Qəlbi vücudundan böyük   

 

Aydın Tağıyev – 60

 

Aydın Tağıyev Azərbaycan nəsrinin maraqlı təmsilçilərindən biridir: həm vücudu, həm də yazı-pozusuyla.

Qələm qardaşımızı ilk dəfə Ələkbər Salahzadənin bacısının küçücük bağında görmüşəm. Bizə qonşuydular. Mən Orxan Hüseynbəyli ilə futboldan qayıdırdım. Gördüm ki, bağdan tüstü qalxır, qapısı da açıqdır. “Bir bura dönək” – dedim. Bağın alçaq və dar qapısından sivişib içəri keçdik. Ələkbər müəllim çölçülük həyatına uyğun süfrə açmışdı, süfrənin başında qarayanız, çəlimsiz bir adam oturmuşdu. Tanış olduq: AydınTağıyev. Onun adını öncələr də eşitmişdim, yazılarına rast gəlmişdim, amma ilk dəfə üz-üzə oturduq.

Bu hadisəni təsadüfi danışmadım. Aydın müəllim həmişə bu faktı xatırlayır və dərhal Orxanı soruşur: “Orxan balamız necədir?” Aradan on ilə qədər vaxt keçib. Amma onun yadındadır.

Desəm ki, Aydın Tağıyev səmimi adamdır – az olar, desəm ki, sədaqətli dostdur – yenə də az olar. Aydın müəllimdən danışanda bu məfhumların əvvəlinə bir “çox” sözünü də əlavə eləmək lazımdır. Mənə elə gəlir ki, qələm dostumun qəlbi vücudundan bir neçə dəfə artıqdır. Bu böyüklükdə ürəyi o, arıq bədəniylə necə gəzdirir, baş açmaq çətin məsələdir.

Onun son iki hekayəsini “Adəmin oğlu” və “Yay gününün gecəsi”ni “Ulduz”un builki mart sayında dərc eləmişik. Biz onun digər yazılarını da yayımlamışıq. Aydın Tağıyev ədəbi dərgilərimizdə yaşıl işıqdır. Çünki istedadlıdır, çünki ruh adamıdır.

Təvazökar yazardır, amma hərdən qızışmağı da var. Yox, dalaşmaqla arası yoxdur...

Aydın müəllimi tanıyan 30-40 illik dostları ondan, o da dostlarından əl çəkmir. Novruz Nəcəfoğlu – Aydın Tağıyev qardaşlığı əbədidir.

Uşaqlarına, nəvələrinə çox bağlı adamdır. “Allah qoysa, nəvən olar görərsən” bütün babalar kimi, o da belə deyir.

Aydın Tağıyev yel kimidir. Bir də gördün, Bakıda böyründən çıxdı, sonra da eşidəcəksən ki, Şabrandan danışır. Həftədə bir, ya da iki dəfə dostlarına zəng eləməsə, rahat olmaz.

Bax, Aydın qardaşımız belə adamdır.

Mən onun yaxınlarına və dostlarına “gözləriniz Aydın (la dolu) olsun” deyirəm. Altıncı on illiyə alnıaçıq, üzüağ çıxmaq hər adama nəsib olmur.

Altmış yaşın mübarək, Dost!

 

 

Elçin HÜSEYNBƏYLİ

 

525-ci qəzet.- 2012.- 22 iyun.- S.7.