Söhbət mənəviyyat aləminin güzgüsündən gedəndə...    

 

Folklordan söz düşəndə gözlərim önünə ilk olaraq ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar Qarayevin tarixi sözləri gəlir: “Əsatir və bayatıda, nağıl və dastanda əbədiləşən, canlı yaddaşa çevrilən, heç kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, onu parçalanmaqdan xilas edən, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən folklordur”. Bir az da dərinə getsək, çəkinmədən deyə bilərik ki, folklor sözün həqiqi mənasında xalqın ruhu, psixologiyası, tarixidir. Onun istək və arzularının, təsəvvür və təfəkkürünün, mənəvi aləminin güzgüsü, tükənməz incilər xəzinəsidir. Bir sözlə, folklor xalqın ən böyük milli sərvətidir. Bu baxımdan, folklorşünaslıq elmimizə dövlətin daim qayğı göstərməsi təsadüfi deyildir. “Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi, ikicildlik “Dədə Qorqud ensiklopediyası”nın çapı, analoqu olmayan Folklor İnstitutunun yaradılması, tanınmış folklorşünas alim Məhərrəm Qasımlının Dövlət mükafatına layiq görülməsi, Nizami adına Ədəbiyyat İnstitutunda şöbənin, universitetlərdə folklor kafedralarının fəaliyyəti deyilənlərə dayaq olur. Onların arasında Bakı Dövlət Universitetinin səmərəli fəaliyyəti ilə seçilən Şifahi xalq ədəbiyyatı kafedrası da vardır. Bu il kafedranın folklorşünaslıq elmimizə töhfə etdiyi iki əsəri xüsusi vurğulamaq istəyirəm. Onlardan biri AMEA-nın müxbir üzvü, mərhum Azad Nəbiyevin həqiqətən də çox qiymətli “Azərbaycanda Novruz” (Çıraq, 2012, 272 s.) əsəri, ikincisi isə filologiya üzrə fəlsəfə doktoru Səhər Orucovanın “Azərbaycan folklorunun toplanma, tərcümə və nəşr problemləri” (Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2012, 536 s.) monoqrafiyasıdır.

Həqiqət naminə deyək ki, AMEA-nın müxbir üzvü, mərhum Azad Nəbiyevin rəhbərliyi ilə bu kafedrada böyük işlər görülüb. Bugünlərdə kafedrada filologiya üzrə fəlsəfə doktoru Almaz Hüseynovanın “Azərbaycan mühacirət folklorşünaslığı” mövzusunda doktorluq dissertasiyası tanınmış folklorşünas alimlərin iştirakı ilə müzakirə edilərək müdafiəyə buraxılmışdır. Kafedranın aparıcı müəllimləri, filologiya üzrə fəlsəfə doktorları Ülkər Nəbiyeva və Səhər Orucovanın doktorluq dissertasiyalarının müzakirəyə təqdim edilməsi kafedranın potensialından xəbər verir.

Folklorşünas alim Orucova 2002-ci ildə mənim də üzv olduğum Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan folklorunun rus dilinə tərcümə problemlərinin özünəməxsusluğu (1980-1990)” mövzusunda namizədlik dissertasiyası müdafiə edəndə, onun bilik səviyyəsi, təfəkkürü, folklorumuza dərin bələdliyi və məhəbbəti, göstərirdi ki, o, əldə olunanlarla kifayətlənməyəcək. Fikrimdə yanılmamışdım. Həqiqətən də Səhər Orucova keçən on il ərzində folklorşünaslıq sahəsində dəyərli və diqqətçəkən işlər görüb. Alimin beşi xarici ölkələrdə çıxmaqla 30-dan artıq məqaləsinin çap edilməsi, Folklor İnstitutunun direktoru, tanınmış folklorşünas alim, filologiya üzrə elmlər doktoru Muxtar İmanovun elmi redaktəsi ilə təzəcə işıq üzü görmüş “Azərbaycan folklorunun toplanma, tərcümə və nəşr problemləri” monoqrafiyası deyilənlərə dayaq olur. Dosent S.Orucovanın üç fəsildən ibarət fundamental əsəri, demək olar ki, onun doktorluq dissertasiyasını tam əhatə edir. Monoqrafiyanın “Azərbaycan folklorunun tərcümə tarixində XIX əsr tərcümə prosesinin rolu və tərcümə prinsipləri” adlı I fəsli dörd əsaslı bölmədən ibarətdir. Bu bölmələrdə folklorumuzun rus dilinə tərcümə tarixində XIX əsr tərcümə prosesinin mövqeyindən, folklor nümunələrinin janrlar üzrə toplanması, nəşri, tərcüməsi işində  “SMOMPK” məcmuəsinin vaxtilə hazırladığı elmi-nəzəri prinsiplərdən, onların sonrakı mərhələlərdə ənənə kimi davam etdirilməsindən və ümumiyyətlə, folklorun tərcümə nəzəriyyəsindən bəhs edilir. Demək lazımdır ki, bu fəslin, eləcə də monoqrafiyada yer alan başqa fəslillərin elmi cəhətdən uğurlu alınmasında alimin ana dili ilə yanaşı rus dilini də mükəmməl bilməsi böyük rol oynamışdır.

Əsərin II fəsli “SMOMPK” və XIX əsr Azərbaycan milli-mənəvi folklor layları adlanır. Burada hər biri ayrıca fəslə bərabər yeddi bölmədə folklor məsələləri tədqiqata cəlb olunur. XIX əsrdə Azərbaycanın müxtəlif regionlarında, xüsusən də Şamaxı və Salyan bölgələrində, Şamaxı qəzasına aid Altı ağac kəndində toplanmış milli-etnoqrafik folklor layı, eləcə də İrəvan şəhərində yer alan toponim, etnonim, hidronim və antroponimlər, inanclar, sınamalar, mərasim və bayramlara xüsusi diqqət yetirilir.

Monoqrafiyanın III fəslində bütövlükdə folklorumuzun “SMOMPK”-da nəşr olunan lirik janrlarından, onların toplanması, tərcüməsi və nəşri problemlərindən bəhs edilir. Burada bayatılardan, bayatı şəkilli şeirlərdən, vəsfi-hallardan, ağılardan, sayaçı nəğmələrindən, laylalardan, xalq mahnı və nəğmələrindən, şikəstə xalq mahnılarından, tapmacalardan, eləcə də epik-lirik növə daxil olan atalar sözlərindən bəhs edilir.

Yeri gəlmişkən  xüsusi qeyd edilməlidir ki, “Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – SMOMPK” (Sbornik materialov  dlya  opisaniy mestnostey i plemyon Kavkaza) məcmuəsində  etnoqrafiyaya, arxeologiyaya, coğrafiyaya, tarixə, əhalinin təsərrüfat və peşə-məşğuliyyətinə, dini etiqadlarına,   faunafloraya, təhsil və tərbiyə məsələlərinə qədərincə yer ayrılsa da, burada şifahi xalq ədəbiyyatı nümunələri əsas yeri tutur. Bu məcmuə, demək olar ki,  siyasətdən kənar idi.  Odur ki, 1881-ci ildə ilk  sayı Tiflisdə çıxan məcmuə 1929-cu ilə qədər fəaliyyətini davam etdirmişçox mühüm işlər görmüşdür. Təəssüf ki, buya digər dərəcədə bu zəngin məcmuəyə müraciət edilsə də, indiyə kimi “SMOMPK” məcmuəsinə  iki namizədlik  dissertasiyasından başqa elə bir  tədqiqat işi həsr olunmamışdır. Məhz buna görə də folklorşünas Səhər Orucovanın monoqrafiyası orijinallığı ilə seçilirböyük elmi əhəmiyyət kəsb edir. Məlumdur ki, folklor xalqımızın tarixini, inkişaf mərhələlərini, həyat tərzini, dünyabaxışını, etnoqrafiyasını, adət-ənənəsini, inam və etiqadını və s. əks etdirən müstəsna dəyərə malik bir xəzinədir.

Bu  xəzinədə uzaq keçmişlərlə bağlı hadisələrə, hətta  unudulub getmiş, hafizələrdən silinmiş tarixi həqiqətlərin güclə sezilə bilən  izlərinə belə təsadüf edilir. Odur ki,  tədqiqatçılar bu mənəvi  incilərə istinad edir, onların vasitəsi ilə müəyyən hadisələrin izlərini və köklərini axtarırlar. Bu baxımdan, “SMOMPK” məcmuəsinin gördüyü işin miqyası və  sahilsiz ümmana bənzər Azərbaycan şifahi xalq ədəbiyyatının gərəklilik dərəcəsi haqqında təsəvvür  yaratmaq üçün atalar sözü  məsəllərdən  gətirdiyim bircə  misalla kifayətlənəcəyəm. Tarixçi atalar sözü və məsəlləri qədim tarixə, tarixi hadisələrə dair məlumat baxımından, hüquqşünas  onları xalq həyatının  yazılmamış qanunları baxımından, etnoqraf  atalar sözü və məsəlləri  unudulub getmiş adət ənənələrin hifz olunub  saxlandığı xəzinə baxımından qiymətləndirir. Filosof atalar sözü və məsəllər vasitəsi ilə xalqın düşüncə tərzini öyrənməyə, məntiq aləmində yerini  dürüstləşdirməyə can atır. Dilçi isə onlara insan  nitqinin inkişaf pillələrini, dilin leksik-qrammatik qayda-qanunlarını tədqiq etmək işində əvəzçiz mənbə  nöqteyi-nəzərindən yanaşır. Odur ki,  atalar sözləri və məsəlləri tarixi sənədlər də adlandırmaq olar. Bu baxımdan  folklorumuzun bütün janrları tarixə yoldaşlıq edən mənəvi dəyərlər mənbəyidir – desək  səhv etmərik. Folklor xalqın alınmaz qalası, əbədiyaşar abidəsidir. Bu abidənin daha möhkəm,  daha möhtəşəm olmasında bir kərpic qoyanın da, min kərpic qoyanın da zəhməti təqdirlə yad edilməlidir. Mən folklorşünas alim Səhər Orucovanın monoqrafiyasını hər şeydən əvvəl bu baxımdan dəyərləndirirəm.

 Əminliklə deyə bilərəm ki,  folklorşünasın bu əsəri hər zaman təqdirlə yad ediləcək və onu bir alim kimi yaşadacaqdır.

 

 

Qəzənfər PAŞAYEV,

filologiya üzrə elmlər doktoru,

professor

 

525-ci qəzet.- 2012.- 20 iyun.- S.7.