Azərbaycan və Macarıstan
Milli Kitabxanaları arasında Memorandum imzalanıb
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında Macarıstan Milli
Kitabxanası ilə ikitərəfli Əməkdaşlıq
haqqında Memorandumun imzalanması mərasimi keçirilib.
Azərbaycan
Milli Kitabxanasının direktoru Kərim Tahirov mərasimdə
çıxış etmişdir. O, qonağı –
Macarıstan Milli Kitabxanasının direktoru xanım Andrea
Sajonu səmimi salamlayaraq, bu yaxınlarda Macarıstana səfər
etdiyini, burada qiymətli Azərbaycan əlyazmalarının
saxlandığı Milli Kitabxananın işi ilə
tanış olduğunu qeyd edib.
K.Tahirov
bildirib ki, Azərbaycan Milli Kitabxanası bu günə qədər
dünyanın 27 ölkəsi ilə ikitərəfli əməkdaşlıq
haqqında müqavilələr imzalayıb.
Macarıstan
Milli Kitabxanasının direktoru Andrea Sajo Azərbaycanda ilk dəfə
olduğunu bildirərək, artıq Milli Kitabxana və onun əməkdaşları
ilə tanış olmağa macal tapdığını qeyd
edib.
O,
Budapeştin ən gözəl tarixi binalarından birində -
Kral Matias Sarayında yerləşən Milli Kitabxananın
strukturu və fəaliyyəti barədə söhbət
açmış, kitabxana haqqında videoçarxı şərh
etmişdir.
Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyatlar, reklamın təşkili
və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
Azərbaycan – Macarıstan ədəbi əlaqələri barədə
məlumat vermiş, xalqlar arasında qarşılıqlı
anlaşma və dostluq münasibətləri yaranmasında
kitabın rolu haqqında danışmışdır.
Sonra
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə
Macarıstan Milli Kitabxanası arasında Əməkdaşlıq
haqqında Memorandum imzalanıb.
Memorandumu
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və
Macarıstan Milli Kitabxanasının direktoru Andrea Sajo
imzalamışlar.
Memoranduma
əsasən, kitab, mətbu nəşrlər, biblioqrafik
siyahılar və digər çap məhsulları mübadiləsi,
müştərək tədris kursları və seminarlar keçirilməsi,
fondların qorunub saxlanması və kitabxanaların rəqəmsal
formata çevrilməsi sahəsində əməkdaşlıq
nəzərdə tutulur.
525-ci qəzet.- 2012.- 20 iyun.- S.7.