Bəxtiyar Sadıqov: “Dövlət qəzetlərinin birləşdirilməsi nə verir ki?”  

 

 Müsahibimiz Milli Məclisin (MM) üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.

–Bəxtiyar müəllim, bir jurnalist, qələm əhli və millət vəkili kimi “Diffamasiya haqqında” qanunun qəbulu yönündə səslənən fikirlərlə bağlı nə deyərdiniz. Sizcə, indiki məqamda və reallıqda belə bir qanunun qəbuluna zəruri ehtiyac varmı?

–Bilirsiniz, Azərbaycanda mətbuat və söz azadlığı həqiqətən bərqərar olunub və Azərbaycan mühitində – istər jurnalistlər, istər mətbuatla işləyən insanlar həm bu azadlığı görürlər, həm də bundan bəhrələnirlər. Eyni zamanda, müstəqil mətbuatın yaranmasından , xüsusən mətbuat sahəsinə bir sıra təsadüfi insanların gəlişindən sonra mətbuat, söz azadlığından sui-istifadə halları da yaranıb. Bu da özü korporativ marağına , şəxsi mənafeyinə görə ayrı-ayrı insanların, biznes adamlarının, dövlət məmurlarının, müxtəlif vəzifə sahiblərinin şüurlu şəkildə, qəsdən mətbuatda şərəf və ləyaqətlərinin aşağılanmasıdır. Yəni, həm mətbuat, söz azadlığı , həm də cəmiyyətdə ondan ziyan çəkən insanlar, eyni zamanda, bu azadlıqdan sui-istifadə edib adını jurnalist qoyanlar var.

Ona görə cəmiyyətimizdə diffamasiyadan qorunma haqqında qanuna münasibətdə müəyyən ziddiyyətlər var. Biz Mətbuat Şurası olaraq belə bir sənədin qəbulunu istəyirik, şəxsən mən özüm də bir jurnalist , qəzet redaktoru olaraq, “ Diffamasiya haqqında” qanunun qəbulunun tərəfdarıyam. Mən özüm əslində  2 , 3 il  ondan o tərəfə  bunun tam əleyhinəyəm. Çünki bir az öncə dediyim həmin o məqama, o məsələyə görə. Ancaq eyni zamanda, Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birlikdə keçən il  jurnalistlərin peşə davranışı qaydasını  müasir tələblər baxımından bir də müzakirə etdi, həmin sənəd  əlavə və dəyişikliklər edilərək bir daha müasirləşdirildi.

Bununla yanaşı, həmin ATƏT-in Bakı ofisi ilə birlikdə “Diffamasiya haqqında” bir qanun layihəsi hazırlandı və Milli Məclisə  göndərildi.  Ancaq mətbuata açıqlamamda da dediyim kimi,  bu sənədin qəbulunun indiyədək  ləngimə səbəblərinin birinci günahkarı biz jurnalistlərik. Bəli, cəmiyyət də, ziddiyyətli və birmənalı olmayan mövqe olsa belə, bu sənədin qəbuluna hazırdır. Həmçinin, Azərbaycan iqtidarı  bu qanunun qəbulunu istəyir. Amma o jurnalistlər ki var, diffamasiyadan sui-istifadə edə, diffamasiyadan qorunma qanunundan vətəndaşın üzərinə hücum çəkə bilərlər, ona görə müəyyən mənada cəmiyyətdə də belə fikir var ki, bu qanun qəbul edilərsə, o zaman o tip reket jurnalistlər üçün cəzasızlıq şəraiti, mühiti yaranar. Odur ki, bu qanunun qəbuluna görə bir az qorxu, narahatçılıq var.

Amma bütün hallarda bu qanun qəbul olunmalıdır. Azərbaycan iqtidarı da bu istiqamətdə gedir və mən hesab edirəm ki, bu ilin axırına və yaxud, ən geci gələn il biz bu qanunu qəbul edəcəyik. Sadəcə, bütün ictimaiyyət, xüsusən jurnalistlər özləri o aralarına düşmüş təsadüfi ünsürləri islah etməklə, onlara hansı formada təsir göstərməklə jurnalistikanın təmizliyini qorumalıdırlar, insanların şərəf və ləyaqətini haqsız yerə, yaxud , ümumiyyətlə, insanların mətbuat səhifəsində təhqirinə son qoyulmasına çalışmalıdırlar . Və cəmiyyət də görəndən sonra ki, diffamasiyadan qorunma haqqında qanundan jurnalistlər sui-istifaə etməyəcəklər, onların şərəf və ləyaqəti üçün təhlükə yaranmır, onda bu qanunun qəbulu və işləməsi normal olacaq.

Artıq tədricən həm Mətbuat Şurasında bu istiqamətdə – reket qəzetlər və jurnalistlərlə mübarizə gedir, həm cəmiyyətdə bu yöndə  gedir, həm də o reket jurnalistlər tədricən, bir az yavaş da olsa, aradan çıxırlar. Bu baxımdan hesab edirəm ki,  bütün bunların hamısı nəticə etibarilə o qanunun qəbuluna gətirəcək və  artıq  onun qəbuluna az qalıb.

– Reket jurnalistlərdən və qəzetlərdən danışdınız. Onları stimullaşdıran səbəblər sizcə, nələrdir?

– Onun, təbii ki, birinci səbəbi odur ki, o jurnalistlər o cür hərəkət etməklə qazana bilirlər. Bəzən, hansısa bir yerdən bir xahişlərini keçirirlər, bəzən nə bilim pul qoparırlar, bəzən deyirlər bizə qəzet kağızı alın, bəzən  kimisə işə düzəldib bəhrələnirlər, yəni, faktiki olaraq səbəb odur. Amma burada digər bir məsələ də var. Bəzən təhqir olunan məmurlar, biznesmenlər abırlarını qorumaq üçün məcbur olurlar onlara güzəştə getsinlər. Bu isə onların “yaşamağına” şərait yaradır.Biz özümüz-əsl peşəkar jurnalistlər müxtəlif tədbirlərdə, o qəzetlərə münasibətdə onların üçün dözülməz qınaq  mühiti  yaratsaq, desək ki, sən ,ümumiyyətlə, jurnalist deyilsən, sən niyə bu cür təhqir yazırsan , niyə bu işləri görürsən, onda bu cür vəziyyət də  yaranmazdı. Ancaq çox təəssüflər olsun, hələ ki, bu mühiti yaratmamışıq.

– Sizcə, reket jurnalistliyi daha çox stimullaşdıran ciddi mətbu orqanlarında qonorarların, əmək haqlarının ədalətli şəkildə bölünməməsi , işçilərlə vaxtında əmək müqavilələrinin bağlanmaması və ya onlara  əməl olunmaması deyil ki?

–Qətiyyən, yox!  Bilirsiniz, abırlı, ağıllı, həqiqi jurnalistlər heç vaxt elə şeyə getmirlər. Eyni zamanda onu da etiraf edim ki, normal jurnalistə müxtəlif şəkildə  həmişə hörmət olub . Yəni, normal jurnalistlər həmişə abırla dolanıb yaşayıblar. Amma bunlar artıq raketçilik yolunu tuturlar, dirənirlər, dirəşirlər, istədiklərini  əldə etməyəndə də , “qəzet”ləridə onları təhqir , təqib edirlər, aylarla haqlarında  “materiallar” yazırlar...

Siz dediyiniz  məqam isə daha  çox  ciddi  qəzetlərin maddi durumunun aşağı olması ilə bağlıdır. Çünki reklam bazarı yoxdur, kasaddır, ondan sonra qəzet bazarı ölüb, tirajı qaldıra bilmir... Bax bu səbəbdəndir ki, o, jurnalistin sosial durumuna təsir edir. İndi biz də həm Mətbuat Şurası , həm Azərbaycan iqtidarı olaraq bu istiqamətdə əlimizdən gələni etməyə, vəziyyəti düzəltməyə çalışırıq.  Bizim yenə ATƏT-in Bakı ofisi ilə bizim birgə layihələrimiz var. Bu istiqamətdə İctimai Televiziyada  ilk veriliş də reklam bazarının formalaşdırılmasına həsr olunmuşdu.

Artıq bu istiqamətdə işlər gedir. Hazırkı vəziyyətdə qəzet özü özünü hesabına yaşada bilmir. Çünki səbəb dediyim kimi, reklam bazarının həddindən artıq yoxsulluğudur. O vəziyyət düzələndən sonra qəzetlər özlərini yaşadacaq, amma reket jurnalist belədir ki, o, qəzeti reklamla yox, ondan-bundan qopardığı paralarla saxlayır. Reket qəzeti yaşadanlar var, onları maliyyələşdirənlər var ki, arada-sırada qəzet buraxırlar, yəni, müntəzəm olaraq yox. Ona görə də bunu onunla o şəkildə  bağlamağın birmənalı tərəfdarı  deyiləm. Sadəcə, haradasa ola bilər...

–Belə fikirlər də var ki,  yaxın 5-10 ildə qəzetlər aradan çıxacaq onları saytlar, portallar, elektron qəzetlər, internet qəzetlər əvəz edəcək və sair. Odur ki, qəzetlərin sıradan çıxacağı haqda fikirlər sizcə, nə dərəcədə realdır?

– Bilirsiniz, kino yarananda dedilər ki, teatr aradan çıxır, ondan sonra televiziya yarananda dedilər kino aradan çıxır, amma əslində bunların hamısının,  hərəsinin öz yeri var. Bu baxımdan,  qəzet də daim yaşayacaq , çünki qəzet sənəddir, qəzet arxivdə , əldə qalır. Bu, elektron-zad deyil ki, bu gün orada ola, səhər silinə gedə. Amma məsələ bundadır ki, elektron qəzeti də, çap mediasını da, elektron mediasını da buraxan jurnalistlərdir. Jurnalistlər həmişə yaşayacaqlar. İstəyir o yazısı qəzetdə dərc olunsun, istəyir onda.  Ona görə biz jurnalisti yaşatmalıyıq. Vətənpərvər, yüksək peşəkar, jurnalistin peşə davranışı qaydalarına ciddi əməl edən jurnalistlər tərbiyə etməliyik. Əsas problem bax burdadı.

– Yeri gəlmişkən, bir neçə il bundan öncə belə  fikirlər səslənməkdəydi ki,  rəsmi dövlət qəzetləri- “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinskiy rabociy”  qəzetləri  bir qəzet  altında – “Azərbaycan” qəzeti adı altında birləşdirilsin. Bu məsələyə necə baxırsınız?

– Əslində dövlət qəzeti bir dənədir. Dövlət qəzeti statusu,  o status bizim qəzetdədir. Rəsmi dövlət qəzeti  ifadəsini biz öz qəzetimizdə yazmışıq. O  birilər isə sadəcə, iqtidar qəzetləridir. İndi belə olan halda onları birləşdirmək nə verir ki? Tutaq ki, müntəzəm çıxan haradasa 100-200 qəzet var. Mən həftəlik və gündəlik qəzetləri deyirəm. Müstəqil insanlar da qəzet yaradır, hər partiyanın da bir qəzeti var. Yəni, hələ ki müstəqil insanlar da, siyasi qruplar da, partiyalar da, hətta qeyri-hökumət təşkilatları da qəzet buraxırlar və onlar öz gördükləri işləri reklam edirlər, öz  mövqelərin orada açıqlayırlar, müxtəlif məsələlərə münasibətlərin bildirirlər.

Bütün bunlar ola-ola dövlətin, iqtidarın özünün qəzeti olmasın, bu, elə bilirəm ki, düzgün olmaz. Çox vaxt müxalifət hücum edir ki, o elədir, bu belədir, amma bu qəzetlər olmasa, onların o şərinə-böhtanına da cavabsız vəziyyətdə qalır. Eyni zamanda,  biz axı , demokratiyanın  harasındayıq, hansı mərhələsindəyik?  Ona görə də bu ərəfədə iqtidar qəzetlərinə ehtiyac var...

– Onlar bəs özlərini necə, doğruldurmu?

– Hər partiyanın özünün qəzeti varsa, hamısı, xüsusən müxalif qəzetlər dövlətin üzərinə haqq-nahaq hücuma keçirlərsə ,  onda nə üçün iqtidarın özünün qəzeti olub onlara cavab verməsin? Əlbəttə ki, doğruldur. Çünki iqtidar özü də öz mövqeyini müdafiə etməlidir. İqtidar özü də gördüyü işləri reklam etməlidir. İqtidar özü də ona atılan böhtanları təkzib etməlidir. Ona görə də bu qəzetlər olmalıdır...

–Əgər dediyiniz kimi, onlar özlərini doğruldursa, niyə həmin qəzetləri  məcburi şəkildə  dövlət idarələrinə abunə  yazdırırlar?

–İndi gəl belə deyək də, mən konkret “Azərbaycan” qəzetini götürürəm, Azərbaycanda çox böyük insanlar qrupu var ki, onlar rəsmi informasiyalar almaq istəyirlər. Tutaq ki, dövlət məmurlarıdır, hüquq-mühafizə orqanlarının işçiləridir, ondan sonra siyasətçilərdir, iqtisadçılardır, biznesmenlərdir, bunlar həm qanunlarla işləyirlər, həm   öz fəaliyyətlərində bu qanunlarla bağlı informasiyalardan istifadə edirlər. Heç bir müstəqil  qəzet isə  nə dövlət başçısının fəaliyyətini bizim kimi geniş işıqlandırır, nə  bizim kimi qanunları dərc edir, nə qanunlara dəyişikliyi operativ şəkildə verir, nə Dövlət Statistika Komitəsinin bütün rəqəmlərin göstərir, nə də bizim kimi dövlətin hansı bir sahədə siyasətin izah edir... Ona görə də o cür qəzetin olmağı vacibdir.

Müstəqil qəzetlər nə bilim krasvordla-zadla tirajlarını artırırlar. Amma dövlət məmuruna, siyasətçilərə, iqtisadçılara, siyasətlə maraqlanan insanlara, hüquqşünaslara bu cür informasiyanı verən qəzetlər vacibdir. Ona görə də həmin kateqoriyadan olan insanlar bizim qəzetə, rəsmi dövlət  qəzetlərinə abunə olurlar, onları daim alırlar, oradan da  gündə baş verən hadisələri, qanunlardakı yenilikləri və sair xəbər tuturlar...

 

 

Kamil Həmzəoğlu

 

525-ci qəzet.- 2012.- 21 iyun.- S.5.