rahat və xoş idi. Bir musiqiçi kimi o, filmin musiqi tutumunu dərindən hiss edirdi, bir rejissor kimi də ona hansısa tapşırığı verməyə ehtiyac yox idi. O, necə lazımdısa, elə də oynayırdı.

Tofiq ünsiyyətdə də çox maraqlı insandı. Öz zəngin həyatında baş verən hadisələrdən, ən müxtəlif insanlarla görüşlərindən saatlarla danışa bilər. Yadımdadı, bir dəfə bizim mənzildə təxminən günorta ikidən başlanan söhbətimiz gecə ikiyəcən çəkdi. Özü də danışan elə əsas Tofiq idi. Mən həmişə onu öz xatirələrini yazmağa sövq etmişəm. Deyəsən, son vaxtlar o, bu işə başlayıb. Gədəbəydə keçən uşaqlıq təəssüratlarını, daha sonrakı Bakı həyatından xatirələrini qələmə alıb. Bu xatirələrdən müəyyən hissələri mən bu yazıda da qeyd etmişəm, Tofiq öz xatirələrini mənə əlyazmada vermişdi – sadəcə, tanış olmaq üçün dərc edilməsi təklifiylə yox. Amma oxuyanda mətn mənə kifayət qədər maraqlı göründü və onu “Mir literaturı” qəzetinə göndərdim. Tofiq Mirzəyevin xatirələri bu qəzetin iki sayında işıq üzü gördü.

 Qara Qarayev və Fikrət Əmirov, Niyazi  və Tofiq Quliyev Tofiqə dərin hörmət hissiylə yanaşırdılar. O, öz yaşıdlarıyla və özündən kifayət qədər cavanlarla – Nazim Rzayev, Çingiz Sadıxov, Kamal Manaflı, Rasim Babayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Cahangir Əfəndiyev, Emil Lev, Rasim Əliyev, Rufik Şərifov, Adil Muxtarov, Fuad Seyidzadə, Arif Məlikov, Xəyyam Mirzəzadə, Yusif Səmədoğlu, Ağabəy Sultanov, Rüstəm İbrahimbəyov, Vaqif Səmədoğlu, Müslüm Maqomayev, Fərhad Xəlilov, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Rafiq Hüseynov və xeyli sayda başqalarıyla – əgər siyahını tam versək, bütün səhifəni tutar, bəlkə də artıq olar – dostluq münasibətlərində olub.

Tofiq – bu yüz faiz şəhərli oğlan bəzən kənd həyatının müəyyən sahələrinə bələdliyi ilə həmişə məni heyrətləndirib. Gədəbəydə keçən uşaqlığının təəssüratlarından yığılan ehtiyat bol olub. Yeri gəlmişkən, bir neçə il əvvəl Tofiqin və onun qardaşı Teymurun xahişi ilə biz Gədəbəyə getdik. Demə, orada onun atasının birinci nikahından olan bacısı yaşayırmış. Biz onların ataları İbrahim Mirzəyevin məzarını ziyarət etdik. Məni heyrətləndirən onların bacısı oldu. Bu tipik kənd qadınının belə sığallı şəhərli qardaşların bacısı olduğunu təsəvvür etmək çətin idi.

Tofiq öz həyatında çox məşəqqətlərdən keçməli olub. Həyat yoldaşının ölümü ona dəhşətli sarsıntı yaşatdı. Elmira xanıma olan məhəbbətini Tofiq bütün ömrü boyu daşıyıb.

Həyat yoldaşının vəfatından sonra Tofiq, şərait elə gətirdi ki, İsraildə məskunlaşmalı oldu (onun mərhum anası Bella İlyinşina yəhudiydi). Amma Bakı – dünyaya gəldiyi, işlədiyi, məhəbbətini, dostlarını tapdığı bu şəhər onu həmişə özünə çəkir. Mənə danışır ki, İsraildə hansısa ölkəyə səfər etmək istəyən şəxsi qabaqcadan qeydiyyata alan bir turist agentliyi, ya da aviaşirkət (dəqiq yadımda deyil) var. O, Avropa ölkələrindən hansısa birinə getmək üçün əvvəlcədən müraciət edibmiş, amma son anda qərarını dəyişib və Bakıya uçub. Və növbəti dəfə, tutaq ki, Fransaya səfərlə bağlı müraciət edəndə, burada çalışan tanış xanım ona deyib ki, yaxşısı budu bileti elə bu başdan Bakıya sifariş edəsiz, axı, siz onsuz da axırda ora uçacaqsız.

Və o xanım haqlı çıxıb.

Tofiqin Bakıya hər gəlişi bir bayramdı. Onun özü və dostları Rüstəm İbrahimbəyov, Rafiq Hüseynov, Adil Muxtarov, Rasim Əliyev, iki Fərhad – Xəlilov və Bədəlbəyli üçün. Və mənim üçün. Bu ünsiyyət bayramlarında özüm də tez-tez iştirak edirəm və bacanağımın mənən belə cavan qalması, həyat eşqi, doğma şəhərə bağlılığı, dostlara sədaqəti məni sevindirir.

2012-ci ilin 16 iyununda respublikanın əməkdar artisti Tofiq Mirzəyevin 80 yaşı tamam olur. Bu, ondan bir qədər cavan olanlara bir nümunə, lap deyərdim, bir toxtaqlıqdı. Demək, insan bu ahıl yaşda da ruhən cavan qala, sevə, dostluq edə, ünsiyyətdən həzz ala, var olmağına sevinə bilər. Bir sözlə, həyat eşqini itirməyə bilər.

 

 

Anar

 

525-ci qəzet.- 2012.- 15 iyun.- S.8.