Gültəkin Süleymanova: “Naftalan kurortunun pik dövrü 1987-ci ildə olub”  

 

 Müsahibimiz  “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin baş həkimi Gültəkin Süleymanovadır.

– Mən Goranboy rayonunun Dəlməmmədli şəhər tipli qəsəbəsində anadan olmuşam. Orta məktəbi də orada bitirmişəm. 1971-ci ildə o zamankı  Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1978-ci ildə oranı bitirmişəm. İnstitutu bitirəndən bu günə kimi də Naftalan kurortunda çalışıram. 3 il o zamankı Birləşmiş  Naftalan sanatoriyasında həkim-fizioterapevt kimi işləmişəm. 3 ildən sonra – 1983-cü ildən 2005-ci ilə qədər Naftalan sanatoriya-kurort birliyinin baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində işləmişəm. 2005-ci ildə bu kurortda birinci özəl sağlamlıq mərkəzi açılıb. Hazırda “Naftalan” müalicə və sağlamlıq mərkəzi kimi fəaliyyət göstərir. Həmin mərkəzin tikilməsindən açılmasına qədər bütün dövrü orada olmuşam . 2005-2006-cı illərdə həmin mərkəzin baş həkimi vəzifəsində  çalışmışam. 2007-ci ildən isə  hazırda çalışdığım bu mərkəzin – “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin baş həkimi vəzifəsində işləyirəm. Bir sözlə, bütün həyatımı Naftalan kurortu ilə bağlamış bir insanam...

– Həkimlik peşəsi öz arzunuz olub, yoxsa valideynlərinizin? Qeyd edək ki, Sovetlər dövründə  nisbətən imkanlı ailələr qızlarını ya rus dili müəllimi , ya da həkim görmək istəyirdilər...

– Orta məktəbdə oxuyarkən ağır avtomobil qəzası keçirmişəm və o zamandan məndə  həkim olmaq arzusu yaranıb. Yəni, özümü    başqa heç bir  sənətdə görməmişəm . Hərçənd , təvazökarlıqdan kənar olsa da, bütün fənlər üzrə müəllimlər belə hesab edirdilər ki, mən  həmin fənlər üzrə mütəxəssis olmalıyam...

– Əgər  bu  ağır qəza hadisəsi olmasaydı, siz başqa bir sənəti seçərdinizmi?

– Mənim anam çox gözəl  ədəbiyyat müəllimi idi. Açığını desəm, mən ömrümdə  hələ elə bir ədəbiyyat müəllimi görməmişəm. Bütün Azərbaycan klassikasını gözəl bilən bir insan idi. Ümumiyyətlə,  ailəmiz poeziyaya çox bağlı ailədir. Yəni, o qədər çox kitab oxuyurdum ki, bəlkə də ona görə, o zamanlar jurnalistikanı seçərdim. Amma  deyim ki, sənətlə  xüsusi seçimim olmamışdı. Bütün fənləri çox böyük həvəslə oxuyurdum. Elə onun üçün də heç fikirləşmədim ki,  mən hansısa instituta daxil olmaya  bilərəm. İmtahan verəndə də heç fikirləşmədim ki, mən girməyə bilərəm.  Məndən sonra balaca qardaşım da stomatoloq olmaq istəyirdi, 4-cü imtahanda konkursa düşdü, dördüncü imtahanın nəticələri yaxşı olmadı. Mən onda bildim ki, adam kəsilə bilər və yaxud da girməyə bilər. Düzü, mənə o qədər qəribə gəldi, yəni, necə oldu ki, o, instituta girmədi... Bu baxımdan,  elə günü bu günə qədər də seçimimdə yanılmadığımı bilirəm.

  Dediniz ki, ananız çox gözəl ədəbiyyatçı olub, jurnalistik də ani olaraq beyninizdən keçib. Yəni, bu illər ərzində heç qələminizi  sınamısınızmı?

– Yox, seir, filan yazmamışam . Sadəcə, orta məktəbdə oxuyanda kiçik pyeslər  yazırdım, əgər belə demək mümkünsə,  məktəbdə uşaqlar da həmin pyesləri səhnələşdirib oynayırdılar.  İldə bir dəfə, iki dəfə nəsə bir şey quraşdırırdım,  uşaqlar da həvəslə oynayırdılar . Bəzən uşaqlar məndən – kiməsə rol düşməyəndə küsürdülər də. Küsürdülər ki, məni niyə nəzərdə tutmamısan?! Yəni, bizim ailəmiz sözə çox yüksək qiymət verəndi və bu gün də mənim üçün sözdən müqəddəs heç nə yoxdur.

– 30 ildən çoxdur ki, bu sənətdəsiniz və çox müxtəlif dövrlərdə işləmisiniz. Yəni, Sovet dönəmi olub, sonrakı dönəm olub və sair. Həmçinin, Naftalanın özündə də kontingent çox rəngarəng olub. Bu baxımdan, əvvəlki kontingentlə indiki kontingent arasında hansı fərqlər var? İşləmək üçün o vaxtın sistemi asan idi, yoxsa indiki dövrün?

–Bunlar əslində çox fərqli illər, dövrlər və işlərdir . Mən 1979-cu ilin yayından Naftalan   kurortunda işləyirəm və artıq o dönəmdə bura yüksək əhəmiyyətli kurort idi . Azərbaycan əhalisinə də digər respublikalar kimi əhalisinin sayına görə putyovka-yollayış verilirdi. Yəni, cəmi 5 faiz əhali Naftalan kurortunda putyovka-yollayışdan istifadə edə bilirdi. Yerdə qalanı digər respublikalara əhalinin sayına görə bölünürdü. Çox müxtəlif, çox rəngarəng bir işimiz var idi   hesab edin ki, 1991-ci ilə qədər bu illərin necə keçdiyindən belə xəbərim olmayıb. Yəni, işimiz o qədər çox olurdu ki, elə bil bu gün il başladı, bir günə də il bitdi...  Naftalan şəhəri o zaman  əhalinin ziyalı təbəqəsinin sayına görə də  respublikada birinci yerdə idi. Bu şəhərdə yaşamaq özü gözəl idi. Mənə bu şəhərdə işləmək çox maraqlı idi və bu da 1988-ci ilə qədər davam etdi. 1988-ci ildə artıq bu kurorta birinci Ermənistandan olan qaçqınlar gəldi, ondan sonra Goranboyun öz ərazisindən köçkünlər burada yerləşdirildi. 1991-ci ildə Sovet İttifaqı dağıldı   bununla da  bu kurort artıq ümumittifaq əhəmiyyətli kurort olmadı , işdə çox kəskin bir geriləmə yarandı . Əgər 1991-ci ildə bu kurortda 20 min nəfər dincəlmişdisə, 1992-ci ildə  onların sayı iki min nəfərə endi. Respublikamız, dövlətimiz, xalqımız  o zaman müharibə vəziyyətində olan bir dövlət, xalq idi, kurort barədə  fikirləşmək isə  ağlımıza gəlmirdi. Ona görə   ancaq kəskin ehtiyacı olan insanlar Naftalana  gələ bilirdilər. O zamankı Naftalan sanatoriya-kurort birliyinin 6 sanatoriyasından 5-də qaçqın-köçkünlər yerləşdirilmişdi. Birincisi 1988-ci ildə Ermənistandan qaçqın düşən insanlarımız, sonra özümüzünkülər, 1992-93-cü illərdə isə Şuşa, Xocalı, Kərkicahan, Laçın, Kəlbəcərdən köçkün düşən vətəndaşlarımız  burada yerləşdirildilər. Naftalan kurortunun 3300 çarpayılıq sanatoriyalarının  2600-də qaçqın-köçkünlar yerləşdirildi.  Ancaq “Çinar” sanatoriyası xəstə qəbul etməkdə davam edirdi. O dövrdə infrastruktur da  dağılmışdı. Yadınızdadırsa, o vaxt ermənilərin atdıqları  mərmilər şəhərin özünə də   gəlib düşürdü. Və o zamandan – 1992-93-cü ildən 2005-ci ilə qədər artıq Naftalan kurortu deyilən bir kurort yox idi. Dediyim kimi, bir “Çinar” sanatoriyası var idi, o da mövsümi  fəaliyyət göstərirdi. 2005-ci ildə regionların inkişaf proqramına əsasən elə bu şəhərdə birinci özəl müəssisə yarandı. Bundan sonra bir-birinin ardınca özəl müəssisələr yaranmağa başladı. 2005-ci ildə “Naftalan” müalicə və sağlamlıq mərkəzi, 2006-cı ildə “Şəfa” sanatoriyası, 2007-ci ildə bizim “Möcüzəli Naftalan” sağlamlıq mərkəzi, 2009-cu ildə “Sehirli Naftalan” sanatoriyası açıldı. Ondan sonra köhnə “Çinar” sanatoriyası əsaslı bərpa olunaraq,  yüksək səviyyəli sağlamlıq-istirahət  mərkəzinə çevrildi . Keçən il isə  Dövlət Neft Şirkətinə məxsus olan “Qaşaltı” sanatoriyası fəaliyyətə başladı. Hazırda AZAL-ın yaxından maliyyə dəstəyilə  daha bir sanatoriyanın  tikilib – istifadəyə verilməsi nəzərdə tutulur  və güman edirəm ki, bu inkişaf davam edəcək. Yuxarıda da bildirdiyim kimi, Naftalan vaxtilə yüksək əhəmiyyətli kurort olub.  Bu baxımdan, çox yaxın zamanlarda da ümumdünya kurort səviyyəsinə çatacaq.

– Onu da  dediniz ki, 1991-ci ilə kimi ildə hardasa 20 min insan Naftalana şəfa məqsədilə üz tuturdu. Bəs son illər  ərzində  bura nə qədər pasiyent, xəstə  üz tutur?

Mən  bu yerdə onu da  deyim ki, 1982-ci ildə Azərbaycanın o zamankı Kommunist Partiyası Mərkəzi Komitəsinin Naftalan kurortunun inkişafı barədə böyük bir qərarı var idi. Ondan sonra da Naftalanda çoxlu  sanatoriyalar tikilmişdi və bu kurortun hələ ki pik dövrü 1987-ci ildə olub. 1987-ci ildə kurortda 70 min nəfər müalicə olunub. Beləliklə, məlum hadisələr başlanandan sonra, yəni, 1988-1989-cu illərdə bu sahədə  vəziyyət nisbətən aşağı düşə-düşə gedib və SSRİ-nin mövcud olduğu son ildə cəmi 20 min adam bura üz tutub. Ondan sonra hər il bir az da aşağı – bundan bir on dəfə aşağı düşüb və üzüaşağı gedib. Hazırda mövcud sanatoriyalar var ki, il ərzində 7-8 min adam qəbul edir. Ondan artıq hələ ki qəbul yoxdur.

–Yeri gəlmişkən, sizin mərkəziniz neçə çarpayılıqdır?

– Bizim müəssisəmiz 100-150 çarpayılıqdır və bura belə demək mümkündürsə, hələ daha çox Azərbaycan xalqına xidmət etmək üçün nəzərdə tutulub. Çox təəssüf ki, Azərbaycan əhalisində də Naftalan kurortundan yayda istifadə etmək meyli hələ güclü olduğuna görə payız-qış dövründə bu kurortun bütün sanatoriyalarında xəstələrin sayı çox az olur. Hardasa, 5 ay ərzində – may ayından başlayaraq oktyabra qədər  əhali Naftalan  kurortunun xidmətlərindən istifadə edir. Ona görə də biz maksimal gücümüzlə işləmirik. Təsəvvür edin, 5 ay maksimal gücümüzlə işləyirik, 7 aysa 15 faiz, 30 faiz, 40 faiz limitlə işləyirik. İl ərzində də hardasa 2000-ə yaxın xəstə qəbul edirik.

– Gələcəkdə çarpayıların sayını artırmaq fikriniz varmı?

– Bilirsiniz, artırmaq fikrimiz yoxdur desəm, düz olmaz.  Onu da qeyd edim ki, bizim mərkəzimiz sahibkarlığa kömək inkişaf fondunun dəstəyi ilə tikilib. Biz orta sahibkarlıq qismindənik və hələ ki kreditlərimizi tamamlamamışıq.  İki dəfə kredit götürmüşük dövlət xətti ilə və o kreditləri hələ tamamlamamışıq. İnsan borcunu verməmiş böyük xəyalar qurmasın deyə, biz hələ borcumuzu veririk. Mən sizə bir şeyi   açıq deyim  ki, bundan sonra tikilən sanatoriyalar bizimkindən yüksək səviyyədə olmalıdır. İstəyirəm ki, indən sonra görüləcək işlər daha yüksək səviyyədə olsun. Biz, ümumiyyətlə, orta statistik azərbaycanlı üçün nəzərdə tutulmuş bir mərkəzik. Amma mən daha yüksəklərini istəyirəm.

– Qeyd etdiniz ki, kontingentiniz əsasən azərbaycanlılardır. Hec xaricdən, elə keçmiş Sovet respublikalarından buraya yenidən  üz tutanlar olurmu?

– Bəli , müalicə olunanların sırasında MDB məkanından həmişə insanlar var. Hazırda  iki nəfər Voronejdən, iki nəfər Litvadan, bir nəfər Özbəkistandan var,  Fransadan –Strasburqdan bir nəfər xəstəmiz var idi, o da bu günlərdə getdi. Ondan qabaqkı həftə Türkiyədən və İsveçdən iki nəfər xəstəmiz var idi, onlar da getdilər. Daim Almaniyadan xəstələrimiz olur. Yəni, Naftalan kurortuna, bizim arzu etdiyimiz sayda olmasa da, üz tutanlar olur. Müraciətlər  həmişə  var. Yaxın dövlətlərdən- İrandan , Türkiyədən , Almaniyadan , eləcə də , başqa dövlətlərdən bizim özümüzün təəccübümüzə rəğmən gələnlər var.

– Ümumiyyətlə, burada qiymətlər, xəstələrə, pasiyentlərə baxış qaneedicidirmi?

– Bizim şəraitimiz sanatoriya şəraitidir. Yəni, biz otel deyilik. Xəstələrin 15 günlük müalicə dövründə normal məişət şəraitini təmin etmişik. Bütün otaqlarımızda hamam-tualet, isti su, soyuq su, televizor var, ehtiyac olarsa soyuducu qoyulur. Otaqlarımızın təmizliyi yüksək səviyyədədir. Sanatoriya şəraitində müayinə üçün lazım olan bütün kabinetlərimiz,  klinik-diaqnostik, həm də biokimyəvi laboratoriyamız , exo-kardioqramma avadanlığımız, ultra-səs müayinə kabinetlərimiz var. Çox gözəl mütəxəssislərimiz var. Bu mərkəzdə, bu kurortda ən təcrübəli insanlar çalışır.  “Zaman” qəzetinə müsahibəmdə də dediyim kimi, əgər müalicə olunanların 30-40 faizi həmişə təkrari xəstələrdisə,  burada şəfa tapıb, sağlamlığını möhkəmləndirməyə gələn insanlardırsa, bu, özü artıq bir göstəricidir. Bu o deməkdir ki, insanlar burada yüksək keyfiyyətli müayinə və müalicə alırlar. Bu, faktdır.

– Xarici ölkələrlə, daha doğrusu, onların bu yöndəki qurumları ilə müştərək formada işləmək, daha çox pasiyent qəbul etmək  fikriniz  necə, varmı?

– Mənə, misəl üçün  5 il bundan qabaq deyirdilər ki, niyə reklam etmirsiniz? Mən də belə hesab edirəm və edirdim ki, bir çox reklamların olur ki, arxasında heç nə dayanmır. Yəni, reklamı verən şəxs onun arxasında dayanmağı bacarmalıdır və 5 il bundan qabaq mən xarici reklama razılıq verməzdim. Ona görə ki, şəhərin infrastrukturu lazımi  səviyyədə  və insanları vertalyotla sanatoriyaya gətirib çıxarmaq mümkün deyildi. Müəssisələr hamısı – 5 sanatoriya qaçqınlarla dolu,  vəziyyət  bərbad , şəhərin suyu yox idisə, işıq-qaz problemi var idisə, bura xarici dövlətlərin insanlarını nə üçün dəvət etməliydik? Dəvət etməliydik ki, bizim pis günümüzü görüb, başa düşən-düşməyən nəsə yazsın?! Mən belə hesab edirəm ki, bunu etmək olmazdı. Bu gün isə  çox böyük cəsarətlə buraya bütün dünyanı dəvət etmək olar. İnfrastrukturun böyük problemləri, bir çox problemləri həll olunub, özünüz də  gördünüz ki, şəhərə gözəl yol çəkilib. Su, işıq məsələsi, demək olar ki, həll olunub. Dediyim kimi, hər cibə və zövqə uyğun müəssisələr var. Şəxsən bizim mərkəzdə də orta müalicə müddətimiz  15 gündən 20 günə qədərdir.

– Qiymətlər necədir?

– Qiymətlər otaqların kateqoriyalarından asılıdır. Bizim müəssisəmizdə də müxtəlif kateqoriyalı otaqlar var. Yəni, 2-3 nəfərlik standart otaqlar var, təkadamlıq otaqlar var, ikiotaqlı lüks otaqlarımız var və qiymətlər də onlara uyğundur. Bu qiymətlər orta azərbaycanlının istifadə edə biləcəyi qiymətlərdir. 500 manatdan 750 manata kimi 15 günlük kursun qiymətidir. Bura onların burada qalması, 3 dəfə qidalanması, müayinə və müalicə daxildir.

– Konkret reallaşdırmaq istədiyiniz növbəti  hədəfləriniz, planlarınız nədən ibarətdir?

– Vallah, mən planlarımdan danışmazdım, çünki çox spontan hərəkət edən insanam, yəni, çox ani qərarlar qəbul edən insanam. Amma ani qərarların da əsasında çox uzun müddət düşünülmüş işlər durur. Əlbəttə, buna söhbət yoxdur. Kurortun inkişafını necə görürəm? Özəl sektorun inkişafında görürəm və bildiyiniz kimi, kurortlar haqqında qanun qəbul olunub, kurortların inkişafı haqqında proqram var. O proqramda da Naftalan kurortunun inkişafı haqqında böyük bölmə yer alır. Orada bizim uzun illər arzuladığımız fikirlər də  nəzərə alınıb. Çox arzu edirəm ki, kurortda ümumkurort diaqnostika mərkəzi olsun. Nəzərə alsaq ki, 5 ulduzlu otellər, çox yüksək səviyyəli müəssisələrin yaranmasına baxmayaraq, bütün kurortlarda olduğu kimi, burada da müxtəlif miqyaslı müəssisələr fəaliyyət göstərəcək, ancaq, eyni zamanda, kiçik, orta sahibkarlıqla məşğul olan insanlar o diaqnostik mərkəzin imkanları qədər imkanlara  malik deyillər .Bununla belə, insanların ehtiyacı var o müayinələrə. Məsələn, götürək maqnit-detanat tomoqrafiya və kompüter tomoqrafiyasını. O aparatların milyonlarla qiyməti var. Kiçik sahibkarlar, orta sahibkarlar onları əldə edə bilməzlər. Amma müayinə üçün bunlar vacibdirlər. Əgər bunlar vacibdirsə və bu baxımdan, şəhərdə ümumkurort diaqnostika  mərkəzi olarsa, onda bu şəhərə, bu müəssisələrə müraciət edən insanlar gəlib burada lazımi səviyyədə  müayinədən keçərlər. Müayinədən keçmiş insan həkim üçün hazır insandır. Yəni, onu müalicə etmək çox asandır və nəticə də çox gözəl alınır. Mən bu kurort-diaqnostik mərkəzin olmasını çox arzulayıram və inşaallah olacaq. Naftalan nefti  unikal müalicə faktorudur və onun təkrar emalı məsələsi çox vacib bir şeydir . Odur ki, bu şəhərdə Naftalan neftinin təkrar emalı və ondan preparatların hazırlanması üçün kiçik bir zavodun tikilməsi  nəzərdə tutulub və yəqin ki, yaxın zamanlarda o da həyata keçiriləcək.  Çox vacib məsələlərdən biri də  kadrların hazırlanmasıdır.  Gördünüz çox fəxrlə dedim ki, bizim mərkəzimizdə işləyənlər çox yüksək ixtisasa malik insanlardır, hamısı köhnə kurortun işçiləridir. Amma bu gün gələcək üçün kadrların hazırlanması  vacibdir. Çünki Naftalan unikaldır, unikalçılar burada hazırlanmalıdır. Mən  bu yöndə  təkliflərimi də icra hakimiyyətinə vermişəm. Burada heç olmasa həkimlik bir tərəfə, orta tibb işçilərinin hazırlanması məsələsi ilə məşğul olmaq lazımdır. Bura xidmət sahəsidir, xörəkpaylayanların, aşpazların, xidməti personalın hazırlanması ilə məşğul olmaq lazımdır. Bizim indi yüksək səviyyədə reklama çıxmaq üçün bu kadrlar olmalıdır. Bir sözlə, bu istiqamətdə işlərin aparılmasını çox arzu edirəm və güman edirəm ki, bunların hamısını da reallaşdıra biləcəyik.

 

 

Kamil Həmzəoğlu

 

525-ci qəzet.-2012.-20 iyun.- S.4.