Bəkir Çobanzadə
İsmayıl Qaspiralı haqqında
Krımdan pərvazlanan türk
dünyasının iki parlaq simasının – İsmayıl
Qaspiralı (1851-1914) və Bəkir Çobanzadənin
(1893-1937) əqidə, məslək və ideallarında nə
qədər yaxınlıq, doğmalıq varsa, onların tərcümeyi-halı
və talelərində də bir o qədər bənzərlik,
oxşarlıq var. Dahi İsmayıl Qaspiralı öz üzərinə
götürdüyü tarixi yükün – XIX əsr Rusiya
imperiyası hüdudlarında yaşayan müsəlman-türk
xalqlarının həyat və təfəkkür tərzində
dəyişiklik etmək, onların dildə, fikirdə və əməldə
birliyinə nail olmaq istəyinin çox ciddi müqavimətlərə,
təzyiqlərə tuş gələcəyini anlayır, onu
cəzalandırmaq üçün pusquda duran, fürsət
axtaran qara qüvvələrin – rus şovinistlərinin, məkrli
missionerlərin, onlardan heç də geri qalmayan milli
satqınların niyyətlərini yaxşı başa
düşürdü. İ.Qaspiralı bilirdi ki, onu nəinki
diri-diri parçalamağa, hətta qəbrini yerlə-yeksan
etməyə hazır olan cəsuslar, xəfiyyələr,
nadanlar, cəhalət və ətalət bayquşları məqam
gözləyirlər. O, təsadüfən yazmırdı ki:
“Doğuldum mən Avcıköydə
min səkkiz yüz əlli birdə
Məkanımdır Baxçasaray
məzarım kim bilir nərdə”.
Cəmi 34 il ömür sürən Bəkir
Çobanzadə isə doğulduğu andan sağ
qalmağını təsadüflə əlaqələndirirdi:
“Doğuldum Krımda, Qarasubazarda,
İlan kimi yaşıl bir ilk baharda,
...Ölürdü doğulan,
doğulmayan da,
Təsadüf əsəri sağ
qaldım onda”.
İsmayıl Qaspiralı Azərbaycanlı
silahdaşları ilə, xüsusi ilə Əlimərdan bəy
Topçubaşovla Rusiya müsəlmanlarının
qurultaylarını keçirməyə müvəffəq
olmuş, Bəkir Çobanzadə türkoloqların
Bakıda I qurultayının təşkilində mühüm
rol oynamışdır. Qeyd etmək maraqlıdır ki, bu
tarixi qurultay nümayəndələrin təklifi ilə
İ.Qaspiralının və V.Radlovun şərəfinə həsr
olunmuşdu. Dünyanın bir sıra ölkələrindən
131 nəfər nümayəndənin, o cümlədən,
V.Bartold, S.Olderburq, A.Müller, F.Köprülüzadə,
A.Samoyloviç, H.Zeynallı, Ə.Hüseynzadə, N.Poppe,
A.Krımski, A.Zifeldt-Simumyagi, F.Ağazadə, T.Menzel,
L.Şerva və s. kimi dünya şöhrətli alimlərin
iştirak etdiyi qurultayda Bəkir Çobanzadə dərin məzmunlu
məruzə ilə çıxış etmişdir.
İsmayıl Qaspiralı ortaq ədəbi
dil uğrunda praktik mübarizə aparmış, “Tərcüman”
qəzetini nəşr etdirmiş, yeni üsullu məktəblərin
əsasını qoymuşdur. Bəkir Çobanzadə
türk dilinin elmi-nəzəri əsaslarını, türk
dili və ədəbiyyatının tədrisi
üsullarını, türk dili qrammatikasını,
dialektologiyasını işləmişdir. İsmayıl
Qaspiralı kimi Bəkir Çobanzadə də Avropada da
türk mədəni izlərini arayıb
axtarmışdır.
İsmayıl Qaspiralı “türk
oğlu türk” olduğunu bədii və publisistik əsərlərində
uca səslə, az qala hər abzasda fəxrlə, qürurla
dilə gətirmişdir: “...siyasi inanc və
görüşümün əsası, təməli “türk
oğlu türk” olduğumdur. Öncə türk olmadıqca nə
aristokrat oluram, nə demokrat, nə xalqçı oluram, nə
sosialist. Əgər mənə “türklükdən, millətçilik
fikrindən əl çək, səadətə çatarsan”
– desələr, mən bu cür səadətdən bədbəxtliyi
üstün tutaram. Mənim türk olmamağım nə
ağlıma gələr, nə vicdanıma sığar. Milli
mənsubiyyət hər şeydən müqəddəm, hər
şeydən müqəddəsdir” (Zamanımızın məsələləri).
“Sizdən doğdum, sizdənəm” – deyərək
milli mənsubiyyəti ilə fəxr edən Bəkir
Çobanzadə türk millətinin şanlı tarixini
qürurla vəsf edir:
“Tatar ustasıdır savaşın, cəngin,
Tatar nəvəsidir Çingizin, Ləngin”.
Doğrudur, Rusiya imperiyasındakı
türklərin mövcud miskin, zavalı, ağır, acı
durumu B.Çobanzadəni məyus edir, kədərləndirir,
lakin o, ümidlidir, inanır ki, qəhrəman türk
xalqı yenidən dirçələcək, əvvəlki
şan-şöhrətini qaytaracaqdır:
“Gəlirlər, marşları qulağa
dəyir,
Qələm bunu yazır, qəlbim
gözləyir”.
İ.Qaspiralı dili millətin ən
böyük sərmayəsi adlandırır və doğma
türk dilinin zəngin, şirin, incə, parlaq, canlı,
ecazkar, lətafətli olduğunu xüsusi
vurğulayırdı. Türk dilinin müxtəlif sahələrinə
dair fundamental araşdırmalar aparan, dilçiliyə dair
aktuallığını və əhəmiyyəti bu gün
və gələcəkdə də zərrəcə itirməyən
əsərlər yazan Bəkir Çobanzadə ana dilinə məhəbbətini bədii şəkildə
də izhar etmişdir:
“Qəbrimdə mələklər suallar
sorsa,
Əzrayıl dilimə min düyün
vursa,
Öz ana dilimdə soruş” – deyərəm,
Öz ana dilimdə ötüb ölərəm”.
Həm İsmayıl Qaspiralı, həm
də Bəkir Çobanzadə şəxsi həyatı və
yaradıcılığı ilə Azərbaycanla sıx
bağlı olmuş, Azərbaycanı da Krım qədər
özlərinə doğma diyar hesab etmişlər.
İsmayıl Qaspiralı Cənubi Qafqaza, o cümlədən
Azərbaycana dəfələrlə səyahət etmiş,
buradakı ziyalılarla yaxından dostluq əlaqələri
qurmuş, Azərbaycanın mədəni, ədəbi, mətbu
həyatını müntəzəm izləmiş, təəssüratlarını
“Tərcüman”da dərc etdirmişdir. Bəkir Çobanzadə
1924-cü ildən ömrünün sonunadək – 1937-ci ilədək
Bakıda yaşamış, fəaliyyət göstərmişdir.
B.Çobanzadə Azərbaycanda Yeni Əlifba Komitəsinin sədri,
Yeni Türk Əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin
rəhbəri, Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunda şöbə müdiri işləmiş,
Bakı Dövlət Universitetində kafedra müdiri, dekan vəzifələrində
çalışmış, mühazirələr oxumuşdur.
“Türk dili və ədəbiyyatının
tədris üsulu”, “Türk qrameri”, “Türk ədəbiyyatı”,
“Türk dili”, “Türk-tatar dialektologiyası”, “Türk-tatar
lisaniyyatına mədxəl”, “Krım-tatar ədəbiyyatında
qurultayçılıq və millətçilik” və s. kimi
sanballı əsərlərin müəllifi professor Bəkir
Çobanzadə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan
şöbəsinin, SSRİ EA Azərbaycan filialının həqiqi
üzvü, eləcə də Paris Dilçilik Cəmiyyətinin
üzvü olmuşdur.
Göründüyü kimi, həyat
yolu, əməli və ideyaları ilə bir-birinə
yaxın olan bu iki nəhəng şəxsiyyəti birləşdirən,
qırılmaz tellərlə bir-birinə bağlayan məqamlar
çoxdur. Təəssüf ki, onların həyatında,
talelərində kədərin ortaq olduğu nöqtələr
də az deyil. Sovet rejimi və kommunist ideologiyası
İ.Qaspiralının,
B.Çobanzadənin irsi timsalında qatı düşmənini
görürdü. Odur ki, hər ikisi “pantürkist” kimi cəzalandırılırdı:
Bəkir Çobanzadə ağlasığmaz ittihamlarla həbs
olundu, qısa müddət ərzində güllələndi,
dəfn yeri bu gün də bilinmir. İ.Qaspiralının
irsinə yasaq qoyuldu, məzarı dağıdıldı.
Əlbəttə, gec də olsa, hər
iki böyük xadim bəraət almış, həyat, fəaliyyətləri
tədqiq edilmiş, irsləri nəşr olunmuşdur və
bu proses hazırda davam etdirilir. Yeri gəlmişkən qeyd edək
ki, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Bəkir
Çobanzadənin elmi əsərlərdən ibarət
5-cildliyini nəşr etdirmişdir. İstedadlı
türkoloq, ədəbiyyatşünas, tərcüməçi,
redaktor, publisist, Avrasiya Tərcüməçilər
Birliyinin sədri, Jurnalistlər Birliyinin Baş katibi, Bakı
Dövlət Universiteti türk xalqları ədəbiyyatı
kafedrasının müdiri, filologiya elmləri doktoru, prof.
Ramiz Əsgər Bəkir Çobanzadənin “Seçilmiş
bədii əsərləri”ni Krım-tatar türkcəsindən
dilimizə uyğunlaşdıraraq, kitaba yazdığı
“Böyük alim və ədib Bəkir Çobanzadə”
adlı ön sözlə birlikdə nəşr
etdirmişdir. Professorun bu gərgin əməyi layiqincə
qiymətləndirilmiş və o, Bəkir Çobanzadə
adına Beynəlxalq mükafata layiq
görülmüşdür.
Fikrimcə, bütün bu qeydlərdən
sonra Bəkir Çobanzadənin XIX əsrin sonu XX əsrin əvvəlləri
Rusiya müsəlmanlarının lideri İsmayıl
Qaspiralı ilə bağlı fikirlərinə nəzər
salmaq yerinə düşər. “Bir tatar gəncinin ana yurdu:
Krım” adlı avtobioqrafik məqalədə müəllif uşaqlıq, gənclik
illərindən, ilk yaradıcılıq
axtarışlarından, klassik rus ədəbiyyatından məhəbbətlə
söz açır, macarların həyatına böyük
maraq göstərdiyini, tezliklə bu arzusuna
çatdığını, Macarıstana gəldiyini, bu
qardaş xalqın tarixi, ədəbiyyatı və mədəniyyəti
ilə yaxından tanış olduğunu yazır.
Bəkir Çobanzadə Krımdan, onun
şanlı tarixindən, təbiətindən, coğrafi,
iqtisadi göstəricilərindən, tatarların şifahi
xalq yaradıcılığından qürurla söz
açır. Müəllif müxtəlif türk
xalqlarının bir-birindən ayrı
düşdüyünü kədərlə qeyd edir, sonra
yazır: “Buna baxmayaraq son əlli ildə böyük qəzetçi-yazar
İsmayıl Qaspiralının ortaya çıxması ilə
böyük türk birliyini yenidən qurmaq prosesinə
Krım tatarları da mühüm töhfə verirlər”.
Dünya şöhrətli dilçi alim Bəkir Çobanzadə
İ.Qaspiralının ortaq türk ədəbi dili uğrunda
mücadiləsini yüksək dəyərləndirir və
dövr üçün xarakterik olan “hansı dil?” mübahisələrində
İ.Qaspiralının mövqeyini müdafiə edərək
yazır: “Özünəməxsus üslubu ilə
Qaspiralı yalnız ortaq tatar ədəbiyyatında deyil, daha
geniş olaraq bütün türk-osmanlı ədəbiyyatında
xüsusi yer tutur”.
Böyük alim, istedadlı ədib,
şair, yazıçı, publisist Bəkir Çobanzadə əsl
xalq xadimi idi. O, doğma xalqını düşündürən,
onun tərəqqi və təşkilatlanmasına əngəl
olan amilləri göstərməklə yanaşı, bu bəladan
xilas yollarını da qeyd edir və bu zaman İ.Qaspiralı
irsini və fəaliyyətini örnək kimi önə
çəkir: “Krım ziyalılarının Avropada və
Rusiyada nə üçün təşkilatlanmadıqları
soruşula bilər. Məsələn, mənim kimi bir tatar gənci
ölkədən ölkəyə köç edincə,
qürbət dərdinə qatlanaraq bunun əvəzini
üç misli qədər ödəmək məcburiyyətində
qalır. Krımda isə ziyalılarımız rus idarəsinin
mızmızlığı üzündən layiq olduqları
yeri tuta bilmirlər. Onlar basqı altında olan və
inkişaf edə bilməyən hər hansı toplumun təmsilçiləri
kimi tək bir elm sahəsi ilə məşğul olurlar: bu
soydaşlıq və milli şüur elmidir. Bu sahədə
Baxçasaraydakı “Tərcüman” qəzeti digər
Krım qəzeti və jurnalları ilə birlikdə öz
mübarək missiyasını 40 ildir davam etdirir”.
Türk dilçiliyinin bir elm sahəsi
kimi formalaşmasında, inkişafında misilsiz və möhtəşəm
rol oynamış Bəkir Çobanzadə eyni zamanda
qızğın təəssübkeş idi, məxsus
olduğu xalqın tarixini, mənəvi-maddi dəyərlərini,
adət-ənənələrini uca tutur, onları qürur mənbəyi
hesab edir, “bu günə qədər lənətlə yad edilən
bir qanlı aləti xatırladan tatar adının” iftira və
böhtanlardan xilası üçün qələmini var
gücü ilə işlədirdi. 1920-ci ildə
yazdığı “Yeni oyanan tatarlıq” (Göy kitab) adlı məqalə
bu qəbildəndir. Müəllif tatarlarla bağlı mətbu
orqanlarda səthi, saxta, qərəzli məqalələri
tutarlı, tarixi-elmi dəlillərlə alt-üst edir, sonda qəzəblə
soruşur: “Bəşərin bir əsr sonrakı nəsli
tatarlığı yalnız “Tayms”ın səhifələrindən
tanısa, fikri, əcəba, necə qarşılanar?”
İ.Qaspiralının
açdığı yeni üsullu məktəblərdən
xoflanan, təşvişə düşən, narahat olan
missioner İlminski tatarların assimilyasiyasına xidmət edən
məktəblərin açılması üçün dəridən
qabıqdan çıxırdı. Bəkir Çobanzadə
qeyd edir ki, məşhur rus missioneri İlminskinin amansız təhriki
ilə açılan tatarlara məxsus rus məktəbləri
içimizdə daim alovlanmağa hazır milli mənliyimizi
söndürə bilmədi. Bu qədər sürəkli təzyiqə
rəğmən millətimiz gözlərini dörd
açdı və bu şəkildə qəhr üzündən
lütf olaraq milli məsələlərimizin halına
yardım etdi. Bütün bu proseslərdə, tərəqqi
uğrunda mücadilədə Bəkir Çobanzadə
İsmayıl Qaspiralının xidmətlərini xüsusi
qeyd edərək yazır: “Qırx-əlli il Krımda mərhum
İsmayıl Mirzə Qaspiralının “Dildə, fikirdə,
işdə birlik” şüarıyla ortaya çıxan qəzetinin
nəşrə başlaması nəticə etibarı ilə
təkamül tariximizdə çox mühüm bir hadisə
oldu”. Bəkir Çobanzadə haqlı olaraq bu qənaətdədir
ki, İ.Qaspiralı çoxşaxəli və fədakar fəaliyyəti
ilə cəmiyyətin tərəqqisinə bir təkan
vermişdir və “Qaspiralının icad etdiyi qəzetçilik
gözlə görüləcək sürətlə təkamül
edir”.
Abid
TAHİRLİ,
filologiya elmləri
doktoru
525-ci qəzet.-
2012.- 22 iyun.- S.7.