“Jurnalistika
üçün insanlıqla, bəşəri dəyərlərlə
bağlılıq çox vacib şərtdir
“BU
GÜN BİZİM JURNALİSTİKADA BİRİNCİ
NÖVBƏDƏ İNSANİ XƏTT ZƏİFLƏYİB,
JURNALİSTİKAMIZ KOBUDLAŞIB”
“Məni
televiziyaya tez-tez dəvət edirlər”, – deyib gülümsəyir.
Söhbətini davam etdirir: “Daha çox xatirə
danışmağa çağırırlar”. Yaşın
müəyyən pilləsinə çatdınmı, söyləniləcək
çox sözün olur. Amma səni dinləmək necə, hər
kəs üçün maraqlıdırmı? Əlbəttə,
bu, xatirəni kimin söyləməsindən
asılıdır. Onunla həmsöhbət olmaq isə, doğrudan
da, maraqlıdır. Artıq tarixə qovuşmuş neçə-neçə
hadisənin təəssüratları, neçə-neçə
görkəmli insanın sözü, söhbəti
yaddaşında qalır. 40 il yol keçdiyi Azərbaycan
teleradiosunun tarixi ilə bağlı xatirələri isə
cild-cild kitaba sığmaz. Nahid Hacızadə artıq xatirələrinin
bir hissəsini qələmə alaraq “Yada düşdü”
adlı kitabında çap etdirib. Amma 1936-cı ilin 14
martında Gədəbəyin Düzrəsullu kəndindən
başlanan, uzun illəri jurnalist sənətinə həsr
olunan ömür yolu barədə hələ yazılacaq,
deyiləcək çox söhbəti olduğunu deyir.
– Orta məktəbdə müəllimlərimdən
biri də qardaşım oldu. Kimya-biologiya müəllimimiz
idi. Qardaşım onun yolu ilə getməyimi istəyirdi.
İş elə gətirdi ki, Tovuz rayonunda yaşayan
bacımın yanına getdim. Orta məktəbi Tovuz
rayonundakı Puşkin adına məktəbdə davam etdirdim.
Həmin məktəbi bitirəndən sonra Gəncə
Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil
oldum. Ay yarım oxudum. Əmin oldum ki, bu mənim yolum deyil.
İnstitutu yarımçıq qoyub kəndimizə
qayıtdım. Bir il evimizdə tək qaldım, “Azərbaycan”
jurnalı, qəzetlər, kitablar yoldaşım oldu. Oxudum...
Yaz başlayanda artıq qərarımı vermişdim. 1955-ci
ilin iyununda Bakıya gəldim. Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinə qəbul olundum. Cəfər
Xəndan, Əli Sultanlı, Mir Cəlal, Muxtar Hüseynzadə,
Məmmədcəfər Cəfərov, Məmməd Arif
Dadaşzadə, Məmmədhüseyn Təhmasib kimi görkəmli
alimlərdən dərs aldım. Bəxtim gətirdi ki,
onların tələbəsi oldum...
–
Jurnalistikaya gəlişiniz necə oldu?
– 2-ci kursda oxuyurdum. Bir gün əmim nəvəsi yataqxanaya yanıma gələndə nə isə yazıb-pozduğumu gördü. “Deyəsən, yazmaqla məşğulsan”, dedi. Cavab verdim ki, hələ yazdıqlarımı üzə çıxara bilmirəm. Məsləhəti belə oldu: “Atamın Muxtar Hacıyev adlı dostu var, radioda işləyir. Sabah gedək səni onunla tanış edim”.
O zaman Azərbaycan
Televiziyası qurulurdu. Azərbaycan radiosunun isə
iki qanadı var idi. Biri respublika radiosu, biri
də Xarici Ölkələrə Verilişlər İdarəsi
idi. Muxtar Hacıyev xarici ölkələr
verilişlər idarəsinin rəisi idi. Əmim nəvəsi
məni onunla tanış etdi. Muxtar müəllim
mənə dedi ki, bizimlə əməkdaşlıq elə,
kasıb oğlansan, qəpik-quruş da qazanarsan. Oradaca
tapşırıq da verdi: “Bax bu da əmoğlun...
Elə bu nəsil haqqında yazı hazırla”.
Söz verdiyim kimi, yazını 3 günə
hazırlayıb apardım. Onda xarici ölkələr
verilişlər idarəsində işləyənlərin
çoxu rusdilli idi. Onların Azərbaycan
dilində yazı oxuyub redaktə etməsi, göstəriş
verməsi çətin məsələ idi. Yalnız Muxtar müəllim həm Azərbaycan, həm
də rus dilini gözəl bilirdi. O, mənim
yazımı oxuduqca sözlərin altından xətt çəkir,
bir az da əsəbi halda deyirdi: “Bu nədir
yazmısan? Axı ədəbi dildə belə deyilmir... Apar bunları düzəlt gətir”. Dediyi kimi elədim. İkinci dəfə
3-4 dənə xətt çəkdi. Yenə
yazını mənə qaytardı. Aparıb
düzəlişlər etdim, gətirdim. Oxudu.
Makinaçını çağırdı, yazımı
makinada köçürmək üçün ona verdi. Bir azdan makinaçıdan
alıb bir də oxudu. Gördüm səhifədə
heç nəyi pozmadı. Sevindim.
İlk oçerkim türk və fars dillərində
səsləndi. Bu mənim jurnalistikaya gəlişim
oldu.
Onda Muxtar
müəllim mənə dedi ki, tez-tez gəl bura,
redaksiyanın işçiləri ilə qayna-qarış. O
vaxtlar həmin idarədə üç dildə – Azərbaycan,
türk və fars dillərində
verilişlər yayımlanırdı. İki il
orada işlədim, qış, yay tətillərinə də
getmədim.
Ayda 150-200 rubl qonorar alırdım. Yoldaşlarım
mənə tələbə aristokrat deyirdilər. Özümə pencək, palto almışdım.
Mənim üçün gözəl günlər
idi. Radioda
işçilər mənə qayğı göstərirdilər.
Orada yaxşı bir məktəb keçdim.
Bir gün söz-söhbət yayıldı ki, ərəb
dilində də verilişlərin yayımlanmasına başlanılacaq. Onlara
işçi lazımdır. Muxtar müəllim dedi ki, səni
bu şöbəyə keçirərik. 1959-cu
ilin 15 sentyabrında ərəb şöbəsi
açıldı. Şöbənin
redaksiya heyəti yox idi, bir tərcüməçi idi, bir
diktor, bir də mən. Mənim gələcək
qaynatam, universitetin müəllimi Əhməd Yusifi ərəb
dilindən tərcümə edirdi. Diktorumuz
Bağdaddan gəlmiş tanınmış diktor Sinan Səid
idi. Azərbaycan dilində yazılara isə
mən cavabdeh idim. Məvacib
almırdım. Yenə qonorarla işləyirdim.
Azərbaycan Teleradio Komitəsinin sədri Teymur Əliyev
bir gün məni yanına çağırdı. Lenindən,
Marksdan, müasir ədəbiyyatdan, qəzetlərdə
çıxan məqalələrdən çoxlu suallar verdi. Cavablarımdan razı
qaldı. 1959-cu ilin 19 oktyabrında
müxbir kimi əmrim verildi.
–
Baxmayaraq ki, hələ də tələbə idiniz...
– O vaxtlar
diplom işinə çıxırdıq. Demək
olar ki, dərsə getmirdim. Artıq pulum,
imkanım var idi. Yataqxanadan da
çıxmışdım. Bir gün tələbə
yoldaşım kirayədə yaşadığım evə gəlib
mənə xəbər verdi: “Səni
kursda saxlayacaqlar”.
Səhəri gün universitetə getdim. Mühazirədə
iştirak etdim. Sonuncu sırada əyləşmişdim.
Müəllimimiz Cəfər Xəndan yanıma
gəldi. Salam verdi. Məni
tanıyırdı axı. Ondan Fransaya səfəri
barədə evində müsahibə
götürmüşdüm.
Dərs bitdi. Cəfər Xəndan qoluma girdi. Əhvalımı, işlərimi soruşdu. Elə bilmişdi ki, kimin üçün isə
xahişə gəlmişəm. Mən
“Sizin diplomçunuzam”, deyəndə təəccübləndi.
Tələbə yoldaşlarım artıq diplom
işlərini yazıb təhvil vermişdilər. Müdafiəyə bir həftə, on gün
qalırdı. Cəfər Xəndan məni
tələsdirdi. “26-lar mövzusu Azərbaycan
poeziyasında” Diplom işini qısa müddətdə
bitirdim. Müəllimim diplom işimlə tanış
olandan sonra mənə dedi: “Rəvan dilin var”. Radioda
işlədiyimə görə də məni təbrik elədi.
– Bəs
mətbuatda ilk yazınız nə zaman çap olundu?
– İlk yazım “Kommunist” qəzetində
çıxıb. Bir gün pulum qurtarmışdı.
Poçtalyon qapını döydü. Mənə qəbz imzalatdırdı. “Kommunist” qəzetindən 9 manat qonorar göndərilmişdi.
O pul mənə bir neçə gün kömək elədi. Mətbuatdan aldığım ilk qonorar o oldu.
– Sizin
haqqınızda deyirlər – Azərbaycan televiziyasında
epoxa...
–
Yetimçiliklə, arxasızlıqla bərabər, həyat
özü mənə hər addımda kömək etdi. Yaxşı adamların sayəsində çox
şeylər qazandım. Məsələn, 1959-cu ildə
ali məktəblərin əyani
şöbəsində oxuyanların işə
götürülməsi qanundan kənar sayılırdı. Çünki əyani oxuyan tələbə dərsdə
olmalıdır. Amma məni Azərbaycan
Radiosuna işə götürdülər. Tələbə ola-ola vəzifəmi yüksəldərək
redaktor keçirdilər. Bir ildən sonra,
Xarici Ölkələrə Verilişlər İdarəsinin nəzdindəki
“Respublika həyatı” şöbəsinin müdiri Moskvaya
oxumağa gedəndə məni onun yerinə təyin etdilər.
Bir il keçdi. Azərbaycan
Teleradio Komitəsinin sədr müavini Ənvər Əlibəyli
bir gün məni dəhlizdə görüb yanına
çağırdı. Soruşdu: “Nahid, sən kəndi
bilirsən?”. Cavab verdim: “Kəndçi
balasıyam, niyə bilmirəm? Demirəm aqranom kimi... Amma müəyyən səviyyədə kəndi, o
pisixologiyanı bilirəm”. Ənvər Əlibəyli
Teymur Əliyevlə danışdı. Kollegiyanın
qərarı ilə məni radionun kənd şöbəsinə
müdir təyin etdilər. O zaman bu şöbə
respublikada çox popluyar idi. Beş il
orada işlədim. Jurnalist kimi ən fəal illərim
o illər oldu. Demək olar ki, hər həftə
radioda iki oçerkim verilirdi.
– O illərdə
radiojurnalistikamızda hansı janrlara daha çox
üstünlük verilirdi?
– Əsas oçerk, yol qeydləri, reportaj janrları dəbdə
idi. Mənim oçerklərimin hərəsi bir hekayə
idi. Onları quru qəzet materialı kimi
işləmirdim. Bu qədər plan verdi,
filan işləri görməyi nəzərdə tutur... Belə faktlar mənim yazılarımda onuncu dərəcəli
idi. Radioda oçerklərimi diktor Aydın
Qaradağlı da elə oxuyurdu özüm-özümə
heyran qalırdım ki, bunu mən yazmışam?!
İndi o janrların çoxu itib. Demək olar
ki, oçerk janrı jurnalistikamızda işlənmir. Bu gün qeydlər, məqalələr, daha çox
müsahibələr verilir.
– Bəs
bu gün mətbuatımızın, radio və
televiziyalarımızın dilimizə münasibəti sizi qane
edirmi?
– Kiçik
bir yazını da yazanda beynimdə cümlələrin
strukturunu, musiqisini qurmağa çalışıram. Yazı dilinin səlisliyinə, rəvanlığına
görə oxunur. Ənvər Məmmədxanlını
nəyə görə sevirik? Biz filologiya
fakültəsinin tələbələri onun “Bakı gecələri”
əsəri üçün ölürdük. Eləcə də İlyas Əfəndiyevin
“Söyüdlü arx”ını oxuyanda
yazıçının dilinə heyran qalırdıq.
– Bir
çoxları jurnalist sənətində təcrübənin,
istedaddan öndə dayandığını düşünürlər. Sizcə bu sənətdə istedadın
ölçüsü nə qədər olmalıdır?
–
Ölçüsü ölçüsüzlükdür. Yəni ona hədd qoymaq olmaz. Məsələn,
yüz adama deyək ki, bu binadan – “Azərbaycan” nəşriyyatının
binasından yazı hazırla. İstedadlı
jurnalist elə bir nöqtədən yapışacaq,
yazdıqlarını oxuyanda sənə elə gələcək
ki, sanki bu bina insan kimi dil açıb danışır.
Bir də var ki, yazasan: “Mətbuat”
prospektində, hündür mərtəbəli bina, liftləri
köhnədir... Bu, jurnalistika deyil. Jurnalistikanın cazibəsi, sehri olmalıdır.
Jurnalistika heyrətləndirməlidir. O da
yazıçılığın bir variantıdır. İndi dünya ədəbiyyatında sənədli
janr çox işlənir. Sənədli
janr gördüyün hadisələri gözəl dillə,
fantaziya ilə yazmaqdır. Bu, elə jurnalistikadır də...
– Amma
jurnalistikanın dili qurulaşdırdığını
düşünənlər də az deyil.
– Sovet
dövründə “Kommunist”, “Sovet kəndi” və başqa qəzetlərimiz
var idi. Onların içərisində Cəmil
müəllimin “Azərbaycan gəncləri” qəzeti fərqlənirdi.
Orada dilə bir azadlıq, bir yelkən
vermişdilər. Digər qəzetlərdə,
elə “Ədəbiyyat” qəzetinin özündə isə
belə deyildi. İndi maşallah, qəzet
bolluğudur. Kim necə bilir, necə
bacarır elə də yazır.
– Sizcə,
bu azadlıq jurnalistikamıza nə gətirdi?
– Son illər
jurnalistikaya gələnlərin içərisində analitik
yazan jurnalistlər var. Onların yazdıqlarını oxuyanda
düşünürəm ki, mən bu cür yox, bir az bəzək-düzəklə yazaram. Söhbət onların nə yazdıqlarından
deyil, necə yazdıqlarından gedir. Düzdür,
arzuolunmaz məsələlər də var. Təəssüf
ki, haqqında danışdığım jurnalistlərin bir
çoxunun yazılarında söyüşə də, təhqirə
də, axmaq məqamlara da rast gəlmək olur. Ancaq onların yazdıqlarında insani hisslər də
var.
Jurnalistika üçün insanlıqla, bəşəri
dəyərlərlə bağlılıq çox vacib şərtdir,
oxucuları heyrətləndirən maraqlı məqamların
yayılması insana xidmət etməlidir. Mən belə
düşünürəm. Bu gün bizim
jurnalistikada birinci növbədə insani xətt zəifləyib,
jurnalistikamız kobudlaşıb.
(Ardı var)
Zöhrə
FƏRƏCOVA
525-ci qəzet.-
2012.- 19 iyun.- S.6.