“Molla
Nəsrəddin” jurnalı və dövri
mətbuata münasibət məsələsi
“Molla Nəsrəddin” jurnalının olduqca geniş ərazidə yayılmasında digər mətbu orqanların əməyi də dəyərləndirilməlidir. Öz səhifələrində müntəzəm surətdə “Molla Nəsrəddin”lə bağlı məlumatlara yer ayıran qəzet və jurnallar ictimai diqqəti ümumən məcmuəyə yönəltməklə yanaşı, həm də dərgidə işıqlandırılan mövzular haqqında dolğun təsəvvür yaradıblar. Məsələn, “Molla Nəsrəddin”də məxsusi dəyərləndirilən əsərlərdən biri Marağalı Zeynalabdının “İbrahimbəyin səyahətnaməsi” əsəri olub. Əlbəttə ki, Azərbaycan bədii-estetik təfəkkür tarixində bu əsərin yeri məxsusidir: “Hələ sağlığında ikən “Rusiyanın ən ağıllı adamlarından biri” sayılan İvan Sergeyeviç Turgenev (1818-1893) özünün altıncı və son romanı olan “Xam torpağ”ın (1876) başlanğıcında yazıb: “Xam torpağı üzdəngetmə xışla deyil, dərin qazan kotanla çevirməli”.
Əslində rus cəmiyyətini Turgenevin düşündüyü formada alt-üst etmə A.N.Radişşevin (1749-1802) “Peterburqdan Moskvaya səyahət” əsərindən başlayıb. “Radişşevsayağı “əkinçiliyin” Şərq modelini bizdə nəzəriyyə baxımından M.F.Axundzadə hazırlayıb, kompleks şəkildə Z.Marağalı həyata keçirib”. Elmi təfəkkür realist sənətdə Z.Marağalını mütəfəkkir yazıçı, ölməz qələm sahibi M.F.Axundzadənin davamçısı olaraq tanımaqdadır. Cəmiyyətin inkişafında realist ədəbiyyat və mətbuatın rolunu yüksək qiymətləndirən Cəlil Məmmədquluzadə öz satirik məcmuəsində Şərq klassik ədəbiyyatından, o cümlədən müasirlərinin yaradıcılığından gərəyincə bəhrələnib. “Molla Nəsrəddin”də ardıcıl olaraq üz tutulan, diqqətə çəkilən əsərlərdən biri də Z.Marağalının məşhur roman-səyahətnaməsi idi: “Molla Nəsrəddin” jurnalı Marağalı Zeynalabdının yaradıcılığına müsbət münasibət bəslədiyini açıq-aşkar büruzə vermişdir. Cəlil Məmmədquluzadə ixtiyar, müdrik müasirinin “İbrahimbəyin səyahətnaməsi” romanını məcmuənin ayrı-ayrı saylarında dönə-dönə qiymətləndirmiş və təbliğ etmişdir. Milli oyanış və tərəqqi məsələlərində fikirləri üst-üstə düşən M.Zeynalabdın və Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalı səhifələrində vahid cəbhədən çıxış edərək türk-müsəlman qardaşlarını Vətənin nicatı yollarını dərindən düşünüb-daşınmağa çağırmışlar. Burada “İbrahimbəyin səyahətnaməsi” romanı Şərqdə köklü dəyişikliklər etməyə üstünlük verən “Molla Nəsrəddin”in dadına hamıdan artıq çatmışdır”.
Z.Marağalının roman-səyahətnaməsində əsas tənqid hədəfi məhz Şərq istibdadıdır. Bəli, müəllifin qənaətincə, istibdad xalqla dövlət arasında keçilməz uçurum yaradıb. Zülmün dərəcəsi o həddə çatıb ki, nəinki hökmdarla danışmaq, hətta hökmdarı görmək əhaliyə qadağan edilib. Hökmdar küçədə faytonla gedərkən insanların arxaya çevrilərək sıraya düzülməsi kimi eybəcər vəziyyət artıq hamının qəbul etdiyi adi haldır. Böyük Mirzə Cəlilin sifarişi ilə Z.Marağalının qələmə aldığı bu səhnəni O.Şmerlinq karikaturada canlandırıb və həmin karikatura məcmuənin 1906-cı il tarixli 9-cu sayında yer tutub. Daha maraqlı cəhət isə haqqında söz açılan karikaturanın Z.Marağalı tərəfindən dəyərləndirilməsidir: “Həyat”, ¹125. Əbdul-Nəqqaşın “Molla Nəsrəddin”ə təşəkkür” sərlövhəli məqaləsi çap edilib. Məqalədə jurnalın “Səyahətnameyi-ibrahim bəy” kitabı mövzusunda çəkilmiş şəkillərdən bəhs olunur. Bu şəkillərin həmin əsərin müəllifi üçün qiymətli olduğu göstərilir”. (Q.Məmmədli “Molla Nəsrəddin”).
Qeyd edək ki, 1905-ci il iyunun 7-də Bakıda nəşrə başlayan “Həyat” qəzetinə münasibət birmənalı deyil. Budur, ədəbiyyatşünas Ə.Mirəhmədovun hər gün çıxan “siyasi, ədəbi, iqtisadi, ticari türkcə cərideyi-islamiyyə” haqqında düşüncələri: “Düzdür, “Həyat”da onun burjua-millətçi ideya istiqamətinin tam əksinə olan tərəqqipərvər, inqilabi məzmunda əsərlər də az çap edilməmişdir; bu baxımdan həmin qəzetin obyektiv surətdə demokratik ədəbiyyat və ictimai fikrin inkişafına müəyyən müsbət təsiri olmuşdur. Lakin H.Zərdabi, N.Nərimanov, M.Ə.Sabir, Ə.Haqverdiyev və başqa yazıçıların əsərləri istisna edilərsə, “Həyat” əsas etibarilə mürtəce fikirlər təbliğ edirdi; onun müəlliflərinin çoxu mürtəce yazıçı və jurnalistlər, din xadimləri idi”. Əlbəttə, digər qəzet və jurnal səhifələrində “Molla Nəsrəddin”lə bağlı xəbərlər, informasiyalarla bərabər, əhatəli məqalələrin yer tutduğunu da görürük. Belə məqalələrdən birinin müəllifi Azərbaycanda sistemli, mükəmməl ədəbiyyatşünaslığın görkəmli nümayəndəsi Firudinbəy Köçərlidir. F.Köçərli 1906-cı il Tiflisdə rus dilində çıxan “Tiflisski listok” qəzetinin 147-ci sayında çap etdirdiyi “Molla Nəsrəddin” sərlövhəli, resenziya xarakterli yazıda məcmuənin ideya-estetik istiqamətləri, tənqid hədəfləri və mübarizə üsulları haqqında ətraflı məlumat verib. Müəllif dərginin obyektivliyini aşağıdakı şəkildə mənalandırıb: “Molla heç özünün mənsub olduğu təbəqəyə də rəhm etmir. Öz kəskin istehzalı və kəsərli sözləri ilə o, müsəlman ruhanilərinə tez-tez sataşır. Ruhanilərə hücumu əsaslı olsa da, bizim fikrimizcə, həddindən çox kəskin və bir qədər də tendensiyalıdır.
...Ümumiyyətlə, “Molla Nəsrəddin” ...azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini gülüş yolu ilə aradan qaldırmağa, onların adətlərini islah etməyə və özlərini də oyadıb yeni, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır. Biz C.Məmmədquluzadəyə səmimi qəlbdən müvəffəqiyyətlər arzu edirik”. Tərəqqipərvər ziyalı F.Köçərlinin “Molla Nəsrəddin” haqqında müsbət rəydə olması digər qələm sahiblərinin də diqqətini cəlb edib, onun mövqeyi mətbu orqanlar tərəfindən dəstəklənib. F.Köçərlinin məqaləsinin çapından 4 gün sonra “Həyat”da “Avara” imzası ilə “Fəsifsa” başlıqlı yazı gedib və müəllif “Molla Nəsrəddin” səhifələrində mollaları gülüş hədəfinə çevirən redaksiyanı haqlı sayıb .
Dövri mətbuatda fikir
mübadiləsi
Ümumiyyətlə, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”ə aid bildirişlərin böyük əksəriyyətlə “Həyat”, yaxud “İrşad”da yayınlanmasını daha məqsədəuyğun sayıb. Görünür, mütəfəkkir yazıçı bu məqamda həmin qəzetlərin cəmiyyətdaxili nüfuzunu nəzərə alıb. Yəqinliklə demək olar ki, “Molla Nəsrəddin” jurnalı ilə “Həyat” və “İrşad” qəzetləri sözün həqiqi mənasında fikir mübadiləsi aparıblar. Hətta bəzən “Həyat” müəllifləri açıq-aşkar “Molla Nəsrəddin”in düşmənlərinə mübarizə elan ediblər. Budur, “Həyat”ın 30 avqust 1906-cı il tarixli 191-ci sayında “Məqmun” imzalı müəllif yazır: “Molla Nəsrəddin” nömrələrinin birində mollaların ittifaq edib “Molla”ya kötək vurduqlarını göstərən lövhə var idi. Bu lövhə mollaların əlinə keçəndə ürəkdən tikan çıxıb, nəhayət dərəcədə sevindiklərini gördüm. Bunların sürur və şadiyanələri münasibətilə ilhamətə məhzər olduğum üçün bu mənzuməni yaza bildim.
“Molla
Nəsrəddin”ə çox dəydi kötək,
Özü açdı başına xeyli kələk
Fikr edir xəlqə yaza jurnalı,
Eyləyə xəlqi kələkdən hali.
Faş edə eybimizi dünyaya,
Çalışır aləm əra qovğaya.
Qoymayır xəlqi yata rahat ilə
Salıb
afaqə yekə həngamə
Tuta
hər kəs işin adətilə
Yaza əhvalimizə “Şahnamə”...
1906-cı ilin sentyabrından artıq “Molla Nəsrəddin”dən söz açan mətbu orqanlar sırasında yeni qəzet və jurnallar da görürük. Budur, “Znaniye”nin 10-cu sayında Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxan dərginin 4 min tirajla çap edildiyi, eləcə də məcmuə tərəfindən Azərbaycan, rus və fars dillərində elanların qəbul olunduğu bildirilir. Şübhəsiz ki, bu, təsadüfi deyil. Başqa sözlə, “Həyat”ın bağlanmasından sonra Mirzə Cəlil digər mətbu orqanların imkanlarını da gərəyincə dəyərləndirib, qəzet və jurnalların geniş oxucu kütləsinə təsirini nəzərə alaraq öz satirik dərgisi haqqında elanların yayınlanmasını gərəkli sayıb.
Məlumdur ki, “Molla Nəsrəddin”lə eyni vaxtda Rusiya dövləti tərəfindən idarə olunan müsəlmanlar yaşayan bölgələrdə “Uklar”, “Çöküc”, “Qapçıqa” kimi satirik jurnallar da nəşr olunub. “Tərcüman” qəzeti “Molla Nəsrəddin”lə həmin jurnalların müqayisəsini aparıb, jurnalist etikasının gözlənilməsi, ədəbi qanunauyğunluqların nəzərə alınması baxımından Cəlil Məmmədquluzadəyə mənsub dərginin daha üstün mövqe qazandığını vurğulayıb.
“Molla Nəsrəddin”in nəşri ilə mətbuat dünyasının mövzu etibarilə xeyli zənginləşdiyini görürük. Ümumiyyətlə, jurnalın qadın hüququ uğrunda apardığı mübarizə ictimai-sosial həyatda xeyli təlatümlər yaradıb: “Azərbaycan demokratik ictimai fikrinin başqa nümayəndələri kimi, Cəlil Məmmədquluzadə qadının şəxsiyyət azadlığı problemini feodal-patriarxal mühitin, islam ideologiyasının tənqidi ilə bağlayır, qadın ləyaqətini ucaltmaq üçün o zamanın mürəkkəb ictimai-ideoloji şəraitində cəsarətlə mübarizə aparırdı. “Qadın ləfzi islam aləmində indiyədək bir “od” olubdur ki, ona əl vurmaq barıta əl vurmaq kimi xətalı hesab olunubdur”, – deyirdi”.
Bununla belə, Cəlil Məmmədquluzadə və onun mübariz qələm yoldaşları bütün təqib və təzyiqlərə baxmayaraq cəmiyyətin inkişafı naminə qadın azadlığı məsələsinin həllini zəruri və gərəkli sayıb, bu mövzuya dönə-dönə qayıdıblar. Halbuki eyni məsələyə münasibətdə özgə qəzet və jurnallar müəyyən mənada gözləmə mövqeyi tutublar. Lakin həmin vəziyyəti radikal gözləmə mövqeyi adlandırmaq doğru olmaz. Müşahidələr göstərir ki, məcmuənin qadın azadlığını müdafiə etməsi Bağçasarayda Şəfiqə xanım Qasprinskinin redaktorluğu ilə nəşr olunan “Aləmi-Nisvan” jurnalında müsbət dəyərləndirilibdir. Adıçəkilən jurnalın 35-ci sayında “Molla Nəsrəddin”in qadın azadlığı uğrunda səylərindən minnətdarlıqla söz açılıb: “Tiflis şəhərində nəşr olunan satirik “Molla Nəsrəddin” jurnalı müstəsna olaraq hər bir məsələdə məharət göstərdiyi kimi, biz zavallı qadınların məişətinə aid çəkdiyi şəkillər və yazdığı məqalələrdə də məsələyə ciddi bir nəzərlə baxaraq, bir alim kimi qələm yürüdür”.
Sirr deyil ki, Sovetlər dönəmində Moskvanın idarəetmə siyasətinə uyğun şəkildə bir çox ədəbiyyatşünaslıq əsərlərində, həm də süni surətdə digər mətbu orqanların “Molla Nəsrəddin”ə münasibəti əsasən kəskin qarşıdurma fonunda araşdırılıb. Əslində bu siyasət Azərbaycan həyatındakı mübarizələrin təbəqələrarası, qruplararası mahiyyət daşıdığını göstərməklə xalqımıza qarşı rus şovinizminin çirkin əməllərini diqqətdən kənarda saxlamaq məqsədi daşıyıb. Hətta çox zaman “Molla Nəsrəddin”lə özgə qəzet-jurnal nümayəndələri arasında kəskin fikir ayrılığının mövcud olduğunu söyləyənlər öz-özlərini inkar da ediblər: “Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalını böyük bir iftixarla səhifələri “Cameyi-Abbasi” yada salan bir para cəridələrə” qarşı qoyurdu. “Molla Nəsrəddin” jurnalı “Həyat”, “Tazə həyat”, “Tərcüman”, “Füyuzat”, “Yeni füyuzat”, “Şəlalə” və başqa bu kimi qəzet və jurnalların məsləkini, tutduqları yolu, köhnəlik qalıqlarını qoruyub saxlamaq təşəbbüslərini, islam dininin müdafiəsini, panislamizm, pantürkizm və burjua millətçiliyi ideyalarını yaymalarını ciddi surətdə tənqid atəşinə tuturdu. “Molla Nəsrəddin”lə irticaçı mətbuat orqanları arasında gedən mübarizəni tarix elmləri doktoru Muxtar Qasımov çox düzgün olaraq, sadəcə mətbuat mübarizəsi deyil, irtica qüvvələri ilə demokratik qüvvələr arasında gedən barışmaz məfkurə mübarizəsi adlandırırdı.
525-ci qəzet.-
2012.- 22 iyun.- S.6.