Ağdam
ağrısı
Şüvəlandakı
bağ evində (şəhərdə evim yoxdur,
olub-qalanım elə bu köhnə
bağ evidi) günəşli, sakit, əlbəttə
geridönməz günlərini, aylarını, illərini
daha çox faydasız, mənasız, nəticəsiz
(boş!) işlərə sərf etmək məcburiyyətində
qaldığım (maddi və mənəvi baxımdan) bir
ömrün yetmiş
dördüncü son baharıyla başbaşayam.
Xəzan
yağışlarından sonra həyətimiz
başdan-başa yaşıllaşıb, torpağın sinəsindən
qalxıb bizlər də varıq – deyə boylanan
birqırpımlıq süd qoxulu otlar göz
qamaşdırır, yuyulub sığallanmış ağ
tutun (Qarabağda “şah” və ya “bedana” tut deyərlər)
diri yarpaqları parpar parıldayır, sarı-çəhrayı
payız çiçəkləri üzünə baxanlara
gülümsəyir və bu yamyaşıl çəmənliyə
sarı sallanmış rəngi
qıpqırmızı şirin narın işığı
bürüyüb Yeri, Göyü, havanı...
Xəyalən
Ağdam şəhərinə, köhnə Voroşilov
küçəsindəki (1991-ci ildə küçəmizin
adı “Xudu Məmmədov” küçəsi oldu. Amma Xudu Məmmədov
küçəsinin xoş günlərini, bəxtəvər
çağlarını görmək nə bizə, nə də
küçəmizə qismət oldu...) evimizə, həyətimizə
dönürəm, almalı, gilənarlı, ərikli,
gül-çiçəkli həyətimizə, yay
aylarında altına yığışıb mürəbbəylə
samovar çayı içdiyimiz tut ağacının sərin
kölgəliyinə bürünürəm. Heç indinin
özündə də inana bilmirəm ki, erməni faşistləri
istəkli şəhərimizi, cənnətməkan kəndlərimizi
belə viranə günə sala bilərmiş, dəhşətli
bəlalara, Kərbəla müsibətlərinə
düçar ola bilərmişik... İndi burda, Bakıdan kənarda
– Şüvəlanda pərişan, kövrək, kədər
dolu bir ovqatla canım, gözüm, ruhum Ağdam haqqında nəsə
yazmaq, nəsə demək fikri çıxmır başımdan.
Artıq neçə gündür ki, toy məclislərində,
yas yerlərində, yollarda, maşında... əlli altı
ildir ki, kirayəşinin (!) olduğum, bəxtimə
düşən bu nəhəng, günbəgün gözəlləşib
cilvələnən Bakıda bu fikir, necə deyərlər,
girinc eyləyib məni...
Məqsədim
Qarabağ müharibəsi haqqında nəsə yazmaq deyil (hələ
1994-cü ildə Milli Qəhrəman Canpolad Rzayevə həsr
etdiyim kitabça məncə, pis alınmayıb...)
Görkəmli Xalq yazıçımız hörmətli Elçin müəllim, qeyrətinə və cəsarətinə inandığım millət vəkili Aqil Abbas Qarabağ müharibəsi ilə bağlı mükəmməl sənət əsərlərinə imza ata bilmişlər. Qarabağ faciəsinin ağrı-acısı Elçin müəllimin “Qarabağ şikəstəsi”, “Bayraqdar” və digər əsərlərində elə real cizgilərlə qələmə alınıb ki, təəccüb və heyrətdən az qalır adamın ürəyi sinəsini parçalayıb dağıtsın...
Millət vəkili, maraqlı qələm yiyəsi Aqil Abbas konkret olaraq, Ağdam döyüşçülərindən bəhs edən “Dolu” romanını məharətlə işləmişdir.
İmzası boy atan, milli duyğularla qaynayıb daşan Vahid Qazi Ağdama kədər laylası çalan, ruhumuzu göynədən “Ruhlar şəhəri” əsərilə bizləri kövrəldib intiqama çağırmağı bacarmışdır.
Səmimiyyəti, istedadı və təşkilatçılıq qabiliyyəti ilə cəmiyyətimizdə hörmət qazanmış Rəşad Məcid Ağdamla bağlı kövrək yazılar ilə bizləri həyəcanlandıra bilmişdir.
Dəyərli yazıları ilə diqqəti cəlb edən cavan tədqiqatçı Vüqar Tofiqlinin Ağamdan bəhs edən yazıları yüksək qiymətə layiqdir.
Əsl ədib qələmi və həqiqi övlad yanğısı və istəyilə yazılmış, bizi yerimizdən oynadan, qəzəbləndirən, düşündürən belə əsərlər hər bir soydaşımız üçün Qarabağ dərslikləridir, Qarabağnamədir, desəm, məncə, yerinə düşər.
Aqil Abbas Qarabağ müharibəsinin baş səngəri – döyüşən Ağdamın ağrılarından, həlak olmuş oğulların fəryadından qəzəblə yazır.
Vahid Qazi Ermənistan quldurlarının xarabaya çevirdiyi, təklənmiş, bizsiz qalmış, kimsəsiz, qol-qanadı budanmış Ağdamın yaralı ruhuna ağı deyir...
İndi mən necə yazım, hardan başlayım ki, yaza biləcəyimi hövsələ tapıb oxumaq qənaətinə gələn şəxs başını bulayıb deməsin ki, bu kişiyə baxın bir, gör nə yazır, bildiyimizi, gördüyümüzü, eşitdiyimizi təkrarlayır, işi-gücü qurtarıb eyy...
Yaxşısı budur elə küçəmizdən, qohum-qonşudan başlayım.
Orası da var ki, Vahid Qazi Ağdamın küçələrini, görməli, gəzməli yerlərinin (hər yeri görməli, sevilməli, duyğulu deyildimi bəxtsiz gözəlimin-ruhum Ağdamın...) şəklini mükəmməl çəkə bilib, tanınmış adamlarını yad edib, sinəmizi dağlamağa, bizi ağlatmağa gücü çatıb...
Hə, qayıdıram küçəmizə, ötən əsrin əllinci illərinə, o vaxtkı “raykomun” küçəsinə.
... O bəxtəvər günlərdə qatardan düşüb, maşına oturub şütüyürəm Ağdamın tanış, mehriban, isti küçələri boyunca...
İkitaylı dəmir darvazamızın sağ qanadındakı zəngin düyməsinə əl uzadıram.
Nazlı-qəmzəli may ayıdır (Ağdamın, külli Qarabağın cilvəli may ayından dünyanın hansı yerində var ki?..) Birdən bir oğlan uşağının zil səsini eşidirəm:
– Mərəçöyüt var, mərəçöyüt!
Oğlanı səsləyib onun əlindəki və zənbilindəki bütün mərəçöyütü (yazbaşı çəmənliklərdə, arx kənarlarında zoğlayıb torpaqdan ayağa duran bu dadlı bitkiyə – qulançara biz tərəflərdə mərəçöyüt deyirlər. Bu sözün mənasını açığını deyim ki, bilmirəm) alıram, uşaq da sevinə-sevinə “sağ ol!” deyib gedir. Əlimi yenə də zəngə tərəf uzatmaqla darvazamızın bala qapısının açılması bir olur. Çiçək çöhrəli, xanım-xatun anam Zəhra boynumu qucaqlayır:
– Boyy, sənsən, evim-eşiyim, xoş gəldin, bəs bu əlindəki mərəçöyüt nədir, Bakıdan almısan, işin-gücün qurtarıb?
– Yox, ay mama – deyirəm, bir oğlan uşağı satırdı küçəmizdə, mən də hamısını aldım. Günortaya qovurarsan, sarımsaq-qatıqla yeyərik, ağzımız dada gələr. Küçəmizin keçən əsrin 50-ci illərini xatırlayıram. Çox da uzun olmayan bir küçəydi Voroşilov küçəsi, şəhərin mərkəzi küçələrindən biriydi. O vaxtkı Ağdam Rayon Partiya Komitəsinin ikimərtəbəli binasından – Voroşilov 1-dən başlayıb Voroşilov 25-də qurtarırdı. Sonrakı illərdə küçəmizə daş döşəndi, genişləndi, boyu elə bil bir az uzandı...
Giriş qapısının üst tərəfindəki daş lövhəyə məşhur sovet işçisi Məşədi Abbasın rus dilində adı yazılmış (dəqiq beləydi: – “naç. str. Meşadi Abbas”) o vaxtlara görə əzəmətli bina sayılan mədəniyyət sarayının tinindən (raykomla qabaq-qənşər) başlayan küçəmiz Lenin və Frunze küçələrini kəsib Seyidli kəndinə tərəf, Molla Qurbanlı məhəlləsinə tərəf – Əzizbəyov küçəsinə çatıb dayanırdı. Amma mənə elə gəlirdi ki, nəinki Ağdamın, dünyanın ən uzun və qəşəng küçəsi elə bu Voroşilov küçəsiydi. Küçəmizin o başından dəstə bağlayıb bizim darvazamızın ağzından keçib məktəbə gedən qızların arxasınca baxıb köks ötürmək qalırdı mənə (o vaxtlar qızlarla oğlanlar bir yerdə oxumurdular, 1954-1955-ci dərs illərində qız və oğlan məktəbləri birləşdirildi).
Naz-qəmzələri Yerə, Göyə sığmayan Aynanın, Zərifənin, Fenyanın, Şəhlanın, Məlahət adlı iki gözəlin və adlarını yada sala bilmədiyim qızların ən bəxtəvər, ən şirin günləri elə o məktəbli günləriymiş, sən demə. Həmin qızlar yaşıdları olan biz oğlanlara gözlərini ucu ilə belə baxmırdılar, necə deyərlər, heç biz oğlanları adam yerinə qoyub “salam” da verməzdilər.
Həmin qızların xəyalında o vaxtlar dəbdə olan “Avara” adlı hind filimindəki Rac Kapur adlı məşhur aktyorun obrazı yaşamaqdaydı. Əslində onlar lap düz elədilər, işi-peşəsi olanlara üstünlük verdilər. Bizim nəyimiz vardı ki...
Həmin nazlı-ədalı qızların biri dükançıya, biri çəkməçiyə, bir başqası mantyora ərə getdilər, ev-eşik, oğul-uşaq sahibi oldular və biz məhəllə oğlanlarını birdəfəlik unutdular...
Bulaqbaşı söhbətlərdə həmin o qızlardan birinin anası fəxrlə deyərmiş ki, qızım yarıyanlardan olub, kürəkənim “Aqunu” qurtarıb (indiki Bakı Dövlət Universitetinə o vaxtlar “Aqu” deyərdilər)
Bizlər də 1sayli məktəbin onuncu sinfini bitirib isti bir yay günündə Yevlax dəmir yol stansiyasında “obşi” vaqona güclə bilet alıb, Bakıya – taleyimizin arxasınca getdik və mən də daxil olmaqla bir çoxumuz hələ də həmin o qatardayıq, hələ də yol gedirik...
Hə, yenə qayıdıram istəkli küçəmizə və bu günlərdə küçəmizlə bağlı qəribə bir təhlil apardım. Həmin küçədəki həyət darvazalarını, qapıları bir-bir döyərək ötən əsrin əllinci illərinə qayıtdım və heyrətə gəldim desəm, siz Allah məni qınamayın...
Küçəmizdəki bütün evlərin kişisi vardı, tək bizim evdən başqa...
İstəkli şair dostum cənnətlik Nüsrət Kəsəmənli demişkən, “bizim evdə biri vardı, biri yox...”
Küçəmizin qurtardığı ərazinin sağından üzü bizim evə sarı Novruzlu Əziz kişi, Qalalı Məhəmməd kişi, uşaqlarının sayını bilməyən Seyid Miriş, ara döngədə atam Yaqubun əmioğlusu Ədil kişi, sonra feldşer Bahadur (qonşular öz aralarında zarafatla ona “sestra Bahadur” deyərdilər, özü də eşitməmiş olmazdı, məncə) bizim çəpərbir qonşumuz “şofer” Məmi, onun xalaoğlusu “şofer” Kərim, yenə də başqa bir ara döngədə atamın əmioğlusu dəyirmançı Əşrəf kişi, şəkilçəkən Hidayət, çayçı Böyükkişi, “qoluyox” Bəhmən (müharibənin ilk günlərində sol qolunu itirib geri dönmüşdü), müharibədən sonra bizim həyətin bir hissəsində ev tikdirmiş aptekçi Tələt, “şofer” Temir (sonralar Ağdam məscidində mollalıq eləməyə başlamışdı) və nəhayət Lenin küçəsinin tinində Əsgərxanovların evi idi. Həmin küçədən sağa burulanda “şofer” Səmədin və dərzi Zülfüqarın həyətləri idi...
Yuxarıda adını çəkdiyim mədəniyyət evindən üzü Molla Qurbanlıya sarı baş alıb gedən küçəmizin sağ tərəfindən birinci “şofer” Həsənqulunun, sonra boyaqçı Əmirin həyətləriydi, ara döngədən həmişə qaşqabaqlı gördüyüm, yaxından tanımadığım Hüseyn kişinin hündür çəpərli həyəti boylanırdı küçəmizə sarı...
Sonralar həmin həyətin qonşuluğuna Yaqub adlı bir kişinin ailəsi hardansa köçüb məskən salmışdı. Bizim darvaza ilə qabaq-qənşər evdə yaşayanları yaxşı tanımırdım, deyirdilər ki, evin kişisi hansısa rayonda işləyir...
Sonra sıralanırdı Şelli Bəhramın evi, arabaçı Süleyman kişinin həyəti, “buxaltır” Əbdüləhədin evi, Qəzənfər müəllimin, Vəlişin evi...
Beləliklə, tay-tuşlarımın, bütün məhəllə uşaqlarının hamısının atası vardı, o ataların hamısını görmüşdüm, tanıyırdım, tək bizim evdə kişi – ata yoxuydu...
İyirmi iki yaşı olanda əri Yaqubu – atamı əsgərliyə yola salmış, bir qız üç oğlanla (qardaşlarım ekiz idi) bir damın altında qalmış əzəmətli, vüqarlı, şahənşah anam Zəhra Molla Mürşüd qızının evində kişi yoxuydu... Evimizin atası da, anası da anam özüydü... O, əri Məmmədov Yaqub Şükür oğlunun 1943-cü ilin 18 fevralında filan nömrəli alayın siyasi rəhbəri vəzifəsində, baş leytenant rütbəsində Moskva ətrafındakı döyüşlərdə həlak olması barədə “qara” kağız almışdı, bizdən gizlədirdi...
Atam həlak olanda mənim 6, bacımın 4, əkiz qardaşlarımın 2 yaşı vardı, bənzərsiz anam 24 yaşındaydı... Sonrakı illərdə atam Yaqubun həlak olmasına dair rəsmi məlumatı o vaxtkı SSRİ Müdafiə Nazirliyinin Podolsk şəhərində yerləşən Mərkəzi Arxivindən ala bildim...
Məhəlləmizin analarının hamısını “xala” – deyib çağırardıq.
Sayad xala, Nübar xala, Südabə xala, Zərif xala, Qələm xala, Qütəvvər xala, Tovuz xala, Əsmət xala, Şəkər xala, Əfruz xala...
O açıq çöhrəli, abırlı, ismətli, əlləri (əməlləri!) qızıl, kövrək, zərif xalaların dilindən “başına dönüm”, “qurbanın olum”, “qadan alım” sözlərindən başqa bir söz eşidən olmazdı. Bu ifadələr qulaqlarımızdan keçib üz-gözümüzü işıqlandırardı. İndi harda qaldı, hanı o şirin-şəkər sözlər, o mehribanlıq, istiqanlılıq, o qızılgül çöhrəli xalalar...
İndi o sözlərə də güllə dəyib, qaçqın-köçkün vəziyyətinə düşüb, dağlarda, düzlərdə əriyib yoxa çıxıb. Yox, lənət şeytana, Şəmsi Vəfadarla öz aramızda Qarabağın xalq şairi adlandırdığımız, ünsiyyətinə, qələminə inandığımız Ənvər Əhmədlə telefonla danışanda, görüşəndə “başına dönüm”, “qadan alım” – deyir bizlərə, bizlər də bu sözlərin məstedici təsirindən axıb gedirik...
(bununla belə, hər tanış-bilişə “başına dönüm”, “qadan alım” demək heç də vacib deyil, məncə, sözə qənaət etməyi öyrənməliyik...)
Fürsətdən istifadə edib, 2003-cü ildə yazıq anam Zəhranın yas mərasimlərində mənə maddi-mənəvi dayaq verdiyinə görə Ənvər Əhmədə və Qarabağın seçilib-sayılan kişilərindən olan Fəxrəddin Həsənova minnətdar olduğumu bildirirəm.
Çəpərbir qonşumuz (həm də qohumumuz) alagöz Südabə xalanın ət kötüyünə vurduğu baltanın səsini hələ də eşidirəm desəm, inanın mənə. Onun civə kimi par-par yanan quzu ətindən bişirdiyi yarpaq dolmasının dünyanın ən bahalı ətrindən də bihuşedici qoxusu çəpəri adlayıb bürüyərdi həyət-bacanı...
O illərin toyları, yas məclisləri, Novruz bayramları başqa bir biçimdəydi, ayrı bir ovqatdaydı, pozulmaz bir axardaydı... Biz şəhər uşaqları Novruz bayramını əla keçirmək, gur tonqallar yandırmaq məqsədilə – yaxın kəndlərə dağılardıq – Seyidli, Muradbəyli, Ətyeməzli, Şelli, Əhmədavar, Sarıhacılı bağlarından çırpı şələləri daşıyardıq məhəlləmizə.
O gur tonqallar yandıran Yerlə, Göylə əlləşən uşaqlıq dostlarım hara getdi, necə oldu görəsən... Comərdliyi, haqsevərliyi və mərifəti ilə bütün Qarabağda ad çıxarmış igid Rey Babayevi ötən əsrin 60-cı illərində, lap gənc yaşlarında Bakıda qətlə yetirdilər. BDU-nun kafedra müdiri professor Maqbet Məmmədov, sinif yoldaşım, qonşum rayonda rəhbər vəzifələrdə çalışmış Səyyaf Əliyev, əmioğlum Sabir, Dadaşoğlu Eldar, Tovuzoğlu Çingiz, Bəhmənoğlu Aydın, Oqtay, Arif, Akif Əsgərov qardaşları, körpə vaxtı ağır xəstəlik keçirmələri nəticəsində ağıl cəhətcə geri qalmış və hamının dəli Xasay, dəli Elman – deyə çağırdığı qonşularımız, 18 yaşında naşı və biganə cərrahın yaramazlığı ucbatından vəfat etmiş kiçik qardaşım Tofiq elə bir heç yoxuymuşlar, yuxuymuşlar, nağılmışlar...
Novruzun çərşənbə axşamlarında bəhsə-bəhsə düşüb baxırdıq görək kimin tonqalı daha gur yanacaq, alov nə qədər daha çox üzüyuxarı millinəcək, kim hündür alovun üstündən tullanmağı bacaracaq, çətənəli, küncütlü qovurğanın, Şəki düyüsündən dəmlənmiş plovun qoxusu bürüyərdi ilk bahar gecələrini...
Uşaqların üst-başından qovurqa ətri gələrdi... Hələ tonqal sönməmiş evlərə torbaatma dəsgahı başlardı, torbamıza qoyulmuş şirniyyatı, qırmızı, sarı boyanmış yumurtaları, qoz-fındığı bir yerə toplayıb yenidən tonqal başına yığılıb məzələnərdik, deyib-gülərdik. Səhərisi gün yumurtalardan qatar qurub – sıraya düzüb döyüşdürərdik. Kimin əlindəki son yumurta qırılmasaydı – yəni o biri yumurtaları qırsaydı o adam qalib hesab edilirdi və sınmış yumurtalar onun olardı.
Bayram günlərində hökmən nəsə təzə bir şey geyinib çıxardıq küçəyə. Yazıq anam bizə təzə corab və ya cib yaylığı alardı...
Yeri gəlmişkən, onu da deyim ki, mən ilk dəfə kostyumu onuncu sinifi qurtaran ili geyinmişəm...
Bir mahnı da deyildiyi kimi, Ağdam Qarabağın toy otağıydı. Toylarımız əsasən çadırlarda keçərdi. Biz uşaqlar da çadırın bir ucunu qatlayıb çalıb oxuyanlara, qol götürüb oynayanlara baxardıq, sevinərdik, atılıb düşərdik.
Məşhur xanəndələri – Xan Şuşinskini, Əbülfət Əliyevi, Mütəllim Mütəllimovu, Mürşüd Məmmədovu, Bəylər Nəcəfovu, İldırım Həsənovu, Yunis Qarabağlını, Bəkir Həşimovu Ağdam toylarında görmüşdük.
Tarçalan Cəlalı, Bəhməni, Məşədi Nərimanı, Abbas Yusifovu, qarmonçalan kor Əlini, Kəblabəyimi, Yusif Yusifovu, Yelmarı, kamançaçı Elman Bədəlovu, qabalçalan çopur Xanları, Qəhrəmanı, Məşdini, Sərdarı, uşaqdan-böyüyə hamımız tanıyırdıq. Oyun havalarından “Krasnı Azərbaycan”, “Ceyranı”, “Ləzginka” o vaxtlar çox dəbdə idi.
Ağdamın maraqlı və yaddaqalan teatr həyatı vardı. Və etiraf etməliyik ki, o vaxtlar teatra həvəs indikindən qat-qat yüksək idi. Ağdam Dövlət Dram teatrına uzun illər rəhbərlik etmiş görkəmli aktyor Məmməd Əmirovun Qacar obrazı hələ də yaddaşımdan silinməyib. Əməkdar rejissor Heydər Şəmsizadə, əməkdar artistlər – Narınc Məlikova, Firəngiz Abbasova, Qaflan Muradov, Əkbər Rəcəbov kimi sənətkarlar camaat arasında böyük hörmət qazana bilmişdilər.
Belə bir məqamda, yəni ruhumuzun və cismimizin Məkkəsi Ağdam haqqında təəssüf, nisgil və qüssə dolu söhbət açdığım məqamda ötən əsrin 50-ci illərində yaxından-uzaqdan tanıdığım, yaddaşımdan silinməyən bir sıra sanballı, seçilib-sayılan, işıqlı şəxsiyyətlərin adını bu yazıda çəkib, onları xatırlamasam, günaha bata bilərəm, özüm-özümdən inciyərəm.
Müəllim adını, müəllim şərəfini həmişə ucada-zirvədə saxlamağı bacarmış Zülfüqar Səfərəliyevin, Şiraslan Abdullayevin, Karrar Mikayılovun, Surxay Qurbanov, Hacı Hacızadənin, bilavasitə dərs aldığım Dilquşə müəllimin, Fazilə müəllimin, Fatma müəllimin, Musa Muradovun, Kamal Qaradağlının, Fikrət Hacıyevin unudulmaz adları yaddaşımın göy qübbəsində həmişə sayrışmaqdadır.
O
vaxtlar Ağdam şəhərinin əsl ziyalı dəstəsinin
ön sıralarında Həsən Axundov, Əhəd Ələkbərov,
Süleyman Zeynalov, Rasim Quliyev, Əhməd Qasımov, Ramiz Rəsulov,
Yusif Əhmədov, Məmməd Məmmədov, Zeynal Məmmədov,
İsa Bəylərov, Muxtar Əliyev, Dadaş Mehdiyev, Cahangir
Məmmədov....kimi dizibərk kişilər görünərdi.
Ağdam toyları barədə fikirləşəndə çox qəmli, çox kədərli bir toyu həyəcanla, yana-yana xatırlayıram. Elə bu cümləni yazandan sonra həyətə çıxdım, yamyaşıl payız otlarının kövrək təbəssümü, sonbahar Günəşinin ilıq şəfəqləri, bağ qonşum Eldar kişinin göylərə qaldırdığı ağappaq, alabəzək göyərçinlərinin uçuşu, tərtəmiz, dumduru Göy üzü ruhumdakı yanğını, ifadə edə biləcəyim, danışa biləcəyim qəmli hekayəni necə başlamağıma, hansı sözü, hansı ifadəni tapıb bu kədər simfoniyasını səsləndirməkdə mənə yardımçı olacağı barədə düşündüm. Amma ağır olsa da, mən bu əhvalatı danışmaq qərarımı dəyişmirəm, dedim – özüm-özümə, yazmalıyam!
1952-ci ilin payız günlərinin biriydi, yağışlı, çiskinli bir havaydı, biz məhəllə uşaqları toplaşıb küçəmizdən bir az yuxarıdakı həyətlərin birində Ağdamda faytonçu Çərkəz adı ilə məşhur olmuş kişinin oğlu Rəşidin toyuna getdik. Yuxarıda dediyim kimi, çadır toylarının öz aləmi, öz səliqə-səhmanı vardı. Onda toylar adətən üç gün olardı. Biz uşaqlar da toylarda yerimizi bilirdik – brezent çadırın ətəyini qaldırıb, ya da bir küncünü aralayıb çalıb-oxuyanlara, oynayanlara baxardıq, sümüyümüzə düşən oyun havaları çalınanda atılıb-düşərdik.
Toyun 3-cü – axırıncı günü idi. Axşamüstü yağış çiləməyə başlamışdı. “Şofer” Məmi özünün məşhur “Emadin” adlandırılan maşını ilə şəhərdən 10-12 km aralıda yerləşən Çəmənli kəndindən gəlin gətirməyə getmişdi. Bir dəstə cavan oğlan “qazəllibir” markalı maşının banında arxasınca yola düşmüşdü. Biz də səbrimizi basıb gəlin maşınını gözləməkdəydik, əsl şənlik, pəstah gəlin gələndən sonraydı...
Birdən səs-küy çadırı götürdü başına, dedilər ki, çadırın üstünə tok düşüb, adamlar güllə kimi çadırdan bayıra atıldılar. Və bir qadının fəryadı bizi yerimizdən oynatdı:
– Ay aman, uşaqları tok vurdu!
İki nəfər cavan oğlanın eyvanın qarşısında, çadırın böyründə yerə sərildiyini gördük.
Bir kişi bağırtısı qulaqlarımızı deşib keçdi:
– Vay evimiz yıxıldı, Rəşidi tok vurdu!..
Qırılıb nəm çadırın üstünə düşmüş elektrik naqilinə əlləri toxunan toyun bəyi – Rəşid, onun sağdışı və soldışı Əliqara və Sultan adlı iki nəfər cavan oğlan bir göz qırpımında kömür kimi qaralıb torpağa sərildilər.
Elə həmin çadırdaca tez-tələsik üç yerdə torpağı qazıb hər üç cavanı boğazlarınadək torpağa basdırdılar. Kimsə deyirdi ki, heç nə olmaz, torpaq onların bədənlərindəki elektrik cərəyanını çəkib çıxarar, daha nə bilim nə...
Elə bu həyəcanlı məqamlarda gəlin maşını həyətə daxil oldu... Siz Allah məni bağışlayın, elə bir söz, ifadə, cümlə tapa bilməyəcəm ki, o axşamın, o məqamın dəhşətli mənzərəsini təsvir edib sizlərə çatdıra bilim. Həmin gün Ağdamda qiyamət qopmuşdu, əsl qiyamət günüdü həmin gün...
O da yadımda qalıb ki, o müsibətdən sonra uzun müddət Ağdamda söz-söhbət gəzdi ki, Rəşid, Əliqara və Sultan diriliblər, qəbri dağıdıb çıxıblar, ağ kəfənə bürünüb gecələr küçələrdə gəzirlər...
Biz uşaqlar da qorxumuzdan xeyli müddət qaş qaralandan sonra evdən bayıra çıxmazdıq...
Ağdamın toy, yas mərasimlərinin keçirilməsi qaydaları da yaddaşımda möhkəm qalıb.
Toy, yas evlərinə lazım olan bütün zəruri qab-qacaq, stol, stul, vedrə, qazan, çəngəl-bıçaq... və digər əşyalar qonşulardan toplanardı. Onda kirayə xidməti nə gəzirdi ki, adlı siyahı tutulardı və həmin siyahıda qaşıqdan, çömçədən, aşsüzəndən, kəfkirdən, stəkan-nəlbəkidən tutmuş, mis qazana, samovaradək bütün əşyaların sayı qeyd olunardı. Mərasimlər bitdikdən sonra həmin əşyalar tər-təmiz yuyulub suya çəkiləndən sonra sahiblərinə qaytarılardı, işdi-şayəd şüşə qablardan qırılan, sınan olsaydı qab sahibi deyərdi: sınan şeylər xeyirliyədi, təki sınan şüşə olsun, ürəyimiz sınmasın...
Qohumlar, yaxınlar yas yerlərinə əliboş gəlməzdilər; kimsə bir teşt çörək bişirib gətirərdi, kimsə bir erkək kəsib verərdi, kisə-kisə kartof, soğan, torbalarda çay, qənd, qutularda yağ və s. yas evinə daşınardı... Yas məclislərində dəftər açmaq və ora siyahı ilə pul yazdırmaq məsələsi sonralar dəbə düşdü. Biz uşaq olanda belə qaydalar yox idi.
Dəfn mərasimlərində dini adətlərə çox ciddi əməl olunardı. Vəfat etmiş şəxslərin yuyulub, kəfənlənməsi, cənazə namazının qılınması, dəfnin təşkili kimi məsələlərlə yas yiyəsindən əvvəl qohum, qonşu məşğul olardı. O da yadımdadır ki, qəbrin üstünə tut ağacının yarmaçasını qoyardılar, üstünə tol çəkib torpaqlayardılar...
Hitler müharibəsindən sonra dinc həyat tərzinə başlayan Ağdam keçən əsrin 50-ci illərindən sonra, (xüsusilə 70-80-ci illərdə) yüksək sosial-iqtisadi tərəqqiyə qovuşmaqdaydı. Şahbulağın qənd kimi ağ daşlarından imarətlər tikilirdi, kəndlərlə rayon mərkəzi arasında sosial-mədəni həyat tərzinin fərqləri aradan çıxırdı, sənaye, kənd təsərrüfatı obyektləri inkişaf edirdi, Azərbaycanın aran rayonlarına kübrə əvəzinə bəzən Ağdamın qara-çəhrayı torpaqlarını bağ-bağçalarına maşın-maşın daşıyanları da görmüşdüm o illərdə...
Rayonun barlı-bərəkətli münbit torpaqlarında becərilən taxılı, pambığı, üzümü, bostan bitkilərini, meyvə-tərəvəzi yığıb-yığışdırmaq mümkün deyildi, dağlıq rayonlardan köməyə gələrdilər. Məktəblər bağlanardı. Hamı məhsul yığımına cəlb olunardı. Bakıdan, ali məktəblərdən, texnikumlardan tələbələr gələrdi köməyə. Mal-qaranın, qoyun-quzunun sayı-hesabı bilinməzdi.
Şənbə-bazar günlərində bollıqdan aşıb-daşan Ağdam bazarının həndəvərində maşın saxlamağa yer qəhətə çıxardı, bazar mərkəzindən kənarda ayrıca un-taxıl bazarı, mal-qara bazarı, xalı-gəbə bazarı, yay günlərində yemiş-qarpız bazarı... gələ-gəl deyərdi. Al qırmızı, tünd qırmızı, sapsarı, ağappaq uzun saplaqlı gülləri, iri məcməyilərə yığıb “iyli gül”, “iyli gül” – deyə bazarı dolanan oğlan uşaqlarının gül kimi təmiz sifətləri hələ də gözümün qabağındadı. Gül fəslində Ağdam bazarından qızılgül ətri gələrdi...
Atom bombası haqqında söz düşəndə deyərdilər ki, yalan sözdür, atom – filan yoxdur, olsaydı Ağdam bazarında satılardı. Ağdam bazarı olmasaydı Qarabağın dağlıq ərazilərində məskunlaşmış ermənilər acından ölərdilər... Bu məşhur bazardan danışarkən bazarın məşhur “dəlilərini”, alıb-satanlarını, yükdaşıyanlarını və başqalarını xatırlamasam, yada salıb adlarını çəkməsəm günah olar...
Dəli Dilbər adlanan orta yaşlı yaraşıqlı bu qadın hamıyla gülə-gülə danışardı, zarafat eyləyərdi. Bir gün mədəniyyət evində böyük bir tədbir keçirilirdi, biz uşaqlar da meydançaya toplaşıb gəlib-gedənlərə baxırdıq. Dilbər də allı-güllü paltarla meydançadaydı. Yenicə raykom katibi seçilmiş bir qadın yanımızda maşından düşdü. Dilbər onu görən kimi qayıtdı ki, aazz filankəs, maşallah nə qəşəngləşmisən, raykomluq saa düşüb, aazz... Hamımız uğunub getdik... Məşədi Qulam, Çəmənli Qarakişi, Xanəhməd, Əsgər bəy, uzun Əbiş, tumsatan Neji, Bəndi qardaşları, ayaqüstü alver edən Həsi, Hüsü qardaşları, kürd Abdulla, qəzetçi Möhü, şoraba Həsənqulu, bazarın o vaxtkı “milissoneri” “pota” Çərkəz Ağdam bazarının emblemləri idilər... Ağdam camaatının forslu Rəşid adlandırdığı yaraşıqlı bir kişini görmüşdüm, tanıyırdım. Peşəsi qəssablıq idi. Babalı deyənlərin boynuna, deyirdilər ki, forslu Rəşid həm də möhkəm qumarbazdı. Bir də görürdük ki, forslu Rəşid təzə gümüşü papaqda, saqqallı fəraş olmuş vəziyyətdə, “stalinski” formada – “kabrikord” deyilən parçadan tikilmiş ikicibli köynəkdə, enli kəmərli, “qəlfeyi” şalvarda, parpar yanan xurum çəkmədə başını dik tutub şəhərin küçələrində gəzir.
Görənlər deyirdilər: “Hə, bu axşam udub...”
Başqa bir vaxtda görərdik ki, Rəşid kişi budu ha gəlir. Başında uzun dimdikli kepka, üz-gözü saqqallı, əynində nimdaş bir pencək, köhnə şalvarının balaqları corabın içində, ayağında qaloş, başıaşağı harasa gedir...
Adamlar pıçıldaşırdı: “Vayy, bu axşam uduzub...”
Ulu Yaradan onların hamısına rəhmət eləsin, onların hamısı özümüzünküydü, Qarabağın qəribə, qeyri-adi taleli övladlarıydı...
Aqil Abbasın dünyanın ən varlı şəhəri adlandırdığı Ağdam bir vaxtlar ömrünün bəxtəvər günlərini yaşamaqdaydı və heç şübhəsiz ki, Qarabağ müharibəsi olmasaydı, indi, bu müstəqillik illərində Ağdam Dubaya bənzər möhtəşəm bir şəhərə çevrilmişdi şübhəsiz!
(Ardı var)
Ramiz MƏMMƏDZADƏ
525-ci qəzet.- 2012.- 23 iyun.-
S.29.