Niyə “şair sözü, əlbəttə, yalandır”?!
Artıq beş yüz ildir sübut olunub ki, Füzuli sənəti bitib-tükənməz bir dəryadır. Bu sənət minlərlə mənaları gizlənmiş dürlü-dürlü gövhərlərdən ibarətdir. “Azərbaycan füzulişünaslığı” (2007) tədqiqatından sonra keçən hər gün göstərdi ki, həqiqətən də “Füzulidən yazmaq və Füzuli sehrinə tutulmamaq, Füzuliyə əsir olmamaq çox müşküldür. Kim ondan yazırsa, bu ulu cadugərin sehrinə düşür, təsirindən yaxa qurtara bilmir” (M.Adilov). Əslində “ulu cadugər”in bu əsarəti ən böyük səadətdir. Füzuliyə əsir düşmək, onun sehrində - Füzuli sənətinin poetik aurasında yaşamaq insana böyüklük, əzəmət, nəcib bir sevinc bəxş edir. Zaman keçdikcə füzulişünaslığı tədqiq edərkən ürəyimdə qalan nisgildən yaxa qurtara bilmirəm, əksinə, ilan gülləyə tuş gedən kimi zehnim və qəlbim məni o problemlərə - Füzuli şeirinə doğru çəkib aparır. Belə problemlərdən biri dahi şairin “Leyli və Məcnun”a daxil olan “Can vermə qəmi eşqə ki, eşq afəti-candır” misrası ilə başlanan qəzəlinin son beytindəki “Füzuli yalanı”dır:
Gər dersə Füzuli ki, - “Gözəllərdə vəfa var”
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.
Neçə vaxtdır ki, şərti olaraq “Füzuli yalanı” deyə biləcəyimiz bu bədii yalan oxucuları düşündürməkdədir. Axı niyə “şair sözü, əlbəttə, yalandır?” İlk baxışda yalan “Gözəllərdə vəfa var” fikrinə aiddir. Buna xüsusi məhəl qoymamaq da olardı. Fəqət, bir səhifə əvvəl, sözü ilahi hesab edən şair yazır:
Şeirə həvəs etmə kim, yamandır
Yaxşı desələr onu, yalandır!
Ümumiyyətlə bədii yalan ədəbiyyatın əsas məziyyətlərindən biri, bəlkə də başlıcasıdır. Birisi inanılmaz bir hadisə danışanda eşidənlər belə deyirlər: “ ... nağıl danışma”. Belə çıxır ki, nağıl yalandır. Və bu həqiqətən belədir: xalq həm nağılda, həm də dastanda öz sevimli qəhrəmanının mənfi qüvvələrə, şər qüvvələrə, sehrli qüvvələrə qələbə çaldırmaq üçün onu kifayət qədər şişirdir. Məsələn, qəhrəmanlıq eposu olan “Koroğlu”da Koroğluya nəinki bir neçə qazan aşı yedizdirir, hətta mifə qayıdaraq ona sehrli nərə verir, mifoloji aləmdən gəlmiş Misri qılınc, Qırat kimi qüvvələr bağışlayır. Bütün bunlarsız Koroğlunu yaratmaq olmazdı.
Bir gün müasirlərindən biri gəlir Balzakın evinə və xidmətçiyə deyir ki, mən Balzakı görmək istəyirəm. Xidmətçi deyir ki, bu mümkün deyil, o işləyir. Gələn adam soruşur: axı o nə edir? Xidmətçi deyir: Əsər uydurur. Həqiqətən də yazıçı istedadına, dünyagörüşünə, estetik idealına uyğun olaraq bədii əhvalatlar uydurur, yəni yaradır.
Müasirlərindən biri M.F.Axundzadəyə yazır ki, “ayə, Mirzə Fətəli axı İsgəndər bəy Münşi “Tarixi-aləmaraye - Abbasi”də elə böyük əhvalat danışmayıb ki, “Aldanmış kəvakib”də sən onu bu qədər şişirdirsən?. M.F.Axundzadə ona belə cavab verir: - Axı mən tarix əsəri yazmamışam. Mən “Tarixe-Aləm-ara...”dakı kiçik bir əhvalatı əldə dəstəvuz edib bədii əsər (roman) yaratmışam.
S.Vurğunun məşhur “Vaqif” dramında Vaqif onun şairliyinə istehza edən Qacara cavab verərək deyir:
Bizim bu dağların oğluyam mən də,
Az-az uydururam yeri gələndə.
Deməli, yaratmaq, uydurmaq bədii ədəbiyyatın sənətin başlıca xüsusiyyətlərindən biridir. Farsca qəzəllər “Divan”ının dibaçəsində “Şeir fəziləti də ayrı bir elmdir”, “şeir yazanın adı şeir vasitəsi ilə aləm səhifəsində qalır”, “Sözə xor baxmaq olmaz hər söz. Ərşdəndir gəlib hədiyyə bizə”, “söz yaradanın mədhi - sənası, nəğməsidir”, “İlahi feyzdən bir xəzinədir söz”, “mən özümü ruzigarın yeganəsi görmək istəyirəm” deyə sözə, şeirə uca qiymət verən dahi şairin yaradıcılığındakı bu ziddiyyət nədir? Şair elə ilahi eşq dastanı “Leyli və Məcnun”da yazır:
Söz dərkinə sərf edib fərasət ,
Əmlakına bulmuşam rəyasət .
Gəh tərzi-qəsidə eylərəm saz.
Şəhbazım olur büləndpərvaz,
Gəh də`bi-ğəzəl olur şüarım ,
Ol də`bə rəvan verər qərarım .
Gəh məsnəviyə olub həvəsnak ,
Ol bəhrdə istərəm düri-pak .
Hər
dildə ki var əhli-razəm ,
Məcmui-fünunə
eşqbazəm .
Bir kargərəm
həzarpişə ,
Canlar
çəkib istərəm həmişə ,
Dükkanım
ola rəvaci-bazar ,
Hər
istədiğin bula xiridar .
Görəsən
öz şairliyindən belə qürur duyan, şeir
yazanın adının əbədiliyinə inamla yanaşan
Füzuli nəyə görə “Şeirə həvəs etmə
kim yamandır”, yaxud “Aldanma ki, şair
sözü, əlbəttə yalandır” kimi sərt qənaətlərə
gəlir - yaman və yalanı göylərdən nazil
olmuş müqəddəs şeirin meyarına çevirir?!
Fikrimizcə
“Füzuli yalanı”nın açarı,
sehri və səbəbi şairin “Rindü Zahid” əsərindədir.
Əsərdə deyilir:
- Ey Rind! Sənin sözlərindən nəsrdən ikrah
etdiyin məlum oldu. Anladım ki, sənin mənzum
sözlərə rəğbətin var, bildim ki, idrakın
nöqsanlı olduğuna görə təbiətin
dolaşıq inşaya nifrət bəsləməkdə məzurdur.
Nədən Allahın və Peyğəmbərin cayiz
görmədiyi nəzmi bəyənirsən?
Yalançılıqda ifrat etdiklərinə
görə şəriət əhli tərəfindən
adı məzəmmətlə yad edilən şeir sənin
xatirinin səhifəsində nə üçün nəqş
bağlamışdır?
Yalan
söz söyləyənlərin gərək
Ağıl yanında
heç bir etibarı olmasın.
Rind dedi:
- Ey Zahid!
“biz ona şeir öyrətməmişik”
ayəsinin məzmunundan belə anlaşılır ki, şeir
Peyğəmbərdən başqasına Allah təlimidir. Odur ki, onu (şeiri) təhqir etmək xətadır.
“Həqiqətən bəzi şeirlər hikmətdir”
(hədisinin) mənasından, belə anlaşılır ki,
Peyğəmbər şeiri bəyənirmiş. Odur ki, onu məzəmmət etmək həyanın
azlığına dəlalət edər. Bil
ki, şeirdəki fayda verən yalan, zərər gətirən
doğru nəsrdən yaxşıdır. Əgər
desən ki, elə deyil, yalandır.
Şəriətdə
yalan söz işlənməz
Yalan söz naməşrudur, hətta əğlə
müğayirdir.
Şeirin rütbəsində bu qədər demək
kafidir ki, bu paltarda (şeir şəklində), rədd
olunmuş (yalan) da hamı yanında məqbuldur.
- Ey Rind!
Yalançıları tərifləməkdən əl çək...”
Bir məsələni
də qeyd etməliyik “biz ona şeir öyrətmədik” ayəsi,
Quranın 36-cı - Yasin surəsinin 69-cu ayəsidir: “Biz ona (Məhəmməd
Əleyhissəlama) şeir öyrətmədik və bu ona
heç yaraşmaz da (lazım da deyildir) Ona vəyh olunan ancaq
öyüd-nəsihət və (hala batili ayrıd edən)
açıq-aşkar Qurandır ki.”
(Qurani-Kərim. Bakı, Azərnəşr,
1992. S.441.)
Beləliklə, Şair Məhəmməd, Peyğəmbər
Məhəmmədə lazım olmayan şeiri bəndəyə
də lazımsız, yaman və yalan adlandırır. Bəlkə həm
də ona görə ki, sufizmə görə orta əsrlərdə
poeziya vəcdə gəlməyin və bu yolla da Allaha
qovuşmamağın vasitələrindən biri idi.
Buradan aydın olur ki, insanlara təsir etmək
üçün Allah Məhəmmədə şeir göndərməyib,
ona ancaq öyüd-nəsihət (əxlaqi kamillik) və Quran
nazil olub. Əslində Quran ən kamil əxlaq kodeksi, mənəviyyat,
hikmət ensiklopediyasıdır.
“Leyli və
Məcnun”un sonunda da bir növ “Füzuli yalanı”nın mühakiməsi gedir:
Əmma sən
edən əməl xətadır
Kim, piri-təriqətin həvadır.
Şairliyə
iftixar edibsən
Kizbi
özünə şüar edibsən
“Cəvabi-məsələ”
bölməsində şair yazır:
Əşarə
yaman deyib usanma,
Sərmayeyi-nəzmi
cəhl sanma!
Sözdür
gühəri-xəzaneyi-dil,
İzhari -sifati-zatə qabil.
Can
sözdür əgər bilirsə insane
Sözdür
ki, deyərlər, özgədir can
Billah bu
yamanmıdır ki, hala
Əmvatə söz ilə verdin əhya.
Füzuli
şeiri şairin şəxsiyyəti, onun ruhu ilə maksimum həddə
yaxınlaşdırır: “Can sözdür əgər bilirsə
insan”. Bu həmən SÖZ-dür ki, o ölünü
dirildir, ruh şəklində yenidən onun bədəninə
daxil olmağa qadirdir:
Ver
sözə əhya ki, tutduqca səni xabi-əcəl
Edə hər saət səni ol uyğudan bidar söz.
Məhəmməd İslam dininin, Məhəmməd
Füzuli şeirin peyğəmbəri idi. O ümumən şeirin də
sözünün də, özünün də qədrini hər
kəsdən artıq bilirdi. “Əgərçi
ərəbdə və əcəmdə və türkdə
yeganə kamillər çoxdur, əmma sən kimi cəmi
lisanə qadür, cameyi-füzunun-nəzmi nəsr yoxdur”.
Füzuli bütün yaradıcılığı boyu “Fərdiyyətimin
ətəyini ortaqların əlindən qurtarmağa”
çalışıb “mən özümü ruzigarın
yeganəsi görmək istəyirəm” deyə
özünütəsdiq uğrunda mübarizə aparıb, nəticədə
yeni, novatir şeirin həm manifestini, həm də parlaq bədii
nümunələrini yaradıb. Şərq poeziyasında
lirik şeirin, qəzəlin üç böyük dahisi var:
Ərəb poeziyasında Əbu Nüvas, fars
şeirində Hafiz Şirazi, türk poeziyasında Məhəmməd
Füzuli. Fəqət Əbu Nüvas təkcə
ərəbcə, Hafiz ancaq farsca, Füzuli isə həm ərəbcə,
həm farsca, həm də türkcə qəzəl
janrının ölməz şedevrlərini yaratdı. Şərqin üç böyük dilində
yaratdıqları ilə o poeziya Tanrısı zirvəsinə
ucaldı.
Füzulini şeirin tanrısı mərtəbəsinə
ucaldan məhz bədii yalan idi. Füzuli deyir ki,
Sözə
xor baxmaq olmaz, hər bir söz
Ərşdəndir gəlib hədiyyə bizə.
Qəlbimiz
meyl edir həmişə ona
Çünki söz nazil oldu qəlbimizə.
Beləliklə Füzuli Sözü - Şeiri “ərşdən
gəlmiş” - göylərdən gəlmiş hədiyyə
hesab edir. “Nazil olmaq” Qurana (ümumən dörd səma
kitabına - Tövrat, Zabur, İncil və Quran!) xas olan bir
xüsusiyyətdir. Beləliklə də,
Füzuli şeiri müqəddəs hesab edir. Bəs buna
necə baxaq: müqəddəs yalanmı?! Bəli, müqəddəs
yalan! Şeir səmadan nazil olmuş müqəddəs
yalandır. Fəqət, onun bətnində
Allah əmanəti olan insan ruhu yaşayır. Rindin bir
fikrini xatırlayaq “şeir Peyğəmbərdən
başqasına Allah təlimidir”
Allah Peyğəmbərə şeiri lazım bilmədi. Fəqət
Peyğəmbər şeiri insanlara Allah təlimi olaraq təqdim
etdi. Allahın Peyğəmbər vasitəsi
ilə yer üzünə, insanlara - müsəlmanlara daha nələr
göndərdiyini biz bilmirik.
Rind bir hədis
də misal çəkir: “Həqiqətən bəzi şeirlər
hikmətdir”. Və belə nəticəyə gəlir:
“Peyğəmbər şeiri bəyənirmiş”. Buradan iki
cür nəticə hasil olur:
1. Hikməti,
yer insanının təfəkkür imkanları çevrəsində
olan müdrik
fikirləri ifadə edən şeir yalan deyil. Və bu qəbul olunandır. Peyğəmbər
də belə şeiri bəyənmişdir.
2. Allah
birbaşa onun işlərinə qarışan mistik, ruhi, səmavi
şeirləri Peyğəmbərə rəva görməyib.
Belə şeirlərdə ancaq ruh, bəsirət gözü ilə
görmək olur, belə şeir insanlar üçün yox,
mələklər üçün yazılır, bu
Allahın işinə qarışmaqdır. Belə
şeir insanı Allahın yanına gətirir. Bu isə qəbuledilməzdir.
Allahı insanın içinə aparan şeir - sufi şeir daha faydalıdır. “Həq
mənəm, həq məndədir, həq söylərəm!”
deyirdi Nəsimi. Orta əsrlər
poeziyasında insanı allahlaşdırmaqla, Allahı
insanlaşdırmaq arasında poetik-fəlsəfi mücadilə
gedirdi.
“Qorxdular
həq deməyə, döndülər insan dedilər” - bu
böyük Nəsimidir! “Ey mələksima ki, səndən
özgə heyrandır sana. Həq bilir insan deməz hər
kim insandır sana” bu isə dahi
Füzulidir! Eyni məram, eyni estetik ideal, eyni sufi
zirvə - Nəsimi və Füzuli zirvələri!
Belə
şeir əlbəttə, yalandır, onun lirik qəhrəmanını
- Allahı heç kim görməyib. Hələ böyük eposumuz “ana kitabımız”
(T.Hacıyev) “Kitabi-Dədə Qorqud”da deyilirdi: Ucalardan ucasan,
kimsə bilməz necəsən”. Bir
şeyin ki, kimlyini, necəliyini sübut edə bilmirsən deməli
sənin yazdığın “yalandır”. Hələ
tarixdə heç bir münəccim insanı allaha bağlayan
ruhu tuta bilməyib. Şeirdəki yalan əslində
şeirin cövhəri - ruhdur. Allah əmanəti
olan insan ruhu. Ruhun poetik adı EŞQdir.
Füzuli poeziyasında EŞQ HÜSNdən həzz alıb, QƏMdə
can verir:
Can vermə
qəmi-eşqə ki, eşq afəti-candır
Eşq afəti-can olduğu məşhuri cahandır.
Yaxud:
Qəmdən
öldüm, demədim hali-dili zar sana
Ey
güli-tazə, rəva görmədim azar sana.
“Dərd şairliyin sərmayəsidir” - deyən
şairin poeziyasında əslində həm eşq, həm də
qəm yalandan - Hüsndən törənir. Çünki bu
hüsnü - “Hüsnü-Xuda”nı
(H.Cavid) heç kim həqiqətdə görməyib.
Bütün sənət adamları, o cümlədən ilahi
eşq tərənnüm edən şairlər, onu yalnız ali gözəllik kimi təsəvvür
etmişlər. Təsəvvür isə həqiqət
deyil, şirin yalandır. Yəqin elə buna görə
də Rind Zahidə deyir: “şeirdəki fayda verən yalan, zərər
gətirən doğru nəsrdən yaxşıdır Əgər
desən ki, belə deyil, yalandır”. Deməli,
bədii yalan, “Füzuli yalanı” faydalı yalan”dır.
Şeirin, sənətin məziyyəti də, estetik təsiri
də, bədii dəyəri də məhz bundadır: Həqiqətdən
ucada dayanan bədii yalanda... Həqiqət
hamı üçün, yalan xiridarlar
üçündür.
Orta əsrlər poeziyasında, xüsusilə müəmmalar,
bədii fiqurlar, sətiraltı mənalarla dolu təsvir vasitələri
ilə zəngin Füzuli poeziyasında yalan əslində həqiqətin
bədii ifadə üsuludur. Yüksək poeziyada həqiqətin
çılpaq təsviri məqbul deyil romantik poeziya nə
E.Zolya sayağı taturalizmi, nə də tənqidi realistlərin
sərt həqiqətlərini qəbul etmir. Belə poeziya yerdən, insanlar arasından, konkret
şairin döyünən qəlbindən start götürsə
də, orbiti yerlə göy arasında - Tanrı məkanındadır.
Ümumiyyətlə insan sənəti, o
cümlədən poeziyanı özünü ucaltmaq
üçün yaradıb. O, Uaynd deyirdi: “Sənət
çəməndə olmayan çiçəklər bitirməyi,
göydəb al sapla Ayı yerə endirməyi
bacarmalıdır”. Bu baxımdan ümumən bədii
yalan, o cümlədən də Füzuli yalanı XƏYAL-ın
obrazıdır, sözlə ifadə olunmuş şair xəyalıdır.
Xəyalın isə hələlik nə surəti,
nə hüdudları təyin olunmayıb. Xəyal insan idrakının sonuncu imkanıdır.
İnsan təbiəti üçün xarakterik olan bir
xüsusiyyət də var ki, o, həqiqətdən çox
yalana inanır. Çünki həqiqət acı, yalan
isə şirin olur.
Bədii yalanın, (Füzuli yalanının!) təsir
gücü onun ifadə etdiyi fəlsəfi məzmundadır. Bədii yalan
özündə həm bədii təfəkkürün, həm
də (və daha çox!) bədii təxəyyülün
idrak və estetik, xüsusilə psixoloji təsir
imkanlarını özündə birləşdirə bilir.
Şairin (ümumən sənətkarın) fəlsəfi
baxışları bədii yalan sayəsində kütləviləşir,
milyonların adından danışmağın vasitəsinə
çevrilir. Şair çoxluqdan təkliyə
doğru nə qədər ucalarsa, bədii yalan da o həddə
böyüyür, genişlənir. O, şair fərdiyyətinin
hamının adından danışmaq vasitəsidir. Hətta adi adamlar “Yalan olmasın” deyə sözə
başlayır, bununlada söhbətinə şirinlik
qatır. Bədii yalanda insanlığa
böyük hörmət, insaf, inam və mənəviyyat
mürgüləyir.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2012.- 23 iyun.- S.28.