Görkəmli
nazimşünasın “Ceviz ağacı və Çinar”
rapsodiyası
Türk dünyasının ayrılmaz
parçası müstəqil Azərbaycanın 20,
tanınmış türkoloqu və
yazıçı-publisisti Aqşin Babayevin 75, böyük sənətkarı
Nazim Hikmətin 110 yaşı tamam oldu. Qısa aralıqlarla təxminən
eyni zaman diliminə sığan bu üç ad
gününü birgə xatırlamağımız təsadüfi
deyil. Azərbaycanı suveren dövlət kimi görmək istəyənlər
içərisində ötən əsrin 20-ci illərində
birinci dəfə ölkəmizə ayaq basan, 1928-ci ildə
“Günəşi içənlərin türküsü”
adlı ilk kitabı Bakıda nəşr edilən, 1951-ci ildə
SSRİ-yə pənah gətirib, ömrünün sonuna qədər
(3 iyun 1963) Moskvada yaşamağa məhkum olan,
xalqımızın vəfalı dostu və yurdumuzun
vurğunu Nazim də vardı – qüdrətli şair, orijinal
dramaturq, mübariz publisist, novator nasir Nazim Hikmət! Aqşin
Babayevə gəlincə, onun xüsusi təqdimata ehtiyacı
olmasa da, haqqında söhbət açacağımız
kitabın müəllifi kimi az sonra tanıdacağıq.
Burada sadəcə bunu qeyd etməklə kifayətlənək
ki, yuxarıdakı üç ad günü kontekstində
adının çəkilməsi bənzərsiz
nazimşünas olmasından irəli gəlir.
Budur, qarşımda Aqşin müəllimin
Türkiyədə nəfis tərtibatla yenicə çapdan
çıxmış kitabı var: “Nazim Hikmət və Azərbaycan”
(Zeus kitab evi, 2012). Bəyaz cildin üst qapağında
çinar yarpağı misalı Azərbaycan xəritəsi...
Cadar-cadar olmuş ürək çatlarının
naxışladığı Nazim Hikmətin üzü...
İri, kənarları erkən qırışlarla haşiyələnmiş
gözləri... İnsanın içinə işləyən
ağlar-gülər baxışları... Kitabın arxa
qapağında Xalq şairimiz Bəxtiyar Vahabzadənin N.Hikmətə
həsr etdiyi şeirdən bir bənd:
Ürəklərdən alır ancaq
söz mayasını,
Şeirin sözü neçə candan
neçə can almış.
Nazim, sənin yüz kitabın öz
mayasını,
Bakımızda yaratdığın kitabdan
almış.
Kitabı Türkiyə türkcəsinə
qardaş ölkənin məşhur
nazimşünaslarından tanınmış pedaqoq-mütərcim
Aslan Kavlak çevirib. Nazim Hikmətin Azərbaycan sevgisini
bütün çalarları ilə göz önündə
canlandıran kitab cari ilin aprelində İzmirdə təşkil
edilmiş kitab yarmarkasında böyük maraqla
qarşılanıb.
Girişdəki təqdimatdan öyrənirik
ki, kitab Bakıda doğma dilimizdə təxminən 10-12 il əvvəl
yazılıb və Aqşin müəllimin sənətkara həsr
etdiyi dörd kitabdan üçüncüsüdür: “Nazim
Hikmət” (1978), “Nazim Hikmət və həyatı” (1989, bu
kitab Almaniyada türk dilində də nəşr edilib), “100
yaşlı Nazim Hikmət” (2000), “Nazim Hikmət qalaktikası”
(2011).
Kitabda Aqşin müəllimin qısa
bioqrafiyası verilib: 23 noyabr 1936-cı ildə Bakıda anadan
olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini
bitirib (1959). Aspiranturada təhsil alıb və Nazim Hikmətin
dramaturgiya yaradıcılığına dair namizədlik
dissertasiyası müdafiə edib(1967). Elmlər
doktoru(1996), professordur (1998).
Türkşünas-alimin yuxarıda adları çəkilən
4 əsəri ilə yanaşı, “Türk ədəbiyyatı
müntəxəbatı”, “Türk dramaturgiyası”,
“Cümhuriyyət dövrü türk ədəbiyyatında
sosial motivlər”, “Azərbaycan və türk dünyası”
adlı son dərəcə dəyərli elmi-nəzəri
kitabları və dərs vəsaitləri işıq
üzü görmüşdür.
Aqşin müəllimin müxtəlif
ictimai vəzifələrdə
çalışdığı qeyd olunur: 1959-1962-ci illərdə Azərbaycan Dövlət Televiziya və
Radio verilişləri Komitəsində türk verlişləri
şöbəsində redaktor və baş redaktor müavini,
1970-1977-ci illərdə Xarici verilişlərin baş
redaktoru, 1976-1990-cı illərdə Azərbaycan Dövlət
Televiziya və Radio verilişləri Komitəsində sədr
müavini işləmişdir. 1972-1975-ci illərdə
Türkiyədə çalışmışdır.
1977-1982-ci illərdə Azərbaycan Jurnalistlər
İttifaqının idarə heyətinin katibi işləmiş,
“Əməkdar jurnalist” fəxri
adına layiq görülmüşdür. 1991-2006-cı illərdə
Azərbaycan Milli Məclisi Aparatının mətbuat xidməti
şöbəsinə rəhbərlik etmişdir. İkinci dərəcəli
dövlət müşaviridir. N.Hikmətin bacısı mərhum
Samiyə Yaltırım tərəfindən 1991-ci ildə
Türkiyədə qurulmuş Nazim Hikmət Kültür və
Sənət Vəqfinin fəxri üzvüdür.
Qırxa yaxın bədii, elmi və
publisistik kitabın müəllifi olan A.Babayevin “Cazibəli
üfüqlər” adlı ilk hekayələr kitabı
1964-cü ildə işıq üzü
görmüşdür. Bunun ardınca “Həmişə bahar”
(1967), “Bir parça həyat” (1971), “Ağ ulduzlar” (1977), “Bir
ürəyin hərarəti” (1979), “Kişilər az
yaşadı” (1981), “Ayrılıq” (1982), “Dünya vəfalıdır”
(1984), “Sünbül ətri” (1986), “Söz gülləsi”
(1989), “Dünyanın axırı” (1992), “Başımıza gələnlər”
(1994), “Azərbaycan türk dünyası” (1998), “Müasir
türk dramaturgiyası” (1998), “Yanan Zürafə” (1999) kimi ədəbi-bədii
əsərləri və elmi-nəzəri monoqrafiyaları
çap olunur. Yenə bu dövrdə onun “Kişilər az
yaşadı” romanı otuz min tirajla Moskvada (1986), “Nazim Hikmət
yaşamı” əsəri Berlində (1989) işıq
üzü görür. Povest və hekayələri, elmi məqalə
və monoqrafiyaları Türkiyə,
İraq, Gürcüstan, Moldova, Belarus, Ukrayna və başqa
ölkələrdə dərc edilir.
Ümummilli liderimiz Heydər Əliyevə
həsr etdiyi “Oğul” və “Xilaskar”, eləcə də
“Yaralar”, “Kim nə deyər...”, “Olmuş əhvalat”, “Əlin
cibində olsun”, “Şeytanın yubileyi”, “Bir parça həyat”,
“Nekroloq”, “Dəvətnamə”, “Yol”,
“Mükafat” kimi pyes, libretto və telefilmləri ölkəmizin
məşhur teatr səhnələrində tamaşaya
qoyulmuş, televiziya ekranlarında nümayiş etdirilmiş,
geniş tamaşaçı rəğbəti
qazanmışdır.
“Bir
içim su istədim” adlı şeirlər kitabı 2002-ci
ildə görkəmli şairlərimiz Fikrət Qoca və
Vaqif Bəhmənlinin “Ön söz”ü ilə işıq
üzü görmüş, şeirlərinə mahnılar bəstələnmişdir.
A.Babayev bədii tərcüməçilik
sahəsində də fəaliyyət göstərmişdir.
İtalyan dramaturqu Terensinin “Qardaşlar”, türk
yazıçı-dramaturqu Haldun Tanerin “Keşanlı Əli
dastanı” pyeslərini, Əziz Nesinin “Hekayələr”
kitabını və s. əsərləri dilimizə
çevirmişdir. 30-dan artıq xarici ölkə filminin Azərbaycan
dilinə tərcüməsinin altında Aqşin müəllimin
imzası var.
Aqşin müəllim “Yusif Məmmədəliyev”, “Həsən
bəy Zərdabi”, “Humay”, “Qızıl Qələm”, “Açıq söz”, “Nurlu qələm ustası”, “Ustad sənətkar”
kimi müxtəlif mükafatlara layiq görülmüş,
“Azərbaycan Ali Sovetinin Fəxri
fərmanı”, “Əmək rəşadətinə görə”
və “Əmək veteranı” medalları ilə təltif
olunmuşdur.
1967-ci ildən pedaqoji fəaliyyətlə
məşğul olan A.Babayev hal-hazırda Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
kafedra müdiri və professoru olaraq öz elmi-pedaqoji fəaliyyətini
davam etdirir.
“Nazim Hikmət və Azərbaycan”
kitabı sənətkarın 11 sentyabr 1961-ci ildə Şərqi
Berlində qələmə aldığı məşhur
“Avtobioqrafiya” şeiri ilə açılır. Fikrimizcə,
bu, təsadüfi deyildir. Bu şeir N.Hikmətin ədəbi
kredosu, sənətkar missiyasının manifesti, Şəxsiyyət
olaraq kimliyidir.
Qısa ön sözdə görkəmli sənətkarın
yaradıcılığındakı bəşəri dəyərlərdən,
humanizm ideyalarından və mübarizlik ruhundan, onun dünya ədəbiyyatındakı
yerindən bəhs olunur. Burada kitabın mütərcimi Aslan
Kavlakın yığcam tərcümeyi-halı da verilir.
Öyrənirik ki, o, 1951-ci ildə doğulub, Qazi Məllimlər
İnstitutunu və Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı
fakültəsini bitirib. Kənd məktəblərində
müəllimlik edib. 90-cı illərin ortalarında Bakıya
gəlib. Burada 1999-cu ilə qədər Bakı Türk Anadolu
litseyində işləyib. “Bakıya gedirəm, ay balam”
adlı bir kitabı var. Hal-hazırda Nazim Hikmətlə
bağlı yeni bir əsər üzərində işləyir.
Kitabın
“Müəllifdən” başlıqlı ikicə səhifəlik
yazısı insanı öz aurasına salmağa, təsirləndirməyə
kifayət edir. Burada Nazimin
paşalar-bəylər nəslindən olmasına, elə onlar
kimi də yaşamaq imkanlarına baxmayaraq kommunist əqidəsi
uğrunda özünü bilə-bilə Vətəninə və
xalqına, mütərəqqi-demokratik və sosialist
yönümlü ideyalara fəda etməsinin səbəbləri
dilə gətirilir. Şairin məşəqqətli
ömür yolu, 61 illik ömrünün 13 ilini həbsxana
divarları arxasında keçirməsi, son 13 ilini də
yurdundan, xalqından, çox
sevdiyi xanımı Münəvvərdən və yeganə
ciyərparası Mehmetdən ayrı yaşaması, “vətən
xaini” damğasıyla Türkiyə vətəndaşlığından
çıxarılması vurğulanır.
Əlbəttə,
bütün bunlar, eləcə də dünyada 30-40 dildə
çap olunduğu halda, doğma Türkiyəsində
türkcə əsərlərinin
nəşr edilməməsi faciə idi. Lakin faciələrin
ən müsibəti, şübhəsiz, uğruna hər
şeyini verdiyi sosializmi quran ilk ölkədə onun
yaşadığı siyasi-ideoloji xəyal
qırıqlığı, sənətkar məyusluğu idi.
Bütün ümidlərinin boşa çıxmasından
qaynaqlanan sarsıntının nəticələri
özünü çox gözlətmədi. Moskvaya gəlişindən
cəmi bir il sonra ürək infarktı keçirdi (sonralar
iki dəfə də təkrarlanacaq bu mərəzə
şair “ürək çatlaması” deyirdi).
Kitabda 50-dən
artıq yazı yer alır: bəzisi bir-iki səhifəlik
miniatür esse, bəzisi qısa ədəbi portret-oçerk,
bəzisi müsahibə, bəzisi xatirə, bir qismi isə
müəllifin N.Hikmət poeziyası və dramaturgiyasına
dair mütəxəssis təhlil və şərhləri, sənətkara
öz vətənindəki birmənalı olmayan münasibətlərə
dair publisistik etüdlərdir. Bütövlükdə
kitabın təhkiyə tərzi və üslubu memuar
janrına xasdır. Məlumdur ki, memuarlarda, bir qayda olaraq,
yazıçının özünün də içində
yer aldığı, iştirakçısı və ya
şahidi olduğu hadisələr, insanlar, əhvalatlar təsvir
olunur, müəllifin gördükləri, bildikləri,
tanıdıqları haqqında duyğu və
düşüncələri, vaxtilə
yaşanılmışlara dair – o dövr və məkan
çərçivəsindəki
çağrışımla – münasibəti dilə gətirilir.
Bu baxımdan memuar janrı tarix, bioqrafiya, gündəlik və
s. ilə ümumi cəhətlərə malik kimi
görünsə də, yerinə yetirdiyi funksiya və təhkiyə
tərzi etibarilə onlardan ayrılır. Gündəlik
günü-gününə tutulmuş qeydlərə, memuar
isə üstündən uzun illər keçmiş hadisələrə
dair yaddaşda hifz olunan bilgilərə söykənir.
Gündəlik yaşanılan
anın, xatirə keçmiş zamanın inikasıdır.
Xatirələrin həqiqətə uyğunluq dərəcəsi,
onların müəllifinin yazılana münasibətindəki
səmimilik dərəcəsi qədərdir. Aqşin müəllim
isə bu kitabında əvvəldən axıra qədər səmimidir.
Kitabın sonunda
müəllifin şəxsi arxivindən təqdim etdiyi və
çoxu ilk dəfə geniş ictimaiyyətə
çatdırılan Nazim Hikmətin Azərbaycan
yazıçıları, elm və incəsənət
adamları ilə əlaqələrini əks etdirən təxminən
40-a yaxın fotoşəkil də öz əksini
tapmışdır.
Ayrı-ayrı
məziyyətlərinə keçməzdən əvvəl
kitabı küll halında dəyərləndirmək istərsək,
qısaca bunu demək mümkündür ki, əsər
şairin Azərbaycanla, habelə Azərbaycan
yazıçıları, şairləri, incəsənət
ustaları, alimlərilə əlaqələrinin Nazim Hikməti
şəxsən tanıyan, onunla Bakıda və Moskvadakı
evində görüşən, bütün elmi fəaliyyətini sənətkarın geniş
diapazonlu bədii irsinin, xüsusən dramaturgiyasının tədqiqinə
həsr edən türkoloq-nazimşünasın baxış
bucağından təqdimatıdır. Aqşin müəllim
bütün qələmə aldıqlarını – Vətənimizin və
xalqımızın yaxın dostu Nazim Hikmətin
yaradıcılığında Azərbaycan mövzusunu, azərbaycanlı
müəlliflərin şair-dramaturqla bağlı tədqiqatları
haqqında elmi qənaətlərini Azərbaycan-türk ədəbi
əlaqələrinin fonunda təqdim etmişdir. A.Babayevin
bütün əsərləri
kimi, bu kitabı da doğma Respublikamızı özünə
ikinci Vətən hesab edən ustad sənətkar haqqında
Türkiyədə, Rusiyada və Azərbaycanda yazılan
yüzlərlə kitab və elmi-tədqiqat işi, minlərlə
publisistik məqalə, şeir, bədii nəsr və memuar
nümunələri içərisində
öz alimlik səriştəsi, mövzuya vaqiflik dərəcəsi,
kamil yazıçı dəst-xətti, bənzərsiz fərdi
publisistik üslubu ilə seçilir.
Kitabdakı
yazılar içərisində ən böyük yeri Nazim
Hikmət və Azərbaycan ədəbiyyatı mövzusu
tutur. Bu məqalələrdə
N.Hikmətin Azərbaycan ədəbiyyatına
vurğunluğu, onun klassiklərimiz Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə,
Sabir, Cəlil Məmmədquluzadə haqqında söylədiyi
fikirlərin bənzərsizliyi və orijinallığı ilə
seçilməsi qeyd olunur. Müəllif yazır ki, N.Hikmətin
1927-ci ildə Bakıya gəlişi, 1928-ci ildə onun ilk
“Günəşi içənlərin türküsü”
kitabının Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs,
yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs
Azərbaycan şairlərindən Mikayıl Rəfilinin,
Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul
Rzanın, Nigar Rəfibəylinin
yaradıcılığında xüsusilə bariz şəkildə
öz təcəssümünü tapmışdı.
Adlarını çəkilən şairlərin hər
birinin yaradıcılığında Nazim poeziyasının ətri
duyulur. Bu şairlərin içərisində Rəsul
Rzanın özünəməxsus yeri vardı. Bunu diqqətə
alan Aqşin müəllim kitabda Rəsul Rzaya iki məqalə
həsr etmişdir. O haqlı olaraq qeyd edir ki, Türkiyədə
Nazim Hikmət şeirləri top-tüfənglə
qarşılandığı kimi, Azərbaycanda da Rəsul Rza
poeziyası bir vaxt hücumlara məruz qalmışdı. Amma
neçə illər sonra başa düşüldü ki, Rəsul
Rza təkcə bu günün deyil, həm də sabahın
şairidir (“Sabahın şairidir” kəlamı Nazim Hikmətə
aiddir).
Nazimin şeirlərini
Azərbaycan dilinə bir çox şairlərimiz
çevirmişlər. Aqşin müəllim uzun illərin
jurnalistlik fəaliyyəti boyunca çox məşhurlarla
söhbət etmiş, müsahibə
götürmüşdür. Onların bir çoxu radiomuzun
qızıl fondunda mühafizə olunur. Eyni zamanda onun
özünün də qiymətli şəxsi səs arxivi
var. Arxivdə ustad Nazim Hikmətlə də bir müsahibə
qorunur. Həmin müsahibədə Nazim Hikmət Rəsul
Rzadan söz açır, “Şeirlərimi Azərbaycan dilinə
mənim əziz dostum Rəsul Rza çevirmişdir. Bu
şeirləri o, bir az daha gözəlləşdirmişdir”,
– deyir.
1927-ci ildə 25
yaşlı N.Hikmət Bakıya qədəm basanda onu
qarşılayanlardan biri də 21 yaşlı Süleyman
Rüstəmdi. Bu iki gənc o zaman tanınmış şairlər
idi. S.Rüstəm Azərbaycanda, N.Hikmət isə Türkiyədə.
Təsadüfi deyil ki, N.Hikmətin 1928-ci ildə Bakıda nəşr
olunan ilk kitabının redaktoru məhz S.Rüstəm
olmuşdu. 1950-ci ildə Nazim həbsxanadan azad olunduqdan sonra
onun 48, S.Rüstəmin isə 44 yaşı vardı. Bundan
sonra onların dostluğunun ikinci mərhələsi
başlandı.
Kitabda Nazim Hikmətlə
dostluq edən, onun təsiri ilə şeirlər yazan qələm
ustalarından Mikayıl Rəfili haqqında da bir oçerk
var. Müəllif vurğulayır ki, “Sərbəst şeir
haqqında ilk söz” adlı məqaləsində Mikayıl Rəfilinin
Nazim haqqında fikirləri onun bu böyük şəxsiyyətə
və onun sənətinə olan rəğbəti, məhəbbəti
bütün aydınlığı ilə görünür.
Bu sevgi və rəğbət qarşılıqlı idi.
Xatırladaq ki, N.Hikmətin məşhur “Başlandı nəslimizin
yarpaq tökümü” misraları ilə başlayan şeiri
M.Rəfilinin vəfatı münasibətilə
yazılmışdı.
Nazim Hikmət Səməd
Vurğun poeziyasını çox bəyənirdi. 1957-ci ildə
Nazim ikinci dəfə Bakıya gələndə S.Vurğun həyatda
yox idi, əbədiyyətə qovuşmuşdu. Nazim Azərbaycana
həsr olunmuş bir çox şeirlər yazdı. Onlardan
biri də “Otuz il sonra” adlanır. Həmin əsərdə
Nazim Hikmət 1927-ci illə 1957-ci ili müqayisə edir, Azərbaycanı
yenidən gördüyünə çox sevinirdi. Bir yerdə
də S.Vurğunun adını çəkirdi: “Azərbaycan
şeiri vardı, amma Səmədinkilər yoxdu”.
Kitabda toplanan
yazıların ikinci qrupunu N.Hikmətin Azərbaycan musiqi sənətinə
və sənətkarlarına olan münasibəti mövzusunun
işləndiyi oçerklər təşkil edir. Aqşin
müəllim yazır ki, N.Hikmət Bakıda olduğu vaxt
Opera və Balet Teatrına, Musiqili Komediya Teatrına, Azərbaycan
Dövlət Filarmoniyasına gedir, musiqi sənətimizin inciləri
ilə tanış olur, sonra da mətbuat üçün
ürək sözlərini qələmə alırdı.
Bülbülün, Xan Şuşinskinin, Şövkət Ələkbərovanın,
Tofiq Quliyevin mahnılarını və səslərini
çox bəyənirdi. O, Azərbaycan Opera Teatrında
baxdığı Qara Qarayevin “Yeddi gözəl” baletini
yalnız Sovet İttifaqında deyil, bütün dünyada ən
gözəl balet musiqisindən biri kimi qiymətləndirir,
Fikrət Əmirovun “Sevil” operasına da böyük bir
zövqlə qulaq asdığını fərəhlə
xatırlayır. N.Hikmətin Bakıda kəşf etdiyi ən
gözəl şeylərdən birinin Musiqili Komediya Teatrı
olduğu göstərilir. Şair “Məşədi
İbad”ı ölməz əsər adlandırır, Səid
Rustəmovla Süleyman Rüstəmin “Durna”sını bəyəndiyini
qürurla söyləyir. Rejissor Şəmsi Bədəlbəyliyə,
artist Lütvəliyə və Qafarlıya, aktrisa Nəsibə
Zeynalovaya pərəstiş edənlərin içində
özünün də olduğunu qeyd edir.
Bütövlükdə
o, Azərbaycan musiqisini obrazlı şəkildə kökləri
Azərbaycan torpağının, xalqının dərinliklərində,
gövdəsi dostluq, nikbinlik, ümid kimi sağlam yekparə
ulu çinara oxşadır. Aqşin müəllim yazır
ki, N.Hikmətin heyran olduğu əsərlərdən
biri də dünya şöhrətli bəstəkarımız
Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti idi. Məlium
olduğu kimi, “Məhəbbət əfsanəsi” Nazim Hikmətin
“Bir aşk masalı” pyesinin əsasında
yaradılmışdır.
Kitabdakı ən
maraqlı oçerklərdən biri sənətkarın mənəvi
övladım dediyi heykəltəraş Münəvvər
Rzayeva ilə N.Hikmət haqqındadır. Münəvvər
xanım şairin çox istədiyi, bəyəndiyi sənət
xadimi idi. M.Rzayeva onun büstünü və heykəlini
yaratmışdı. Aqşin müəllim belə bir
faktı da deyir ki, Münəvvər xanım şairin vəfatından
sonra hər il yanvar ayının 20-də Nazim Hikmətin ad
gününü evində qeyd edir, o da bu ad günlərinə
qatılırmış.
A.Babayev Nazim Hikmətin
gözəl şair, mahir dramaturq, realist nasir olmaqla
yanaşı, həm də bir kinossenarist kimi məşhur
olduğunu, ömrünün sonuna qədər Azərbaycanın
kino xadimləri ilə yaradıcılıq əlaqələri
saxladığını qeyd edir. Onun əsərləri əsasında
çəkilmiş “Bir məhəlləli iki oğlan”, “Məhəbbətim
mənim, kədərim mənim” və başqa filmlərin
geniş tamaşaçı kütləsinin böyük rəğbətini
qazandığını vurğulayır.
Nazim Hikmətlə
Azərbaycanın bağlılığının unudulmaz səhifələrindən
biri də N.Hikmət poeziyasının, dram əsərlərinin
nəşri və bu əsərlərin səhnə taleyidir.
N.Hikmət yaradıcılığının poetik nümunələri
Azərbaycanda 1928-ci ildən başlayaraq bu günə qədər
vaxtaşırı nəşr edilməkdədir. Aqşin
müəllim sənətkara dair məqalələrinin birində
böyük qürur hissi ilə qeyd edir ki, bu nəşrlərin
ən mükəmməli Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvafiq sərəncamına əsasən
Nazim Hikmətin 2006-cı ildə latın qrafikası ilə nəşr
edilmiş “Seçilmiş əsərləri”dir. İyirmi
beş min tirajla çap olunmuş bu kitaba sənətkarın
şeir və poemaları, habelə “Kəllə”, “Qəribə
adam”, “Domoklın qılıncı” pyesləri daxil
edilmişdir.
Kitabda N.Hikmətin
dünya teatrları tərəfindən səhnəyə
qoyulmuş 20-dən artıq
pyesindən söhbət açılır. Azərbaycanda
müəllifin “Kəllə” pyesi bütün başqa dram əsərlərindən
daha əvvəl radio tamaşası kimi efirə verilmişdi.
“Qəribə adam”, “Şöhrət və ya unudulan adam”, “Kəllə”,
“Türkiyədə”, “Domoklın qılıncı”,
“Bayramın ilk günü” pyesləri Azərbaycanda Adil
İsgəndərov, Tofiq Kazımov, Məhərrəm
Haşımov kimi görkəmli rejissorlarımız tərəfindən
uğurla səhnəyə qoyulmuş, tamaşaçılar
tərəfindən böyük rəğbətlə
qarşılanmışdı. Yeri gəlmişkən, qeyd
edim ki, 70-ci illərdə Azərbaycan Dövlət Akademik Dram
Teatrında tamaşa etdiyim “Şöhrət və ya unudulan
adam” pyesinin baş rol ifaçıları Həsənağa
Salayev, Vəfa Fətullayeva və Hamlet Qurbanovun möhtəşəm
oyunu, artistlik məharəti, sənətkarlıq istedadı
bu gün də gözümün önündədir.
Kitabın ən
maraqlı və həcmli bölümlərindən birini
N.Hikmət yaradıcılığının Azərbaycanda tədqiqi
məsələsinə dair Aqşin müəllimin fikirləri
təşkil edir. Aqşin müəllim qədirbilən, Anadolu
türklərinin vəfa borcu dediyi nəcib duyğularla
yaşayan alimdir. O, kitabda N.Hikmət
yaradıcılığı ilə bağlı olan
bütün elm adamlarını, nazimşünasları və
nazimsevərləri tək-tək xatırlayır, əsərlərini
təhlil və şərh edir, nazimşünaslıdakı
xidmətlərini obyetiv şəkildə qiymətləndirir.
Hələ
1928-ci ildə ədəbiyyatşünas Əli Nazim “Maarif və
mədəniyyət” məcmuəsində çap etdirdiyi bir
məqalədə N.Hikmətin “Günəşi içənlərin
türküsü” kitabından söz açır, Türkiyənin
istedadlı gənc şairini Azərbaycan oxucularına tanıdırdı.
Nazim Türkiyəyə döndükdən sonra Türkiyə-Azərbaycan
ədəbi əlaqələri sahəsində olduğu kimi,
onun yaradıcılığının öyrənilməsində
də bir boşluq nəzəri cəlb etdi. Lakin Nazim ruhu,
Nazim nəfəsi Azərbaycan poeziyasında yaşamaqda idi.
Nazim Hikmət həbsxanada olduğu vaxt isə söz, sənət
ustalarımız, mütərəqqi dünya şairləri
ilə birlikdə haqq səsini ucaldır, şairin azad
olunmasını təkidlə tələb edirdilər. Həmin
günlərdə Moskvada yaşayan həmyerlimiz Əkbər
Babayev Nazim Hikmət haqqında dissertasiya işini tamamlamaq
üzrə idi. O, Moskva radiosunun türkcə verilişlər
redaksiyasının xətti ilə tez-tez
çıxış edir, şairə olan hüsn-rəğbətini
uca səslə bildirirdi. Dünya xalqlarının tələbi
ilə Nazim Hikmət həbsxanadan azad olunduqdan bir müddət
sonra Moskvaya gələndə onu qarşılayanlar içərisində
Əkbər Babayev də vardı. Sonrakı illərdə Ə.Babayev
N.Hikmətlə çox yaxın dost oldu, onun haqqında
kitablar yazdı, bəzi əsərlərini rus dilinə
çevirdi.
Kitabda Moskvada
yaşayan digər bir nazimşünas həmyerlimiz, filologiya
elmləri doktoru, professor Tofiq Məliklidən səxavətlə
söz açılır. Türk poeziyasının tədqiqinə
dair maraqlı əsərlərə imza atan T.Məliklinin
N.Hikmətə dair sanballı kitablarında sənətkarın
türk ədəbiyyatındakı yerinin tutarlı fakt və
dəlillərlə göstərildiyi qeyd olunur. Aqşin
müəllim Tofiq Məliklinin nazimşünas kimi xidmətlərindən
sonralar qələmə aldığı bir məqaləsində
də geniş bəhs etmiş, Moskvada yaşayan iki azərbaycanlı
nazimşünasımızı xələf-sələf olaraq
xatırlamışdır: ”Azərbaycanda və Rusiyada Nazim
Hikmətin ilk tədqiqatçısı həmyerlimiz, uzun illər
Moskvada yaşayan, “Nazim Hikmət” adlı fundamental bir
kitabın müəllifi, Nazim əsərlərinin tərcüməçisi,
Nazim Hikmətin Bolqarıstanda çap olunmuş 8 cildliyinin tərtibçisi
və redaktoru olan Əkbər Babayevin layiqli
davamçısı “onu Moskvada əvəz edən məşhur
türkşünas Tofiq Məliklidir... O da Nazim Hikmət
vurğunudur. 2010-cu ildə Moskvada Tofiq Məliklinin “Nazim Hikmət.
Poeziya və poetika” kitabı nəşr olunub. Kitabda XX əsrin
türk ədəbiyyatı fonunda Nazim Hikmətin bir şair
kimi yaratdıqlarına nəzər salınır, şeirlərinin
tarixçəsi, poetik dəyəri açıqlanır. Bu dəyərli
tədqiqat işinin ən maraqlı fəsillərindən
biri Nazim Hikmətin 1951-1963-cü ilə qədərki həyatının
əksi olan hissəsidir...”
Şairin
yaradıcılığına dair saysız-hesabsız qiymətli
fikirlər var. Bunlardan biri, qənaətimcə, şairi ən
dolğun xarakterizə edən və Aqşin müəllimin də
paylaşdığı T.Məlikliyə məxsus
düşüncə budur: “Türklər Nazım Hikmətə
sadəcə, bir kommunist kimi yanaşıblar və həmin
münasibət bu gün də dəyişməz qalır.
Ancaq onun əsərlərini kompleks şəkildə tədqiq
etsələr, etiraf edərlər ki, Nazım Hikmət yeni
türk şeirinin, ümumiyyətlə, türk ədəbiyyatının
banisidir. Yeni türk ədəbiyyatı, yeni türk ədəbi
dili Nazım Hikmətdən başlayır. 20-ci yüzilin
iyirminci illərində qapalı Şərq poeziyasında
Nazım Hikmət şeirinin doğuluşu təbiət hadisəsi
kimi bir şeydi. O, şeirin inqilabçısıdır. Ona
görə ki, o, dili, düşüncə tərzi, sərbəstliyi
və s. məziyyətləriylə poeziyaya olan münasibəti
dəyişdi”.
Nazimşünaslardan
söz düşmüşkən, burada Xalq yazıçımız
Anarın şairə həsr etdiyi dəyərli əsərləri,
xüsusən Türkiyədə nəşr olunmuş “Kərəm
kimi” kitabını qeyd etmək lazımdır. Bu kitab
qardaş ölkədə böyük rəğbətlə
qarşılanmışdır. Xatırladaq ki, kitab
haqqında görkəmli ədəbiyyatşünas-alim Yavuz
Axundlunun “Nazim Hikmət haqqında yeni roman-tədqiqat” adlı
dəyərli bir məqaləsi çap olunmuşdur (“525-ci qəzet”,
6 noyabr 2010, ¹ 205).
Kitabda sənətkarın
azərbaycanlı tədqiqatçılarından Azər
Abdulla, Nəcəf Quliyev, Qadir İsmayıl, Tofiq Abdin, Arif
Abdullazadə, Ələkbər Salahzadə, Rəşid
Quliyev, Abuzər İsmayılzadə, Aytən Babayeva və
başqalarının N.Hikmət haqqındakı kitab, elmi və
publisistik məqalələrini
yüksək qiymətləndirilir. O, yazır ki, “Nazim Hikmət
və Azərbaycan poeziyası” mövzusunu ilk olaraq dissertasiya
işi kimi qələmə alan Azər Abdulla olmuşdur. Bu əsərin
“Nazim Hikmət yaradıcılığı və Azərbaycan
poeziyası”, “Nazim Hikmət yaradıcılığı və
Azərbaycan ədəbi tənqidi”, “Nazim Hikmətin
dramaturgiyası Azərbaycan tənqidində” və başqa
bölümlərində müəllif böyük sənətkarın
Azərbaycan ədəbiyyatındakı yerini, mövqeyini
tutarlı elmi dəlillərlə əks etdirmişdir.
Kitabda Nazim Hikmət
yaradıcılığını tədqiq edən alimlərimizdən
Qadir İsmayıl haqqında da geniş söhbət
açılır. Qeyd olunur ki, türk ədəbiyyatına
dair bir çox maraqlı elmi məqalələrin müəllifi
olan Qadir İsmayıl Nazim Hikmətin Azərbaycanla
bağlılığına dair də bir çox dəyərli
elmi məqalələr qələmə almışdır.
Azərbaycanın
qələm sahiblərindən Əjdər Olun Nazim Hikmət
haqqında düşüncələrini 1992-ci ildə
“Qobustan” məcmuəsində çap etdirdiyi
xatırlanır. Şair-tədqiqatçı həmin məqaləsində
belə yazır: “Mənə elə gəlir ki, onda da, indi də
biz azərbaycanlı ziyalılar Nazim Hikməti rusdan da,
ingilisdən də, bolqardan da, Türkiyə türklərindən
də (elə bütün millətlərdən) artıq
dünyanın böyük şairi hesab eləmişik.” Bu
sözlərdə təkzibedilməz bir həqiqət var.
Əsgər RƏSULOV,
filologiya elmləri
doktoru,
professor
525-ci qəzet.- 2012.-
22 iyun.- S.7.