Zahid Oruc: “Qafqaz Qarabağ hesabına partlaya bilər”
Müsahibimiz millət vəkili
Zahid Orucdur.
–Zahid bəy, bu günlərdə ABŞ dövlət katibinin regiona, o cümlədən, Azərbaycana səfəri zamanı Ermənistan hərbi birləşmələri tərəfindən cəbhə və təmas xəttində növbəti dəfə atəşkəs pozuldu, qanlı hadisələr yaşandı. Siz parlamentdə çıxışınız zamanı bunun Ermənistanın arxasında dayanan qüvvələrdən, daha çox da Rusiyanın Azərbaycanı Avrasiya, o cümlədən, Gömrük İttifaqına qoşmaq, eləcə də , Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) cəlb etmək niyyətlərindən qaynaqlandığını qeyd etdiniz. Eyni zamanda belə fikirlər də var ki, atəşkəsin pozulması əslində iqtidarın öz çıxarları xeyrinə olan, ondan qaynaqlanan bir məsələdir. Yəni, həmin fikirlərin müəlliflərinə görə, atəşkəsin pozulmasından yararlanan hakimiyyət bununla ABŞ-ı, onun dövlət katibini fakt qarşısında qoymaq, həmin ölkənin Azərbaycanda demokratiya və insan haqlarının təmini ilə bağlı tələblərindən, təzyiqlərindən qurtarmaq niyyəti güdür. Siz bəs, bu iddialar haqda nə fikirdəsiniz?
–Mən ilk öncə sonuncu iddiaları büsbütün inkar edirəm və onun düşüncələrə gəlməsini belə milli təəssüb hissindən uzaq, öz vətəndaşlarına qarşı təfəkkürə, fantaziyaya gələn ən amansız mövqe sayıram. Heç bir hakimiyyət süni şəkildə müharibəni provakasiya edərək, daxili parametrlərə təsir göstərməyə çalışmaz. Yəni, söhbət Azərbaycan iqtidarından gedirsə, hər bir halda atəşkəsin kütləvi miqyasda pozulması ölkədaxili investisiya mühitinə zərbə vurur, mənəvi-psixoloji şəraiti zədələyir, təsərrüfat həyatını son dərəcə ağır çətinliklər qarşısında qoyur, ölkənin ümumi siyasi ab-havasını son dərəcə gərginləşdirir. Bundan nə fayda götürülə bilər ki, kimsə də onu “hakimiyyət çıxarı” kimi sayaraq və bir versiya olaraq, gündəmə gətirir?
- Lakin elə hesab edirəm ki,
hazırkı dönəmdə atəşkəsin bu miqyasda intensiv
şəkildə pozulması və ciddi,
ağır itkilərlə müşayiət olunması birbaşa geopolitik şəraitlə
bağlıdır. Bunun strateji
planı var və o ətrafda
da regionu daha artıq dərəcədə hərbi diktat adı altında o
şəraitə sürükləyirlər.
İndiyə
qədərki dövrdə biz Ermənistandan daha çox
Qarabağ kartı ilə daxili müqavimət cəbhəsini
yarmaq, sosial böhranı arxa plana salmaq, o ölkənin siyasi
gündəliyini dəyişmək, bu vasitə ilə hərb
partiyasını həmişə gündəmdə saxlamaq,
silah satışını həyata keçirmək və
sair maraqlar üzərində fəaliyyət
sərgilədiyini
görmüşük. Lakin indiki gerçəklikdə onun nə səhra komandirlərinin,
nə də Sarkisyanın sadəlöhv düşüncəsinin
ayağına yazmaq olmaz. Bu məsələnin üzərində
daha böyük qüvvələr hərəkətə
keçiblər və güman edirəm ki, bundan sonrakı
dönəmdə gərginlik artan xətt üzrə davam edəcək.
Konkret desəm bunu mən Putinin köhnə-yeni prezident kimi hakimiyyətə dönüşünü və gələcək zamanda Rusiya üçün həyata keçirmək istədiyi siyasətin əsas konturlarını, xarici maraqlarını daha azğın şəkildə bərpa etmək kimi qiymətləndirirəm. Faktiki olaraq daxildə hər hansı qeyri-adi sosial-iqtisadi nəaliyyətlər qazanaraq, rus xalqının etirazlarını səngitmək mümkün deyil. Bu günlərdə “Milyonların marşına” yüzminlərlə insan qatılmışdı. Bu o deməkdir ki, Putin hiss edir ki, ənənəvi formada ambisiyalarını daxildə nümayiş etdirməklə, özünü xalqa yeni qiyafədə təqdim etmək mümkün deyil. Qalır onun xarici cəbhədə qeyri-adi nəticələrlə rus xalqının təfəkküründəki böyük dövlət anlamına uyğun olmaq, bunun üçün də Qazqazdan başlamaq həmişə, tarix boyu rus sərkərdələri üçün əlverişli bir xətt olub.
Putin də onu həyata keçirir və Qarabağ proseslərinin başlıca hədəfi Qafqazda sahiblik uğrunda mübarizənin tərkib hissəsidir, regionu təhlükəsizlik cəhətdən özündən asılı etməkdir. Xanım Klintona da atılan güllələr Amerikaya onu göstərməkdir ki, Qafqazda Gürcüstanı nə qədər çox himayə etməyə çalışsa və oradan sərt anti-Rusiya bəyanatları versə də, bölgənin taleyi Qarabağda həll olunur, Qafqaz Qarabağ hesabına partlaya bilər. Bu mənada düşünürəm ki, geosiyasi kontekst bu atəşkəsin pozulmasında daha böyükdür və son olaraq vurğulayım ki, Qərbin buraxdığı itkiləri daha böyükdür...
–Nə baxımdan?
– Baxın, ATƏT-in Minsk qrupuna daxil olan ölkələr də, Avropa Birliyi də, hətta NATO təmsilçiləri də bu məsələ ilə bağlı narahatçılıqlarını ifadə edirlər. Bütün bunlar siyasi mövqedir. İtiriləcəksə, ortada daha böyük imkanlar var. Bu, təkcə gələcək siyasət üçün deyil, gerçək vəziyyətdə Qarabağ məsələsi neft müqavilələrini də təhdid edir, Azərbaycanın karbohidrogen ehtiyatının da xaricə çıxışına zərbə vurur və sair. Belə demək mümkünsə, atəşkəsin pozulması Azərbaycanın xarici siyasət hədəflərinə zərbə vurur. Bu hədəflər də əsasən Qərb dövlətləridir. Ona görə də Qarabağ məsələsindəki Rusiyanın xeyrinə düzlənən xətt avtomatik Avropanın ziyanınadır. Bu mənada mən vurğuladım ki, Azərbaycanı müxtəlif iqtisadi və hərbi formatlara vadar etmək üçün Qarabağ ən zəif bənddir, oradan təzyiq etdikcən Azərbaycan ağrıyacaq, onu özünün inkişaf yolundan bu və ya digər formada çıxarmağa çalışacaqlar. Odur ki, Qərb Azərbaycanı müdafiə etməklə və Ermənistan əleyhinə bu məsələdə müəyyən bir mövqe göstərməklə, tutaq ki, Suriyadakı vəziyyət qədər olmasa da, heç olmasa nisbi formada beynəlxalq gündəmdə bu məsələ qalmış olsa, o halda öz maraqlarının müdafiəsində iştirak etmiş olacaqlar. Mən ona görə parlamentdə məsələni belə qoydum və eyni zamanda, Türkiyə ilə bağlı məsələyə münasibət bildirdim ki, Rusiyanın mövqelərinin güclənməsi avtomatik Türkiyənin maraqlarının sıxışdırılması demək olacaq. Çünki təkcə qardaşlıq və siyasi duyğular deyil, eyni zamanda, qardaş ölkənin – Türkiyənin bu bölgə üçün çox böyük tarixi, iqtisadi, siyasi planlarına və perspektivlərinə Qarabağdakı vəziyyət büsbütün təsir göstərmiş olur. Bu mənada mən arzuladım ki, Türkiyə ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Şurası Qarabağdakı şəraiti müzakirə etsin, əlaqələr mütəmadi koordinasiya olunsun, çünki o müqavilənin şərtlərindən biri Azərbaycanın təhlükəsizliyi əleyhinə proseslər baş qaldırarkən Türkiyənin Azərbaycanın yanında yer almasıdır və əksinə, indi isə məhz dediyimiz zamandır.
– Qarabağ məsələsində – daha çox son günlərdə baş verənləri nəzərdə tuturam- Qərbin və Azərbaycan iqtidarının seçimi necə olacaq? Yəni, bu hadisələr Azərbaycanın Avropaya inteqrasiyasını daha da sürətləndirəcək, yoxsa, biz bu məsələdə Rusiyaya daha çox meyllənəcəyik? Eyni zamanda, ABŞ, Qərb hansı mövqeni seçəcək? Yəni, Ermənistana təzyiq yolunu seçəcək, yoxsa, sadəcə hadisələrə seyrçi qalmaqla Rusiyanın bu məkanda daha da güclənməsinə stumul vermiş olacaq?
– Bu çox uğurlu sualdır. Yalnız onu qeyd edim ki, hazırkı dönəmdə Qərb sadəcə, münsif rolunda görünməyə çalışır. Bəlkə faktiki olaraq Qarabağdakı proseslər belə münsif reaksiyaları və bəyanatları ilə tənzimlənə bilməz. Əgər doğrudan da, həmin çağırışlar indiyə qədərki dövr üçün konfliktin həllində rol oynasaydı, çoxdan öz təsirini göstərərdi. Faktiki gerçəklikdə Rusiya öz xarici siyasət hədəflərinə çatmaq üçün müəyyən planlara start verib. Onlar Azərbaycanı daha artıq dərəcədə Rusiyanın pereferiyasına salmaq, öz nüfuz zolağında saxlamaq, gələcəkdə bu çətir altında regionda digər maraqları vurub çıxarmaq üçün bir strateji izləyirlər. Ona görə Qərbin gözləmə mövqeyi onların ziyanına işləyəcək. Qarabağ məsələsi faktiki olaraq bölgə uğrunda gedən müharibədə kimin özünü necə aparmasından asılı olacaq. Biz bu məsələni yenə də təəssüf ki, Ermənistan-Azərbaycan arasındakı savaşdan daha çox böyük güclərin arasındakı savaş kimi dəyərləndirməliyik və mənim anlamımda Qərb yeni dəyişikliklərə hazır deyil. Çünki onlar üçün bir neçə cəbhədə savaş aparmaq hələ ki, imkansızdır. Lakin onlar bunu da dərk edirlər ki, əgər həqiqətən Rusiya Qafqazı bütövlükdə öz nüfuz dairəsinə salsa , gələcəkdə Gürcüstanda nisbətən bərkimiş NATO elementləri, Amerikanın hərbi qüvvələri , yaxud da, Avropa standartları üzərindən nisbətən xətt çəkmiş olarlar. Yəni, irəliyə doğru atılmış o böyük demokratik standartlar Gürcüstan xalqının əlindən çıxa bilər. Çünki faktiki olaraq eni-uzunu Rusiyanın o çevrədə saxladığı hərbi qüvvələrin silahlarının atış bucağından da dar məkandır və Gürcüstanı bir demokratiya adası kimi orada saxlayıb, yəni, Sovetlərin Kubasına çevirmək mümkün olmayacaq. Bu baxımdan zənn edirəm ki, Qarabağ məsələsi qarşıdakı dövrdə regionda qüvvələr nisbətini müəyyənləşdirəcək ən başlıca bir fenomendir.
– Yeri gəlmişkən, Gürcüstanla bağlı bir məsələyə də münasibətinizi öyrənmək istərdik. Bildiyiniz kimi, qarşıdan Gürcüstanda növbəti prezident seçkiləri gəlir. Demək olar ki, bu gün Gürcüstandakı bütün xarizmatik müxalif liderlər Rusiyaya meyllidirlər. Bu baxımdan, Mixail Saakaşvilini əvəz edə biləcək Qərbmeylli xarizmatik bir lider kim ola bilər? Yəni, Amerikanın, Qərbin siyasətini burada davam etdirmək baxımından...
– Sizi əmin edirəm ki, Saakaşvili siyasi olimpdən getməyəcək. O, bilavasitə qurduğu planları hesabına baş nazir kimi ölkəyə rəhbərliyə fərqli statusda qayıdacaq və ölkədə idarəçiliyini davam edəcək. Mənim anlamımda Amerika Saakaşvilini əvəz etməyi düşünmür.
– Yəni, sizcə, onun yerinə simvolik də olsa, kim prezident ola bilər?
– Müxtəlif sağçı qüvvələr var, o cümlədən, amerikan qüvvələr yetişdirilib. Ola bilsin ki, onlar hətta, Saakaşvilinin komandasından, yaxud da tam fərqli bir insanların içərisindən seçilə bilər. Lakin mənim dəqiq məlumatlarım ondan ibarətdir ki, Gürcüstanda fərqli bir qüvvənin və ismin hakimiyyətə gəlməsi baş verməyəcək.
KAMİL
525-ci ci qəzet.- 2012.- 21 iyun.- S.4.