Nahid Hacızadə:“Jurnalistika
üçün insanlıqla, bəşəri dəyərlərlə
bağlılıq çox vacib şərtdir”
“BU
GÜN BİZİM JURNALİSTİKADA BİRİNCİ
NÖVBƏDƏ İNSANİ XƏTT ZƏİFLƏYİB,JURNALİSTİKAMIZ
KOBUDLAŞIB”
–
Sizcə, bu azadlıq jurnalistikamıza nə gətirdi?
– Son illər
jurnalistikaya gələnlərin içərisində analitik
yazan jurnalistlər var. Onların yazdıqlarını oxuyanda
düşünürəm ki, mən bu cür yox, bir az bəzək-düzəklə yazaram. Söhbət onların nə yazdıqlarından
deyil, necə yazdıqlarından gedir. Düzdür,
arzuolunmaz məsələlər də var. Təəssüf
ki, haqqında danışdığım jurnalistlərin bir
çoxunun yazılarında söyüşə də, təhqirə
də, axmaq məqamlara da rast gəlmək olur. Ancaq onların yazdıqlarında insani hisslər də
var.
Jurnalistika üçün insanlıqla, bəşəri
dəyərlərlə bağlılıq çox vacib şərtdir,
oxucuları heyrətləndirən maraqlı məqamların
yayılması insana xidmət etməlidir. Mən belə
düşünürəm. Bu gün bizim
jurnalistikada birinci növbədə insani xətt zəifləyib,
jurnalistikamız kobudlaşıb.
– İndi
televiziyalarımızda orijinal verilişlər azdır. Daha çox xarici ölkələrin
televiziyalarında götürülən layihələrə
üstünlük verilir. Sovet
dövründə vəziyyət necə idi?
– Onda da
oğurlamalar, bənzətmələr var idi. Ən
çox da Mərkəzi Televiziyanın verilişləri
götürülürdü. Bilmirəm, bəlkə də
yazıçılığımdan, fantaziyamdan irəli gəlirdi,
ziyalılarımızın içində
olmağımın, onların qeydlərini eşitməyimin də
təsiri var idi... Həmişə orijinal
verilişlər hazırlamağa
çalışırdım.
Sovet dövrü
jurnalistikasından daha çox televiziya işçisi kimi
danışıram. Televiziyanın, radionun həmin illərdə
o qədər sehrkar verilişləri var idi ki! İndi
elə tamaşaçı toplayan, onların ürəyinə
yol tapan verilişlər azdır. Azərbaycan
Televiziyasının intibah dövrü idi. Sinəsinə döymək olmasın, o illərdə
mənim də adım, əməyim olub. O zaman hər
verilişin öz rejissoru var idi. Mən bilirdim kim
nəyi eləyə bilər.
“Novellalar axşamı” adlı bir veriliş var idi. Hamının
sevdiyi, gözlədiyi bir veriliş idi. Salam Qədirzadəyə,
Seyfəddin Dağlıya, Rüfət Əhmədzadəyə
mövzunu deyirdim, onlar da novellalar yazıb gətirirdilər,
özləri də qonorar alırdılar, komik aktyorlar da,
televiziya işçiləri də.
Verilişlərə adın seçilməsi də
çox əhəmiyyətlidir. “Dalğa”
verilişinin yaranması yadıma düşdü. Doğrudur, onun ideyası Mərkəzi Komitədən
gəlirdi. Dedilər, yenidənqurma ilə
bağlı televiziyada bir veriliş yaradılsın. Azərbaycan Teleradio komitəsinin o vaxtkı sədri
Elşad Quliyev məni yanına çağırdı. Verilişin adını fikirləşməyə
başladıq. Həsən Həsənov
da tez-tez zəng vurur, soruşurdu ki, verilişin adı nə
olacaq?
–
Maraqlı ad seçilmişdi. Bu veriliş, doğrudan da bir
dalğa kimi gəldi...
– Bəli.
O zaman bu verilişə ad qoymaq üçün
respublikanın bir çox ziyalılarına dedilər. Mən
Elşadın otağından çıxanda
düşündüm: “Yeni nə kəşf eləyirik... Yenidənqurma yeni bir dalğadır də”. Geri qayıtdım. Qapını açıb
dedim: “Elşad ad tapıldı, “Dalğa”. Elşad
ayağa qalxıb məni qucaqladı. Həsən Həsənova
zəng vurdu...
– Sovet
hakimiyyəti illərində mətbuata, radioya, televiziyaya
qoyulan qadağalar jurnalistlərimizin
yaradıcılığını çoxmu məhdudlaşdırırdı?
– Mərkəzi Komitədə Təbliğat şöbəsinin
nəzdində müəyyən bölmələr fəaliyyət
göstərirdi. Şöbənin həm mətbuat, həm
də radio və televiziya üzrə bölmələri var
idi. Məsələn, qəzet bölməsində
çalışan şəxsin vəsifəsi bundan ibarət
idi: səhər gəlir, qəzetləri oxuyurdu ki, bilsin nə
yerindədir, nə yox. Əlbəttə o,
dövrdə nəzarət də, diqtə də var idi. Amma Mərkəzi Komitədən çox
ağıllı, işin xeyrinə olan göstərişlər
də verilirdi. Məsələn, o vaxt
indiki teleteatrın binasında kinoteatr olmalı idi. MK
birinci katibi Heydər Əliyev onu Teleradio Komitəsinə verdi. Komitənin sədri Qurban Yusifzadə bir
gün gəldi ki, Heydər Əliyev məni
çağırmışdı xeyli söhbət elədik,
dedi ki, sizin insafınız yoxdur, bazar günü səhər
açılanda bu camaat bir az gülsün, əylənsin
mahnıya qulaq assın. Mənə bildirir ki,
bir veriliş açmaq lazımdır. Dedim ki, Qurban
müəllim, bu verilişi açmaq üçün gərək
mənə, ən azı, 15-20 gün vaxt verəsiniz. Qurban Yusifzadə elm adamı idi, kommunist idi. Heydər Əliyev deyən kimi, cavab verib ki,
gözüm üstə bu bazar o verilişə baxa biləcəksiniz.
Həftənin isə 3-cü günü idi.
O, mənim sözlərimi eşidəndə fikrə qərq
oldu. Dedi ki, ay Nahid, sən nə danışırsan, neyləyirsən
elə, veriliş bu bazar getməlidir. Televiziya
verilişi də qəzet məqaləsi deyil axı,
özün gecəni gündüzə qatıb birtəhər
yazasan. Burada kollektiv əmək
olmalıdır. Yumoristik yazarları,
tanınmış aktyorları və müğənniləri
dəvət etdik. Gecəni gündüzə
qatdıq. Verilişin ad məsələsi ortaya
çıxanda dedim ki, Qurban müəllim, adı elə “Səhər
görüşləri” olsun. Xoşuna gəldi.
Bazar günü veriliş yayımlandı.
Hər həftə efirə çıxan “Səhər
görüşləri” çox məşhur oldu.
Heydər Əliyev İmişli rayonunda zəhmətkeşlərlə
keçirdiyi görüşlərdən birində
pambıqçı qızlardan nə istədiklərini
soruşmuşdu. Qızlar da demişdilər ki, biz sübh
tezdən tarlalarda oluruq, “Səhər görüşləri”nə
baxa bilmirik, xahiş edirik, həmin verilişin axşamlar təkrarı
verilsin.
– “Azərbaycan” radiosunun və televiziyasının
xoş günlərindən danışdınız. Amma 20 Yanvar hadisələrinin
də şahidi oldunuz...
–
Çox ağır günlər idi. O hadisələr
zamanı televiziyaya hərbi senzura təyin olundu. Mərkəzi televiziyanın sədr müavinlərindən
biri də Bakıya gəldi. Azərbaycan
Teleradio Komitəsinin sədri Elşad Quliyevə təzyiqlər
var idi. Mən o vaxt ədəbi-dram
verilişləri baş redaksiyasının rəhbəri idim.
Əsas verilişləri mənə
tapşırdılar. Siyasi verilişlər
şöbəsinə baxmırdım, amma xalqın
sözünü efirə necə verəcəyimizi bilirdim.
Beynəlmiləlçilik adı ilə
xalqımızın xeyrinə olan məsələləri
önə çəkirdim. Rus dilini
mükəmməl bilən Tofiq Abbasova da deyirdim, bu sözləri
Moskvadan gələnə onların xeyrinə tərcümə
elə, guya belə yazılıb. Planımız
baş tuturdu.
İmam
Mustafayev bir gün mənə zəng vurub televiziyada
çıxış etmək istədiyini dedi: “Ancaq
“yuxarılar” ora gələcəyimi bilməsinlər. Məni qapıda özün qarşıla, studiyaya
sal, oradan da çıxım gedim”. İmam
müəllim gəldi, mənim otağıma qalxdı. Qapını arxadan bağladım. O, cibindən
Dağlıq Qarabağda 10-cu sinfi bitirən şagirdlərə
verilmiş attestatların fotosunu çıxarıb mənə
göstərdi. Attestatlarda rus dilində Ermənistan
Respublikası Dağlıq Qarabağ Vilayəti
yazılmışdı. İmam Mustafayev
uzun illər Dağlıq Qarabağda
çalışmışdı, təcrübə sahəsi
orada idi. Mən özüm də
Dağlıq Qarabağda ermənilərin Qarabağa
köçməsinin 150 illiyinə həsr etdikləri abidəni
görmüşdüm. Sonra ermənilər
tarixi saxtalaşdırmaq üçün onu özləri
dağıtdılar.
İmam Mustafayev bu barədə də danışdı,
yazdıq. O,
gedəndən sonra qapını bağlayıb verilişi
montaj etdik. Çox keçmədi ki, proqram rəhbəri
daxili telefonla mənə zəng elədi: “Xəbərin var o
verilişi çıxardacaqlar?”.
Soruşdum ki, kim çıxaracaq? Cavab verdi: “Beş dəqiqədən sonra səni sədrin
otağına çağıracaqlar”. Onun dediyi
kimi də oldu. Sədrin otağına
çağırıldım. Mən
içəri girəndə otaqda sədr Elşad Quliyev,
müavini Fuad Tanrıverdiyev və bir də Mərkəzi
Komitədən məsul vəzifəli bir şəxs var idi. MK-dan gələn adam
mənə dedi: “Sənə kim icazə verib ki, İmam
Mustafayevi efirə çağırasan? Onu
verilişdən çıxar”.
Cavab verdim ki, “İmam Mustafayev Mərkəzi
Komitənin birinci katibi olub, akademikdir. Ona
inanmayım, bəs kimə inanım? Mən
baş redaktor deyiləm? Bu verilişə
mən qol çəkmişəm. Sizin
ixtiyarınz yoxdur verilişi çıxartmağa. Əgər veriliş efirə getməsə, bu dəqiqə
buradan çıxacağam və gedib bir mətbuat
konfransı keçirəcəyəm. Deyəcəyəm
ki, filankəs gəldi, belə hadisə oldu”. Onda Bakıda siyasi vəziyyət çox gərgin
idi. MK-nın nümayəndəsi mənə dedi: “Onda sən
bu verilişə başınla cavabdehsən”. Veriliş
efirə gedəndən sonra nə qədər zənglər gəldi
bizə.
– Siz
radioda, televiziyada çalışan jurnalistlərimiz
üçün məktəbsiniz. Bu gün
müraciət edən, sizdən öyrənmək istəyənlər
varmı?
– Sevinirəm
ki, televiziyaya, radioya gedəndə məni böyük hörmətlə
qarşılayırlar. İndi baş redaktoru
olduğum Respublika Xatirə Kitabı Redaksiyasının yerləşdiyi
bu “Azərbaycan” nəşriyyatının özündə hər
gün neçə nəfər mənə
yaxınlaşır, özlərini mənim yetirməm kimi təqdim
edirlər.
İctmai Televiziya yeni yarananda məni ora “Ovqat”
verilişinə dəvət etmişdilər. Qapıdan içəri girəndə
xeyli adam qarşıma çıxdı. Onların hamısı bir vaxtlar mənimlə bir
yerdə çalışmışdılar.
İsmayıl Ömərovla görüşəndə o da mənə
dedi ki, buradakıların çoxu sənin məktəbini
keçmiş adamlardır.
Sözü qiymətləndirən, sözlə
davranmağı bacaran, məsuliyyət hiss edən adamam. Sutkalarla evə
getməyə vaxtım olmayıb, televiziyada gecələmişəm.
Həftələrlə evə bazarlıq edə
bilməmişəm. Belə çətinliklərim
çox olub. Amma mən bu işi dəlicəsinə
sevmişəm.
– Yəqin
əsas olan da bu sevgidir...
– Bu sənətin
sevincini də yaşamışam. O vaxtlar elə verilişlərimiz
olurdu ki, haqqında qəzetlər yazırdı, məclislərdə
danışılırdı. Onda çox
şahanə də yeriyirdik. Çünki
rüşvət nədir bilməmişəm. Bir adam deyə bilməzdi ki, Nahid Hacızadə məndən
10 manat alıb.
–
Televiziya üçün darıxmırsınız?
– Əlbəttə, darıxıram. Televiziya elə
bir sehrkardır ki, onun sehrinə bircə dəfə
düşdünmü, çıxmaq çətin olur.
Zöhrə FƏRƏCOVA
525-ci qəzet.-
2012.- 20 iyun.- S.6.