Rəssam –heykəltəraş ƏdalətElman:“Yaratdığım “Danışan çay daşları” muzeyinə rəsmi status verilməsini arzulayıram”  

 

Bugünlərdə Xaçmaz rayonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Ümumrespublika Dekorativ- Tətbiqi Sənət Festivalı keçirilib. Festivalda 100 əsərlə- çay daşı üzərində heykəltəraşlıq nümunələri ilə təmsil olunan və Fəxri Fərmanla təltif edilən rəssam-heykəltəraş Ədalət Elmanla məşğul olduğu unikal sənət sahəsi ilə bağlı söhbətləşdik.

Ədalət Elman 1979-cu ildə yanvarın 21-də Xaçmaz rayonunun Alıc-Qışlaq kəndində dünyaya gəlib. Doğulduğu kənddə orta məktəbi bitirən rəssam Xaçmazda 92 saylı peşə litseyində rəngsaz-suvaqçı ixtisasına yiyələnib. Oxuduğu müddətdə bir sıra sərgilərdə iştirak edib. 1996-cı ildə “Xalq sənəti və özünəməşğulluq” proqramı çərçivəsində keçirilən sərgi yarmarkasında III dərəcəli diploma layiq görülüb. 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafik rəssam ixtisası üzrə məzunu olub. Ə.Elman qrafika və rəngkarlıq ilə yanaşı çay daşları üzərində heykəltəraşlıqla məşğul olur. İndiyədək rəssam 300-dən artıq çay daşı üzərində təsviri sənət nümunələri ərsəyə gətirib. Rəssam-heykəltəraş müxtəlif – abstrakt, mənzərə janrlarında işləsə də, yaradıcılığında tanınmış şəxsiyyətlərin portretləri mühüm yer tutur. Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə ilk fərdi sərgisi 2007-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda “Sehrli çay daşları” adı ilə təqdim olunub. 20-dən artıq respublika miqyaslı sərgidə əsərləri sərgilənən Ədalət Elmanın 2007-ci ildə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Moldaviyada da sərgisi keçirilib.

Ədalət Elman “Rəssamlığın olduqca çətin janrında – çay daşları üzərində işləmək həvəsi necə yaranıb?” sualımızı cavablandıraraq bildirdi ki, bu sahəyə maraq onda hələ uşaqlıqdan özünü göstərib: “Qobustandakı qayaüstü rəsmlər rəssamlığın çətin olan bu sahəsində özümü göstərməyim, təsdiq etməyim üçün stimul rolunu oynadı. Daş üzərində yazılanın əsrlər boyu silinməməsi, əlahəzrət tarixə yoldaşlıq etməsi fikrini əsas tutaraq çay daşları üzərində işləməyə qərar verdim. Kəndimizin təbiəti də çox gözəldir. Həm gözəl mənzərələrdən, həm də kəndimizin yaxınlığından keçən Ağçaydan aldığım ilham mənə bu sahəni çətinliklərinə qatlaşmağa yardımçı oldu. Ağçaydan tapdığım daşlar üzərinə ilk işlərimi həkk etməyə başladım”.

Hazırda “Gözəllik” əsəri üzərində işlədiyini qeyd edən rəssam bununla bağlı bildirdi ki, hər zaman bütün gözəlliklərin zirvəsi hesab etdiyi qadın gözəlliyinin təsvirindən ilham alaraq əsəri tamamlayacaq: “Ana, bacı, həyat yoldaşı, qız övladı timsalında həmişə qadın gözəlliyini bütün gözəlliyin fövqundə dayandığı qənaətindəyəm. Buna görə də hazırda üzərində işlədiyim son əsərimi buna həsr etmişəm”. Özünün bildirdiyinə görə, hazırda ölkəmizdə çay daşları üzərində heykəltəraşlıqla məşğul olan yeganə professional rəssamdır. Məşğul olduğu çətin sənətin sirlərini hazırda 9 yaşlı əkiz qızları Səbinə və Təhminəyə öyrədən Ə. Elman fəaliyyət sahəsi ilə bağlı arzu və planlarından danışdı: “Şəxsi emalatxanamın olmamağına baxmayaraq böyük çətinlik hesabına da olsa, hazırda yaşadığım evin bir otağında dünyada analoqu olmayan “Danışan çay daşları” adlı muzey yaratmışam. Bu muzeyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəsmi status verilməsini arzulayıram. Düşünürəm ki, bu respublikamıza və rayonumuza gələn turistlərin də marağını cəlb edər”. Gələcəkdə sərgiləri bir çox xarici ölkələrdə respublikamızı təmsil etmək arzusunda olan rəssam muzeyə rəsmi status veriləcəyi təqdirdə onun nəzdində yaradıcılıq studiyası açaraq yeniyetmə və gənclərə çətin və unikal sənətinin sirlərini öyrətmək niyyətindədir.

 

 

Sevinc MÜRVƏTQIZI 

 

525-ci qəzet.- 2012.- 19 iyun.- S.7.