Xurşidbanu Natəvanın irsi haqqında bir neçə söz   

 

XIX əsrin digər məclis şairləri kimi, Xurşidbanu Natəvanın yaradıcılığına da Füzuli poeziyası güclü təsir etmişdir. Ümumiyyətlə, Füzuli təsiri, dahi şairin əsərlərinə yazılan nəzirələr XIX əsr ədəbi məclis şairlərinin yaradıcılığında önəmli yer tuturdu. Nəzirəçiliyin belə geniş miqyas alması, bu şairlərin bir çoxunun plagiatçılığına səbəb olurdusa da, bu halı bütün şairlərə aid etmək olmaz. Dövrünün istedadlı şairlərindən olan Natəvanın qəzəllərində səmimilik, özünün yaşantılarını, həyəcanlarını ifadə etməsi, saf məhəbbətin, sədaqətin tərənnümü, dilin sadəliyi diqqəti ilkin cəlb edən cəhətlərdəndir. Natəvan və onun digər müasirləri qəzəl dilinin sadələşməsi, danışıq dilinə yaxınlaşması sahəsində səmərəli fəaliyyət göstərmişlər ki, sonralar bu proses Ə.Vahidin şəxsində uğurlu davam etdirildi.

Natəvanın incə duyğuları, zərif mətləbləri ifadə etdiyi səmimi şeirlərində vəfa, sədaqət kimi gözəl keyfiyyətlər, aşiqin öz eşqi uğrunda fədakarlığı, hər cür cəfaya, əzab-əziyyətə dözməyə hazır olması təqdir edilir. Natəvan epiqonçu şeirin çoxaldığı XIX əsrdə qadın qəlbinin həyəcanlarını, qadın məhəbbətini tərənnüm edən təkraredilməz qəzəllər yazmışdır. Onun şeirlərində məhəbbətin, sevgi duyğularının aşiqin mənəvi dünyasına təsirini, onun daxili dünyasında yaratdığı təlatümü görürük.

Natəvanın sırf məhəbbət lirikasına həsr etdiyi şeirlərində onun mücərrədlikdən uzaq olduğunu, real, insani hisslərdən danışdığı, Azərbaycan qadınlarının acı şikayətlərini, həzin iniltisini ifadə etdiyini, eyni zamanda, sevən insan qəlbinin şərəfini və ləyaqətini qorumağa çağırdığını görürük. Şair bəzən sanki yarından şikayət dolu söhbətini şeirinə köçürmüşdür:

 

Fəraq ilə işimi ahü zar edən sən idin!

Yıxan bu qəlbim evin, tarü mar edən sən idin!

Sənin yolunda bəlalar qəbul edən mən idim,

Mənim xilafıma hicr ixtiyar edən sən idin!..

Məni bu qəm yükünü çəkməyə rəva bildin,

Salıb məlamətə, həm şərmsar edən sən idin.

 

Xurşidbanu həyatının kədərli, hüznlü məqamlarında istedadlı cənubi Azərbaycan şairi  Mirzə Əbülhəsən Racinin (1835-1876)

 

eşq olaydı, aşiq, hüsni-dilbər olaydı,

ayinə, səfa, ey könül, cövhər olaydı

mətləli qəzəlinə

mən olaydım, ilahi, bu aləm olaydı,

  bu aləm ara dil müqəyyədi-qəm olaydı

 

beyti ilə başlanan nəzirə yazmış, bu şeirində könül iztirablarını qələmə almışdı. Bu şeir şairin şəxsi faciəsini ifadə etməkdə necə mahir olduğunu bir daha göstərir.

Lakin Natəvanın nikbin ruhlu, Tanrının bəxş etdiyi həyata, dünaya, təbiətə ilhamla baxdığı şeirləri vardır. OnunEy güli-süsən, səni bir natəvan çəkmiş məgərmisrası ilə başlanan, “Qərənfil”, “Bənövşərədifli qəzəllərin təbiət gözəlliyinə heyranlıq, həyat eşqi parlaq surətdə ifadə olunmuşdur.Bənövşərədifli şeirdə şair əvvəlcə hər yeri tutmuş bənövşənin gözəlliyindən, sonra isə öz sevgisindən danışır, təbiətlə məhəbbəti birləşdirir:

 

Fələk rənginə bənzər bu bənövşə,

Tutub səhraları hərsu bənövşə!..

Səni şövqi-bahar aşüftə qılmış,

Çəkər aşiq olan qayğu, bənövşə!

 

 Xurşidbanu şeirlərində insanı, təbiət mənzərələrini bir rəssam kimi təsvir etmək istedadını nümayiş etdirmişdir. Şairin rəssamlıq qabiliyyəti olmuş onun karandaşla çəkdiyi bir sıra rəsm əsərləri hal-hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan albomda – “Gül dəftəri”ndə toplanmışdır. Bəylər Məmmədov Natəvanın rəsmləri barədə yazır: “Xurşidbanuya qədər rəssamlar dini-romantik mövzular ətrafında dolanır, div, pəri əsatiri döyüşləri çəkməklə kifayətlənirdilər. Lakin Natəvanın naturadan işlədiyiBudaq”, “Üzüm salxımı”, “Ağac”, “Ev”, “Gül”, “Çiçəktəsvirləri Azərbaycan incəsənətində yenilik hesab olunurdu”. Natəvanın istedadı şeir rəssamlıqla birlikdə musiqi sahəsində özünü göstərirdi. Haqqında yazılmış xatirələrdən öyrənirik ki, şair muğamı gözəl bilmiş, Şuşada gənc müğənnilərin yetişdirilməsi sahəsində fəaliyyət göstərmişdir.

Natəvan lirik poeziyanı, qəzəli mücərrədlikdən uzaqlaşdıraraq müəllif şəxsiyyətinə, həyatına, öz qadın hissiyyatına xeyli yaxınlaşdırmış sənətkardır. Şair bilirdi ki, istedadı sayəsində klassik ədəbiyyatın qanunları, klişeləri çərçivəsində öz şəxsi duyğularını daha ətraflı, yaxından verə bilər. Onun geniş qəlbinin özünüifadəyə ehtiyacı vardı. Əlbəttə, əsl poeziya bu ehtiyacdan yaranmalıdır. Şair hisslərini ifadə edərkən qəlbən müəyyən qədər sakitləşir, təsəlli tapırdı. Natəvan yalnız duyğularını ifadə edib, ruhi sakitlik tapmaq üçün əlinə qələm alırdı. Şeir yazmaqda onun əsas məqsədi bu idi.

Natəvanın şeirləri indiyə qədər 1928, 1938, 1956, 1981, 1984 2004-cü illərdə çap edilmişdir. 1928-ci ildə Hənəfi Zeynallı tərəfindən tərtib edilən, 82 səhifədən ibarət birinci kitaba şairin həyat yaradıcılığı barədə ön söz, 38 şeir (burada nədənsə 37 nömrəli şeirdən sonra 51-ci gəlir), Natəvana həsr edilmiş şeirlər, qəzəllərinə yazılmış nəzirələr daxildir. 1956-cı ildə AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Fazil Seyidovun tərtib etdiyi kitaba ön söz, şairin şeirləri, Natəvan haqqında yazılan şeir mənzum məktublar, lüğət hissəsi salınmışdır. 1984-cü ildə Bəylər Məmmədov tərəfindən tərtib edilən kitab isə 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqındaSərəncamına əsasən yenidən nəşr edilmişdir. Buraya ön söz, şeirlər lüğətlə bərabər şairin bir məktubu da daxil edilib.

Natəvanın hal-hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan 227 səhifədən ibarət şeir rəsmlərdən ibarətGül dəftəri” 1886-cı ildə tərtib edilmişdir. Albomun cildindəki tirmə üzərində rəngli saplarla bir tərəfdə nərgiz, qızıl gül miladi tarixlə “1886-cı il”, digər tərəfdə isə küknar, qovaq, şam ağacı hicri tarixlə “1304-cü iltoxunmuşdur. Rəsmlər Şərq ornamentləri ilə haşiyələnmişdir. Şeirlərin düzülüşündə klassik ədəbiyyatın qaydalarına riayət edilməmişdir. Dəftərin 8-ci səhifəsinə qədər nəstəliq-şikəstə xətti ilə Mirzə Rəhim Fəna, Məşədi Əyyub Baki Natəvanın növhə, sinəzən çarparələri yazılmışdır. SonraGül”, “Yasəmən”, “Qərənfil”, “Süsən”, “Lalə s. rəsmlərin ardınca 214-cü səhifəyə qədər müxtəlif peyzac, miniatür etüdlər çəkilmişdir. Bunları Natəvan nazik karandaşla çəkmişdir. Albomdakı mənzərə şəkillərindən Tiflisdə çəkilmişKür qırağı”, “Metex qalası”, “Narınqala”, “Müctəhid bağı”, “Şeyx Sənan dağıxüsusilə diqqətəlayiqdir. B.Məmmədov qeyd etmişdir ki, əgər Vaqif Tiflisin gözəlliyini şeirləri ilə mədh etmişdisə, Natəvan öz rəsmləri ilə bu gözəlliyi tamamlamışdır. Albomdakı Qarabağ peyzajları da realist rəsm əsərləri təsiri bağışlayır.

Natəvan alboma çəkdiyi “Gül”, “Bülbül”, “Pərvanə”, “Bənövşə”, “Qərənfil” şəkillərinin qarşısında bunlara müvafiq şeirlər də yazmışdır. Buraya daxil edilmiş Şeyx Şamil evinin planının, Qunib qalasının rəsmi göstərir ki, Natəvanın birinci əri, milliyyətcə qumuq olan Xasay xan Usmiyev çar məmuru olsa da Şeyx Şamilə rəğbətlə yanaşmışdır. Əlbəttə ki, Xurşidbanu bu əsərləri yalnız Xasay xanın təsiri ilə çəkə bilərdi. Natəvanın tərtib etdiyi alboma cəmi 13 qəzəli daxil edilmiş, qalan səhifələrdə isə Fəna, Həsən, Mehdiqulu xan Vəfa və Xanbikənin mənzum parçaları nəzirə və fərdləri köçürülmüşdür.

216-cı səhifəsindən 223-cü səhifəsinədək alboma salınmış “Mərhum knyaz Mehdiqulu xanın kəlamı” başlıqlı şeirlərdən aydın olur ki, yazıların bir hissəsi buraya Xurşidbanununoğlu Vəfanın ölümündən sonra köçürülmüşdür. B.Məmmədov haqlı olaraq göstərir ki, albomdakı yazıların hamısını Natəvanın avtoqrafı hesab etmək olmaz. Xətlər müxtəlifdir, şeirlərin müəyyən hissəsi Fənanın xətti ilə köçürülübdür.

Gül dəftəri” albomundan görürük ki, ömrü boyu təbiət aşiqi olmuş Natəvan həyat eşqini, yaşamaq üçün enerjisini təbiətdən almış, şeirlərində olduğu kimi rəsmlərində də təbiəti təsvir etməkdən yorulmamışdır.

Natəvanın həyat və yaradıcılığına dair arxivlərdən aşkar edilmiş sənədlər də diqqətəlayiqdir: “Məclisi-üns” ədəbi məclisinin katibi Mirzə Rəhim Fənanın Əlyazmalar İnstitutunda saxlanan xatirəsində məclisin yaranması, keçirilməsi, üzvləri, digər məclislərlə əlaqəsi barədə maraqlı faktlar vardır. Əlyazmalar İnstitutunda da, Zülfüqar Hacıbəylinin arxivində saxlanan Zülfüqar bəyin qardaşı Üzeyir bəy Hacıbəyli ilə 1896-cı ildə Qori müəllimlər seminariyasında oxumağa gedərkən Natəvanla görüşüb ondan xeyir-dua almaları barədə kiçik xatirə vardır. Zülfüqar bəyin bu barədə qeydlərini Üzeyir bəy də öz imzası ilə təsdiqləmişdir. cəlil Məmmədquluzadənin Əlyazmalar İnstitutundakı arxivində Xurşidbanunun qız nəvəsi Əkbər Naxçıvanskinin nənəsi barədə xatirələri saxlanılır. Bu xatirələrdə şairin zahiri görünüşü, xasiyyətləri, şəxsi insani keyfiyyətləri, onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilinə, musiqiyə münasibəti, muğamatı gözəl bilməsi barədə elə dəyərli faktlar söyləmişdir ki, bunların Natəvanın həyat və yaradıcılığını tədqiq edənlər üçün böyük maraq kəsb edəcəyi şübhə doğurmur. Bu xatirələrdə Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev, övladları Mehdiqulu xan Vəfa, Xanbikə, nəvəsi Ağabikə, “Məclisi-üns”ün üzvləri – İskəndər bəy Rüstəmbəyov, Əbdüssəməd bəy, Mirzə Rəhim Fəna, qohumları və yaxınları barədə çox dəyərli məlumatlar vardır. Natəvanın övladlığa götürdüyü, əslən Qubadlı seyidlərindən olan Mir Həsən Mir Haşım oğlu Ağamirovun (1871-1953) xatirəsində “Məclisi-üns”ün yeddi məclisindən danışılsa da, görünür ki, burada o, məclislərin ayrı-ayrı fraqmentlərini yazıya köçürməyə çalışmışdır. Mir Həsənin yaşlı vaxtında qələmə aldığı xatirələrdə qeyri-dəqiqliklərə, şeirlərdə təhriflərə yol verildiyini görürük. Klassik ədəbiyyatın bilicisi olmayan müəllif bəzi ərəb-fars söz və ifadələrini səhv yazmışdır. Mir Həsən Ağamirovun xatirəsində qeyri-dəqiqliklər, qüsurlar olsa da, bunlar da “Məclisi-üns”ün məşğələlərinin keçirilməsinə dair məlumatlarımızın zənginləşməsinə xidmət edə bilər.

Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xurşidbanu Natəvanın 180 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə dair Sərəncam imzalaması bizi Natəvanın həyat və yaradıcılığına yenidən nəzər salmağa vadar etdi. Bir daha əmin olduq ki, Xurşidbanu Natəvanın yaradıcılığı, incə, zərif lirikası bundan sonrakı tədqiqatlarda daha ətraflı araşdırılmalıdır.

 

 

Paşa ƏLİOĞLU,

AMEA Məhəmməd

Füzuli adına Əlyazmalar

İnstitutunun direktor əvəzi

 

525-ci qəzet.- 2012.- 19 iyun.- S.7.