“Nə qədər həyat var, şeir də vardır...”

 

Bu gün ədəbi mühitdə gənc yazarlara münasibət məsələsində bəzən özünü göstərən inamsızlıq, birtərəfli yanaşma, poetik qanunauyğunluqla uzlaşmayan fərdi tələbkarlıq, xüsusilə gənc şairləri qruplara ayırmaq halları narahatçılıq doğurur. Hələ vaxtilə dahi Ü. Hacıbəyov yazırdı ki, “heç kim bunu yaddan çıxartmasın ki, şeirin hər fərdi məlumdur, hissin tərcümanı olmalıdır ki, oxuyan kəsdə də o hiss yarasın”(“Tərəqqi” qəzeti, 6 iyul, 1908-ci il). Bu əslində “Yazıçı və həyat” deməkdir. Bütün “-izmlər”in əksəriyyəti sovet siyasətindən törəmədir. Vaxtilə gur səslənən “sosialist realizmi”,”tənqidi realizm”,”romantizm” və nə qədər digər “izmlər” gəlib gedib. Sənət və sənətkarlıq üçün əzəli və əbədi olan yenə də “Həyat və bir də yazıçı”dır. Hər bir sənətkar öz istedadının gücü və səviyyəsinə uyğun real həyatı bədii həqiqət şəklində göstərməyə çalışır. Yalnız bu yolda sənətin böyüyü, kiçiyi yaranır. Bu eyni zamanda sənətkarı fərqləndirən, qarışıq düşünməkdən qoruyan yaradıcılıq yoludur. Vaxtilə də, elə indi də realizm və romantizm terminləri çox işlədilir. Fakt odur ki, hər ikisi; realizm də, romantizm də Həyat və yazıçı faktının içərisindədir. Bu terminlər sadəcə olaraq sənətkarı formal cəhətdə fərqləndirmək üçündür. Məsələn: C.Məmmədquluzadə nə qədər realistdirsə, bir o qədər də romantikdir və yaxud H.Cavid nə qədər romantikdirsə, bir o qədər də realistdir. Nə üçün? Çünki hər ikisi “Həyat və yazıçı” amilinin əhatəsindədir. Vaxtilə yazıçıları şəhərli, kəndli, dvoryan, burjua, proletar, cığırdaş və s. adlarla qruplara bölürdülər. Hanı onlar? Məfkurələri ilə birlikdə tələf olub getdilər. İndi də xüsusilə gənc yazarları eqosentrist, modernist, postmodernist və s. terminlərlə fərqləndirmək, ayırmaq dəbə düşüb. Əslində isə, bir həqiqəti unutmamalıyıq ki, ədəbiyyat və sənət üçün yalnız və yalnız bir mövcud həyat, bir də yazıçı var. Odur ki, ədəbiyyatı təmiz saxlamaq, qorumaq üçün, onu kökü, əsli-nəcabəti bilinməyən “yaraşıqlı” terminlərdən xilas etmək, təmizləmək çox vacibdir. Tələb olunan yerdə, zəruri məqamlarda dahi Ü.Hacıbəyova istinad etmək lazımdır. “Öz sözümüzlə ifadəsi imkan daxilində olan təbiri ərəb və fars kəlamatı vasitəsilə istemal etməyimizin heç bir mənası olmasın gərək”. Bu o deməkdir ki, sənətkar zəngin xalq dili ilə milli ruh, milli zövqlə köklənə bilibsə, tipik həyatı, tipik bədii həqiqətlər şəklində əks etdirməyi bacarırsa, səmimi, təbii, milli və xəlqi görənə bilirsə, deməli ədəbiyyat yaşayır. Terminləri çox işlətməklə nə sənət, nə də elm yarana bilməz. Sənətin gücü təbiilikdə, səmimilikdə, hissi, idraki təsir gücündə olduğu kimi, elmin, filoloji fikrin də gücü sadəliyində, inandırma, əsaslandırma, düşündürmə, mətləbi aydın ifadə etmək məharətindədir. Bu amal, bu məqsədlə ədəbiyyata qədəm qoyan yaradıcı gəncliyi diksindirmək, səksəndirmək yox, həvəsləndirmək, ürəkləndirmək lazımdır. Bu baxımdan gənc şair Elşad Ərşadoğlu tipik, türk-azərbaycanlı gənci kimi hər bir şeirində təbii, səmimi göründüyü kimi heç vaxt “şair və vətəndaşlıq borcu” prinsiplərinə sədaqətli olmaq borcunu unutmur.

Elşad Ərşadoğlu 1986-ci ildə Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. İlk günlərdən taleyinə Qarabağ dərdi yazılıb. Məcburi köçkün kimi İsmayıllı rayonunun Quşencə kəndində məskunlaşıb. Uşaqlığını bu kənddə keçirib. İlk təhsilini də bu kənddə alıb. İyirmi ilə yaxındır ki, Qarabağ dərdi ilə yaşayır. Bu dərdlə də yaradıcılığa başlayıb. İlk şeiri 2002-ci ildə “İnam yolu” qəzetində çap olunub. İlk şeirlər kitabı “Yarsan mənim ürəyimi..” 2007-ci ildə işıq üzü görüb. “Kələfin ucu” adlı ikinci şeirlər kitabı isə 2010-cu ildə çap edilib. Deyəcəyim ilk söz odur ki, özünəməxsus obrazlı dili, yaraşıqlı üslubu olan bu gənc şairin poeziyasında müsbət idealın (lirik “Mən”inin) özünü təsdiq etmək, önə çıxmaq cəhdlərinin daha cəsarətli, daha inamlı və fəal görünməsi əlbəttə ki, xoş təəssürat və rəğbət doğurur.

Elşadın əksər şeirlərində lirik qəhrəmanın oyatdığı əks-sədadan da aydın olur ki, kamil insana xas olan daxili narahatçılıqlar, həyəcan və səksəkələr, hətta bəzi məqamlarda üzə çıxan təklik və tənhalıqdan doğulan duyğular, eləcə də tədricən azalmaq, başqalaşmaq qorxusu törədən inam, ümid, vəfa, sədaqət kimi pak, etibarlı hisslər oxucunu, cəmiyyətin zahirən sakit, üzdə yaraşıqlı görünən, daxilən həyəcanlı, narahat və təlatümlü psixologiyası haqda düşünməyə  vadar edir:

 

İnsanlarla dil tapmıram,

Getməyə düz yol tapmıram,

İtimizə yal tapmıram,

İnsanın yaltaq vaxtında.

 

* * *

 

Ac-yalavac hey gəzirəm,

İçi təmiz, çölü kirəm,

Yaman xəcalət çəkirəm,

Qurbağanın yox vaxtında.

 

Poetik axtarışlarına ara verməyən, müşahidələrində və məsuliyyətində davamlı olan bu gənc şairin mərhələ-mərhələ mövcud həyatın arzular, istəklər, xəyallar dünyasına, duyğu və düşüncələr aləminə belə inamlı, cəsarətli poetik səyahəti, ən azı yeni insan axtarışları xatirinə rəğbətlə qarşılanmalıdır. Bəzən təkrar, adi, sadə, hətta məlum məsələ kimi görünən, əslində isə son dərəcə çətin, ciddi, məsuliyyətli, bir qədər də təhlükəli olan belə yaradıcılıq yolu gənc sənətkar xəyalının birbaşa irəliyə, daha dərinlərə və uzaqlara, dibi, sonu görünməyən mənəvi-əxlaqi kamillik aləminə, ruhlar, arzular, xəyallar və talelər məkanına inamlı uçuşu ilə bağlıdır. Bədii yaradıcılıq prosesində bəzən tələsmə və gecikmə məqamları olsa da, fakt odur ki, belə yeni axtarış, poetik məşq yollarında, müasir psixologiyanın karlı islahata ehtiyacı olduğu bir vaxtda mənəvi-əxlaqi kamilliyin qorunmasına yönələn hər bir təzə şeirə şübhəsiz ki, zəruri ehtiyac var.

Elşad özünəməxsus bənzərsiz poetik üsluba malikdir. Yüksək obrazlılıqla, aydın, səlis poetik dillə idarə olunan, Azərbaycan şeirinin bir sıra şəkillərindən bəhrələnən bu üslub, müasir şeirin təzə nümunələrini yaratmaqla, onun daima inkişafda, yeniləşmə, cavanlaşma prosesində olduğunu nümayiş etdirir:

 

Hər sarıdan gözüm-könlüm toxuydu,

Ömrüm-günüm sanki şirin yuxuydu.

Bu dünyaya gəlmək fikrim yoxuydu,

O dünyanın acığına gəlmişəm.

 

* * *

 

Yola düşdüm, qulaqlarım səs aldı,

Milyardlarla it səsləri ucaldı.

Kül ağlıma, işıq gələn səmt qaldı,

İt səsinin marağına gəlmişəm.

 

Elşadın şeirlərini oxuduqca hiss edirsən ki, artıq poeziyada sosial ədalətsizliyin; hiylə, yalan, xüsusilə də rüşvətin torundan qurtarmaq istəyən yeni insan hisslərinin; arzu, xəyal, duyğu və düşüncələrinin şeirləşməsinin, nəzmə çəkilməsinin dövrü yetişmək üzrədir. Belə ki, tədricən ümuminin kontekstində formalaşan fərdi poetik ehtiyaclar artdıqca, lirik qəhrəmanın fədakarlığı şəxsi tələbat məcrasından çıxaraq çoxluğun arzusu, istəyi və rəyi kimi təsir göstərməyə başlayır. Belə yaradıcılıq prosesində yaranan mövzu çoxluğu bir sıra rəngarəng şeir formaları ilə öz bədii həllini tapır.

Müasir dünya Elşadın poeziyasında ayrıca, coxsaylı suallarla dolu, cavabları çətinliklə tapılan mövzudur. “Səsimə səs verdi”, “ O dünyaya tələsən adam”, “Bu dünya”, “Bu qoca dünyanı atıb gedəsən”, “Vərəmləmiş dünya”,  “Başqa dünyanın adamı” və digər şeirlərdə dünya canlı varlıqdır. İnsan əməlləri ilə idarə olunan, özü boyda dərd, kədər, ələm gəzdirən, pisliklərə dözən, çirkabları öz üzərinə götürən, dilə-dişə düşən bir varlıqdır:

 

Qoca dünya arsızların həmdəmi,

Qayğıkeşə özü boyda dərd imiş.

Ölməz-itməz bu dünyanın sifəti,

Ayaqqabı “padoş”u tək sərt imiş.

 

Elşad da daxil olmaqla bütün gənc qələm sahibləri mövcud olan, rastlaşdıqları ziddiyyətlər, pisliklər, ədalətsizliklər üçün ilk öncə dünyanı qınayır, onu günahkar sayır.  Bilsələr də ki, dünyanı belə qorxulu, dəhşətli günə salan elə insanın özüdür, yenə də dünyadan əl çəkmirlər ki, çəkmirlər. Bu baxımdan ta qədimlərdən indiyə qədər hər dövrün, hər zamanın öz dünyası olub. Elşadın da bəxtinə bugünki belə bir dərdli, kədərli bir dünya düşüb. Bu gənc şair özünün iti, davamlı müşahidələri ilə sosial mühitə, yaşadığı dünyaya boylandıqca cəmiyyətin, həyatın, insanın taleyi ilə bağlı çoxsaylı suallar qarşısında qalır. Mənəvi-əxlaqi azadlıq, hissi-idraki sərbəstlik məsələlərindən yaranan köklü problemlərlə üzləşməli olur. Belə ciddi, məsuliyyətli yaradıcılıq yollarında cavab tapdıqları, tapmadıqları, uğurlu, uğursuz məqamları da çox olur. Bununla yanaşı bizi qane edən odur ki, Elşad özünün poetik yaradıcılıq səngərində möhkəmdir, ayıq-sayıqdır, davamlıdır:

 

Sabaha gedən yolda unudubdu dünənin,

Vay halına övladı manqurt olan Vətənin.

Görən bəzi insanlar niyə satır bədənin,

İnsanlığın bu qədər ucuz olan vaxtında?

 

* * *

 

Dolaşır küçələri hey qaşına-qaşına,

Tuş gələcək hansısa bir çəpgözün daşına.

İtləri kim buraxıb belə başlı-başına,

İnsanların bu qədər quduz olan vaxtında?

 

“Kələfin ucu”nu, eləcə də, “Yarsan mənim ürəyimi” oxuduqca hiss edirsən ki, cəmiyyətdə nə vaxtdansa emossional hisslə sosial nüfuz arasında nəzərə çarpacaq bir fərq yaranıb. “Sinəmdə neçə dağ bezdirir məni, yalan, böhtan, nahaq bezdirir məni” deyən şair işıq axtara-axtara xəyalən dünyanı gəzir, gördüklərinə, tapdıqlarına sevindiyi də, kədərləndiyi də, küsüb barışdıqları da çox olur.

 

Son anda belə nəticəyə gəlir ki;

Eh, kimlər dünyaya qədəm qoyubdu,

Kimi qəmin, kimi zövqün duyubdu.

Bu həyat səninlə başlanmayıbdı,

Qorxma, səninlə də qurtaran deyil.

 

Elşadın tərcümeyi-halı ilə tanış olduqdan sonra belə qənaətə gəldim ki, təcrübə, yaradıcılıq tarixçəsi müəyyən rol oynasa da, bədii fəaliyyətdə, sənət və sənətkarlıq məsələlərində əsas olan yalnız istedaddır, özü də fitri istedad. Bəzən ədəbi tənqiddə yaşı, təcrübə azlığını, cavanlığı əsas götürərək gənc istedadlara ötəri “hələ tezdir”, “qoy püxtələşsin”, “ilk addımlarını atır” və s. kimi münasibətlərlə yanaşma halları da olur. Yenə təkrar edirəm. Sənətdə yaş, təcrübə həddi qəbul edilsə də əsas meyar istedaddır. Burada bəzən təsirə qapılma, oxşama, söykənmə halları baş versə də, nəticə etibarilə orijinallıq, bənzərsizlik, özünəməxsusluq, fərdi üslub, deyim tərzi varsa , yaranan, üzə çıxan bədii məhsul minnətdarlıqla qəbul edilirsə deməli, istedad öz işini ləyaqətlə görə bilir. Elşad bu cəhətdən də qəbul oluna bilən gənc şairdir. Onun çoxsayli zəngin mövzular aləmi vardır. Əsas baş obrazları insan-dünya, məhəbbət və təbiətdir. Hər biri “müasir zaman və insan” kontekstində, özü də təbii, tipik hadisə, əhvalat və vəziyyətlər əhatəsində bədiiləşdirilir. Burada hər şey; tərz də, adi söz də, əşya və detallar, hisslər, duyğu və düşüncələr də obrazlaşır. Bu baxımdan “Yarsan mənim ürəyimi”, “Kələfin ucu” obrazlar toplusudur:

 

Nələr düşünürəm, nələr bu axşam,

Qəlbimdə arzular dinər bu axşam.

Ay elə yaxındı mənə bu axşam,

Əlimi uzadıb tutmağım gəlir.

 

Bu qəbildən olan əsərlərdə ruhun, hiss və düşüncələrin zaman üzərində mənəvi qələbəsi açıq hiss olunur. Bəzən şəxsi kədər, qüssə, bədbinlik əhval-ruhiyyəsi yaratsa da kökü, mahiyyəti etibarilə mücərrəd deyil, haradasa daha konkretdir. Müasirlərinə müraciətdən öncə öz lirik “mən”inə müraciət formasında deyilən bu hisslər bəzən bədii təfəkkürə ləng daxil olsa da “insan və zaman”, “həyat və bədii həqiqət” baxımından reallıqdır. Bu prosesdə şairin lirik “mən”i hisslər, duyğular mühitini addım-addım gəzərək müşahidə qabiliyyətinin köməkliyi ilə nəyi ifadə etməyi düzgün seçməkdə nümunə göstərir. Özü də qəlb və fikir aləmindən ayrılmamaq, uzaq düşməmək şərtilə.

Elşadın hər iki kitabında toplanan şeirlərin hər biri sanki ayrıca, yeni bir mövzudur. Bununla yanaşı yenə də qruplaşdırma, təsnifat apararkən bu toplularda ictimai, məhəbbət və təbiət mövzusu-lirikası daha aydın görünür. Bu mövzuların hər birində Elşad gəncdir, təbiidir, səmimidir, orijinaldır.

 

Elşad, sən də elə qoca dünyada,

Məhəbbət uğrunda ömrünü fəda.

Hicranı nə qədər acı olsa da,

Vüsalı şəkərdi, baldı məhəbbət.

 

* * *

 

Tilsimləyib gözlərimi, qəlbimi,

Məhəbbətdi ürəyimin hakimi,

Bu dünyanı dolanıram kor kimi,

Bir sevginin ətəyindən yapışıb.

 

* * *

 

Gizlənmişəm müəmmada, sirdə mən,

Ölsəm belə, baş əymərəm dərdə mən.

Bu dünyaya gələcəyəm bir də mən,

Bir sevginin ətəyindən yapışıb.

 

Elşadın təbiətə baxışında da ayrıca bir orijinallıq vardır. “Təbiətin sirləri”, “Ətrini dər çiçəklərin”, “Yağış”, “Mənimçün yağan yağış”, “Yayın mənzərəsi”, “Təbiətin zarafatı”, “Həyata bənzəyən qar”, “Salxım buz”, “Dağlar”, “İsmayıllı” və s. şeirlərdə təbiət hər şeydən uca tutulur. Ən ləziz, ülvi hisslərin məbədgahı, vətən rəmzi kimi təbliğ olunur. Bu gənc şairin təbiətə  belə gənc baxışında xüsusi bir təbiilik-məhəbbət vardır. “Mənimçün yağan yağış” şeirinin yaranma tarixçəsindən bəhs edərkən görün Elşad nə yazır: “Bu şeiri yenicə doğulmuş bir payız səhərində, gözəl bir yağışın altında yazdım. Ən qəribəsi isə o idi ki, mən onu yazıb qurtaran kimi yağış kəsdi. Gün çıxdı. Sən demə o yağış ona görə yağırmış ki, mən bu şeiri yazım...”

Elşad təbiəti gözəllik, məğrurluq, əzəmət, bütövlük nümunəsi kimi vəsf etsə də çox yerdə onu mənəvi-əxlaqi-kamil insan kimi danışdırır, onunla dialoqa girir, onu cəmiyyətə, insanlığa nümunə göstərir.

 

Arıya can verər, sevənə həvəs,

Onu doğma bilər ruhuna hər kəs.

Kimsəni incidib kefinə dəyməz,

Nə gözəl qəlbi var, gör çiçəklərin...

 

Bu yazımda Elşadın poeziyasından söhbət açmağım onun düz yolda, həqiqi poeziya mühitində olduğunu göstərmək, bu yolda ona uğurlar arzulamaqdır.

 

 

Abbasov Abdulla,

Filologiya elmləri doktoru,

Professor

 

525-ci qəzet.- 2012.- 20 iyun.- S.6.