“İsmayıllı
xəbərləri”nin həftəlik qəzet olmasını
istərdim”
“İNFORMASİYA ƏLDƏ ETMƏKDƏ
PROBLEMİMİZ YOXDUR, BU DA QAZANDIĞIMIZ ETİMADDAN
QAYNAQLANIR”
“İsmayıllı
xəbərləri” qəzeti respublikanın eləcə də
İsmayıllı rayonunun kütləvi informasiya vasitələri
sırasına 2008-ci ildən daxil olub. Qəzetin ilk sayı həmin
il, yanvar ayının 24-də çıxıb. Qəzetin təsisçisi
və baş redaktoru Şahməmməd Soltanov
(Dağlaroğlu) şairdir, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, İsmayıllı bələdiyyəsinin
üzvü və yerli Sosial Məsələlər daimi
komissiyasının sədridir. Ş.Soltanov bildirir ki,
“İsmayıllı xəbərləri” qəzeti ayda iki dəfə,
8 səhifə, 1000 tirajla çap olunur, abunəçilərə,
rayonun ən ucqar kəndlərinə belə
çatdırılır. Onun sözlərinə görə,
qəzet 100-dən artıq rubrika altında rayonda həyata
keçirilən, bütün sahələri əhatə edən
xəbərləri dərc edir: “Qəzet rayonun sosial həyatını,
iqtisadi inkişafını, əldə olunan nailiyyətləri
izləyir və işıqlandırır. Eləcə də
“İsmayıllı xəbərləri” öz səhifələrində
İsmayıllının şəhər və kənd əhalisinin
əmək fəaliyyətindən, tarixi günlərdən,
ayrı-ayrı yaşayış məntəqələrinin
tarixindən, ölkə iqtisadiyyatının və dövlətçiliyin
möhkəmlənməsində xidməti olan şəxslərdən,
mütəmadi olaraq yazılar dərc edir. Rayon İcra Hakimiyyətinin
inzibati ərazi dairələrində, bələdiyyələr
tərəfindən həyata keçirilən yeniliklər,
layihələr qəzetdə öz əksini tapır”.
Ş.Soltanovun
dediyinə görə, qəzetdə İsmayıllı
rayonunda təhsilin inkişafı və yeniliklər bir qayda
olaraq hər nömrədə oxuculara çatdırlır.
Baş redaktor deyir ki, 2010-2011-ci illərdə rayonda
keçirilən təhsil bayramlarına aid
“İsmayıllı təhsili: uğurlar və nəticələr”
adlı jurnal dərc edilib, 2011-ci ildə Beynəlxalq Müəllim
Gününə, 2012-ci ildə “Tərəqqi” medalına
layiq görülən müğənni Sahibə Abdullayevaya həsr
olunan xüsusi buraxılışlar çap olunub: “Qəzet
bütün fəaliyyətini respublikada, eləcə də
rayonda baş verən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-kütləvi
hadisələrin, keçirilən tədbir və mərasimlərin
işıqlandırılmasına istiqamətləndirilib. Bu mətbu
orqan rayonumuzun aynası olmaqla ictimaiyyət arasında maarifləndirmə
və təbliğat sahəsində məqsədyönlü
iş görməkdədir. Nə qədər təvazökarlıqdan
uzaq, mübaliğəli görünsə də, qəzetin ərsəyə
gəlməsində əlimdən gələni edirəm. Eyni
zamanda redaksiyaya göndərilən məqalələrdən
qəzetdə istifadə olunur. İsmayıllı şəhərində
yaşayan, təqaüddə olan təcrübəli jurnalist Bəybala
Babayev qəzetimizin könüllü əməkdaşıdır.
Maliyyə
imkanlarının məhdudluğu və aşağı
olması əməkdaşların işə cəlb
olunmasını mümkünsüz edir”.
Baş
redaktorun dediyinə görə, mətbu orqanın abunəçiləri
yerli idarə və təşkilatlar, eləcə də müəssisələrdir.
Ş.Soltanov bildirib ki, hazırkı vaxtda abunənin sayı
300-ü keçə bilməyib: “Abunəçilərin
başqa yerdə qalan qəzetlər rayonda keçirilən
çoxsaylı tədbirlərin
iştirakçılarına, ayrı-ayrı
yaşayış məntəqələrində rayon İcra
Hakimiyyəti başçısının keçirdiyi səyyar
görüş-qəbullarda əhaliyə pulsuz paylanır.
Bundan başqa fəaliyyətimiz dövründə bəzi
lazımi texniki avadanlıqları əldə etsək də,
sərbəst iş yerimiz yoxdur”.
Yerli
dövlət qurumlarından informasiya əldə olunmasında
heç bir problemin olmadığını bildirən
Ş.Soltanovun dediyinə əsasən, rayon təşkilatlarının
əksəriyyəti qəzetlə əməkdaşlıq
edir, bir qayda olaraq keçirdikləri tədbirlərə dəvət
edirlər: “Bir sözlə, informasiya əldə etməkdə
heç bir problemimiz yoxdur, bu da qazandığımız
etimaddan qaynaqlanır”.
Ş.Soltanov
respublikanın əksər rayonlarında mətbəənin
olmamasına diqqət çəkərək bu problemin
bölgələrdə problem yaratdığını, buna
görə də bölgə qəzetlərinin ayda bir və
ya iki dəfə çıxmasına gətirib
çıxarır. Abunə sayı 1000 və daha yüksək
olan qəzetlər var ki, həftədə bir dəfə
çıxa bilir. Maliyyə imkanları yol verərsə,
“İsmayıllı xəbərləri”nin də həftəlik
qəzet olmasını istərdim. Hamıya artıq məlum
olan xəbərin qəzetdə dərc edilməsi məni
heç də qane etmir”.
Baş
redaktor bildirib ki, bölgələrdə “Mətbuat evi”
adlı mərkəzlərin olmasını və ərazidə
fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin
bir mərkəzdə, əlaqəli, məqsədyönlü şəkildə işləmələrini
görmək yaxşı olardı. Onun sözlərinə
görə, bu həm də “reket” jurnalistikanın
qarşısını almaqda böyük rol oynayardı.
Ş.Soltanov qəzetin fəaliyyəti dövründə hər
il mətbuat günündə rayondakı jurnalistlərlə
peşə bayramına həsr olunmuş tədbir və
azı ildə bir dəfə fəal yazarların, aidiyyəti
təşkilatların nümayəndələrinin
iştirakı ilə problemlərin həllinə istiqamətləndirilmiş
dəyirmi masaların keçirildiyini qeyd edib: “Qəzetimiz
2009-cu ilin aprel ayından Mətbuat Şurasının
üzvüdür. İsmayıllı gerçəkliklərini
rayonun hüdudlarından kənarda
həmyerlilərimizə, İsmayıllını sevənlərə
çatdırmaq üçün 2012-ci ilin ilk aylarından qəzetimizin
saytını (ismayilli-xeberleri.info) yaratmışıq.
Çox xoşdur ki, bizimlə dünyanın bir sıra
ölkələrində maraqlananlar var. Bunu qəzetimizin
saytındakı “oxucu sayğacı”ndan aydın görmək
olur”.
Bəxtiyar MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 21 iyun.- S.6.