Elimin adı –
“Şıxlı” soyadı
XALQ
YAZIÇISI İSMAYIL ŞIXLININ ÖMÜR YOLUNA BİR NƏZƏR
Tarixdə elə şəxsiyyətlər
var ki, onlar yalnızca bir nəslin qohumu, əqrabası
olmurlar, ölməz əməlləri ilə təmsil etdikləri
bütöv bir millətin yaxınına, doğmasına, əzizinə
çevrilirlər.
Görünür, hər böyük
millətin öz “Sakit
Donu”, öz “Dəli Kür”ü
yazılmalıdır. Yəqin ədəbi baxımdan bu qaçılmaz bir tale diqtəsidir. Amma bu “Sakit
Donları”, bu “Dəli Kürləri” yazanlar kimdir və əsrlərin
alt qatlarından günümüzə qədər
bir millətin qan
yaddaşında yığılıb qalan
vazkeçilməz tarixi və irsi xatirələri dilə gətirmək
görəvi niyə başqa birisinə yox, sonralar adı dillər
əzbərinə çevriləcək hansısa bir yazıçıya əmanət edilir? Bu tarixi
görəvə Tanrı diqtəsindən başqa
nə ad vermək olar
ki? Bu, seçilmişliyin
ən önəmli işarəti deyilsə, bəs nədir?
Mənsub
olduğum “Şıxlı” soyadı oxuculara çox şey desə də, mən, bu
gün İsmayıl Şıxlıdan
yalnız bir qohum kimi söhbət açmaq
istəməzdim. Çünki o insan, yuxarıda dediyim kimi,
doğmalıqların, qohumluqların fövqündə dayanan bir şəxsiyyət
idi və vəfatından bunca
il
sonra da, belə qalmaqda davam edir. O xalqının əzizi idi,
vətəninin Şıxlısı idi.
İsmayıl
Şıxlı ortaya qoyduğu
ədəbi mətnlərlə və müdrik
ruhunu üzə çıxardan şəxsiyyəti
ilə iyrimici yüz il Azərbaycan ədəbiyyatının seçilmiş, sevilmiş
yazarlarından biri olmuşdur
və bu əzəldən əbədə
belə də davam edəcəkdir.
Azərbaycanda,
eləcə də onun hüdudlarında ədəbi
çevrələrdə İsmayıl Şıxlı
adını duymayan sənət adamı,
yəqin ki, yoxdur. Ədəbiyyat
ensiklopediyaları oxucusuna ən azında
aşağıdakı bilgini diqtə edir: Şıxlinski İsmayıl Qəhrəman
oğlu (İsmayıl Şıxlı) – nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenari
müəllifi,
1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın
Xalq yazıçısı, Azərbaycan
Respublikası Ali Sovetinin
deputatı, M.F.Axundov adına və Azərbaycan
komsomolu mükafatları laureatı!
Yuxarıdakı
ensiklopedik məlumatlara rəsmi həyat
hekayəsi nələri əlavə edir?
– İsmayıl Şıxlı 1919-cu il
martın 22-də Qazax rayonunun
İkinci Şıxlı kəndində
müəllim ailəsində anadan olmuşdur. Sonralar Kosalar kəndində ibtidai
məktəbi bitirmiş, Qazax
pedaqoji məktəbində təhsil
almışdır. Bir il
Kosalar kənd orta məktəbində
müəllim işlədikdən sonra o zamankı APİ-nin dil və ədəbiyyat fakültəsində
təhsilini davam etdirmişdir.
Təhsilini başa vurduqdan
sonra Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri kimi işə
başlamışdır. İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində
ön cəbhələrdə vuruşmuşdur. Tərxis edildikdən sonra yenidən ( altı ay ) Kosalar kənd məktəbində
tədris hissə müdiri vəzifəsini
davam etdirmişdir. Sonra bir yaradıcı insan kimi həyatını Bakıda davam etdirmiş,APİ-nin filologiya fakültəsində aspirant
(1946-1949), müəllim, baş müəllim
olmuş, xarici ölkələr
ədəbiyyatı kafedrasının müdiri,
bir müddət Azərbaycan
Yazıçılar İttifaqının katibi
vəzifəsində çalışmış, “Azərbaycan”
jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar
İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar
İttifaqının katibi olmuşdur.
1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar
Şurasının sədri seçilmişdir.
Xidmətlərinə görə “Qırmızı əmək
bayrağı”, II dərəcəli “Birinci
Dünya müharibəsi” ordenləri və
medallarla təltif edilmişdir.
1995-ci il iyulun 26-da
Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Bir ömrün bir neçə cümləyə
sıxışdırılmış gedişatı! Amma bu sətirlərin
arxasında dastanlara sığmayacaq şərəfli
bir ömrün
dayandığını kim bilmir ki!
Qəribədir... cəmisi
iki-üç dəqiqəyə oxunulan bu yazıda Azərbaycan
ədəbiyyatının klassiklərindən birinin, cəsarəti
və comərdliyilə nümunə olmuş dahi bir şəxsiyyətin
həyatı təsvir olunub, hər zaman öz
sözünü deyə bilmiş, heç kimdən və
heç nədən çəkinmədən
yaşamış bir şəxsiyyətin...
Qan – ruhdur deyənlər əsla
yanılmır. Keçmişlərdən gələcəklərə
böyük insanı keyfiyyətlərin
daşıyıcısı da qandır. Bu anlamda
“Şıxlı” soyadının Azərbaycan məkanında
özünəməxsus çəkisi vardır.
Şıxlinskilər öz
soyadlarını Şıxı ağadan alıblar. Azərbaycana
Əliağa Şıxlinski, Cavad bəy Şıxlinski,
İsrafil bəy Şıxlinski, Şərif bəy
Şıxlinski, Alay bəy Şıxlinski, Hüseyn bəy
Şıxlinski, Arif Şıxlinski və s... kimi şəxsiyyətlər
bəxş etmiş bu nəslin tarixi 1500-cü illərdən
qeydə alınır.
Bizim nəslin nümayəndələri
arasında ədəbiyyata olan sevgisiylə
tanınanlar az olmamışdır.
İsmayıl əmimdən əvvəl və sonra
ədəbiyyatda öz sözünü
deyə bilmiş şəxslərimiz çox olub. Məsələn, zəkasına görə “Arif” təxəllüsü verilən, qeyrət
və millətsevərliyi ucbatından çox
bəlalar və müsibətlər çəkmiş şair Mustafa ağa Şıxlinski (1774-1845) öz dövrünün ən
qabaqcıl və tərəqqipərvər ziyalısı idi. Şeirləri, qəzəl və
qoşmaları dildən-dilə dolaşırdı. Amma Şıxlılar arasında
İsmayıl Şıxlının yeri bir başqadır. O, ədəbiyyatda
özündən sonra bir
məktəb, bir iz qoyub getmiş əzəmətli
və bənzərsiz bir şəxsiyyətdir.
İsmayıl
Şıxlı ədəbiyyata 1938-ci ildə “Quşlar” şeiri ilə
gəlmişdi, lakin “Heç
olmasa bircə şeirim
dərc olunaydı...” deyən İsmayıl Şıxlı,
elə o ilk şeiri “Ədəbiyyat” qəzetiində dərc
olunanda, şair olmaq sevdasına birdəfəlik son qoymuşdur. Sonralar özü bu hadisəni beləcə xatırlayacaqdı:
“Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim – nəhayət, şeirim
çıxdı; kədərlənirdim – heyf
ki, bir də şeir yazmayacağam...”
Bu, özünə inamsızlıq deyildi, yox, bu,
təxminən 20 yaşında olan bir gəncin öz
imkanlarını qiymətləndirə bilmək,
yazdıqlarına tənqidi yanaşmaq
qabiliyyəti və qətiyyəti idi! Və
bəlkə belə olmasaydı, sonralar şirin və mötəbər qələmilə,
şeirsəl nəsir diliylə hər zaman
seçilən yazıçı – İsmayıl
Şıxlı olmazdı.
1968-ci ildə nəşr
olunmuş və mən dünyaya
gəldiyim il (1969)
ekranlaşdırılmış “Dəli Kür”
romanı dövrün ən çox oxunan və sevilən
əsərlərindən biri idi və biri olaraq da
qaldığına şübhə yoxdur.
İsmayıl
Şıxlını sağlığında görmək, onunla az da
olsa eyni məkan və
zamanı paylaşmaq məncə insana verilən bir tale bəxtiyarlığıdır. Belə bəxtiyarlardan
biri olduğuma görə
özümü şanslı hiss edirəm.
Mən İsmayıl
Şıxlının “qanadları” altında böyümüş
və onun qeyri-adi insan olduğunu hələ
uşaqlıqdan dərk etmiş birisiyəm.
Böyüklə böyük,
kiçiklə kiçik kimi
davranmağı bacaran, ailəmizin, nəslimizin
ən sevimli, ən mötərəm
ağsaqqalı olan bu
insan hər kəsin qəlbinin sevimlisinə
çevrilməyi bacarırdı. Əslində,
bacarırdı demək yanlışdır, bu
xüsusiyyət onda Allah
vergisi idi. Azərbaycan
Respublikasının əməkdar mühəndisi, onlarla elmi kitabın və
monoqrafiyaların müəllifi olan atam – Arif Şərifbəy
oğlu Şıxlinski ilə
aralarında on yaş
fərq olmasına baxmayaraq, o, atamın ən yaxın sirdaşı idi.
Əslində
ailədə olan belə bir
insana pərəstiş edərək
böyümək təbiidir və bu pərəstiş
mənim qəlbimdə ədəbiyyata sevgi
və maraq doğurmaya
bilməzdi. Onun əsərləri stolüstü
kitablarım idi. Ən çətin və
çıxılmaz sandığım anlarda
mən bu kitablardan, sözün əsl mənasında, dərs
alır və təsəlli tapırdım. Ədəbiyyata sevgimin gün-gündən
artdığını evdə hər kəs hiss
edirdi və bunu hiss etmək elə də çətin iş deyildi. Çünki çox erkən
yaşlarımdan başlayaraq şeirlər
yazırdım, inanılmaz tezliklə bir
kitabı digərinin ardınca oxuyur, hətta
bir kitabı bir
günə bitirmədən gecəni belə yatmırdım.
Məktəbin gənc şairlər dərnəyinin sədri,
divar qəzetinin redaktoru,
rəssamı və şairi idim. Dərslərimdən əla qiymət
aldığım, hər şeyi
zamanında çatdırdığım üçün
evdə mənin bu maraqlarıma
qarşı çıxmırdılar. Kitablara
qeyri-adi həvəsim dərslərimə
zərrə qədər də mane olmurdu. Bu fərqliliyim İsmayıl
əmimin də diqqətindən qaçmamışdı.
İsmayıl Şıxlı ilə – bu böyük insanla
bağlı o qədər unudulmaz
xatirələrim var ki!
...On dörd yaşım
vardı, doqquzuncu sinifdə oxuyurdum. Bir gün atam “Hansı instituta gedəcəksən” deyə soruşduğunda qulaqlarına inanmadı. Çünki mən “Həkim olacağam”
cavabı vermişdim. Bazar günlərindən
birində atam üç
ümumi dəftər dolusu
şeirlərimi də götürüb məni
İsmayıl Şıxlının evinə apardı.
Aralarında olan üzun
söhbətdən sonra, əmim məni öz iş otaqına
çağırdı. Bu otaq
mənimçün nağıllar aləminə bənzəyən,
əlçatmaz və əsrarəngiz bir
dünyanın ən sehirli guşəsi idi. Tavana dirənən kitab rəflərindəki saysız-hesabsız
kitabların özünəməzsus ətri məni bihuş edirdi.
O, iri möhtəşəm yazı stolunun arxasına keçib
oturdu və yanındakı stulda mənə yer göstərdi.
Həyəcanlıydım. Dərsdən, ordan-burdan
sual verdikdən sonra,
“Eşitdim, həkim olmaq
istəyirsən” – deyib eynəyin
üstündən mənə baxaraq
gülümsədi.
– Bəli, – dedim.
– Həkim olmaq çoxdankı arzumdur.
Əmim stolunun
üstündəki şeir dəftərlərimə
işarə edərək:
– Biz həmişə
sənin ədəbiyyatçı olacağını düşünürdük. Amma...,
həkimlik də mötəbər bir sənətdir,
həkim hər kəsə lazımlı insandır. Həkim olmaq istəyirsən ol! Ədəbiyyat
isə hər zaman səninlə olacaq, ürəyində. Neçə
yaşın olur olsun,
ona olan sevgin əsl sevgiydisə, səni yenidən
özünə çəkib gətirəcək. Hər zaman həkim ola bilməzsən,
amma ürəyin hər dəfə
dindiyində yazacaqsan!” – dedi.
Aradan çox zaman keçməsinə baxmayaraq
mən bu sözləri unuda
bilmirəm. Sanki İsmayıl əmim, bəlkə
heç özü də
fərqində olmadan, həmin gün həyat yolumu çizdi, məni ədəbiyyat deyilən sirli dünyaya
uğurladı. Beləcə, dahi bildiyim bir insandan
xeyir-dua aldım. Və onun
dediyi kimi də oldu; həkim oldum, ədəbiyyat
isə mənimlə yaşadı, hər zaman
qəlbimin bir parçası olaraq qaldı.
İsmayıl
Şıxlı haqqında saysız elmi
işlər və məqalələr
yazılmışdır. Hamısının adlarını burada sadalamaq fikrindən uzağam, amma yazılan elə
fikirlər vardır ki, onları
xatırlamamaq mümkün deyil.
Gözəl şairimiz Məmməd İsmayıl
“Yazıçı” qəzetinin İsmayıl əmimə həsr
olunmuş xüsusi
buraxılışıda əziz qələm dostu
və həmkarı haqqında belə yazır: “Adların,
soyadların insan taleyində önəmli
bir yeri var. Dədə Qorqud
dönəmlərində ad almaq üçün
mütləq alacağın ada uyğun nəsə etməli idin.
Adları biz seçmirik.
Heç istəsək də seçmək
imkanımız da yoxdur.
Olsa-olsa özümüzə təxəllüs
seçə bilərik. Bizimçün
seçilən adı ömrümüzün
sonuna qədər çalışıb,
vuruşub, nəyin bahasına olursa olsun, doğrultmağa
çalışırıq.
“İsmayıl”
adı və “Şıxlı” təxəllüsü, Hüseyn Arifin təbiri ilə
desək, bir “türk
xocası”nın əzmi ilə elə yüksək bir səviyyəyə çatdı ki, hamı tərəfindən sevilən adlar siyahısında ön
sıralarda qərar tutdu. İbrahim
peyğəmbərin Allaha qurban
dediyi oğlu İsmayıldan, Şah
İsmayıl Xətaiyə qədər uzanan
tarixi İsmayıllar sürəci! Beləcə,
İsmayıl Şıxlı da adına
və soyadına çəkdi – o, həm
İsmayıl, həm də Şıx oldu...
Diqqətli oxucu “Dəli Kür”ün gizli güclərin diqtəsi ilə
yazıldığını hiss etməmiş
deyil. Çünki bu əsərin Kürün
özü kimi ləngərli
və canayatımlı dili təbət
kamilliyinə bərabər bir səviyyəyə
ulaşdırılmışdır. Səmavi kitablarda olduğu kimi, bu romanı oxuduqca onda insanüstü
bir şeylərin olduğunu
hiss edirsən. İsmayıl
Şıxlı kitabın yox, Tanrı
diqtəsinin, vəhyin yazıçısı idi.
əsərlərinə hopdurulan enərjisi
ona ölümsüzlük
qazandırdı!”
Bəli! O, hətta,
bütün ədəbi
yaradıcılığı boyu
yalnızca “Dəli Kürü”
yazmış olsaydı belə, yenə də adını Azərbaycan
ədəbiyyatının ön səhifəsinə
həkk etmiş olardı.
Bəzən
gözəgörünməzlərin təsir gücü
gözəgörünənlərdən qat-qat
güclü olur.”Vicdan”, “namus” deyilən
şeylər heç zaman
gözə görünməz. Amma namusu və vicdanı olanlar vicdansızlıqlara qarşı susa bilmirlər. Ədəbiyyatımızda ilk dəfə olaraq, öz yazısında Vicdana
beləcə dil verib
danışdıran, “Amanın günüdür,
məni itirməyin, itirsəniz bir daha tapa bilməzsiniz!” deyən
də İsmayıl Şıxlı oldu.Və bu
oluşuyla da, o, hər zaman haqqın
danışan dili, susmayan
vicdanı olacaqdı.
Tanınmış
ədəbiyyat adamlarımızdan İntiqam
Qasımzadə məqalələrinin birində belə
yazır: “İsmayıl Şıxlı macal
tapıb “Ölən dünyam”
romanının son nöqtəsini qoymaqla, 50 illik
yaradıcılıq yoluna da
yekun vurdu. Və sanki bundan sonra
o da qəhrəmanı
Həsən ağa kimi
rahatlıq tapıb dünyasını dəyişdi, əbədiyyətə
qovuşdu. Belə bir
deyim var, deyirlər:
“yazıçının əsərləri oxunursa,
deməli, o, yaşayır”. Bunun belə olub-olmadığını mən
bilmirəm. Amma onu qəti
bilirəm ki, İsmayıl
Şıxlı – əsərləri oxunan
və sevilən yazıçıdır...”
1995-ci ildə, əvvəl
atamı, cəmi bir həftə sonra isə atam qədər
sevdiyim insanı – İsmayıl
Şıxlını itirdim. Bu itkilər yalnızca bizim
nəslin deyil, Azərbaycanın itkisi idi. Onların dəfninə
gələn hər bir insanın
simasında dərin hüzn və kədər
vardı – xalq öz əzizi
ilə vidalaşırdı... O günlərdə
yaşadıqlarımı qələmə almaqda
çətinlik çəkirəm.
Sevimli uşaq
yazıçısı, İsmayıl Şıxlının
gəlini Reyhanə Yusif qızı
(Şıxlı) öz xatirələrində
belə deyir: “...bərk xəstə idi, amma əzizlərinin və
eləcə də mənim sürəkli təkidimizlə
“Ölən dünyam” əsərini tamamlamağa razılaşdı. Ümidə xala (həyat yoldaşı) və mən
sırayla onun dediklərini yazır və
sonra da özünə
oxuyurduq, bəzən heç
redaktə etməsinə də ehtiyac olmurdu. Bütün gücünü və iradəsini
toplamışdı. Əsər bitdiyində, sanki
sonuncu missiyasını yerinə yetirmiş kimi dərindən
nəfəs aldı... amma... “Ölən
dünya”sını görmədən dünyasını dəyişdi...
Belə bir insanın – bu
qədər sadə, amma bu
qədər qeyri-adi bir
insanın ölümünə hələ də inanmaq istəmirəm!”
Bəzən
İsmayıl Şıxlının keçmiş
dostları, qohumlarımız dalğın oturduğum
zamanlarda məni ona bənzədir,
“gözlərin rəhmətliyin gözlərinə yaman oxşayır” deyirlər. Bununla
necə də qürur duyuram!
Amma istərdim ki, bənzərliyimiz
yalnız göz bənzərliyi ilə
qalmasın... Kaş onun
müqəddəs ruhu mənə çətin
və qəribə dünyanı İsmayıl
Şıxlı gözlərilə görməkdə və ədəbiyyata
onun baxışlarıyla baxmaqda
yardımçı olsun!
Çin filosofu Konfutsinin belə məşhur kəlamı var: “İnsan öldüyü zaman yox, onu sonuncu
xatırlayacaq adam öləndə
dünyasını dəyişir”. Bu hesabla İsmayıl Şıxlının ömür ölümsüzlüyü
əbədiyyət qədərdir. Çünki
nə qədər ki, Azərbaycan
xalqı və Azərbaycan ədəbiyyatı var, Onu xatırlayanlar da var olacaqdır!
Afaq ŞIXLI
525-ci qəzet.- 2012.- 19 iyun.- S.7.