Nihalənin “İşdə meditasiya”sı işıq üzü görüb

 

Gənc yazar Nihalənin “İşdə meditasiya” adlı hekayələr kitabı oxuculara təqdim olunub. Orijinal yazı tərzi ilə seçilən gənc yazarın qələmə aldığı “Qara torağay”, “Bir ayaq iki başmaqda”, “Xaltasız”, “Bankomat”, “Klassik şantaj”, “Pişik diplomatiyası”, “Fürsət”, “Polya xala”, “Yalanın təzahürü”, “Yuxu”, “Yasda”, “İşdə meditasiya”, “Şirin güzəşt”, “İctimai qınaq”, “Nataşa”, “Kənd həyatı” və başqa hekayələri, “Vətən sərhədi-gözümüzün kirpikləri” essesi kitaba daxil edilib. Müəllifin hekayələri  vətənpərvərlik və milli təssübkeşlik motivlərindədir. Doğma yurdun gözəllikləri, əsir torpaqlarımızın yanğıları hekayələrin əsas mövzusudur. Nihalə hekayələrində sevgisi və nifrətiylə, sevinci və kədəriylə bizə tanış olan, həm də doğma olan bənzərsiz insan talelərini  qələmə alıb. Müəllifin təsvirçilikdən uzaq olması, humanizmi onun oxucuya yaxınlaşdıran əsas cəhətlərdəndir.

Qeyd edək ki, Nihalə ədəbi yaradıcılığa nəsr və tərcümə ilə başlayıb. Hekayələri, ingilis dilindən Azərbaycan dilinə çevirdiyi əsərlər mətbu orqanlarda müntəzəm çap olunur. 2009-cu ildə dünya şöhrətli Amerika yazıçısı Riçard Baxın “Conatan Livinqston adlı Qağayı” povestini dilimizə tərcümə edib. “2009- cu ilin yeni nəsil tərcüməçisi” kimi və fərdi yaradıcılıq uğurlarına görə milli kulturoloji mükafata layiq görülüb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 19 iyun.- S.7.